Məlum olduğu kimi, Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Ermənistanın hərbi təcavüzü nəticəsində Füzuli sakinlərindən 663 nəfər şəhid olmuş, 400 nəfərədək insan müharibə əlili olmuş, 181 nəfər isə əsir və itkin düşmüşdür. 1994-cü il yanvarın 5-də Ulu Öndər Heydər Əliyevin əmri ilə həyata keçirilən əks-hücum əməliyyatı nəticəsində Azərbaycan Silahlı Qüvvələri Füzuli rayonunun 22 yaşayış məntəqəsini işğaldan azad etmişdir. 27 il sonra, 2020-ci il 17 oktyabr tarixində Azərbaycan Ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Füzuli şəhəri və rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğaldan azad olunmuşdur. Ümumilikdə Vətən müharibəsi zamanı Füzuli rayonunun 62 yaşayış məntəqəsi düşməndən azad edilmişdir. Qeyd etmək lazımdır ki, Füzuli uğrunda aparılan döyüşlər Vətən müharibəsinin ən ağır və strateji baxımdan mühüm döyüşlərindən olmuşdur. Rayonun təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusuna mühüm üstünlüklər qazandırmışdır. Düşmən 30 il ərzində təmas xəttində möhkəm istehkamlar qurmuşdu. Bir çox tanınmış hərbi ekspertlər belə hesab edirdi ki, Füzulinin azad edilməsi aylarla vaxt ala bilər. Lakin Azərbaycan Ordusunun peşəkarlığı, yüksək döyüş qabiliyyəti və texniki üstünlüyü nəticəsində düşmən qısa müddətdə geri çəkilməyə məcbur olmuş, bir çox hallarda silahlarını ataraq qaçmışdır. Bu qələbə bir daha sübut etdi ki, Azərbaycan Ordusu yüksək döyüş hazırlığına və güclü texniki təminata malik olan müasir bir ordudur. Düşmən və dünya ictimaiyyəti artıq Azərbaycanın gücünü və ordusunun qüdrətini açıq şəkildə görmüş və etiraf etmişdir. Füzulinin azad olunmasının əhəmiyyətini nəzərə alaraq, 2020-ci il noyabrın 26-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı təsis edilmişdir. Həmin döyüşlərdə iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 25.325 Azərbaycan hərbi qulluqçusu bu medalla təltif olunmuşdur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilmiş və 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən edilmişdir.
Saday Qasımov
Azərbaycan Respublikasının Tibb Universitetinin 1-ci kurs tələbəsi