Köşə

  • 10 387

“Eyyy Paris, get hoppan!”, yaxud “eyyy Afina, get tullan!” KÖŞƏDAR

image

Guya Azərbaycan hərbçilərinin “əsir düşmüş” erməni zinvorlarını “güllələməsini” əks etdirən saxta, reallıqda isə erməni xüsusi xidmət orqanlarının hazırladıqları təxribatçı videokadrların yayılmasının ardınca bir sıra Qərb ölkələri və onların quyruqbulayanları dərhal, gecikmədən ölkəmizə qarşı hücuma keçdilər. Bu görüntü mənə yad varlıq görən kimi bir ağızdan hürən it sürüsü təsirini bağışladı. Baxın, ortada heç bir dəlil-sübutun olmadığı halda, üstəlik Azərbaycanın Baş prokurorluğunun sözügedən videogörüntünün araşdırılmasının aparılması haqqında yaydığı rəsmi bəyanatından sonra belə, bir qrupu sürü hürməyə davam edir. Məsələn, Fransanın xarici işlər nazirliyi faktsız, isbatsız halda bildirir ki, “Fransa Azərbaycanın bəyanatını diqqətə alır və təqsirkarların məsuliyyətə cəlb olunmasına çağırır” (?!) Qayıdıb deyəsən ki, eyyy Fransa, səni, hansısa hadisənin nəticəsinin necə olacağını diqqətə alıb-almamağın ilə bağlı Azərbaycanla yuxarıdan aşağıya danışmağına kim haqq verib? Niyə bu günə qədər bir dəfə də olsun 30 il davam etmiş, eləcə də son 44 günlük müharibədə törədilmiş erməni vəhşiliklərinə görə cınqırını çıxarmadın? İndi nə baş verdi? Hələ bir bunun izahatını ver, sonra biz bu izahatı diqqətimizə alıb-almayacağımızla bağlı sənə məlumat verərik!Maraqlıdır ki, Fransa XİN bu da azmış kimi, ərazimizə soxularaq diversiya törətmək istəyən və məsuliyyətə cəlb edilən erməni cinayətkarlarını da “hərbi əsir” adlandırmaqla azadlığa buraxılmalarını tələb edir. Bircə bu cümləyə diqqət yetirək: “Rəsmi Paris həmçinin Azərbaycanda saxlanılan bütün erməni əsirlərinin azadlığa buraxılmalarına çağırır”. Eyyy Paris, başqa ŞEY istəmirsən ki..? Yaxud, eyyy Paris, sən gəl bir neçə gün əvvəl Azərbaycan səfirliyinə bir neçə dəfə (!) edilən təxribatçı erməni hücumu ilə bağlı hansı tədbirlər gördüyünü, günahkarların tapılaraq cəzalandırılmalarını isbatlayan hesabatını bizə ver!Bu sürüyə qatılan daha bir aşkar ermənipərəst cinah yunanlardır. Yəni bununla bağlı Yunanıstanın diplomatik dairələri də bizdən “hesabat” tələb edirlər və bütün bunlardan sonra bizim onlara “eyyy Afina, get tullan!” deməkdən başqa çarəmiz qalmır. Afina yaxşı olardı ki, qoynunda bəslədiyi PKK terror yuvasındakı qatilləri barədə hesabat versin, amma vermir. Üstəlik, guya (!) insani hisslərə, humanizm prinsiplərinə qapılaraq sübut olunmayan, təsdiqini tapmayan bir saxta videogörüntü ətrafında erməni aşnalarına qahmar çıxır. Çıxsınlar görək haraya qədər, nə vaxta qədər qahmar çıxacaqlar?!Biz isə azərbaycanlı olaraq, Azərbaycan vətəndaşları olaraq bütün dünyadan – ABŞ-dan, Böyük Britaniyadan, Kanadadan, Niderlanddan, Belçikadan, Norveçdən daha nə bilim hansısa qondarma və saxta “humanizm” mərkəzlərindən tələb edirik – uzun onilliklər boyu ermənilər tərəfindən millətimizin başına gətirilən qətliamların, talanların, vəhşiliklərin hesabını sorsunlar, hüquqi qiymətlərini versinlər və ən sonda da bizə - azərbaycanlılara atdıqları addımlarının, verdikləri qərarlarının HESABATINI təqdim etsinlər. Bax onda deyəcəyik ki, artıq dünya heç də ikili, üçlü və s. standartlardan ibarət deyil, dünya çoxqütblü də deyil, dünya birqütblü və adildir. Amma hələlik bunu deyə bilmirik və deyə də bilmərik, çünki dünya tamamilə əksinədir, dünya suçlunu güclü bilən qədər dağılası dünyadır. Ona görə də eyyy həmin dairələr, topdan şəkildə gedin hoppanın, yaxud da tullanın!

Digər xəbərlər