Köşə

  • 8 906

Naxçıvana yollar açılacaq, istəsəniz də, istəməsəniz də... - KÖŞƏ

image

Bəzən insanları qınamaq düzgün deyil. Yaranan situasiya, şərait gətirib o həddə çıxarır ki, adam başını itirir, nə dediyini, necə hərəkət edəcəyini bilmir, yaddaşı pozulur, xəstələnir, psixoloji sarsıntı keçirir, depressiyaya düşür, ölüm sindromu yaşayır və sair. Vallah, mən Ermənistanın aparıcı siyasi rəhbərləri olan Paşinyanı bəzi hallarda qınamıram. Görünür yuxarıda sadaladıqlarımın əksəriyyətini ötən iki ildə ardıcıllıqla yaşadığından nə danışdığını bilmir. Çox güman ki, yaddaşı pozulmaqdadır. Axı bir nəfər nə qədər telefonlara əl atar, kömək istəyər, axı bir nəfər nə qədər həmin telefonların o başındakılar tərəfindən rədd edilər. Baş nə etsin, çatlayacaq, yaddaş silinəcək də...2020-ci ilin 44 günlük müharibəsindən üzü bu yana Ermənistanda baş verməyən hadisə qalmadı. Yerindən qalxan siyasətçiyə çevrildi, hər kəs bu problemin özünə sərf edəcək səviyyədə həll olunması təklifini verdi. Siyasətçilər bir yandan, tarixçilər bir yandan, nə bilim küçədə veyil-veyil gəzənlər hərə bir tərəfdən, iki ildir ağız deyəni qulaq eşitmir. Məğlubiyyəti də bu qalmaqalın üzərinə gələndə, vallah, adam qınamaqdan bir az çəkinmək istəyir.Bu günlər Paşinyanın mətbuata belə bir açıqlamasını oxudum. Yuxarıda söylədiyim qənaətə də elə o zaman gəldim. Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Twitter” mikrobloqunda yazıb: “2020-ci il noyabrın 10-da qəbul edilən üçtərəfli bəyannamədə Ermənistan ərazisi ilə bağlı “dəhliz” haqqında hər hansı bir qeyd yoxdur... 10 noyabr tarixli üçtərəfli bəyanatda “dəhliz”dən bəhs edilirmi? Bəli. Bu Dağlıq Qarabağa gedən yeganə Laçın dəhlizidir”.O, başqa bir yazısında bunları deyib: “Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında yeni yolların tikintisi ilə bağlı hər hansı birtərəfli öhdəlik götürürmü? Yox. Ermənistanla Azərbaycan arasında razılaşma ilə bu baş verə bilərmi? Bəli! Ermənistan öz qanunvericiliyinə uyğun olaraq bunu etməyə hazırdır. Azərbaycanın müsbət cavabı lazımdır”.Qeyd olunur ki, Paşinyan bir az da irəli gedərək növbəti həyasız bəyanat səsləndirib. Onun iddiasına görə, tvit və reaksiya sübut edir ki, heç kim Ermənistanı öhdəliklərindən yayınmaqda günahlandıra bilməz. “Bir daha deyirəm ki, biz öhdəliklərimizi yerinə yetirmək və regionun çoxşaxəli blokadası nəticəsində yaranan imkanlardan istifadə etmək üçün 3 nəzarət-buraxılış məntəqəsi açmağa hazırıq”.Paşınyanı anladığım, yaddaşında bəzi silinmələrin olduğunu nəzərə alıb 2020-ci ilin 10 noyabrında, Azərbaycan Respublikası, Rusiya Federasiyası və Ermənistan Respublikası arasında imzalanan üçtərəfli Bəyanatın 9-cu bəndini xatırlatmaq istəyirəm. Ölkə Prezidentinin xalqa müraciətindən: “Doqquzuncu bənddə göstərilir ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir və tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bu 9-cu bənd sırf mənim təkidim nəticəsində Bəyanata salınmışdır. Çünki müzakirə olunan, uzun illər müzakirə olunan sülh planında belə açıq-aydın müddəa yox idi. Yəni nəzərə alınırdı ki, bütün kommunikasiyalar açılacaqdır və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz haqqında söz getmirdi. Hesab olunurdu ki, bu ümumi ifadə bunu ehtiva edir. Burada isə konkret göstərildi ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin təhlükəsizliyini Ermənistan yox, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Yəni bu dəhliz tam təhlükəsiz olacaq. Eyni zamanda, ikinci məsələ – tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası – bu məsələni tam və gələcəyə hesablanmış çərçivədə həll etmək üçün əlavə də bənd salındı. Yəni bu nə deməkdir? O deməkdir ki, iki dəhliz olmalıdır. Əgər lazım olsa, iki dəhliz olmalıdır. Bu, bizim tarixi nailiyyətimizdir. Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda yeni bir nəqliyyat damarını açırıq. Deyə bilərəm ki, bütün ölkələr buradan ancaq faydalanacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir”.Paşinyan açıqlamasında “Ermənistan ərazisi” deyə bir söz birləşməsi vurğulayır. Lakin ona bir sualım var: hansı Ermənistan ərazisi, Ermənistan torpaqlarından bəhs edirsən? Yaddaş silinə bilər, bəli. Lakin xəritələr var. Bir zəhmət, onlara müraciət et. Yaddaşın dərhal özünə qayıdacaq...Naxçıvana yollar açılacaq, kimin istəyib, istəməməsindən asılı olmayaraq. Yaşayaq, görək. Hər kəs də üzərinə götürdüyü öhdəliyin arxasında durmağa borcludur...

Mətanət Məmmədova

Digər xəbərlər