Köşə

  • 1 366

Nikol hakimiyyəti itirə bilər

image

Bu gün Ermənistanda siyasi vəziyyət çox gərgindir. Müxalifət Paşinyanı devirməyi qarşısına əsas məqsəd kimi qoyub. Amma hələ də xalqın lazımi dəstəyini qazana bilməyib. Etiraz aksiyalarının təşkilatçıları mitinqçilərin sayını artırmaq üçün rüşvət metodu da işə yaramayıb. Hətta mitinqlərin Qarabağ kartı üzərindən təşkil olunması insanlar arasında qıcıq yaradıb, cəmiyyət ikiyə bölünüb. Daşnaksütyun partiyasının Ermənistan üzrə nümayəndəsi İşxan Saqatelyan son günlər baş nazir Nikol Paşinyanın guya istefa verəcəyi ilə bağlı feyk-xəbər tirajlasa da, bu ermənilər arasında bir o qədər də ciddi qarşılanmayıb. İrəvan meri Hraçya Sarkisyan bu gün hökumətin iclasından sonra jurnalistlərə müsahibəsində bildirib ki, Paşinyan baş nazir postunu itirə bilməz, bu, saxta xəbərdir.

Bu gün “Müqavimət Hərəkatı”nın yürüşü faşist Qaregin Njdenin adını daşıyan meydanından başlayıb. Yürüş başlamazdan əvvəl Daşnaksütyun partiyasının Ali Orqanının nümayəndəsi, Ermənistan Parlamentinin sədr müavini İşxan Saqatelyan bir daha vətəndaşları müqavimət dəstələri yaratmağa və bununla da ümumi mübarizəyə töhfə verməyə, etirazları izləyən vətəndaşları isə hər gün artan hərəkata qoşulmağa çağırıb. “Televiziyaların qarşısında oturaraq bizim hərəkətlərimizi izləyən vətəndaşlarımızı bu mübarizəyə qoşulmağa çağırıram. Təhlükəsiz və əmin-amanlıqda yaşamaq, Vətənə sahib olmaq istəyirsənsə, küçəyə çıx”, - deyə müxalifətçi bildirib.

O, ötən gün baş nazir Nikol Paşinyanın kortejini müşayiət edən polis maşınının hamilə qadını vurması və kömək göstərmədən getməsi və sonradan həmin qadının ölməsi hadisəsinə də toxunub: “Biz Nikolun qanlı hərəkətini dayandırmalıyıq. Dünən yoldaşları ilə birlikdə hər kəsin gözü qarşısında bir adamı vuraraq öldürüblər və laqeydliklə keçib gediblər. Həmin vətəndaş Nikolun son qurbanı olmalıdır. Onun qanlı gedişinə son qoyulmalıdır”.

Qeyd edək ki, Ermənistanda Paşinyana qarşı təşkil olunan müqavimət hərəkatı getdikcə güclənir. Parlament sədrinin müavini bildirib ki, gözünüzün qabağında aksiyalarımızın və yürüşlərimizin, eləcə də iştirakçı vətəndaşların sayı hər gün ikiqat artır: “Vaxtımız azdır. Dönüş nöqtəsini daha da yaxınlaşdırmaq, xain gücə aydın hərəkətlərlə “Yox” demək üçün hər şeyi edirik və edəcəyik. Biz bütün xalqı mübarizəyə sövq etməliyik və qarşılaşdığımız bütün çətinlikləri qısa zamanda aradan qaldırmalıyıq.
Bu arada Ermənistana təşrif buyurmuş DTİHB/ATƏT-in müşahidə missiyasının nümayəndə heyəti Parlamentin sədri Alen Simonyanla görüşüb. Missiya rəhbəri Yohan Merfi səfərin məqsədinə toxunaraq DTİHB tərəfindən hazırlanmış yekun hesabatı təqdim etmək üçün Ermənistanda olduqlarını qeyd edib. Görüşdə Ermənistanda parlament diplomatiyasının əhəmiyyəti, demokratik ölkələrin parlamentlərində iqtidar və müxalifət arasında əməkdaşlıq formaları və qarşılıqlı təsir məsələləri müzakirə olunub.

Regionda təhlükəsizlik məsələlərinə toxunan Parlamentin sədri ATƏT PA-nın ATƏT regionunda etimadın yaradılması üçün mühüm platforma kimi rolunu yüksək qiymətləndirib, Azərbaycanın ATƏT PA-dakı nümayəndələrinin aqressiv bəyanatlarına diqqət çəkib. O bəyan edib ki, regionda sülhə yalnız Qarabağ münaqişəsinin həlli yolu ilə nail olmaq olar, bura “Qarabağ xalqı”nın öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsi əsasında statusun aydınlaşdırılması daxil edilməlidir. Tərəflər bu kontekstdə Ermənistanda keçirilən ümumxalq seçkilərində qeydə alınan nailiyyətləri nəzərə alaraq, seçki sistemlərinin beynəlxalq standartlarına da toxunublar.

Son zamanlar, Rusiyanın başının Ukraynada müharibəyə qarışmasından istifadə edən Qərb Cənubi Qafqazda təşəbbüsü ələ almağa çalışır. Fransanın seçkilərdən sonra Ermənistanla əlaqələrində korrektələr etməsi, ABŞ-ın dövlət katibi Blinkenin, bu ölkənin İrəvandakı səfiri Linn Treysinin, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş məsləhətçisi Endrü Şoferin Qarabağ barədə söylədikləri fikirlər, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçin illik məruzəsindəki qeydləri, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) nümayəndə hetətinin regiona səfəri təsadüfi sayıla bilməz.

30 il ATƏT-in Minsk qrupu vasitəsilə Ermənistan-Azərbaycan münaqişəsini nəzarətdə saxlayan, daha çox “turizm diplomatiyası”na üstünlük verən, bir sözlə 30 il başımızın altına yastıq qoyan ABŞ və Fransa həmsədrlik institutu vasitəsilə əsasən problemin həllinə əngəl yaradıblar. Bu günkü həyəcanları, narahatlıqları reallıqla barışmamaq simptomudur. Ermənistanla Azərbaycanın sülh müqaviləsinə yaxınlaşma meylləri Vaşinqtonla Parisdə əsl çılğınlıq sindromu yaradıb. Ona görə də hər iki keçmiş həmsədr ölkələrin aravurucu rıçaqları işə düşüb. Ermənistanda müxalifətin 1 il 7 aydan sonra “oyanması” da bu oyunun həlqəsi sayılmalıdır.

Siyasi ab-havanın qatı buludla örtülməsi, əlbəttə, Azərbaycanla ikitərəfli əlaqələr yaratmağa can atan (hər halda görüntü belədir – müəllif) Paşinyanın sonunu da gətirə bilər.

V.VƏLİYEV

Digər xəbərlər