PDF Oxu

Mədəniyyət

  • 11 999

Sənət dünyasına bir aktyor da "əlvida" dedi

image

Bu gün sənət dünyasından bir böyük sənətkar da əbədi dünyasına köçdü. Sənətə və həyata vida söylədi. İllərdir səhnədə bir-birindən fərqli obrazlar yaradaraq böyük bir sənət qalereyasının müəllifinə çevrilən Xalq artisti Ramiz Novruz. Görkəmli sənətkar, Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruz 67 yaşında dünyasını dəyişdi. Neçə-neçə obrazlara səhnə həyatı verəcəkdi, aktyorumuz. Öz istedadı ilə daim seçilən və sevilən aktyor öz bədii obrazını tamaşaçıların qəlbində yaratmış oldu. Sənətdə sənət meyarları onun üçün əvəzsiz idi.

Müsahibələrinin birində belə deyirdi: "Bəxtim onda gətirib ki, həyatım boyu çox yaxşı adamlarla qarşılaşmışam. Bağışlaya bilmədiyim adamlar talantsız adamlardır. Lap bağışlaya bilmədiyim şəxslər isə onlardı ki, istedadlı olub və xalqın sevməsinə baxmayaraq, deyirlər ki, "mən sənətə gəlmək istəmirdim, təsadüfən gəldim". Bu kimi adamlar əvvəl-axır sənətə xəyanət edəcəklər. Necə ki, edirlər. Bir də bağışlaya bilmədiyim adamlar istedadsız olub, bunu bilməyən adamlardır. Onlar yüz il bu işlə məşğul olurlar. Amma başa düşə bilmirlər ki, bu, onlarda alınmır. Bilmirlər ki, özlərini məhv edirlər. Şəxsi konflikt zəminində bağışlaya bilmədiyim, lap elə nifrət etdiyim adam da olub. Amma o rəhmətə gedəndən sonra öz-özümə demişəm ki, bu lazım idimi?" Əlbəttə, sənətə sənət meyarları ilə yanaşmaq vacibdir. Necə ki, özü sevib-seçdiyi bu sənətə gələndə ona bütünlüklə bağlanmışdır. 67 yaşlı aktyorun sənət və həyat tərcümeyi-halı maraqlı və zəngindir.

25 may 1955-ci ildə Biləsuvar rayonu Səmədabad qəsəbəsində anadan olan Ramiz Novruz orta məktəbi bitirdikdən sonra 1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Ədil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alıb. Təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət teatrına göndərilib. O, 1981-ci ildə Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. Ramiz Novruz xalqımız üçün ağrılı-acılı mövzularda bir neçə pyes yazıb. İlk pyesi olan "At ilinin birinci ayı" adlı 20 Yanvar hadisələrindən bəhs edən pyesi 1992-ci ildə Gəncə Dövlət Dram Teatrında, 1996-cı ildə yazdığı "Hələ sevirəm deməmişdilər" pyesi 2002-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Bundan əlavə Eduardo de Filipponun "Silindr" əsərini rus dilindən Azərbaycan dilinə tərcümə edərək, rejissor kimi uğurla tamaşaya qoyub, həmçinin bu əsərdə Atilio rolunu ifa edib.

Beynəlxalq teatr festivallarının mükafatçısı olan Ramiz Novruzun yaradıcılığının bir qolunu kino fəaliyyəti təşkil edir. Görkəmli sənətkar "Sizi dünyalar qədər sevirdim" filmində general Həzi Aslanov, "Cavad xan" filmində general Sisyanov və s. bir sıra filmlərdə müxtəlif yaddaqalan obrazlar yaradıb. Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1998-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Həyatda çox dərslər alıb, sənət dərsi, həyat dərsi. Ona ədəbi dərs verən hadisələr də olub. "Mən adətən intuitiv olaraq hansı obrazın mənə aid olmadığı hiss edirəm. Məsələn, bir dəfə bilirdim ki, nazir oğlu rolu mənə görə deyil. Tamaşaçılar məndə bunu qəbul etməyəcəklər. Amma oynadım. Bir serial var ki, orada heç çəkilmək istəməmişəm. Hətta adı gələndə xəcalət çəkirəm: "Dodaqdan qəlbə"- deyə aktyor müsahibəsində bildirmişdir: "Rejissor mənə təklif etdi, dedim Lütfi müəllim, bu rol mənə görə deyil. Bunu ya Füzuli Hüseynov, ya da Nurəddin Mehdixanlı oynaya bilər. Onu da bilirdim ki, onlar Bakıda olmadığı üçün rejissor bu rolu mənə təklif etdi. Bir neçə dəfə imtina etdim. O zaman "1 May" küçəsində yaşayırdım. Bir də gördüm ki, gəlib qapını döyür. Mən də pəncərədən baxırdım. Bilirdim ki, bu məsələyə görə gəlib, ona görə qapını açmadım. Bir də gördüm ki, qapının ağzında nəsə kiçik qələm-kağız çıxardı və nəsə edəndən sonra çıxdı getdi. O gedəndən sonra gəlib gördüm ki, qapıya kağız yapışdırıb. Yazıb ki, "Ramiz, ömrümün axırıdır, ola bilsin bu mənim son işimdir. Çəkilməsən peşman olarsan". Ondan sonra sındım və gəldim çəkildim. Amma bilirdim ki, mənim rolum deyil".

Böyük sənətkar böyük bir məktəb yaratdı: sənət məktəbi. Hər bir obrazında həyatının naxışı və ömrünün ayları, illəri var. Biri digərini təkrarlamayan obrazların xarakterindəki mənəviyyatı üzə çıxararkən səsinin tonu. Jest və mimikası və ən nəhayət, daxilindəki dəyərləri belə üzə çıxardı. Mənfi obrazlarında daxilindəki nifrəti, kini, haqsızlığa qarşı üsyanı büruzə verdi. Sənətə sənətkar ömrü caladı və böyük bir irsin müəllifi olaraq hər zaman kinofilmlərimizdə tamaşalarımızda yaratdı obrazları ilə əbədi yaşayacaqdır. Allah rəhmət eləsin!

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər