Prezident İlham Əliyevin keçirdiyi son müşavirəsi zamanı Qarabağ məsələsinə, əsasən də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərə həsr etdiyi fikirləri erməni ekspertlərində çaşqınlıq yaradıb və nəticədə onların hazırkı dövrə qədər irəli sürdükləri yersiz iddiaları da alt-üst olub. Məsələ ondadır ki, son vaxtlara qədər Ermənistanın ictimai-siyasi şəxsləri dəfələrlə bildirirdilər ki, guya Qarabağda Ermənistan silahlı qüvvələri yoxdur və s. Onlar bunu belə əlqələndirirdilər ki, Ermənistanın baş qərargahı bununla bağlı bəyanat verib və həmin bəyanatında qeyd edib ki, həqiqi hərbi xidmət üçün Qarabağa çağırışçılar göndərilmir. Ancaq digər fakt budur ki, baş qərargah Qarabağa müqaviləli hərbi xidmətçilərin getdiyini bildirib və sən demə, həmin prosesə nəzarət etmək qeyri-mümkün imiş (???!!!-R.R.)
Müqaviləli hərbçilərin xidmətlərinə görə məvacibi kimlər, haralar ödəyir?
Ancaq məsələ budur ki, müqaviləli hərbçi artıq muzd xidməti anlamını daşıyır və sual edilə bilər ki, müqaviləli hərbçilərin xidmətlərinə görə məvacibi kimlər, haralar ödəyir? Söz yox ki, Ermənistan hökuməti! Məhz Ermənistan hakimiyyəti separatçı yuvasına maliyyələr ayırır və həmin maliyyələrdən də müqaviləli hərbi xidmətçilərə maaşlar verilir. Nəticədə isə nəzərə alsaq ki, bu ərazilər Azərbaycanındır və orada Ermənistandan olan şəxslər hərbi xidmət aparırlar, bu zaman rəsmi Bakının onları hədəfə alması, məhv edilməsi üçün kifayət qədər hüquqi, qanuni presedentlər yaranır! Çünki Ermənistan Azərbaycanın ərazisində muzdlu döyüşçülər saxlayır, onları silah-sursatlarla, hərbi texnikalarla təmin edir...
Ermənistan hələ də dövlət səviyyəsində terrora dəstək siyasəti yürüdür
Hələlik, rəsmi Bakı bu qanunsuzluqları üçtərəfli Bəyanatın birtərəfli pozulması faktı kimi qiymətləndirir, amma daha bir fakt budur ki, əgər Qarabağda Ermənistana aid silahlılar mövcuddursa və onlar maliyyə və s. cəhətlərdən təmin edilirlərsə, artıq həmin məqam bilavasitə dövlət səviyyəsində terrora dəstək amili kimi qeydə alına bilər!Onsuz da Azərbaycan tərəfi öz son sözünü deyib və uzunmüddətli gözləmə mövqeyində qalmaq fikrində olmadığını da nümayiş etdirib. Bu zaman belə nəticə hasil etmək olar ki, Ermənistan açıq-aşkar həm “müqaviləli hərbçilər” adlandırdığı terrorçuları, həm də bütövlükdə Qarabağdakı separatçıları hədəf altına atır. Ancaq daha bir fakt budur ki, Qarabağın erməni əhalisi zərbə altına düşürlər və bu məsuliyyət əsla Azərbaycana aid deyil, əksinə, Ermənistana aiddir. Hər halda, İrəvan bu barədə düşünməli və nəticə çıxarmalıdır. Yoxsa həqiqətən də çox gec olacaq, çox gec!