Köşə

  • 8 374

Uğursuz ambisiozluq – Makronun naməlum “siyasi xətti” KÖŞƏDAR

image

Fransanın dövlət başçısı Emmanuel Makronun ayağısürüşkənlik siyasəti yalnız Cənubi Qafqazda hiss olunmur. Əslində bir əlində hətta bir neçə qarpız tutmaq cəhdləri Makronun iç üzünü daha qabarıq fonda nümayiş etdirir. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyevin Fransanın bundan sonrakı danışıqlar prosesində vasitəçi qismində iştirak etməyəcəyi ilə bağlı bəyanatı da məhz qeyd olunan məsələlərə söykənir. Əgər Fransa uzun illər həmsədr ölkələrindən biri olmaqla dolayı yollarla erməni işğalına dəstəyini ifadə edirdisə, artıq indi bu fikrini açıq yolla bəyan edir. Hər halda belə olmasa idi o, “Qarabağ Ermənistanın qəlbidir” ifadəsini nəinki dilinə, heç ağlına belə gətirməməliydi. Gətirdisə özü-özünü ifşa etdi və nə qədər uğursuz siyasətçi olduğunu isbatlamış oldu.

İkibaşlılıq
Ancaq təkcə budurmu Makronun məlum olmayan “siyasi xətti”? Fransanın prezidenti hazırkı dövrə qədər dəfələrlə ölkəsinin müxalifət sektoru, eyni zamanda ictimai rəyi və KİV-ləri vasitəsi ilə hədəfə alınıb, onun protokol davranışlarından tutmuş siyasi bəyanatları lağa, tənqidə, istehzaya, hətta məsxərəyə belə qoyulub. Öz ölkəsinin daxilində yaranmış sosial böhranları həll edə bilməyən prezident əlini dünyanın bütün bucaqlarına doğru uzadır. Belə vəziyyəti həm də onun nə qədər uğursuz ambisioz fərd olduğunu da nümayiş etdirir.Məsələn, Makron digər münaqişə nöqtələrində - Aralıq dənizində, Liviyada, Ukraynada, Afrika ölkələrində öz “fəallığını” göstərməyə çalışsa da hər yerdə eyni səhvlərə yol verir. Bir tərəfdən Aralıq dənizi akvatoriyasında sülh mesajları verir, digər tərəfdən Yunanıstana dəstək göstərməklə açıq şəkildə özünü Türkiyəyə qarşı kökləyir.Liviyada da bənzər siyasət yürüdən Makron əvvəlcə bu başıbəla Afrika ölkəsində sülhün əldə edilməsi istəyində olduğunu bəyan etdi, qiyamçı general Haftar hücum əməliyyatlarına başlayarkən onun qarşısının alınması üçün heç nə etmədi, əksinə yardımlarını göstərdi.Ukraynadakı müharibəyə gəlincə isə onun bir əli Rusiyanın dövlət başçısı Vladimir Putinə zəng edən telefonun dəstəyində olur, başqa tərəfdən isə Ukraynaya müxtəlif adda silahların göndərilməsi, eləcə də Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı sənədlər imzalayır. Bütün bu kimi oyunbazlıqlar isə öz yanaşmamızla ifadə etsək Emmanuelə əsla başıucalıq-filan gətirmir. Bəlkə də bu gün onu özünə müttəfiq sayanlar da Fransanın prezidentinə elə də ciddi bel bağlamırlar. Bir sözlə, ikibaşlılıq...
O, kimlərdən dərs götürməli və öyrənməlidir?
Ona görə də Makron prezidentlik kürsüsündə oturmasına rəğmən, hələ də siyasət elmini öyrənməlidir. Məsələn, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğandan, yaxud Azərbaycan Prezidenti İlham Əliyevdən! Məhz bu iki qardaş ölkələrin dövlət başçıları həyata keçirdikləri mükəmməl siyasətləri ilə eyni anda (!) bütün partnyorları ilə əlaqələrini saxlayıb-inkişaf etdirdiklərini faktlarla, əldə etdikləri uğurlu siyasi gedişləri ilə isbatlayıblar.Hələlik isə Makron fincanda fırtına yaradacağını düşünür, amma təəssüf ki, həmin fırtınada özünün çətin vəziyyətə düşməsi ehtimalının nə qədər çox olduğunu düşünmür...

sia.az

Digər xəbərlər