Köşə

  • 5 962

Övladlarımızı “Tiktok”dan qoruyaq! - KÖŞƏ

image

Onsuz da internet, onun ardınca sosial şəbəkələr həyatımıza daxil olandan hər şey dəyişməyə başladı. Yəni heç nə əvvəlki kimi deyil artıq. Nə valideynlər əvvəlki valideyndir, nə uşaqlar, nə də ki, cəmiyyət.Həsrətlə gözlədiyimiz texnologiyanın inkişafı bu imiş, deməli. Bir vaxtlar “texnologiya gündən-günə inkişaf edəcək, bu isə insanların həyatını asanlaşdıracaq, işini yüngülləşdirəcək, intellektini artıracaq” kimi xəbərləri eşidəndə sevinirdik, bu səbəbdən də o inkişafı əziz qonağımız kimi gözləyirdik. Ta nə bilərdik ki, həmin inkişaf nələrlə nəticələnəcək...Əsas söhbətimizə gələnə qədər onların bir neçəsini xatırlayaq. Məsələn, paltaryuyan, qabyuyan, ətçəkən maşınlar həyatımıza daxil oldu-olmadı, bütün qadınlar xəstə oldular, həddindən artıq çəki almağa başladılar. Yəni qadınlarımızın fiziki hərəkəti bu yeniliklərlə əllərindən alındı və onlar passivləşməyə başladılar, artıq nə qab, nə paltar yudular, əti asanlıqla çəkdilər. Nəticədə isə hərəkətsizlikdən xəstə oldular və ya inanılmaz çəki almağa başladılar.Daha sonra kompüterlər, smartfonlar meydana gəldi. Gəlişləri ilə də həyatımızı dəyişdirdi. İnsanlar günün çox saatını kompüter qarşısında keçirməyə başladılar. Uşaqların gəzinti, açıq havada oyun saatlarını kompüter qarşısında əyləşib şiddət təlqin edən oyunlar oynamaları əvəz etdi. Bir də baxdıq ki, övladlarımızın əksəriyyətində göz problemi yaranıb. Belə olanda üz tutduq həkimə, gözlük yazdırdıq, onların gözünə taxdıq. Söhbət indi küçədə hər addımda bir gördüyümüz eynəkli uşaqlardan gedir...Elə ki, ailədə 4-6 nəfərin hər birində telefon oldu, hər kəs öz telefonunu əlinə alıb başını aşağı dikdi. Bir də baxdıq ki, biz ünsiyyət nədir, aylardır, ondan uzağıq. Beləliklə ata uşağın, ana ümumi ailənin qayğısından uzaqlaşdı, uşağın dərsləri zəiflədi, gözləri də üstəlik. Neçə-neçə ailələr smartfonların qurbanı oldu. Ər-arvad münasibətlərini smartfonlar alt-üst etdi. Neçə-neçə ailələr dağıldı bu yeni texnologiya ucbatından...Sonra həyatımıza çərşənbədə bir, şənbədə bir sosial şəbəkələr daxil olmağa başladılar. Biz nə etdik? Bu sosial şəbəkələrin yaxşı tərəflərindən çox mənfi tərəflərindən istifadə etməyə başladıq. Bir də baxdıq ki, vay, biz bizlikdən çıxırıq axı. Geyimimiz, rəftarımız dəyişdi, saçımızın rəngi dəyişdi, corabımızın birini bir rəng, o birini bir rəng geyinməyə başladıq. Yeni dəblər həyatımıza daxil oldu. Bir qarış ətəklər, şortlar, köynəklər bədənimizin elə bircə qarışını örtüb qalan hissəni bayırda qoydu. Bəzən ictimai yerlərdə hərəkətlərimiz də bizimki olmamağa başladı...Gəldik çıxdıq “Tiktok”a. Artıq “Tiktok” dövründə elə bir məqamdayıq ki, uşaqlı-böyüklü hamımızın əlində telefon var, hamımız istədiyimiz sosial şəbəkədəyik. Məhz elə bu durum həyəcan təbilinin çalınma vaxtını hələ xeyli də gecikdirdiyimizi göstərir.“Tiktok” uşaq-yeniyetmə və gənclərimiz üçün böyük təhlükə qaynağıdır. Böyük həyəcanla o təbili çalmaq, valideynləri övladlarına nəzarət etməyə çağırıram. Bu sosial şəbəkədə bizim milli mentalitetimizə, əxlaqımıza zidd, hansısa dairələrin marağına xidmət edən qızışdırıcı videolar var. İstəmədiyin, maraqlanmadığın təqdirdə qarşına çıxan çağırılmamış qonaqlar var burada. Sən dostunun, rəfiqənin, həmkarının, iş yoldaşının göndərdiyi hansısa bir videoya baxmaq istəyərkən özünü araya salan əxlaqsız videolar var.Bunları bizim övladlarımız nə üçün görməlidirlər? Bizim körpə balalarımız nə üçün hansısa bir təbliğatın qurbanı olmalıdırlar. Bizim 12-14 yaşlı yeniyetmə uşaqlarımız nə üçün bu səhnələrlə qarşılaşmalıdırlar? Bizim gənclərimizin gözləri nə üçün bu əxlaqsızlıqları görməli, qulaqları bu təbliğatları eşitməlidir?Axı bütün bunlar bizim cəmiyyətimizə, ailə dəyərlərimizə, mənəvi keyfiyyətlərimizə uyğun deyil. Biz nə etməliyik? Yalnız və yalnız övladlarımızı maarifləndirməli, onlar arasında təbliğat aparmalıyıq. Onları qarşılıqlı anlaşma şəklində belə şəbəkələrdən uşaq tutmalıyıq. Azyaşlı övladlarımızın əlinə telefon verməməliyik. Onlar hansısa bir cizgi filminə baxanda belə özünü araya salan videolar var.Biz qədim ənənələri, mentaliteti, dəyərləri olan bir xalqıq. Bütün bunları isə nəsillərdən-nəsillərə ötürən insanlarımız olub. Biz o insanların davamçıları olmarıqsa, bizi nə tarix, nə də zaman bağışlamaz. Belə isə övladlarımızla söhbət aparaq, onlara nəzarət edək, bizim olmayanlardan, bizə aid olmayanlardan, bizi bizdən alanlardan uzaq tutaq. Başqa çarə yoxdur.

Mətanət MƏMMƏDOVA

Digər xəbərlər