Köşə

  • 8 232

Heyf, heyf, heyf... - FELYETON

image

Paltar çox vacib amildir, bunu bilirik. Lakin onu da bilirik ki, içindəkinə əsla təsiri yoxdur. İstəyirsən zər-ziba geyin, nəsənsə, osan. Dəyişməyəcəksən. İstəyirsən də ən ucuzlu, dəbsiz bir paltar geyin, yenə də dəyişməyəcək, əgər içindəki dəyərli insandırsa. İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar deyiminin də elə bu mənada yarandığı sözsüzdür.Lakin nə məsələdirsə, “nə geyinim?” dərdi həmişə insan övladının elə birinci dərdi-səri olub. Yox, deyəsən burada bir az səhv etdim. Çünki ta indi “nə geyinim?” dərdi yoxdur, səbəbi son zamanlar əksər insanın geyinməkdən çox soyunmağa üstünlük verməsidir. Məsələn, vaxt var idi ki, kişilər şalvar geyinərdilər əyinlərinə.Bu məqamda “Kəlilə və Dimnə” kitabından belə bir hekayəti də xatırlamaq yerinə düşər. Çox qısa söyləyəcəyəm. Qədim zamanlarda belə bir hadisə olub ki, hansısa mahalda gecə qapı döyülərmiş, evin kişisi qapını açar, bununla da yoxa çıxarmış. Sabahı gün məlum olarmış ki, filankəs gecə yoxa çıxıb. Həmin qapı döymələr davam edir. Beləliklə günlərdən birində bir kişinin də qapısı döyülür və o, başqalarından fərqli olaraq evinə qayıdır, yoxa çıxanlardan olmur. Səbəb bu olur ki, o biri kişilər gecə qapıları döyüləndə qapıya paltarsız çıxırmışlar, lakin bu kişi qapının fasiləsiz döyülməsinə baxmayaraq paltarını geyinir ki, birdən olar, təcili hara isə çağırarlar, qoy hazırlıqlı olum. Bu yüksək keyfiyyəti onu ölümün pəncəsindən qurtarır. Həmin kişini aparıb özündən əvvəl qapıya çılpaq çıxan kişilərin hansı işgəncələrə məruz qaldıqlarını göstərib sonra evinə qaytarırlar.Hə, deməli, paltarın belə önəmli çağları da olub. İndi kişilər var ki, nəinki gecə, günün günorta çağında paltarsız gəzirlər. Qısa şortlar, qolsuz köynəklər, vəssalam. Adı da ya dəbdir, ya da istidir...Qaldı qadınlarımıza, Həzrəti Məhəmməd peyğəmbərin, qadın elə geyinməlidir ki, bədən cizgiləri bilinməsin, buyurmasına baxmayaraq indi əksər qız-qadınlarımız da kişilər kimi bir qarış paltarla kifayətlənirlər. Qısa ətək, qısa şort, şalvarda baldırdan başlayan iri kəsiklər, qısa köynəklər onların qarın-başını, qıç-qolunu qoyub bayırda.Çıxdınmı küçəyə, vəssalam. Film başlayır. Əvvəllər belə filmlərə tamaşa etmək üçün gərək vaxt ayırardın, gedib bilet alardın, əziyyət çəkib nə qədər yol gedib kinoteatrda film izləyərdin. Lakin indi buna əsla ehtiyac yoxdur. Çıx küçəyə, başla tamaşaya.Ey fani dünya. Sən bu günlərəmi qalacaqdın? Heyf səndən. Səni niyə bu günə saldılar? Kimlər saldı, niyə saldı, nə məqsədlə saldı, bilmirəm, amma heyf səndən. Heyf səndən keçən kişilərdən ki, qız-qadın yanında qıç-qollarını çırmayıb dəstəmaz almazdılar ki, ayıbdır. Heyf o kişilərə ki, çöldə ot biçəndə, əkin əkəndə istidən bişsələr də, köynəklərini çıxarmazdılar ki, birdən yan-yörədə qız-gəlin olar. Heyf, heyf, heyf...Heyf səndən ey dünya, sən nə üçün bu günlərə qaldın? Heyf səndən keçən qadınlara ki, ətəyi dabanında, köynəyinin qolu əlinin üstündə bitərdi, yad kişi görəndə yaşmağı gözlərinin altınadək qaldırardı. Heyf, heyf, heyf...Zaman keçib, dünya dəyişib, müasirləşib. Çox heyf ki, biz insanlar da kişili-qadınlı çox dəyişmişik, çox da “müasirləşmişik”...

Mətanət MƏMMƏDOVA

Digər xəbərlər