Köşə

  • 5 658

Dörd gün işıqsız... - KÖŞƏ

image

Nədəndir, hansı səbəbdəndir, bilmirəm, lakin bildiyim odur ki, Bakı şəhərinin Xətai rayonunda, Xətai metrosunun lap yaxınlığında, Bakı Əyləncə Mərkəzi ilə üzbəüz “SAHİL-D” kompaniyasına məxsus 24 mərtəbəli 4 binada problemlər nə bitir, nə də tükənir. Sanki Allah da bu binalardan üz çevirib. Bunun da səbəbi sözsüz, binalara rəhbərlik edən insanların məsuliyyətsizliyidir ki, ta bundan Yaradan da bezib.Problem nə qədər olar, yəni heç bitib tükənməzmi? Sanki burada problemlər sıraya düzülüb, həftənin günlərinə paylanıb. Bir gün lift işləmir, sabahı gün su gəlmir, sonrakı gün qaz problemi çıxır ortalığa, daha sonrakı gün yanğın baş verir, ondan sonrakı gün elektrik enerjisi kəsilir. Şənbə, bazar isə burada yaşayan sakinlər həftə boyu düşdükləri stresslərdən yaxa qurtarmağa çalışırlar. Lakin buna nə dərəcədə nail olurlar, hələ bilinmir.Artıq problemlər sakinlərin istirahət günlərini də ağuşuna alıb. Ötən həftənin bazar günü 24 mərtəbəli 4 binanın 3 saylısında elektrik şəbəkəsində yaranan problem səbəbindən yanğın baş verib. Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının operativ tədbirləri ilə yanğının, eyni zamanda insanlar üçün təhlükənin qarşısı alınıb.Sakinlərdən təbii ki, ikinci evi, yaxın qohum-əqrəbası olanlar binanı tərk ediblər, çünki məlumat verilibmiş ki, problemin həlli ən azından bir gün, gün yarım çəkəcək. Gedəcək yeri olmayan sakinlər isə bu gün artıq dörd gündür ki, gecələri qaranlıqda oturmaq məcburiyyətində qalıb, gündüzlər isə heç bir elektrik məişət əşyalarından istifadə etmədən yaşamaqdadırlar. Şükürlər olsun ki, necə deyərlər, bu sakinlərin anaları namaz üstündə imiş, elə bazar günündən də havalar müəyyən qədər sərinləyib. Yoxsa bina sakinlərinin vəziyyətini gözlər önünə gətirmək heç də çətin olmazdı.Hər gün aid adamların işıqların bu gün yanacağını vəd etməsinə baxmayaraq, axşama doğru sakinlər həmin vədlərin boş olduğunu təsdiqləyir, şam yandırıb ətrafına toplaşırlar.Bakı şəhərinin mərkəzində belə bir hadisənin yaşanması həqiqətən çox üzücüdür. Görəsən çoxmərtəbəli binanın yüzlərlə sakininin vəziyyəti heç kimimi narahat etmir?Bu binalar sakinlər arasında yiyəsiz, sahibsiz binalar adlandırılır. Düzdür, yiyəsi bir vaxtlar cinayət məsuliyyətinə cəlb edilsə də, bundan nəticə çıxarılmayıb. Hazırkı yiyələr də həmin yiyələrin davamçılarıdır. Bina elektrik enerjisini, yaxınlıqdakı Bakı Əyləncə Mərkəzindən, necə deyərlər, “dilənir”. Bu böyüklükdə 4 binanın özünün sərbəst elektrik enerji mənbəyi yoxdur. Bu yiyə, sahib fikirləşməyib ki, bu çoxsaylı sakinə axı bu enerji sərf etməyəcək. Görünür ki, xətlərin də böyük məsuliyyətsizliklə çəkilməsi şəbəkənin yüklənməsinə, belə təhlükəli yanğının baş verməsinə səbəb olub.Bu yiyəsiz, sahibsiz binaların sakinləri Allah ümidinə yaşayırlar. Qaldı ki, 3 saylı binanın dörd gün işıqsız qalan sakinlərinə, onlara bu gün işığın veriləcəyi bildirilib. Lakin buna inanmağın nə qədər doğru olduğu yenə də şübhə altındadır. Bu səbəbdən də ümidlərlə yaşamağı bina sakinlərinə məsləhət bilir və onlara böyük səbir arzulayırıq.Bir də düşünürük ki, görəsən bu işıq məsələsindən sonra qarşıda bina sakinlərini hansı problem gözləyir? Bir halda ki, bu binalarda problem bitmir, bunu düşünməməyin özü də günah olardı. Təvəkkül Allaha, bina sakinləri, hələ Allaha yalvarın, işığınız yansın, sonrasına baxarsınız.Yazını bitirmək üzrə belə bir məlumat da aldıq ki, işıqlar bu gün yansa da, internet hələ günlərlə olmayacaq. Çünki internet xətləri də yanıb kül olub. O xətlər isə hələ bu gün yada düşüb. Yenə də milyonlarca dəfə təvəkkül Allaha...

Mətanət MƏMMƏDOVA

Digər xəbərlər