Köşə

  • 8 315

Yolayrıcı - BAXIŞ BUCAĞI

image

Həyat sanki bir yolayrıcında başlayır, orada da bitir. Çoxşaxəli yolları birləşdirən yolayrıcında. Bu yolayrıcında qarşılaşır müxtəlif taleli insanlar. Kimi həyata doğru addımlayır bu yollarla, kimi həyatını başa vurub əsl mənzilinə yollanır bu yollarla. Kimi səadətin dəvət etdiyi yollarla irəliləyir, kimi isə hələ də səadət axtarışındadır bu yollarda. Kimi sağlam, gümrahcasına bu yollarla arzularına doğru irəliləyir, kimi isə bu yollarda hələ də şəfa axtarmaqdadır. Bu yolların kəsişdiyi yolayrıcı nələrə şahiddir? Yaxşılara, pislərə, xeyirlərə, şərlərə, kamlara, nakamlara...Bu yolayrıcı illərdir ki, həm də birinciləri və onbirinciləri sinəsindən yolçu edir. Birini həyata göndərir, birini həyat dərsi öyrənməyə. Bu yolayrıcı uşaqları gəncləşdirib yolçu edir yollarında. Bu günlər yolayrıcı minlərlə uşağı birincilər olmağa göndərir. Necə ki, üç ay əvvəl minlərlə onbirincini həyata yolçu etdi, onları müxtəlif sənət, peşə ardınca yola saldı, budur, artıq birinciləri də qarşılayır.15 sentyabr bu yolayrıcından minlərlə uşaq, yeniyetmə, gənc orta, orta ixtisas və ali məktəblərə-təhsil ocaqlarına yolçu olacaq. Elm dalınca, təlim-tərbiyə, həyat dərsi, bir də ki, əsl vətəndaş olmaq dalınca yollanacaqlar.
Üç ay öncə
Düz üç ay öncə bu yolayrıcından minlərlə gənc keçirdi. On bir il təhsil alıb artıq məktəblərinə “əlvida” deməyin vaxtı çatdığı üçün məzun olmuş və bu yolçuluğa çıxmışdılar. Bir daha qayıtmayacaqları, geri dönə bilməyəcəkləri doğma məktəblərində onların təhsil zamanı bitmişdi, yeni bir həyat səsləyirdi onları. Məzunlar bu yolayrıcındakı yollarla həmin həyata doğru ilk qədəmlərini qoyurdular. Onların əksəriyyəti abituriyent oldu. Məktəblərdə aldıqları biliklərlə ali məktəblərə qəbul olunmaq üçün imtahanlar verdilər. Tələbə oldular. Tələbə ola bilməyənlər isə bu yollarla hansısa bir peşənin ardınca getdilər. Kimin hansı sənəti, hansı peşəni seçməsindən asılı olmayaraq onların hər birinə bu yeni həyatlarında uğurlar, müvəffəqiyyətlər arzulayır, həyat yolları açıq olsun, deyirik.Bu yolayrıcından üç ay öncə keçənlərin hər biri bir evin əziz övladıdır. Bu səbəbdən də valideynlər övladlarını cəmiyyətdə yaxşı bir mövqedə görmək üçün bütün həyatlarını həsr edirlər. Onlara təhsil vermək, düzgün tərbiyələndirmək, Vətən üçün xeyirli övlad böyütmək valideynlərin ən birinci arzularıdır. Onlar bunun üçün gecə-gündüz çalışır, həyatın bütün dolanbaclarında maneələri aşıb övladlarını gələcək üçün gərəkli yetişdirmək istəyirlər.Üç ay öncə yolayrıcından ötüb çoxsaylı yollarla müstəqil həyata addımlayan gənclərin hər biri budur, bu günlər tələbə kimi universitetlərə üz tutacaqlar. Yüzlərlə gənc xaricdə təhsil almağa üstünlük verib, yüzlərlə gənc ölkəmizdə təhsil almağı seçib. Yüzlərlə gənc artıq təhsilin ikinci pilləsində irəliləməkdədir.İllər ötəcək, üç ay öncə bu yolayrıcından ötənlər cəmiyyətimizin aparıcı qüvvələrinə çevriləcəklər. Onlardan məktəblərimizdə gələcək nəsillərə dərs verənlər də olacaq, xəstəxanalarımızda insanların sağlamlığı keşiyində duranlar da olacaq. İqtisadçı, mühəndis, jurnalist, alim, professorlar olacaq.Beləliklə bu yolayrıcı çoxşaxəli yollarına payladığı övladlarımızla gələcəyimizə xidmətdədir. Elə bir xidmətdə ki, illər illəri əvəzləyir, qərinələrə çevrilir, qərinələr əsrləri yaradır, lakin yolayrıcı elə qocamancasına yerində əyləşib yola salmaqla və qarşılamaqla öz vəzifəsini yerinə yetirir...
Yolayrıcından ötən illər keçən gənclər
Bu yoldan keçənlər eyni zamanda məktəblərdə vətənpərvərlik dərsi alan gənclərdir. O gənclər ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində onların şücaətini, qəhrəmanlığını, Vətən sevgisini gördük. Bu sevgi ilə torpaqlarımız 30 illik erməni işğalından azad edildi, anası Azərbaycana qaytarıldı. Birinci Vətən Müharibəsində torpaqlarımız uğrunda şəhid olan insanların qisasını aldılar. 30 illik doğmasından ayrı düşən torpaqlarımızın qisasını aldılar. 30 il ərzində ata-baba yurdundan didərgin düşənlərin, ölkəmizin dörd bir tərəfində qaçqın, köçkün adı ilə yaşayanların qisasını aldılar. Ermənilər tərəfindən bu torpaqlardakı qəbiristanlıqlarda dağıdılan qəbirlərdə uyuyan soydaşlarımızın qisasını aldılar.Qarabağın hər daşının, qayasının qisasını aldılar. Hər gülünün, çiçəyinin qisasını aldılar. Bu yerlərə 30 il gəlməyən baharın qisasını aldılar. Bu torpaqlara 30 il doğmayan günəşin qisasını aldılar.Bu gənclərimizdən üç minə yaxını şəhid oldu, minlərlə övladımız sağlamlığını itirdi. Lakin torpaqlarımız geri alındı. Şərəfimiz, namusumuz xilas oldu.Bu yolayrıcından illər öncə keçib arzularının, diləklərinin ardınca gedənlərin ömrü yarımçıq qalsa da, onlar elə bir zirvəyə yüksəldilər ki, hər zaman o zirvədən Vətəni, bu yolayrıcından keçənləri izləyəcəklər. Onların həyat yolu bu yolayrıcından ötən bütün uşaq, yeniyetmə və gənclərimiz üçün nümunədir. Çünki onlar Vətən yolunda, torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğrunda canlarından keçənlərdir.Bu günlər yenə də torpaq uğrunda şəhidlik zirvəsinə ucalan 50 şəhidimiz var. Onların da müqəddəs ruhu qarşısında baş əyməklə bir zamanlar bu yolayrıcındakı yollarla arzu və istəkləri ardınca getdiklərini xatırlayır və böyük ürək ağrısı yaşayırıq. Sən demə onların arzusu hərbçi olmaq, sərhədlərimizi göz bəbəkləri kimi qorumaq imiş. Qorudular da. Erməni təxribatının qarşısını qəhrəmancasına aldılar, düşmənə qan uddurdular və şəhid oldular. Həm Birinci, həm İkinci Vətən müharibəsindəki şəhidlərimizin davamçıları olar bu ruhu, düşüncə, təfəkkürü bir olan gənclər tariximizin yeni bir qəhrəmanlıq səhifəsini yazdılar. O səhifədə yazıldı ki, erməni adlı ünsür bu torpaqlara göz dikə bilməz. Əgər dikərsə, bax belə gözü oyular, ovcuna tökülər.Ən qürurverici hal isə odur ki, bu yolayrıcı bütün şəhidlərimizin şəkilləri ilə bəzədilib. Ona görə ki, buradan ötənlərin hər biri o şəkillərdəki hünəri, qəhrəmanlığı, şücaəti əxz edə bilsinlər. Edəcəklər də. Bu xalq tarixin bütün dövrlərində əzmi, mərdliyi, igidliyi ilə tanınıb. Bundan sonra da elə olacaq. Bu yolayrıcından keçənlərin hər birinin birinci arzusu da, sonuncu arzusu da Vətən olacaqdır...
Bağçadan məktəbə...
Bu yolayrıcından budur, minlərlə uşaq ötməkdədir, minlərlə məktəbə doğru irəliləməkdədir. Bağçadan yenicə ayrılmış, hələ irəlidə onları nələrin gözləməsindən xəbərsiz uşaqlar. Məktəbin ilk günləri təhsil ocaqlarına heç cür adaptasiya ola bilməyən, ata-ana dalınca ağlayan, onların da məktəbdə qalmasını istəyən uşaqlar.Lakin bunlar keçicidir. Məktəblərimizdən keçən yüzlərlə birincilər kimi, onlar üçün də keçicidir. Buna zaman lazımdır. Zamanla onlar məktəbə də, müəllimlərə də, sinif yoldaşlarına da öyrənirlər. Hələ özlərinə dost, rəfiqə də tapırlar. Zaman olur ki, məktəbdən getmək istəmir, dərs saatlarının bitməsini arzulamırlar.Birincilər hərif-hərif əlifbanı öyrənirlər, söz-söz elmlərə doğru gedirlər. Cümlə-cümlə bütün elmlərin sirrini mənimsəyirlər. Təlim-tərbiyə ilə, aşılanan dünyagörüş ilə böyüyür, yeniyetmə olur, gəncləşirlər. Məktəblərdə vətənpərvər, torpaq sevdalı olmağı öyrənirlər. Cəmiyyət üçün vətəndaş olmağı öyrənirlər.Bir də baxırsan ki, budur, illər ötdü, dünən məktəbin birinciləri olanlar bu gün onbirincilərdir. Böyüyürlər, artıq hər biri ürəyində bir arzunu, bir istəyi gəzdirir. Həyatda kim olacaqlarını seçib mübarizəyə başlayırlar. Və nəhayət, yenə də yolayrıcındadırlar. Burada kəsişən yollarla irəliləyirlər. Hər biri öz arzusunun, öz istəyinin ardınca...Beləcə illər ötür... Həyat yerindəcə dayanır. Lakin bu həyatdakı insanlar dəyişir. Uşaqlıqdan gəncliyə, gənclikdən yaşlılığa doğru dəyişir. Bunların hər biri isə yolayrıcındakı yollardan keçir. O yolayrıcı ki, orada qarşılaşırıq. Bir-birimizi yola salır, qarşılayırıq...
Yolayrıcında arzular...
Yeni dərs ili başlayır... Gərəkli, lazımlı, gələcəyimizin təməli olan dərs ili. Ölkəmizin gələcək inkişafını, tərəqqisini, yüksəlişini özündə ehtiva edən dərs ili. Böyüklü-kiçikli hər bir hadisəsi ilə gözəl xatirələr toplusu olan dərs ili başlayır. Yeni həyatlar başlayır. Yeni arzular, yeni istəklər, yeni seçimlər başlayır. Yeni gələcək başlayır. Bu gələcək təhsilin ilk günündən başlayır. Onu necə başlamaqdan çox şey asılıdır. İlk gündən necə başlamaq böyük şərtdir. Bu səbəbdən də hər bir birincidən tutmuş onbirincilərədək, ali və orta ixtisas məktəblərinin tələbələrinədək hər kəsə yeni dərs ilində uğurlar arzulayırıq. Zehniniz açıq, iradəniz möhkəm, təfəkkürünüz güclü olsun.
Arzumuz budur ki, bu yolayrıcından yeni dərs ilinə yolçu olanların hər biri təhsil müəssisələrində ölkəmiz üçün layiqli vətəndaş olaraq yetişdirilsinlər. Hər biri özündən sonra o partalarda əyləşənlərə nümunə olsunlar. Parlaq həyat yolları, faydalı fəaliyyətləri, vətənpərvərliyi, Vətən sevgisi ilə bu gün ölkəmizi dünyaya tanıtdıran övladlarımızın ardıcılları olsunlar.Yolayrıcı... Minlərlə gedənə-gələnə şahid yolayrıcı. Müxtəlif taleli yolları sinəsində kəsişdirən yolayrıcı. Sən də uğur arzula bu yollardan ötənlərə. Arzula ki, yolunuz açıq olsun. Bu gözəl ölkənizə layiq vətəndaşlar olasınız. Bu xalqın qədin tarixini, adət-ənənələrini qoruyub saxlayanlardan, nəsillərdən-nəsillərə ötürənlərdən olasınız. Bu millətin keçdiyi tarixi yolları yaşadanlardan olasınız. Bütün bunlar təhsildən keçir. Arzula ki, təhsil uğurları bol olsun övladlarımızın. Təhsil olan yerdə dünən də var, bu gün də, sabah da...

Mətanət MƏMMƏDOVA

Digər xəbərlər