Köşə

  • 647

İran niyə qıdıxlanır?

image

Təhmasib Novruzov

Bilirəm, bizim məmləkətdə hələ də farsların insanları kölə etmək məqsədilə formalaşdırdığı islam xurafatının təsiri altında uyuyan manqurtlar var. Nə yazıqlar ki, Mirzə Fətəli Axundovdan üzü bəri, nə az, nə çox düz yüz əlli ildir bu millətin ağıllı adamlarının yazdıqları da bəzilərinə təsir etmir ki, etmir. Hələ də məşhur Danabaş kəndinin camaatı olmaqdan qurtulmaq istəmirlər deyəsən. Ədalət naminə deməyi özümə borc bilirəm ki, lənətlənmiş kommunist rejiminin bizlərin həm mənəviyyatına, həm tarixinə, həm də iqtisadiyyatına vurduğu zərbələrə rəğmən tək bir məsələdə millətimizə xeyiri dəyib.

O da ibarətdir ondan ki, xurafatçılıqdan, islamın bətnində qara yara olan təriqət düşmənçiliyindən xilas olmuşuq. Amma müstəqilliyimizin ilk illərindəncə İranın bəzi xurafatçı kəsimləri arazın bu tayında milləti yenidən xurafatçılığa necə meylləndirdisə, xeyli sayda zavallı kəslərimizi təsirləri altına sala bildilər. Bir-iki gün öncə Ərdəbildəki ayətullah dini rütbəsi daşıyan, Azərbaycan soylu axundun başından yekə qələti ilə bağlı bir-iki kəlmə cızma-qara eləyib göndərmişdim mətbuata. Yazı sia.az saytında dərc ediləndən iki-üç saat keçmişdi ki, zənglər başladı.

Sevindim ki, zənglərin əksəriyyəti mənim fikirlərimlə razılaşır və mənə dəstək verir. Cümşüd Nuriyev kimi, Yunus Oğuz kimi, Aydın Xan Əbilov kimi dəyərli ziyalılarımızın yazı ilə bağlı müsbət fikirlərindən qarpızlanmışdım ki, bir qohumum zəng elədi. Nömrəsini görən kimi dalağım sancdı. Çünki onunla bir-iki dəfə xurafatçılıqla bağlı mübahisələrim olmuşdu və Fazil Lənkaraninin islam peyğəmbərini aşağılayan kitabını dönə-dönə oxuyan bu xurafatçı qohuma nə deyirdimsə, takkıldayıb qayıdırdı özümə. Bildim ki, yazının sorağı gedib bu qohumbalaya da çatıb və özümü əməlli-başlı yığışdırıb telefonu açdım.

Nə və ya nələr danışdığımızı yazsam, gərək bir kitab bağlayam. Bilirəm ki, kitab oxumağa da sizin hövsələniz çatmayacaq. Amma tək bir məqamı istədim sizlərlə böiüşüm, əziz oxucu! Məqam da ibarətdir ondan ki, xeyli mübahisədən sonra birtəhər bu qohumbalanı kiridib bir sual verdim: “Sən əvvəl türksən sonra müsəlman, yoxsa əvvəl müsəlmansan, sonra türk?” Cavabını da olduğu kimi yazıram: “Əvvəla mən türk döyüləm, azərbaycanlıyam(?). İkninci, hər bir insanı allah yaradıb. Allahtaala Həzrəti Adəmi torpaqdan yaradanda onu nə türk, nə azərbaycanlı, nə rus, nə fars yaratmışdı. Hamını allah yaradıb və hamımız ilk olaraq müsəlmanıq, sonra türk, azərbaycanlı, rus, fars.” İnsafən çox fəlsəfi və məntiqi cavab idi, deyilmi? Amma mənim verdiyim uzun-uzadı “onda niyə yəhudilər xristianlarla, xristianlar müsəlmanlarla, həm də yəhudilərlə dini ixtilafdadırlar? Hələ təriqətlərin düşmənçiliklərindən danışmıram. Axı islam dini yeddinci əsrdə yaranıb. Ona kimi bizim bəzilərimiz atəşpərəstidik, bəzilərimiz iudist, xristian və s. Demək biz müsəlman olmazdan əvvəl türk olmuşuq, eyni dildə danışan bir xalq olmuşuq.

Bu gün fars şovinistləri din pərdəsi altında özlərinin xurafatçı milli ideyalarını yayırlar bu ölkədə. Bunu başa düşmürsünüzmü?” suala cavab verə bilməyib, telefonu söndürməyə məcbur oldu. Bunu yazıb niyə vaxtınızı aldığımı da deyib, yazıma son verəcəm. Əminəm ki, hər birimizin yaxşı tanıdığımız qohumlar, qonşular, dostlar, tanışlar arasında mənim bu zavallı qohumum kimiləri var. Biz nə qədər İrana dostluq əli uzatsaq da, görünən odur ki, fars şovinistləri onları gözləyən gələcək təhlükələrin, haqqın yerini alacağının fəqrindədilər və Azərbaycanın ideoloji həyatına birbaşa soxulmaqdadırlar.

Bəlkə də çoxdan soxulublar. Odur ki, bizi gözləyən gələcək təhlükələrdən sığortalanmağın bir yolu var, belə adamların həqiqəti anlamalarına, özləri ilə bərabər başqalarını da bu manqurtlaşma yoluna sürükləmələrinə mane olmağa tələsək. Sadəcə, İslam dövləti adlanan, İslam bayrağını göylərə qaldırdığını iddia edən bir ölkənin başbilənləri müsəlman uşaqları, qadınları, günahsız müsəlman əhalini qətlə yetirən, müsəlman məscidlərini dağıdan, allah evində donuz saxlayan, müsəlman qəbristanlıqlarını dağıdıb yerində taxıl əkən bir topluma bu qədər qucaq açıb, ona qardaş deyir, qol-boyun olursa, onun özünü müsəlman adlandırmağa mənəvi haqqının olub-olmaması sualına bu manqurtlar cavab verə bilirlərsə versinlər, sonra digər məsələrdən danışarıq.

Digər xəbərlər