Köşə

  • 2 225

Putin Kiyev bataqlığında: Ya imperator ol, ya da yox ol...

image

Dünya böyük fəlakətlə üz-üzədir. Ukrayna torpaqlarında qanlı tarix yazılır. Bombardmanlarda öldürülən uşaqlar, bu şaxtada canını qurtarmaq üçün nazik paltlarda digər ölkələrə qaçan zavallı insanlar...

Belə görünür ki, üçüncü dünya müharibəsi qaçılmaz olacaq. Çünki bütün dünyanın ukraynalıların rus ordusuna qarşı güclü müqavimətini heyranlıqla izlədiyi bir vaxtda, Kiyevi 6 gündür zəbt edə bilməyən və bundan qəzəblənən Kreml, artıq nüvə silahlarını işlək vəziyyətə gətirib. Vladimir Putin bu barədə göstəriş də verib. Hadisələr elə sürətlə dəyişir ki, nəyi necə yazasan mümkünsüz hala çevrilir. Indi yazdığın cəmi 5-10 dəqiqə sonra köhnəlir gedir. Bu gündən sabaha nəyin necə olacağı belə məlum deyil. Nə baş verir? V.Putin çoxlarının gözləmədiyi addımı atdı. Kremlin balacaboy və iddialı rəhbəri yeni tarix yazmağa qərar verdi 24 fevral axşamı. Böyük və iddalı Rusiya yaratmaq üçün rus ordusunu Kiyev üzərinə yürüşə göndərən V.Putin, çox təhlükəli və qanlı ssenari reallaşdırır Ukraynada. Bu gün Ukrayna, sözün əsl mənasında, V.Putin və Rusiya üçün əsl tarix bataqlığıdır. V.Putin bu qanlı riskə necə getdi, bu boyda ölkənin rəhbəri nəyi düşünüb, nəyi hesaba almadı-hamısı müəmmadır.

Həqiqət olan odur ki, rus əsgəri Ukrayna torpaqlarında öldürür, öldürülür, qan töküb və qanı axıdılır, vəssalam. Səbəb də odur ki, Moskva Kiyevdəki mərkəzi hakimiyyəti dəyişmək istəyir, NATO və ABŞ-ın oradakı dayaqlarını məhv etmək istəyir, üstəlik, bütün Ukraynanı yenidən öz caynağına keçirməkdə israrlıdır. V.Putin deyir ki, Moskva rəsmi Kiyevin bu tərkibdə qalmasına, Qərbə və ABŞ-a yaxın olmasına səbr etməyəcək. Soruşan lazımdır ki, başı araq içməyə qarışmış Boris Yeltsin, elə Vladimir Vladimiroviçin özü nədən Ukraynanı əldən qaçırıb qərbə "hədiyyə" etdilər? Moskva keçmiş sovet respublikalarını əldə saxlamaq, onları könüllü olaraq ətrafında toplamaq üçün heç bir iş görmədi. Bildiyi "dil", ancaq HƏDƏ idi, başqa heç nə!
Heç etmədi də. Neçə gündür Ukrayna torpaqlarında qanlı döyüşlər gedir. Hətta ikinci dünya müharibəsində qəhrəman şəhər adlandırılmış Kiyev, rus ordusuna qarşı canlı sipər kimi durub. Ukraynada əhaliyə silah və minlərlə güllə paylanıldı, hər kəs silahlanıb şəhərə girməyə çalışan rus ordusuna qarşı hazır vəziyyətdə durub. Bəzi yerlərdə ruslara kabus da yaşadırlar. Ən dəhşətlisi isə rus ordusu Kiyevi tutandan sonra olacaq. Hitlerə qarşı partizan müharibəsində böyük təcrübəsi olan ukraynalılar, bu dəfə ruslara qarşı yuxuya getməyəcəklər. Bəli, Ukrayna torpaqlarında qan su yerinə axır. Amma rus ordusu artıq beşinci gündür ki, istəyinə çata bilmir. Ukrayna xalqı silaha sarılıb hər yerdə rus əsgərlərini qana boyayır. Bu dirəniş Kreml rəhbərini möhkəm qəzəbləndirib. Elə o qəzəbdir ki, V.Putin nüvə silahını işə salmaq və Rusiya xüsusi təyinatlılarına “hazır ol” əmri verdi. Moskva artıq başını tamam itirib. Bütün Ukrayna dünəndən hara gəldi bombalanır. Bu addım nə qədər dəhşətli səhvdir, yaxud V.Putin nə qədər uzaqgörəndir, onu tarix göstərəcək.

Amma Ukraynanı rusların üstünə qızışdırıb sonra onu V.Putinlə üz-üzə qoyan qərb də, nəhayət, iqtisadi sanksiyalara əl atıb. Ona görə əl-ayağa düşüb ki, artıq müharibə Ukrayna sərhədlərini aşaraq bütün Avropaya yayılmaq riski altındadır. Ona görə ki, V.Putin artıq bütün Avropanı hədələyir. Qərb ona görə rəsmi Kiyevi var gücü ilə müdafiə etməyə başladı ki, bütün Ukrayna ruslara qarşı canlı sipərə çevrildi, V.Putinin gözləmədiyi müqavimət yaratdı və ən əsası da qərb liderləri ayıldılar ki, V.Putin Ukrayna ilə kifayətlənməyəcək. Ukrayna tutulsa, növbə Polşa, Rumıniya, Moldova və Baltik ölkələrinindir. Moskva bu iddasını heç gizlətmir də. Rusiya XİN nümayəndəsi Mariya Zaxarova deyir ki, əgər Finlandiya və Norveç NATO-ya üzvlük üçün müraciət etsələr, bunun qarşılığı kəskin cavablandırılacaq. Bu da sənə Putin planı!
Rusiya üçün ən önəmli zərbə iqtisadi sanksiyalar olacaq. Özü də rus milyonçuların bir gecədə milyardlarla, trilyonlarla dollar itirdikləri sanksiyalar işə salınıb. Və bu iş cəmi bir ay davam etsə, o zaman Moskvanı çox ağır günlər də gözləyəcək. Xüsusilə, varlı rusların müflis olması, iqtisadi sanksiyalar sadə rusun bərbad olan həyatını daha da alt-üst etsə, o zaman V.Putinin daxildən “vurulması” qaçılmaz olacaq. V.Putin nə qədər hesablasa belə, hesablamadığı məqamlar mütləq ortaya çıxacaq. Əgər Qərbdəkilər bilə-bilə balacaboy KQB generalını Ukraynadakı bataqlığına çəkib buradaca V.Putinin siyasi məhvinə qərar veriblərsə, o zaman daha dəhşətli mənzərə ortaya çıxacaq: Qərbin bu oyununda xarabalığa qalan Ukrayna, taqətdən salınıb çökəldilən Rusiya, bütün bunlara görə Rusiya və Ukraynadan az zərər görməyəcək keçmiş sovet respublikaları. Dünya üçün fəlakət qapıdadır...

Mətləb Salahov

Digər xəbərlər