Köşə

  • 9 989

Sürət dövrü FELYETON

image

O günləri metroda qatar dayandı, iki gənc oğlan ağsaqqal, ağbirçək, uşaq-böyük demədən camaatı yarıb içəri keçdilər. Və biri o birinə dedi ki, ay qardaş, indi sürət zamanıdır ey, dayanmaq olmaz. Dayandın, batdın. O biri də bunun dediklərini başı ilə ürəkdən təsdiqlədi.Hə, indi tez-tez eşidirik həyatın sürətlənməsi, insanların qaçması fikirlərini. Belə çıxır ki, daha gərək yeriməyəsən, yalnız qaçasan. Maraqlıdır, deyilmi? Görəsən niyə axı yeriməyəsən, qaçasan?Cavanlı-qocalı, uşaqlı-böyüklü camaat necə qaçsın axı? Yaxşı başladıq qaçmağa, həm də sürətlə qaçmağa. Küçədə çarpıldıq birinə, yıxıldıq yerə, xəstəxanalıq olduq, işə gecikdik. Ta bunun harası sürət dövrü oldu ki? Və yaxud küçə ilə qaçırsan, qaçmaq nədir, heç ahəstə belə yeriyə bilməyən bir qoca ilə rastlaşırsan, baxırsan ki, ona kömək lazımdır, lakin sən əhəmiyyət verməyib “dayana bilmərəm, indi sürət dövrüdür”,- deyib qaçmağa davam edirsən. Bir başqa misal, məsələn, işə qaçırsan, görürsən ki, yolda bir uşaq yıxılıb, ona kömək lazımdır, lakin sən dayana bilmirsən, çünki sürət dövrüdür, qaçmalısan.Bu cavan oğlanların söhbəti, həqiqətən, çox maraqlıdır ey. Görəsən bütün cavanlarımız belə düşünür? Görəsən hamı üçün indi sürət dövrüdür? Maraqlıdır, görəsən dəyişən nədir ki, sürət də həyatımızın bir parçası kimi səsləndirilir?Çox düşündüm, çox daşındım, tapdım ki, niyə cavanlar bu dövrü sürət dövrü adlandırırlar. Hə, tənbəlliklərindən. Faktlara baxaq. İndiki cavanlar yuxuya çox böyük önəm verirlər, baxmayaraq ki, dövrü sürətli adlandırırlar. Onlar yatırlar, yata bildikcə. Qalxanda da görürlər ki, ay Allah, saat gör bir neçə olub. Ya işə, ya universitetə, ya dükana-bazara, ya nə bilim xəstəxanaya, kinoya, teatra, görüşə yubanıblar. Başlayırlar nə etməyə? Qaçmağa. Qaçanda ağsaqqal, ağbirçəklərə yol vermək əvəzinə hələ üstəlik onlara guppultu ilə çırpılanda, uşaqları az qala vurub yerə yıxanda deyirlər ki, indi sürət dövrüdür, gərək sürətli hərəkət edəsən.Ay bala, ay cavan oğlan, sən keçdiyin yollardan artıq biz qayıdırıq ey, fərqindəsən? Ay bala, həyat həmişəki həyatdır. Düzdür, dövran, zəmanə dəyişə bilər, amma vallah, həyat həmişəki həyatdır. Biz də gənc, cavan olmuşuq, biz də oxumaq, işləmişik, işləyirik də. Biz də sizin kimi bütün arzu və istəklərin, tələbatların ardınca getmişik. Lakin kimisə vurub yerə yıxmamışıq, ağsaqqalın, ağbirçəyin yoluna keçməmişik, uşaqlara qarşı kobudluq etməmişik. Bilirsiniz niyə? Çünki vaxtında oyanmışıq yuxudan, vaxtında planımızı qurmuşuq.İndi siz həyatın sürətlənməyindən danışırsınız, vallah sizə o qədər gülməyim gəlir ki... Ay cavan oğlan, həyat məgər canlıdır ki, bir gün iməkləyə, bir gün yeriyə, sabahısı gün qaça? Yox, ay cavanlar. Həyat durub yerində. Onun başına nə gəlibsə, biz gətirmişik. Ona yeni texnologiyalar, internet aləmi bəxş etmişik. Həyat hərəmizin əlində olan bir telefondan bezib. Həyat ta bizim o telefonlardan öyrənib ona göstərdiklərimizdən usanıb. Həyat gecə yarıyadək telefonlarda sosial şəbəkələrdə gəzintidə olanların əlindən cana gəlib. Bu səbəbdən də həyat sizə yaxşı bir yuxu dərsi verir. Deyir, ey başı telefonlardan, kompüterlərdən qalxmayan, min bir texnoloji yeniliyin qurbanı olan cavanlar, yatın, yatın ki, bir dincələ biləsiniz.Ay cavan oğlan, gecənin yarısından sonra yatdığınıza görə səhər tezdən elə həmin o telefonlarınızın sizi oyatmaq üçün əldən-ayaqdan getməsinə baxmayaraq qalxa bilmirsiniz ki, bilmirsiniz. Saatlar sonra dəli kimi oyanıb, görürsünüz ki, vay, günorta olub ey. Bilmirsiniz necə yuyunursunuz, necə geyinirsiniz, nə yeyirsiniz, nə içirsiniz, çünki tələsirsiniz axı. Ona görə də, ay bala, başlayırsınız qaçmağa. Adını da qoyursunuz, sürət dövrü.Vallah, elə bütün dövrlərdə sürətə ehtiyac var. Yəni tələsmək mənasında demək istəyirəm. Amma böyüyə hörmət, ağsaqqala, ağbirçəyə yol vermək, uşaqları nəzərə almaq, küçədə-bacada qocaya, uşağa, xəstəyə yardım etmək, kiminsə imdadına çatmaq da bütün dövrlərdə olub. Bu dövrü sürət dövrü adlandırıb, siz Allah, bizim bu ənənələrimizi aradan çıxarmayın.Sürəti özünüzə tətbiq edir bir az. Dövrü sürət dövrü, həyatı sürətli adlandırıb onu ittiham etməyin. Özünüz də bir az sürətlənin. O lüzumsuz, mənasız aludəçiliklərdən əl götürün, görün həyatınız necə dəyişir, görün həyatınız necə yolunda gedir, eşidirsinizmi?Qaçmaqla yıxılarsınız, dizinizi, başınızı yaralayarsınız. Küçədə-bacada böyüyü-kiçiyi vurub yıxarsınız. Qaçmayın, ay bala, yeriyin. Evdən tez çıxın ki, qaçmayasınız. Vaxtında oyanın ki, tələsib qaçmayasınız. Vaxtında yatın ki, vaxtında oyanıb qaçmalı olmayasınız. Vallah, nə bu həyat, nə də dövr sürətlənməyib. Siz sürətsiz olmusunuz. Bir az həyat tərzinizə fikir verin, görəcəksiniz ki, ta qaçmırsınız, yeriyirsiniz, yaxşı?..

Mətanət MƏMMƏDOVA

Digər xəbərlər