PDF Oxu

COP29

  • 5 238

COP29 Məlumat Mərkəzində “Ekoloji təmiz həyat tərzinə keçid” adlı tədbir təşkil edilib - FOTOLAR

image

COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən ekoloji həssas mövzulara ictimaiyyətin diqqətinin cəlb edilməsinə yönələn təşəbbüslərin davamı olaraq COP29 könüllülərinin dəstəyi ilə "Ekoloji təmiz həyat tərzinə keçid" adlı tədbir keçirilib. SİA xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə təşkil olunmuş aksiya plastik tullantıların azaldılması, təkrar emal və istifadənin ekoloji faydalarının cəmiyyətə aşılanmasına xidmət edib.

Avqustun 23-də Bakının dənizkənarı bulvarında yerləşən COP29 Məlumat Mərkəzində baş tutan aksiya çərçivəsində paytaxt sakinləri tullantı hesab edilən plastik, kağız və batareya kimi istifadə olunmuş, həmçinin istismardan çıxarılmış müxtəlif əşyaların təhvil verilməsinə dəvət ediliblər. Tullantıların toplanması üçün Məlumat Mərkəzinin qarşısında təşkil edilmiş məntəqələrə gələn çoxsaylı sakinlər burada quraşdırılmış monitorlar vasitəsilə plastikdən istifadənin zərərli təsirləri, tullantıların düzgün utilizasiya qaydaları, kağızın təkrar emalı yolları, dayanıqlı həyat tərzi vərdişlərinin önəmi, ətraf mühitin qorunmasına töhfə vermək üçün praktiki həllər kimi mövzularda videoçarxlar vasitəsilə ətraflı məlumatlandırılıb. Aksiya nəticəsində toplanmış tullantılar qanunamüvafiq şəkildə utilizasiya edilməsi üçün "Təmiz Şəhər" ASC-yə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumuna təhvil verilib.

Aksiyaya qoşulmuş iştirakçıların təşəbbüslərinin dəstəklənməsi məqsədilə burada, həmçinin plastik torbalardan istifadənin azaldılmasını təşviq edən master-klas təşkil edilib. Master-klasda iştirakçılar ekoçantaların dizayn olunması prosesinə qatılıb, gündəlik həyatda davamlı istifadə edə biləcəkləri dayanıqlı materiallardan hazırlanan çantaları öz zövqlərinə uyğun tərtib ediblər. Master-klasın əsas məqsədi ekoloji cəhətdən zərərli plastik torbalardan istifadənin ekoloji alternativlərə üstünlük verilməklə azaldılmasının təşviqi, o cümlədən ətraf mühit problemlərinin həllinə təsirli töhfələrin verilməsinə cəmiyyətin bütün üzvlərinin cəlb edilməsi olub.

Digər xəbərlər