Köşə

  • 4 209

Jirinovski öldüsə, yaşasın yeni “Jirinovski” deyiləcəkmi? KÖŞƏ YAZISI

image

Yəqin ki, çoxlarınız “Kral öldü, yaşasın kral!” deyilən ifadə ilə tanışsınız. Əslində, köhnə ifadədir, amma bu gün də işlək vəziyyətdə qalmaqdadır. Uzun illər Azərbaycan xalqına, eləcə də Türk dünyasına, hətta digər xalqlara qarşı xüsusi aqressiyası ilə seçilən, şovinizm və ultramillətçilik xüsusiyyətləri ilə məşhur olan Vladimir Jirinovskinin ölümü demək olar ki, kimsədə ürək yanğısı yaratmadı. Onun ölümünə kədərlənənlərin isə kimlərdən ibarət olduğunu bəri başdan ehtimal etmək çətin deyildi...

Koronavirusun ölüm pəncəsindən çıxa bilməyən Jirinovski bəlkə də elə sanırdı ki, o əbədi yaşayacaq və istədiyi xalqı, milləti özünün zəhərli dili altına salıb çeynəyəcək. Amma hər şey heç də onun istədiyi kimi getmədi, o öldü, bəlkə də gəbərdi!

Yeri gəlmişkən, Jirinovskinin ölümü rəsmən təsdiqlənənə qədər onun ölümü barədə bir neçə dəfə informasiyalar yayıldı. Məhz bu məlumatların vaxtından əvvəl yayılması da göstərdi ki, əslində, onun bu dünyadan köçməyini arzu edənlər nə qədər çox imiş...

Bəli, bəlkə də düşmən münasibətində olan istənilən şəxsin ölümünü arzulamaq humanizm cəhətindən, yaxud etik baxımdan doğru hesab edilə bilməz, amma həmin insanın nələr dediyini, nələr düşündüyünü təsəvvüründə canlandırarkən bu fikirlərə tamamilə əks fikirlər meydana çıxmağa başlayır. Əgər Jirinovski vaxtilə Azərbaycan xalqını “qoyun sürüsü” ifadəsi ilə təhqirə məruz qoyubsa, əgər Jirinovski “Türk qanı daşıyan bütün millətlər yer üzündən məhv edilməlidir və onların qanları üzərində böyük Rusiya qurulmalıdır” fikirlərini dilinə gətiribsə, əgər Jirinovski “Erməni xalqı Rusiyanın ən güclü silahıdır və bu silahı düşmənlərimizə (!) qarşı uğurla istifadə etməliyik” sözlərinin sahibidirsə nəyə görə də bu axmaq təfəkkürlünün ölümünə və ya gorbagor olmasına sevinməyək?!

Bəlkə də o Rusiyada “patriot” hesab edilə bilər və bəlkə də o biri dünyaya köçməsinin ardınca onun adına Moskvada, Sankt-Peterburqda, hətta İrəvanda küçələr, prospektlər qoyula bilər və bəlkə də abidəsi də ucaldıla bilər, amma bütün bunlar onun barəsində real düşünənlər üçün “0” təsiri bağışlayacaq. Ona görə ki, Jirinovski bunların heç birinə layiq deyil və olmayıb da!

Bir çoxlarınız yəqin ki, Jirinovskinin Ukrayna xəritəsini əks etdirən torta necə həvəslə bıçaq salıb, onu bölməsi kadrlarını izləmişik. Həmin kadrlarda o ukraynalılara qarşı daha hansı təhqirləri ünvanlamır, daha hansı həqarətli fikirlərini ifadə etmir? Buna görəmi Jirinovskinin ölümünə ürək yanmalıdır?

Və ən əsası, Jirinovski Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini, təcavüzkarlığını dəstəkləyirdi. O, zaman-zaman “qəhrəman erməni xalqı öz tarixi haqqını tələb edir və mübarizə aparır”, sözlərini işlədərək açıq-aşkar istilaçılıq mövqeyini ortaya qoymuşlardan biridir. Bu ünsür I Pyotrun “Konstantinopol vəsiyyətini” də tez-tez xatırladaraq Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edirdi.

Bunların hər biri faktlardır və internet resurslarında onun daha hansı axmaq düşüncələrə sahib olması barədə çoxsaylı dəlillər mövcuddur. Jirinovski öz çevrəsində tərbiyəsiz, oxucularımızdan dönə-dönə üzr istəyirəm, pedofil (uşaqbaz) və manyak olaraq tanınırdı və belə olan halda, “Jirinovski öldüsə, yaşasın yeni “Jirinovski” deyilsə belə, onu əvəzləyəcək birinin onun qədər ola biləcəyinə inanmaq bir az çətin olur. Çətin olur, fəqət mümkündür! Əgər bu gün Jirinovskini Delyagin kimi sərsəm şovinist, Solovyov kimi qatı irqçi və millətçi, Milonov kimi ucuz ermənipərəst əvəzləyərsə, bundan qətiyyən təəccüb etməyəcəyəm. Təəssüf ediləcək məsələ isə budur ki, bu gün Rusiyada belə ünsürlərin sayı get-gedə artır və onların hər birinin zəhərli düşüncələrində ayrı-ayrı jirinovskilər yatırlar. Bu isə təhlükəli bir haldır, bu insanlar üçün deyil, Rusiya üçün və biz bu gün həmin halın şahidlərinə çevrilməkdəyik...

Və beləliklə, Jirinovskiyə Allah rəhmət eləməsin, yeri cəhənnəm, odunu isə bol olsun deməkdən başqa çarə də qalmır...

Digər xəbərlər