PDF Oxu

Köşə

  • 3 064

Bayraq olub Vətən üçün dalğalanırlar KÖŞƏ YAZISI

image

Zəfər tariximizin yazılmasında qələmləri silah, qanları mürəkkəb oldu

Onlar gənc və həyat eşqi ilə yanan, gələcəklərinə böyük ümidlər bəsləyən, öz nağıl dünyaları olan gənclərimiz idilər və ən əsası, onlar VƏTƏNPƏRVƏR övladlar idilər – sadə insanlarımızın, “boyuna qurban, oğul” deyib, boy-buxunlarına fəxrlə baxdıqları ata və analarımızın yetişdirdikləri övladları...Onlar bacı qeyrəti çəkən qardaşlar, yenicə ev-eşik qurub ailə yaradan ərlər, doyunca övlad qoxusu ala bilməyən atalar və valideynlərinin israrlarına baxmayaraq, “hələ tezdir, qoy əlim iş-güc tutsun sonra evlənərəm” deyən balalar, həm də sevgililərinə son sözlərini deyib, Vətən müharibəsinə yollanan çiçəkləri burunlarında olan oğullar...2020-ci ilin 27 sentyabr tarixinə qədər onlar ayrı cür yaşayırdılar, Vətən müharibəsi başlayan günə qədər onlar öz həyat axarlarına düşərək xəyallarını qurmaqda, ümidlərinin gerçəkləşməsinə inanmaqda davam edirdilər. Çünki hər şey qabaqda idi: təhsil alanlar və ya təhsil almağı düşünənlər, evlənməyə hazırlaşanlar, yaxud nişanlılarının barmaq ölçülərini götürənlər və ciblərinə uyğun qiymətə nişan üzüyünü almaq üçün dükanları qarış-qarış gəzənlər, ya da uşaqlarının əllərindən tutub ilk dəfə məktəbə aparanlar, həm də övladlarının dünyaya gəlişlərini gözləyənlər...
Həmin oğullarımız ki, zaman-zaman ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ şüarlarını çağırmaqla sanki şəhid olacaqları günlərini səbirsizliklə gözləyirmişlər
Lakin bu oğullarımızın düşüncələrində ən ümdə söz ÖNCƏ VƏTƏN idi. Onların arasında peşəkar hərbçilərdən tutmuş yenicə hərbi xidmətlərindən dönüb həyata atılanlara qədər, tələbələrdən tutmuş həkimlərə qədər, müəllimlərdən tutmuş sürücülərə qədər bütün peşələrin sahibləri var idi. Onlar 27 sentyabr 2020-ci il tarixindən etibarən bir-birindən fərqlənməyən cəbhə qardaşlarına çevrilmişdilər və Qarabağımızın azadlığı uğrunda bütün planlarını, düşüncə və xəyallarını büküb-qoymuşdular bir kənara, “İnşaAllah sağ qalaram, həll edərəm”, deyib yollanmışdılar hərbi komissarlıqların qarşısında toplaşan və cəbhəyə getmək üçün alışıb-yanan digər qardaşlarının yanlarına.Düz 44 gün onlar canlarını, qanlarını Ana Vətən torpağı uğrunda, namus və qeyrət üçün fəda etdilər, BİR ÖLDÜLƏR, MİN DİRİLDİLƏR, mənfur düşmənin canına vəlvələ saldılar, müqəddəs torpaqlarımızı murdarlayan yuvalarına od qoydular, baxmayaraq ki, özləri də əbədi yaşama doğru getdilər və ŞƏHİDLİK ZRVƏSİNƏ yüksəldilər. Həmin oğullarımız ki, zaman-zaman ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ şüarlarını çağırmaqla sanki şəhid olacaqları günlərini səbirsizliklə gözləyirmişlər. Zəfər tariximizin yazılmasında qələmləri silah, qanları mürəkkəb oldu.
Vətən sizə əmanət idi, siz bu əmanətə sahib çıxdınız, indi də sizlərin əmanətlərinizi qorumaq bizim həm mənəvi, həm də vicdan borcumuzdur!
Bu gün onlar - əbədiyyət yolçuluğuna çıxan ərənlərimiz, igid balalarımız işğaldan azad edilmiş torpaqlarımızda dalğalanan Azərbaycan bayrağının hər nöqtəsində yaşayırlar, yüksək zirvələrdən azad Qarabağımıza doğru baxırlar, bayraq olub Vətən üçün dalğalanırlar. Və bu gün onların bizlərə qoyduqları əmanətləri məhz bizlərin qeyrəti və namusudur. Heç vaxt ölməyən, diri olan şəhidlərimizin əmanətlərini qorumaq isə bizim şərəf və ləyaqətimizdir. Azərbaycanımızın bütövlüyü uğrunda “uf” demədən canlarını fəda edən qardaşlarımız, övladlarımız, ərənlərimiz, rahat uyuyun uğrunda can verdiyiniz Vətən torpaqlarında, Vətən sizə əmanət idi, siz bu əmanətə sahib çıxdınız, indi də sizlərin əmanətlərinizi qorumaq bizim həm mənəvi, həm də vicdan borcumuzdur!

Rövşən

Digər xəbərlər