PDF Oxu

COP29

  • 4 385

Metsamor AES və "radioaktiv ayılar": regionun ekologiyasını nə təhdid edir? - MÜSAHİBƏ

image

Rusiyalı ekoloq, “Меньше двух градусов” (“2 dərəcədən az”) nəşrinin redaktoru, “Ekomüdafiə” ekoloji qrupunun həmsədri Vladimir Slivyak Caliber.Az-a müsahibəsində qlobal və regional ekoloji problemlər haqda maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.

— COP29-un ilk günündə iştirakçı ölkələr karbon ticarətinin əsasını qoyan Paris İqlim Sazişinin 6-cı maddəsinin mexanizmini təsdiqləməyə razılaşdılar. Bu saziş artıq bir çox ekoloji analitiklər tərəfindən iqlim dəyişikliyi prosesində COP29 üçün mühüm irəliləyiş kimi qiymətləndirilib. Bu nəticələri necə qiymətləndirirsiniz?

-Bu, həqiqətən çox vacib bir qərardır, təsdiqlənməsi çox vaxt apardı və indi nəhayət qəbul edildi. Bəzi ölkələr, demək olar ki, tərəddüd etmədən bu sazişi tez bir zamanda qəbul etməyə məcbur olduqlarından narazılıqlarını ifadə etdilər, lakin bu qədər iştirakçı ölkə olduğundan, fikirlərin fərqli olacağı gözləniləndir. Amma qərar verilib və indi öz vəsaitlərini başqa ölkələrdə iqlim layihələrinin inkişafına yönəltmək imkanı olan karbon bazarları üçün yol açıqdır.

Mən 1995-ci ildən COP-dayam və deyə bilərəm ki, emissiyaların ticarəti mövzusu çox uzun müddətdir mövcuddur və bu emissiya ticarəti siyasətinin necə aparılacağı, oyun qaydalarının necə olacağı çox vacibdir. Çünki neqativ ssenaridə bu, neft və qaz sektorunda fəaliyyət göstərən ölkələrin və ya şirkətlərin öz ölkələrində tullantıları azaltmaq üçün başqa ölkələrə pul ödəməsinə səbəb ola bilər, lakin onlar özləri ekoloji gündəmlərində heç nəyi dəyişməyəcəklər. Və biz əmin olmalıyıq ki, belə ölkələrin ayırdığı pullar əslində başqa ölkələrdə işləyən iqlim layihələrinə xərclənir və quma, havaya getmir. Beləliklə, düşünürəm ki, 6-cı maddənin işinə nəzarət mexanizmi hələ də COP29-da iştirakçı ölkələr tərəfindən müzakirə olunacaq, xəbər gözləyəcəyik.

— Sizcə, hazırda COP29-da başqa hansı prinsipial mühüm məsələlər müzakirə olunur?

— Qeyd edim ki, iqlim dəyişikliyindən dəyən zərəri kompensasiya etmək üçün yoxsul ölkələr üçün vəsait toplamaq üzrə işlər davam edir. Zərər, ilk növbədə, planetdə havanın temperaturunun durmadan artması nəticəsində yaranan hər hansı təbii fəlakətlərə aiddir: bunlar daşqınlar, qasırğalar, quraqlıqlar və digər antropogen nəticələrdir. Təəssüf ki, hələ də lazımi miqdarda vəsait tapmaq mümkün olmayıb. İndi söhbət zəngin ölkələrin öz töhfələrini bir trilyon dollara çatdırmasından gedir - bu, artıq hesablanmış zərəri kompensasiya etmək üçün məbləğdir. Zəngin ölkələr- ilk növbədə Qərb ölkələri- tullantılarının böyük faizi ilə iqlim dəyişikliyinə səbəb olur, yəni buna görə tarixi məsuliyyət daşıyırlar. İndi məsələ mahiyyət etibarı ilə ondan ibarətdir ki, varlılar kasıblara vurduqları zərəri hansısa yolla kompensasiya etməyə çalışırlar. Ancaq zənginlər bunun üçün pul ödəməyə o qədər də həvəsli deyillər - buna baxmayaraq, iqlim tənzimlənməsi məsələləri çərçivəsində bu dilemma həmişə mövcud olub. Çinin donorlar siyahısına qoşula biləcəyi barədə danışılır, lakin hələlik bu, sadəcə ehtimaldır.

— COP29-da digər mühüm və maraqlı məqam nüvə sənayesinin inkişafı üçün lobbiçilik edənlərin olmasıdır, ilk baxışdan yaşıl enerjidən çox uzaq görünən sənayedir. Bunun qəti əleyhinə olanlar da az deyil. Xüsusilə, nüvə enerjisi lobbiçiləri tərəfindən həyata keçirilən və konfransın qonaqlarının və iştirakçılarının diqqətini cəlb edən “Radioaktiv ayılar” tədbirini xatırlayıram.

— Bəli, COP29-da həm “lehinə”, həm də “əleyhinə” danışanların birbaşa canlı hərəkətləri də daxil olmaqla, bu mövzuda çoxlu müzakirələr və ziddiyyətli fikirlər yarandı. Təbii ki, nüvə enerjisi üçün belə aktiv lobbiçilik təəssüf edici hadisədir. Bu onunla bağlıdır ki, nüvə sənayesi nümayəndələrinin bu cür aksiyaları təşkil etmək üçün pulu və vasitələri var və məsələn, ölkələr onu istehlakdan kütləvi şəkildə imtina etməyə başlayarsa, enerji sektorunda öz təsirlərini itirməkdən qorxurlar. Bu arada, başa düşmək lazımdır ki, nüvə enerjisi yaşıl texnologiyalardan - günəş və külək enerjisindən fərqli olaraq, həyata keçirilməsi olduqca bahalı və çətin bir sahədir. Məsələn, təcrübədən göründüyü kimi, bir atom elektrik stansiyasının tikintisi təxminən 10 il çəkir və çox vaxt bu növ enerjidən istifadə edən ölkələrin sakinləri atom elektrik stansiyalarının işə salınmasını daha çox gözləyirlər. Günəş enerjisi toplayan böyük bir stansiya bir ildən az müddətdə işə salına bilər.

İndi iqlimi dəyişməyə cəhd etmək üçün bu qədər il gözləmək artıq mümkün deyil - sadəcə olaraq bizim o qədər vaxtımız yoxdur. Bundan əlavə, mənfəət və gəlir əldə etməyə başlamaq üçün nüvə sənayesi böyük investisiyalar və vəsait tələb edir, bir qayda olaraq, bu, dövlətin iştirakı olmadan həyata keçirilə bilməz; Siz, məsələn, bir kiçik şəhəri enerji ilə təmin etmək üçün mini atom elektrik stansiyasını işə sala bilməyəcəksiniz, lakin bərpa olunan enerji mənbələrinin inkişafı bu problemi effektiv şəkildə həll edir.

— Qonşu Ermənistanda Sovet dövründən bəri işləyən Metsamor Atom Elektrik Stansiyası heç bir ekoloji təhlükəsizliyə zəmanət olmadan fəaliyyət göstərir. Aİ ekspertlərinin fikrincə, bu AES istismar müddətini 20 il əvvəl keçib və Cənubi Qafqazın ekologiyası üçün ciddi təhlükədir. Bu təhlükəni necə qiymətləndirirsiniz?

— Təbii ki, bu stansiya region üçün ciddi təhlükə yaradır, mən Ermənistana məsləhət görərdim ki, iqtisadiyyatını yaşıl enerji mənbələri əsasında yenidən qurmaq barədə ciddi düşünsün, məsələn, Azərbaycan hazırda bu “yaşıl keçidi” enerji ilə həyata keçirir. Çünki hər şeydən əvvəl gələcəyini düşünməlisən, bunun sabah hansı fəlakətlə nəticələnə biləcəyini. Qeyd edərdim ki, problemin dərk edilməsində bir növ yenidən işə başlamaq lazımdır, çünki faktların göstərdiyi kimi, bu, iqtisadi deyil, siyasi seçim məsələsidir: elə mühafizəkar ölkələr var ki, nüvə enerjisinə möhkəm inandıqları üçün ona arxalanırlar. Daha çox iqtisadi gəlir əldə etmək məqsədi güdülür- bu məsələyə yanaşmaları dəyişdirməliyik. Bu, sırf subyektiv seçim məsələsidir və ölkələrimiz və cəmiyyətimiz üçün daha ciddi qlobal risklər yaranmadan bu seçimə yenidən baxmalıyıq.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər