PDF Oxu

COP29

  • 3 398

Susuz qalmağa hazırsınızmı?

image

Su yer üzündə canlıların yaşaya bilməsi üçün əsas zərurətdir. İnsanların, bitkilərin və heyvanların da daxil olduğu ekosistemin əsasını o təşkil edir. Planetimizin unikallığı həm də su ehtiyatının olması ilə ölçülür. Lakin bu sərvətin qorunması şərtdir, su qaynaqlarının mühafizəsi quraqlığa qarşı mübarizənin başlanğıcıdır. Su israfı heyvandarlıq və əkinçilik sahələrinə zərər vurmaqla insanların əsas dolanışıq vasitələrini əlindən alır. Susuz qalmaq epidemik xəstəliklər, məcburi köçlər və ərzaq qıtlığı kimi təhlükələrə yol açır. Suya qənaət etməklə quraqlığın, xəstəliyin və su qıtlığının qarşısını ala bilərik, əks halda bizi yaxşı gələcək gözləmir.

2003-cü ildən etibarən hər il sentyabrın 18-i Ümumdünya Su Monitorinqi Günü və ya Ümumdünya Su Keyfiyyətinin Monitorinqi Günü kimi qeyd olunur. Amerika Təmiz Su Fondunun təşəbbüsü ilə təsis edilən bu ekoloji bayram indi planetin su ehtiyatları problemləri haqqında ictimaiyyətin məlumatlılığının artırılmasına və çirklənmədən mühafizədə iştiraka yönəlmiş məlumat və maarifləndirici proqrama çevrilib. Proqram insanlara yerli su obyektlərinin vəziyyətinin əsas monitorinqini özləri həyata keçirməyə imkan verir və Su Ətraf Mühit Federasiyası və Beynəlxalq Su Assosiasiyası tərəfindən dəstəklənir.

Ümumdünya Su Monitorinqi Gününün əvvəlcə ABŞ Konqresi tərəfindən Təmiz Su Aktının qəbul edildiyi tarix - 1972-ci il oktyabrın 18-i şərəfinə oktyabrın 18-də qeyd edilməsi planlaşdırılırdı. Həmin sənəd ölkənin su ehtiyatlarının bərpası və mühafizəsi məsələlərini həll edir. Ancaq zaman keçdikcə bayram populyarlıq qazandı və digər ölkələrdə keçirilməyə başladı. Buna görə də, 2007-ci ildən bəri, ilin bu vaxtında su hövzələrində, sututarlarda su donan ölkələrin iştirakını asanlaşdırmaq üçün onun tarixi bir ay əvvələ köçürüldü.

Məlumat üçün qeyd edək ki, dünyanın 70 faizi su ilə örtülüdür, lakin içməli su ehtiyatları bütün suyun yalnız 1 faizini təşkil edir. Həmçinin, dünyadakı şirin su qaynaqlarının yalnız 10 faizi əlçatandır. Su ehtiyatlarının kəmiyyət və keyfiyyətcə qeyri-kafi və əlçatmaz olması təbiətə, cəmiyyətə və iqtisadiyyata birbaşa təsir göstərir. Qlobal suya tələbat hər gün artır. Sosial, iqtisadi və ekoloji sahələrdə su problemi bəşəriyyət üçün əsas təhlükələrdən biri hesab olunur. İçməli su indi ən çox ticari söz-söhbət yaradan təbii sərvətdir. Dünya ölkələri içməli suya çıxış, əlçatanlıq məsələsində bir-birindən gizlin tədbirlər görməkdədir. Artıq qızıl yataqları, neft quyuları qədər içməli su ehtiyatları da milli sərvət hesab edilir.

Hazırda dünyada təxminən 55 milyon insan quraqlıqdan əziyyət çəkir. Qeyri-adekvat su ehtiyatları heyvandarlıq və kənd təsərrüfatı sektorlarına zərər vurmaqla yanaşı, insanların əsas dolanışıq vasitələrini də risk altına qoyur. O, epidemik xəstəliklər, məcburi köçlər və ərzaq qıtlığı kimi təhlükələr yaradaraq bəşəriyyətin həyatını təhlükəyə atır.

Azərbaycan transsərhəd çayların çirkləndirilməsi problemindən çox əziyyət çəkir. Çirklənmə həm əhali, həm də müəssisələr tərəfindən həyata keçirilir. Ən çox çirklənməyə məruz qalan çaylarımızdan biri olan Oxçuçayda iki ildən çoxdur ki, monitorinqlər aparılır, nümunələr götürülərək laboratoriyada analiz olunur. Nəticəyə əsasən onu demək olar ki, Oxçuçay mütəmadi olaraq ağır metallarla çirklənməyə məruz qalır. Çayın suyunun tərkibində dəmir, manqan və bir çox ağır metalların miqdarı dəfələrlə yolverilən qatılıq həddini ötüb. Kimyəvi analizlərlə yanaşı, bioindikatorlara görə də Oxçuçayın qiymətləndirilməsi aparılıb. Bioindikatorlara görə çayda polisaprob orqanizmlər üstünlük təşkil etdiyindən çirkli çay kimi qiymətləndirilib. Buna səbəb Ermənistan ərazisindən dağ sənaye mədən və filiz saflaşdırma kombinatlarından, həmçinin məişət tullantı sularının təmizlənmədən Oxçuçaya axıdılmasıdır.

Azərbaycan ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraqlıq keçən illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Son 1 ildə Azərbaycanın su ehtiyatları minimuma düşüb. Dünyada gedən qlobal istiləşmə bizdən də yan keçmir. Həmişə bol sululuğu ilə məşhur olan Kür və digər kiçik çaylar quruyur. Təəssüf ki, bizdən fərqli olaraq, bir çox dünya ölkələri bu həyati təhlükə ilə bağlı ciddi tədbirlər gördü. Azərbaycan su ehtiyatlarının az olduğu ölkələrdən biridir, ölkənin ümumi su ehtiyatının 70 faizi xarici mənbələr hesabına formalaşdığından qlobal problem başlayanda həmin 70 faiz su da bizə çatmayacaq. Transsərhəd çaylarından gələn suyu həmin ölkələr istifadə edəcək.

Kürdə suyun səviyyəsinin aşağı düşməsi məsələsinə gəlincə, bunun bir çox səbəbləri var. Onlardan biri Kür çayının mənbəyi olan Türkiyədə bir neçə su anbarının tikilməsidir. Mənbə sularının böyük hissəsi orada toplanılır və çaya az gəlir. İkincisi isə, Kürə axan kiçik çaylar ekoloji səbəbdən quruyub. Məsələn, meşələr qırılıb, qum, çınqıl daşları daşınılıb. Həmin çaylar lilli suyu Kürə gətirir və çayın aşağı axarlarında onun dibi yuxarı qalxır. Məhz ona görə də keçən il əksinə olaraq, dəniz suyu Kürə axmağa başladı. Üstəlik, Kür çayına təzyiq artıb. Ondan suvarmada nəzarətsiz və məhdudiyyətsiz istifadə edilir. Bir çox böyük plantasiyalar suvarma üçün Kür çayının suyunu normadan artıq götürürlər.

Qeyd edək ki, Azərbaycanın 30 faiz su ehtiyatı Qarabağda yerləşir. Həmin su ehtiyatlarından səmərəli istifadə edilsə ətraf regionlar da vəziyyətdən çıxa bilər. Amma bu kortəbii yox, sistemli, elmi şəkildə əsaslandırılmış işlər vasitəsi ilə həyata keçirilməlidir. Suyun düzgün paylaşdırılması, bölüşdürülməsi, su mənbələrinə normal təzyiq verilməsi kimi məsələlər nəzərə alınmalıdır. Yəni bir tərəfdə daha çox su istismar edib, digər tərəfdə qıtlıq yaratmamaq üçün düzgün kanalların çəkilməsi, alternativ mənbələrdən istifadə etmək lazımdır.

Lalə Mehralı

Digər xəbərlər