COP29

  • 3 202

Ekoloji siyasətdə Heydər Əliyev imzası

image

Ölkəmizin elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin dəst-xətti, izi hiss olunmasın. Ekoloji istiqamət də bu sahələrdən biridir. Azərbaycana rəhbərlik etdiyi ilk illərdən etibarən o, Bakıda və ölkənin bütün bölgələrində təbiəti mühavizə istiqamətində çox ilklərə imza atdı, çox yeniliyin əsasını qoydu. Heydər Əliyev Bakının yaşıllaşdırılmasının ən vacib dövlət siyasəti olduğunu çıxışlarında dəfələrlə qeyd edib.

“1970-ci ildə mən ilk dəfə Bakıda yaşıllıq işləri aparılması təklifini irəli sürdüm, böyük bir proqram hazırladıq və Bakını sürətlə, ilbəil yaşıllaşdırmağa başladıq. Doğrudur, mən Azərbaycandan gedəndən sonra və xüsusən 1987-1988-ci illərdə çox nadan adamların respublikamıza rəhbərlik etdikləri dövrdə, bundan sonra Azərbaycanda, o cümlədən Bakıda hərc-mərclik, özbaşınalıq hökm sürdüyü zamanda cinayətkar adamların, dəstələrin böyük vəzifələr tutduğu, hakimiyyətə gəldiyi dövrdə Azərbaycan, Bakı üçün əziz olan bu sahə nəinki unuduldu, hətta, bizim böyük əziyyətlərlə əkdiyimiz, becərdiyimiz, boya-başa gətirdiyimiz ağacları kəsməyə başladılar”.

Heydər Əliyevin bu istiqamətdə apardığı siyasət nəticəsində 1989-1997-ci illər ərzində respublikamızda 45 min hektar sahədə meşə bərpa işləri aparılıb. Həmçinin 1969-1982-ci illərdə Azərbaycan ərazisində eroziyaya məruz qalmış və kənd təsərrüfatına yararlılıqdan çıxmış ekoloji yararsız torpaqlarda, Xəzərin sahilindəki qumluqlarda 68,1 min hektar sahədə qoruyucu meşə zolaqları salındı. 1990-1997-ci illərdə isə 4800 hektar sahədə eyni işlər həyata keçirildi.

Ölkə rəhbəri, 1971-1975-ci illərdə Azərbaycanda 30 min hektar suvarılan torpağın istismara verilməsini, 150 min hektar sahədə hamarlama işlərinin aparılmasısı, 200 min hektar sahədə yeni suvarma şəbəkələrinin qurulmasını, su təchizatının yaxşılaşdırılmasısı, 400 min hektar sahədə otaqlara su çıxarılmasını, Kür-Araz düzənliyində 280 min hektar sahədə şoran torpaqların yuyulmasını qarşıya bir vəzifə kimi qoymuşdu. Eləcə də bu 4 il müddətdə 270 min hektar yeni suvarılan ərazinin istifadəyə verilməsi nəticəsində ümumi suvarılan sahənin 1,450 milyon hektara çatması, 550 min hektar sahədə kompleks meliorasiya sistemlərinin yaradılması ölkəınin ekoloji siyasətinin nə qədər uğurlu aparılmasını təsdiq edir.

Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 23 may tarixli Fərmanı ilə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadənin ayrı-ayrı istiqamətləri ilə məşğul olan və fəaliyyətlərində bir-birini təkrarlayan Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Dövlət Hidrometeorologiya Komitəsi və “Azərmeşə” İstehsalat Birliyi ləğv edildi və onların bazasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb.

Eyni zamanda Heydər Əliyevin 2001-ci il 18 sentyabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə” təsdiq edilib. Əsasnaməyə görə Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan hissəsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirilməsi bu nazirliyə tapşırılıb.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikada həyata keçirilən irimiqyaslı təbiəti mühafizə tədbirlərinin təşəbbüskarı və təşkilatçısı olub. Həmin illər ekologiya, təbiətin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadəyə dair 8 qanun və Azərbaycan KP MK-nın, Nazirlər Sovetinin 32 qərarı vardı. O dövrdə Heydər Əliyev Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi sahəsində məqsədyönlü siyasət yürütmək üçün bütün gücünü səfərbər etmişdi.

İri su hövzələrinin yaradılması, torpaqların şoranlaşmadan təmizlənməsi üçün drenaj sistemlərinin tikilməsi, geniş meşə zolaqlarının salınması, ölkəmizin flora və faunasının qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədilə respublikamızda 1969-cu ildə Şirvan, 1978-ci ildə Ağ göl, 1981-ci ildə İsmayıllı, 1974-cü ildə Bəsitçay və s. dövlət qoruqları yaradıldı. Həmçinin bütün Abşeronda və Gəncədə iri yaşıllıq massivlərinin salınması, şəhər və rayonlarımızda nəhəng sutəmizləyici qurğuların, dəryaların inşa edilməsi məhz Heydər Əliyevin ekoloji tarazlığın qorunması, ölkənin yaşıllaşdırılması istiqamətində illərdir çəkdiyi zəhmətinin bəhrəsi idi. Bundan əlavə, Şirvan, Pirqulu, eləcə də Talış dağlarının yuxarı zonalarında, İsmayıllı meşələrində, Laçın, Qubadlı rayonları ərazisində yaradılmış dövlət qoruqları, Ağstafa, Tərtərçay dəryaçaları, Araz su qovşağı, Kür su kəməri, Arpaçay su anbarı da ekoloji nəhənglərdən idi.

“Bir ağacı əkib, becərmək, onu böyütmək bir övladı böyütməyə bərabərdir. Mən bunu bilirəm, öz həyatımda, təcrübəmdə yaşamışam. Çünki Bakıda ağac əkmək çətindir. Yadınıza salın, vaxt vardı, Bakıda ağac yox idi, əsrin əvvəlində Bakıya gələn Maksim Qorkinin sazlərini yadınıza salın, Mayakovskinin sözlərini xatırlayın, 20-ci illərdə Bakıya gəldiyini, cəmi 2-3 ağac gördüyünü deyirdi.Ancaq biz Bakını yaşıllaşdırdıq. Küçələri, meydanları yaşıllaşdırdıq. Bakıxanov qəsəbəsində, Badamdar qəsəbəsində, Xalqlar Dostluğundakı o ağacları biz nə qədər əziyyətlə əkdik, böyütdük. Məşhur şənbə iməcliklərimizin hesabına. İnsanlar o ağacları əkirdi, hər həftə suvarırdılar. Bu Bakı üçün idi, xalq üçün idi, təbiət üçün idi.”

Bu sözlər ümummilli liderin niqtindəndir. O Bakıda salınan yaşıllığın hər metrəsi üçün insanların əziyyətinin olduğunu, bu işdə hamımızın birgə əmək sərf etməyimizin vacibliyini vurğulayırdı: “Bizim bu birgə əməyimizi məhv edənlər, o ağacları kəsənlər, təbiətə zərər verənlər vətənə xainlik edirlər. Kəsilən ağacların yerində yenisini əkmək görün nə qədər vaxt alacaq. O ağacları kəsənlər hesab edin ki, mənim balalarımın başını kəsiblər. O ağacları kəsənlər gərək haqq-ədalət məhkəməsi qarşısında cavab versinlər. O ağacları kəsib yerində tikilən dükanların hamısını dağıtmaq lazımdır”.

Ağaclar, meşələr dünyanın ağciyərləridir, onlar insanlara, bəşəriyyətə zərər verə biləcək təhlükələri udur. Ağaclar təbiətdəki, atmosferdəki zərərli maddələri təmizləyir, oksigenimizi süngərdən keçirir. Onlar həm də su mənbələridir, ağacların köklərindən süzülən su yeraltı su anbarlarına toplanır. Bu da içməli su kimi dünya əhalisi üçün, eləcə də içməli su ehtiyatı hər gün azalan Azərbaycan üçün əhəmiyyətli rezerv deməkdir. Çünki normal böyüklükdə olan hər bir ağac atmosferə ildə 150 ​​ton su göndərir. Bu da yağış təminatında əhəmiyyətli pay deməkdir.

Torpaq sürüşmələrinin və daşqınların baş verməsində də ağacların məhv edilməsinin payı var. Ağaclar kökləri sayəsində torpağın çoxlu su udmasına mane olur, beləcə sürüşmənin qarşısını ala bilir. Ağaclar olmasa, sürüşmə və sel nəticəsində maddi və mənəvi itkilər daha çox baş verər. Əgər ağaclar olmasaydı, torpağın temperaturu yüksələrdi. Düşünək, Bakı niyə gündən-günə yaşanılmayacaq qədər isti bir şəhərə çevrilir?!

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Ekologiya və ətraf mühitin mühafizəsi istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər