Birinci, Azərbaycan məmuruna ona görə deyirəm ki, ölkədə istər məmur, istər sıravi işçi kimi çalışmağından asılı olmayaraq bu xalqın mentaliteti var, bu mentalitetə uyğun yaşamalı və onu qorumalısan. Ta Fövqəladə Hallar Nazirliyinin bəzi məmurları kimi yox. Həmin məmurlar nə onlara göstərilən etimada hörmət qoyub, nə Azərbaycan kişisinə, nə də azərbaycanlı qadına layiq hərəkət ediblər. Hadisələr göstərir ki, onların mentalitet sözünün leksik mənasından isə xəbərləri belə yoxmuş...FHN-lə bağlı iki gündür sosial medianı çalxalayan xəbər və videolar bizim cəmiyyətimizə yaraşmayan hallardır. Böyük bir dövlət qurumunun aparıcı məxfi şöbəsində baş verən hadisələr adamı dəhşətə gətirir. Yəni bir məmur ona göstərilən etimada beləmi cavab verir? Bir məmur qanunla təsdiq edilmiş uni formaya beləmi dəyər verir? İş otağında, iş başında, aldığı əmək haqqının əvəzində fəaliyyətini belə lüzumsuz hərəkətlərləmi tənzimləyir?Bir kişi ailəsinə xəyanət üçün dövlət qurumunun iş otağınımı seçir? Hər gün evdən işə, işdən evə bu xislətləmi gedib gəlir? Evdə həyat yoldaşına, işdə dövlətimizə xəyanəti beləmi seçir? Bu hadisələr fonunda bir ata kimi görəsən övladlarına mənəvi bir dəyər necə, aşılaya bilibmi? Təbii ki, yox. Çünki dövlət orqanının iş otağında “şəxsi yaradıcılıqla” məşğul olan insan övladına hansı mənəvi dəyərdən söhbət aça bilər?Bir azərbaycanlı qadın karyerası üçün azyaşlı övladını uşaq baxçasında, dayə yanında saatlarla ana qayğısından, məhəbbətindən, sevgisindən məhrum qoyub bu hərəkətlər ardınca gedirmi? Həyat yoldaşını illərlə bu formada aldadırmı? Həyat yoldaşı müharibədən qayıtmayan və ya hansı bir səbəbdənsə dünyasını dəyişərkən saçının bir tərəfini qara, bir tərəfini ağ hörüb illərlə tək övlad böyüdən namuslu, zəhmətkeş, qayğıkeş Azərbaycan qadını obrazını beləmi yaradır? Bəlkə də neçə-neçə rəfiqəsinin, qohum, qonşu qadınların həsəd apardığı karyerasını bu yollamı qurur?Çox təəssüflər olsun. Birincisi, ay məmur olan kəs, sizin haqqınız nədir ki, dövlətin sizə göstərdiyi etimadı belə dəyərləndirəsiniz? Məmur adına belə ləkə yaxasınız? Əyninizdəki uni formadan da utanmadınız? Ona bu hörmətsizliyi etməyə haqqınız yoxdur axı. Siz hansı şirin ürəyini yeyib bu qədər cəsarətlənmişdiniz ki, dövlət qurumunun iş otağını şəxsi mənziliniz kimi istifadə edirdiniz? Yüksək məmur əmək haqqı, başqalarından fərqli yaşamaq, ehtiyacların hər birinin ödənilməsi, ad-san nə üçün sizə çoxluq etdi?Ay bir ailənin böyüyü, başçısı kişi, mən bu saatlarda sənin həyat yoldaşını, övladlarını düşünürəm. Sənə kim ixtiyar verir ki, həyat yoldaşını bu qədər alçaldırsan, tanışlarının, qohum-əqrəbanın, qonşuların yanında başıaşağı edirsən? Sənə kim ixtiyar verir ki, onun qadınlıq heysiyyəti ilə oynayırsan? Nədir o uşaqların günahı? Nə üçün tay-tuşlarının çoxsaylı sualları qarşısında xəcalət çəkməlidir onlar? Nə üçün bu uşaqların gələcək karyeralarını məhv edirsiniz? Bu haqqı sizə kim verir? Niyə sizin övladınız olduğu üçün bütün qapıları üzlərinə bağlayırsınız? Nə üçün?Ay bir ailənin qadını, anası, istiliyi, işığı olan qadın, sənə kim ixtiyar verir ki, bu ailənin işığını söndürürsən? Haradan alırsan bu haqqı ki, hər gün dünyanın ən pak varlıqları böyüyən o evə natəmiz addımlarla daxil olursan? O pak uşaqları o çirkab qoynuna necə alırsan? O çirkli əllərinlə necə süfrə qurursan? Həyat yoldaşının gözlərinin içinə necə baxırsan?Nəinki Azərbaycan kişisi, qadını, hətta Azərbaycan məmuru adına layiq olmayanlar, maraqlıdır, görün adıçəkilən nazirliyin hansı şöbəsinin əməkdaşlarıdır- məxfi işlər şöbəsinin. Çox təəssüf ki, şəxsi məxfiliyini qoruyub saxlaya bilməyən adamlara dövlətin məxfiliyini qorumaq tapşırılır...
Mətanət MƏMMƏDOVA