Bunu çox demişik. Amma mövzumuzun tələbinə baş əyib yenə deməyə məcburam. Bu iki yox, çoxüzlü dünyada siyasilərin, xüsusən də bəzi “demokratiya” bayrağına bürünmüş qərb siyasətbazlarının yerli-yersiz Azərbaycan dövlətinə qarayaxmalarının tez-tez şahidi oluruq. Artıq buna adət eləmişik və sanki normal hal kimi qəbul edirik. Əslində, həmin siyasətbazların məqsədləri də, məramları da bizlərə gün kimi aydındır. Bəs özünü müstəqil adlandıran bəzi qərb medialarının ölkələrindəki tiri görməyib də bizdə “qıl” axtarmalarının səbəbi nədir görəsən? Görünən odur ki, guya insan haqlarını, söz azadlığını müdafiə etdiklərini iddia edən bu cür medialar da elə həmin siyasətbazların əllərinə oynayırlar. Azərbaycana qarşı dəfələrlə haqsız, həqiqətdən uzaq yazıları ilə məşhur olan bir neçə dünyaca tanınmış media qurumları var və bunları hər birimiz yaxşı tanıyırıq. Amma bu günlərdə adını heç vaxt eşitmədiyim eurosuanet.org adlanan bir saytın (Dediyinə görə, Londonda fəaliyyət göstərir bu sayt) Dubay təmsilçiliyindən Melane adlı bir jurnalist məni sorgu-suala tutdu. Əvvəl-əvvəl Qarabağdakı tarixi zəfərimizlə bağlı bir-iki sual verəndən sonra keçdi şantaja. Əvvəlki suallar da, verdiyim cavablar da hər birimizin bildiklləridir. Odur ki, onlar haqqında burda yazıb vaxtınızı almağa lüzum görmürəm. Ancaq sonradan verdiyi sual və mənim cavabıma reaksiyasını qısa olaraq oxucularıma təqdim edirəm. Jurnalist xanım soruşur ki, Şuşaya, Ağdama getmək üçün o yerin sakinləri pul ödəyirlər(?), bu, etikdirmi? Qəti şəkildə belə bir ödənişin olmadığını bildirirəm və əlavə edirəm ki, mən iki dəfə Ağdama, bir dəfə şuşaya səfər etmişəm, nəinki pul ödəmişəm, hətta məni nəqliyyatla və iki dəfə yeməklə də pulsuz təmin ediblər. Cavabım onu qane etmədi deyəsən. Bu dəfə oxu.az saytından bir görüntü göndərdi. Orda hansısa bir turizm şirkətinin Ağdama, Şuşaya turist səfərləri təşkil etdiyi və adamlara ödəniş qarşılığında vətənlərinə getməyə dəvət etdiyi deyilirdi (Bu yerdə bizim bəzi media qurumlarımız üçün də bu bir siqnal olmalıdır ki, düşmən gecə-gündüz bizim mətbuatımızda gedən yazılardan istədikləri məqsəd üçün istifadə etməyə çalışır). Buna da izahat verdim ki, hansısa bir möhtəkir yaranmış şəraitdən istifadə edib pul qazanmaq istəyir yəqin. Amma mən belə bir turist səfəri ilə bu günə kimi qarşılaşmamışam. Bu dəfə verdiyi sualla içini açmış oldu: İnsanların öz doğma yurdlarına getməsi üçün onlardan pul tələb edilməsi bu yerlərə adamların sərbəst gediş-gəlişinə icazə verilməməsi ilə əlaqəli ola bilməzmi? Aydındı. Azərbaycana qarşı qarayaxma kompaniyasının başbilənləri indi də bu üsula əl atmaq istəyirlər. Aşığın sözü qurtaranda “neynim-neynim” dediyi kimi, bunlar da qarayaxma üçün bir fakt tapmadıqlarından indi də bu üsula əl atırlar. Sualın mənası o idi ki, yəni Azərbaycan hökuməti bilərəkdən(?)adamların öz yurdlarına getmələrinə qadağa qoyur ki, “turizm” adı ilə pul yığsın. Gülməyin, vallahi-billahi belə də soruşdu. Bəlkə təcrübəsiz jurnalist idi, ona verilən tapşırığı icra edərkən özünü ifşa etmiş oldu. Ya da gördü ki, mən dirənirəm, ona görə çaşdı. Amma o sual da mənim vaatsapımdadı, ona verdiyim cavab da. Eləmədim tənbəllik, mən də fürsətdən istifadə edib bu torpaqlara ermənilərin nə qədər minalar basdırması, bunun nəticəsində torpaqlar işğaldan azad edildikdən bu günə qədər yüzlərlə insanın minalara düşərək ölməsi və yaralanması, düşmənin hələ də minalanmış sahələrin xəritəsini Azərbaycan tərəfə verməməsi haqqında geniş yazıb, sonda da bu yerlərə insanların sərbəst gediş-gəlişinin təhlükəli oduğunu qeyd etdim. Bura gedənlərin yanında hökmən bələdçilərin də olduğu, onların insanları minalanmış ərazilərdən qoruduğu və sair, və ilaxır haqqında geniş bir məlumat yazıb düyməni basdım. Elə bil qurbağanın gölünə daş atdım. Getdi və bir də yazmadı... Bu xırda olayı niyə yazıb vaxtınızı məşğul etdim, bilirsiniz? Qoy oxucularımız şahid olsun, düşmən hələ də bizdə fakt axtarmaqdadır. Görün əlinə düşən qarışqa qədər kiçik bir məsələni necə böyüdüb dəvəyə, filə çevirmək istəyirlər. Ehtiyat igidin yaraşıöıdır deyiblər. Ehtiyatlı olaq ki, millətimizin və dövlətimizin “yaraşığı”na xələl gəlməsin!
Təhmasib Novruzov