“Türk Dövlətləri Təşkilatı son illərdə dünya səviyyəsində nüfuzlu qurumlara çevrilib və Türk dünyasında həmrəyliyin, əməkdaşlığın və strateji imkanların artırılmasında mühüm rol oynayır. Azərbaycan və Türkiyə bu birliyin mərkəzində dayanır və iki ölkənin liderlərinin birliyi bütün türk dünyası üçün nümunədir. Azərbaycan-Türkiyə modeli təkcə milli birliyin deyil, eyni zamanda dövlətçilik və strateji əməkdaşlığın uğurlu təcrübəsidir”. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycan və Türkiyə: tarixi əlaqələr, yeni qlobal çağırışlar” mövzusunda beynəlxalq elmi-praktik konfransda səsləndirib.Akademik bildirib ki, Azərbaycan-Türkiyə elmi, siyasi və mədəni sahələrdə uzunmüddətli əməkdaşlıq qurub və bu əməkdaşlıq türk dünyasının inkişafında strateji əhəmiyyət kəsb edir: “Bu birliyin əsası yüzilliklər öncə qoyulub və bu gün də gələcək nəsillər üçün örnək olaraq qalır”.Konfransda həmçinin iki qardaş ölkənin tarix, elmi və siyasi sahələrdə qarşılıqlı əlaqələri, regionda birgə fəaliyyət perspektivləri müzakirə olunur.