Köşə

  • 4 245

Bakı Nəqliyyat Agentliyi əhalidən küsüb

image

Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabirin şeirlərinin birində belə bir beyt var, “Əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobilə minməyirik”. Dövr və zaman öz oxu ətrafında cəmi 100 il fırlandı, nəhayət, bizim xarici görkəmimiz tamamilə dəyişdi. Bununla paralel yaşam tərzimiz də müasir dövrün tələblərinə uyğunlaşdı. Şəhərimizin küçə və meydanlarında elə növbənöv bahalı xarici avtomobillər peyda oldu ki, böyük şairimiz sağ olub, bunları görsə idi, çox ehtimalla 37-ci təxəllüsü ilə çox dəhşətli satirik şeir yazardı. Həm də, təsəlli tapardı ki, nəhayət, biz də müasir dünyanın yeni texnologiyalarından və idarəetməsindən bəhrələnirik, nəinki kişilər, imkanlı zümrədən olan qadınlar da dəyəri 250-300 min ABŞ dolları olan avtomobillərlə avtoşluq edirlər.Sözüm ondadır ki, artıq düzələ-düzələ irəliləyirik. Amma bir əmması var ki, əksər hallarda cəmiyyəti düşünmürük, ancaq qarnımızı və yeddi arxa dönənimizə maddi şəraitin yaradılmasına çalışırıq. Əsasən də, pullu-paralı sahədə görəv sahibi olduğumuz zaman dişlər ağarır, gözlər parıldayır. Dərhal müəssisənin bank hesabındakı pulları ələ keçirmək üçün layihələr hazırlanır, rüşvətin alınmasında çətinliklərə düçar olmamaq üçün proqram tərtib olunur. Aradabir zəhmli rəis olduğunu kollektivə nümayiş etdirmək üçün işçilərdən bir neçəsinin çörəyinə bais olub işdən çıxarır, üç-dörd nəfərinə də töhmət verməklə əlləm-qəlləm işlərini davam etdirir. Bu halda rəisə tapşırılan sahə arxa plana keçir, ona ünvanlanan şikayətlər, narazılıqlar qulaqardına vurulur.Fikir verin, neçə vaxtdır Bakı Nəqliyyat Agentliyinin bərbad fəaliyyəti barədə paytaxt sakinləri həyacan təbili çalırlar, narazılıqlarını bidirirlər, ancaq rəhbərlik susur. 2015-ci ildə yaradılan bu qurum hər hansı müsbət yenilikləri ilə diqqəti özünə cəlb edə bilməyib. “Köhnə hamam, köhnə tas”. Sanki ölkəmizdə gedən iri miqyaslı islahatlar, köklü dəyişikliklər BNA-ya aidiyyatı yoxdur. Yenə də avtobus çatışmazlığı, yenə də sərnişin sıxlığı. Bu bəla azmış kimi BNA dayanma-durma qaydalarını pozmaq bəhanəsi ilə sürücüləri kütləvi şəkildə cərimələyirlər. Vay o məqama ki, küçədə, dayanacağa yaxın yerdə və ya yaşadığın binanın qarşısında avtomobilini saxlayıb, adam düşürəsən, dərhal BNA-nın obyekti hesab olunan radara tuş gələcəksən. Cərimədə 20-40 manat ola bilər. Bu cür cərimələmə kütləvi xarakter daşıdığından sürcülər arasında ciddi narazılıqlar yaranıb. Şikayətlər isə cavabsız qalır, bir növ tükləridə tərpənmir. Yəni açıq şəkildə nümayiş etdirmək istəyirlər ki, meydan bizimdir və biz də əcəb edirik.Bakı şəhərində avtobuslarda sərnişin sıxlığının üzücü bir problemə çevrilməsi onu deməyə əsas verir ki, hələ də köhnə infrastruktur qalmaqdadır. Onda sual yaranır, Bakı şəhərində nəqliyyatın intellektual idarə edilməsi məqsədilə Cənubi Koreya şirkəti ilə imzalanan 100 milyon manatlıq müqavilənin aqibəti necə oldu? Dövlət vəsaiti hesabına dəyəri on milyon manatlarla ölçülən yeni avtobuslar gətirilib və BNA yeni texnologiyalarla təchiz edilib, bəs nəticəsi? Deyilənlərə və yazılanlara görə, Bakı şəhərində nəqliyyatın intellektual idarəetmə sistemini təkmilləşdirmək üçün Bakı Nəqliyyat Agentilyi 2019-cu il də SİNAM şirkətinə 22 milyon manat vəsait köçürüb. Görünən isə ondan ibarətdir ki, BNA rəhbərliyi 22 milyon manatın faizini almaqla intellektsiz fəaliyyətini davam etdirir.Araşdırmalarım nəticəsində bəlli oldu ki, BNA-nın vəzifəsi Bakı şəhərində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təmin etməkdir. Qurumun avtobuslarının rahat və maneəsiz hərəkətləri üçün Bakı şəhərinin yollarında ayrıca zolaqlar yaradılsa da, yenə də gecikmələr baş verməkdədir. Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, avtobuslarda soyuducular işləmir. Bu barədə sürücülərə irad bidirildikdə, “BNA rəhbərliyi soyuq havanın xəstəlik yarada biləcəyini söyləyib, bizlərə soyuduculardan istifadə etməməyi tapşırıblar” - deyə bildirirlər.Əsasən, belə biabırçı hallar daha çox 21, 30, 32, 40, 44, 61, 81 sayli avtobuslarda müşahidə olunur. Sərnişinlər deyirlər ki, soyuducuların işləməməsi həmin avtobusların nağd ödənişdən kart sisteminə keçiddən sonra baş verib. Sərnişinlərdən Həsən Mirzəyev, Fatma Xəlilova, Gülyanə Kərimova, Qəmər Fətəliyeva, Mirzə Məmmədov bizimlə söhbətlərində bildirdilər ki, soyuducunun işləmədiyi avtobuslara minmək əzablı və əziyyətli gediş-gəliş deməkdir: “Təbii ki, avtobusa mindiyimniz halda maskadan istifadə etməliyik. Soyuducu işləmdəyi halda maskada nəfəs almaq çox çətindir. Maskanı çıxartsaq polis dayanacaqda yaxınlaşıb, xəbərdarlıq edir”.“Soyuducunun işləmədiyi avtobuslarda istidən ürəyi gedən sərnişinlər olur. Bu kimi biabırçılıqlar nə zamana qədər davam edəcək” deyə sərnişinlər haqlı sual edirlər. Haqlı sualara cavab tapmaq üçün BNA -nın rəsmi şəxsləri ilə əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, əhalidən küsgün olan BNA-nın söz sahibləri telefon zəngimizə cavab vermədilər. Ruhdan düşmürük. Başa düşürük ki, isti yay günlərində yeni layihələr üzərində xəyallar qurduqları bərli-bəzəkli kabinetlərində və ya gözəl mənzərəli istirahət mərkəzlərində telefon zənglərinə cavab verməyə nə hacət, olsun. Amma çox keçməz cavab verərlər. Çünki əhali BNA-nın fəaliyyətində hökm sürən özbaşınalığın aradan qaldırılmasında israrlıdır.

İ.ƏLİYEV

Digər xəbərlər