Mədəniyyət

  • 11 613

Canlı orqanizm olan teatr

image

Azərbaycan Milli Peşəkar Teatrının yaranmasının 150 illiyinə həsr olunur

(Milli dramaturgiyamız, rejissor, aktyor sənəti və teatrlarımızın sabahı haqqında qeydlərim, düşüncələrim)

“Teatr, cəmiyyətin kiçildilmiş modeli və canlı orqanizmdir”. Bu fikir və deyim bilmirəm hansı dahi şəxsiyyətə məxsusdur, amma artıq bütün dünyada qəbul olunmuş maraqlı bir misal- aforizmdir. Çünki bu “kiçildilmiş model və orqanizm” həqiqətən neçə min illərdir ki, həyatın güzgüsü olmaqla, insanlara böyük mənəvi qida verir. İnsanların tərbiyəsində, həyata baxışında, həyatı dərk etməsində böyük bir məktəb və məbəd rolunu oynayır. Ona görə də yaranışından mütərəqqi insanlar, hətta başda böyük məmurlar, krallar, padşahlar, hökmdarlar, diktatorlar olmaqla teatrı qoruyub, onun qayğısını çəkib və zaman-zaman dağılmasının qarşısını alıblar. Mənə elə gəlir ki, teatrın dağılması, elə cəmiyyətin dağılması və insanlığın məhv olması deməkdir. Yəqin elə buna görə də teatrı cəmiyyətin kiçildilmiş modeli adlandırıblar. Bəs teatrın daxilində çalışanlar, bu müqəddəs məbədə xidmət edənlər nə etməlidir ki, belə böyük incəsənət növü həmişə yaşasın və onların işlədiyi teatr tamaşaçıların sevimlisi, mütəmadi gəldikləri müqəddəs ocaq olsun? Teatra cəmiyyətin kiçildilmiş modeli və canlı orqanizm yəqin ona görə deyirlər ki, həqiqətən bu müqəddəs məbəddə cəmiyyəti idarə edən bütün sahələr və insan orqanizmində olan bütün üzvlər var. İnsan orqanizmi hələ də dünya alimlərinin bütövlükdə baş aça bilmədikləri mükəmməl, yüksək quruluşa malik və ən kiçik detalları belə tam yerində olan bir cəmiyyətdir.

İndi gəlin, teatrla insan orqanizminin oxşarlığını təhlil edək. İnsan orqanizmi olan cəmiyyət, teatrın daxilində olan sahələrdən (üzv və sistemlərdən) təşkil olunmaqla, ədalətli qanunlarla idarə olunur. Belə ki, onun idarəedici sistemi baş rejissor və direktor (mərkəzi sinir sistemi), dramaturq (qanyaradıcı orqanlar, sümük iliyi), başda quruluşçu rejissor olmaqla, tamaşanı ərsəyə gətirən yaradıcı heyət və rolların ifaçıları olan aktyorlar (ürək, leykasitlər və qan damar sistemi), tamaşanın təşkili ilə məşğul olan inzibati heyət (dəri və epitet hüceyrələri), səhnə quruluşu sahəsində çalışanlar (ağ ciyər və limfalar sistemi), direktorun ətrafında toplaşan insibati qrup (böyrəklər), tamaşanın ərsəyə gəlməsində köməklik edən bütün sexlər ( dalaq), teatrın bədii şurası- orqanizmi fəsadlardan qoruyan qara ciyər rolunu oynayır. Çox maraqlıdır ki, insan orqanizmi, öz daxilində olan milyonlarla hüceyrələrə, ümumiyyətlə bütün orqan üzvülərinə eyni gözlə baxır. Hər birinə eyni diqqət və qayğı yetirilir. Orqanizmin əldə etdiyi gəlir - qida, hava, su bütün hüceyrələr arasında bərabər bölünür. Əgər bu ədalət prinsipinə əməl olunmasa, orqanizm yaşaya bilməz və məhv olar. Əgər biz orqan və sistemləri təşkil edən hər bir hüceyrəyə sosial baxımdan nəzər salsaq, onların heç biri digərindən fərqlənmir. Ən əsası isə heç birinə ögey və doğma münasibət bəslənilmir. Hamısı müxtəlif vəzifələri və funksiyaları yerinə yetirmələrinə baxmayaraq, bərabər hüquqludurlar və ədalətli bölgü prinsipi əsasında yaşayırlar. Hətta insanın daxilində dünyaya yeni gələn orqanizmdə heç bir hüceyrə bu və digər xüsusiyyətlərinə, doğma və əzizliyinə görə, digərindən fərqlənmir. Hamısı eyni tipli olur. Necə ki, teatrda heç kəs anadan baş rejissor, direktor, rejissor, aktyor, rəssam və başqa sahələrdə çalışanlar kimi doğulmur. Onları həyat yetişdirdiyi kimi, insan orqanizmi də böyük qayğı nəticəsində öz sağlamlığını qoruyur. Yox əgər beyin, orqanizmi idarə etmək gücünə malik deyilsə, onda insan orqanizmində ayrı-ayrı fəsadlar yaranır və hətta ən sağalmaz xəstəlik olan, el arasında qubar dediyimiz infarkt, xərçəng xəstəliyi də ayrı-ayrı fəsadların, sresslərin nəticəsində yaranır. Bax, teatrda da belədir. Əgər teatrı idarə edən baş rejissor və direktor öz işlərinin öhdəsindən layiqincə gələ bilmirlərsə, teatrda ögey-doğmalıq yaradırlarsa, kollektiv arasında ayrı-seçkilik qoyurlarsa, orada çalışanlar arasında konfliktlər yaradırlarsa, deməli, onlar da canlı orqanizm olan teatrın daxilinə xəstəliklər yaradırlar. Bu xəstəlik infarkt, xərçəng xəstəliyinə çevriləndə isə artıq onu sağaltmaq mümkün olmur və həmin teatr çox zaman ölür, dağılır. Bax, beləcə tarixlər boyu çoxlu teatrların daxilinə xərçəng xəstəliyi düşdüyünə görə və bu xəstəliyi sağaltmaq mümkün olmadığından onlar dağılıb, məhv olublar. Bir daha deyirəm. İnsanı idarə edən onun beyni, ağlı, düşüncəsi, uzaqgörənliyi, səbri, böyük diplomatiyasıdırsa, teatra da bu xəstəliyin düşməməsinin ən böyük cavabdehliyini baş rejissor və direktor daşıyır. Yəni onlar canlı orqanizm olan teatrı yalnız özlərinin böyük ağlı, böyük düşüncəsi, yüksək təşkilatçılığı, özlərinin təmizliyi, heç bir işçi arasında ayrı-seçkilik qoymamaları, hamıya eyni gözlə baxmaq, konfliktlər yaratmamaqla, teatrda böyük yaradıcılıq mühiti yaratmaqla, yüksək diplomatiyi ilə qoruya bilərlər. Gəlin, görək Azərbaycandakı teatrların hamısında bu prinsiplərə əməl olunurmu? Əlbəttə, yox. Teatrların çoxunda baş rejissor və direktor hegemonluğu, öz işlərinin dəqiq sahələrini bilməmələri, cılız hisslərlə yaşamaları, dünya mədəniyyətindən, dünya teatrlarından xəbərsiz olmaları, təşkilati cəhətdən çox zəif olmaları, daxillərindən olan hikkə, özlərini hamıdan ağıllı bilmələri nəticəsində bu gün teatrlarımız hələ də dünya səviyyəsində tanına bilmir. Dünyanın aparıcı teatrları ailəsinə inteqrasiya eləyə bilmir. Baxmayaraq ki, teatrlarımıza axır vaxtlar dövlət qayğısı çox yüksəkdir və onların maddi texniki bazasına ölkə başçısı tərəfindən yaxşı fikir verilir.

Əgər bir teatrda baş rejissor özünü kapitan adlandırıb, yalnız hegemonluq edirsə, kollektiv arasında böyük ayrı-seçkilik yaradırsa, daxilində olan hikkədən azad ola bilmirsə, quruluşçu rejissorlara hər şeyi diqtə eləmək istəyirsə, onların arzu və istəklərini eşitmək belə istəmirsə, əlbəttə, həmin kapitan çox qısa bir vaxtda gəmini aparıb ya qayalıqlara çırpacaq, ya da burulğana salacaq. Eləcə də əgər direktor da bütün bu işlərə loyal qalacaqsa, yalnız özünün stolunu, stulunu qorumağa çalışacaqsa, teatrda gedən bütün bu konfliktlərə seyirçi kimi baxacaqsa, onda həmin teatrın taleyi necə olacaq? Eləcə də orada çalışanların taleyini kim həll edəcək? Axı, yuxarıda yazdığım kimi, teatr insan orqanizmi formasında qurulmuş bir mexanizmdir. Çünki insan orqanizmində olan milyonlarla hüceyrələrin hər biri canlıdır. Onlar diqqət və qayğı tələb edirlər. Bəzən biz həmin orqanizmlərə qarşı ədalətsiz mövqe tutur, onlara biganəlik göstəririk. Axırda isə həmin biganəlik göstərdiyimiz, ədalətsiz mövqe tutduğumuz orqanizm fəsadlar törədir və bunlar da bizim ölümümüzə səbəb olur. Deməli, teatrı idarə edən baş rejissor və direktor da teatrda çalışan canlı orqanizm olan işçilərin bir qrupuna qarşı ədalətsiz mövqe tutanda və biganəlik edəndə, onlar da var qüvvələrini sərf edəcək ki, həmin baş rejissordan və direktordan canlarını qurtarsınlar. Bəs bütün bunların baş verməməsi üçün nə etmək lazımdır? Yalnız ədalət prinsipini əsas götürüb, hamıya eyni gözlə baxmaq, hamının arzularını eşitmək, hamıya eyni formada yanaşmaq lazımdır. Əgər baş rejissor tamaşaları yalnız özü hazırlayacaqsa, quruluşçu rejissorlara heç bir şərait yaratmayacaqsa, onlara heç bir sərbəstlik verməyəcəksə, yalnız öz sevimli akytorları ilə işləmək istəyəcəksə, tezliklə həmin teatr bayağı bir orqanizmə çevrilib, distrofik ola bilər. Necə ki, beyin insan orqanizmini idarə etməyi bacarmırsa, spirtili içkilər içməklə, çoxlu yeməklər qəbul etməklə, siqaret və başqa nikotinli maddələr çəkməklə həzm sistemi olan üzvləri- mədə, qara ciyər, ağ ciyər, nəfəs boruları, bağırsaqlar və başqa üzvləri daim qıcıqlandırır, onların dincliyini, rahatlığını pozur və bu proses uzun sürərsə, onları zədələyirlər. Nəticədə həmin hüceyrələr də bu cür yaşamaqdan bezir, eqoistləşməyə, qəddarlığa başlayırlar. Bununla da onlar küskünləşir, tənbəlləşir və digər hüceyrələr kimi öz funksiyalarını, vəzifə borclarını layiqincə yerinə yetirmirlər. Beləliklə, onların normal qidalanma prosesi pozulur və biganə münasibət nəticəsində onlar orqanizmin kamikadzelərinə, terrorçularına çevrilirlər. Çünki onlar bu qədər əzaba dözdüklərindən heç nədən qorxmur və orqanizmdə hər cürə hoqqalar yaradırlar. Onların yaratdıqları həmin fəsadlar da orqanizmi zədələyirlər. Yalnız ürəkdən başqa. Çünki ürək başqa orqanizmlərdən fərqli olaraq, daim fəaliyyətdədir. Bütün orqanizmlər istirahət etdiyi vaxtlarda belə ürək həmişə işləyir. Teatr adlı məfhum da başda recissor və aktyor heyyəti olmaqla ürəkdir. Ürək, teatrın daxilində gedən bütün konfliktlərə baxmayaraq, həmişə işləyir. Bəzən sağlam və bəzən də xəstə vəziyyətdə. Ürəyi xəstələnməməyə qoymamaq isə, teatrın beyni, düşüncəsi, fikri, diləyi olan baş rejissordan və direktordan asılıdır. Daha doğrusu, onlar bir növ öz işlərini vicdanla yerinə yetirməklə, heç bir işçi arasında ayrı-seçkilik qoymamaqla, bir-birilə mehriban olmaqla teatrın ürəyinə çevrilməlidirlər. Bax, belə olanda teatrın işçiləri də öz işlərinə böyük maraqla yanaşaraq, öz işlərini sevərlər və teatrın inkişafı, məşhurlaşması üçün əllərindən gələni edərlər.

Tarixlər boyu hegemonluq, eqoistlik edən, daxilində hikkələrlə yaşayan baş rejissorlar dünyalarını dəyişəndə özlərindən sonra davamçı, onun işlərini davam etdirənlər hazırlamadıqlarından yerləri çox vaxt boş qalır. Daha doğrusu, onun rejissorluq məktəbi dayanır. Buna misal olaraq, Sankt-Peterburq Böyük Akademik Dram Teatrınının baş rejissoru, məşhur rejissor, dünya teatr tarixinə düşən bir neçə maraqlı tamaşaların müəllifi Georgi Tovstonoqovu göstərə bilərəm. O, çoxlu maraqlı rejissorlar yetişdirsə də, özünün rəhbərlik etdiyi teatrda tələbələri üçün lazım olan heç bir şərait yaratmadı. Hətta oğlu, Aleksandr Tovstonoqov maraqlı rejissor idi. Bir müddət Gürcüstanda və Moskvada işlədi. Mən Aleksandrı Moskvada işləyən vaxtdan tanıyırdım. Stanislavski adına Dövlət Dram Teatrın baş rejissoru işləyirdi. Onun quruluşunda bir neçə maraqlı tamaşalara da baxmışdım. Quruluş verdiyi tamaşalarla bağlı söhbətlərimiz də olmuşdu. Georgi Tovstonoqov mərkəbinin yaxşı davamçısı idi. Hətta Georgi Aleksandroviç onu da öz yanına aparmadı. Nəticədə Georgi Aleksandroviç, dünyasını dəyişəndə məcbur olub, onun yerinə Gürcüstandan Keto Mərcanaşvili adına Akademik Dram Teatrının baş rejissoru Timur Çixeidzeni aparıb baş rejissor qoydular. O da teatrı özünün dəsti-xəttinə uyğun formaya çevirdi. Deməli, bu teatrda Georgi Tovstonoqovun üslub və metodu başqa bir formaya çevrildi. Başqa bir məcra aldu. Eləcə də Azərbaycanın məşhur rejissorları Adil İsgəndərov, Mehdi Məmmədov və Tofiq Kazımov da öz məktəblərini yaratsalar da, rəhbərlik etdikləri Milli Akademik Dram Teatrında özlərindən sonra davamçı qoyub getmədilər… Hətta belə demək mümkünsə onlar özlərindən sonra, Azərbayan teatrında məktəb yarada bilən layiqli rejissorlar yetişdirmədilər. Amma Gürcüstanda təkcə Mixail Tumanişvili başda Robert Srurua, Timur Çixeidze və onlarca çox maraqlı, öz dəsti-xətləri olan rejissorlar yetişdirdi. Hansılar ki, bu gün Gürcüstan teatrlarının aparıcı rejissorlarıdırlar. Deməli, teatrın sükanı arxasında dayanan baş rejissor eqoist, yalnız özünü düşünən olsa, həmin teatrın taleyi də acınacaqlı olar. Bu da həqiqətdir ki, aktyor sənətinin inkişafı, onların püxtələşməsi, sənətkar kimi yetişməsi də bilavasitə rejissorlarla bağlıdır. Rejissor həqiqətən özünün savadı, dünya görüşü, oturuşu-duruşu, mədəniyyəti, insanlıq mücəssəməsi ilə bir universitet olmalıdır. O, qüdrətli orduya rəhbərlik edən bir generaldan da bütün cəhətlərinə görə qüvvətli, iradəli, savadlı, səbrli, müdrik olmalıdır. Məşhur rejissor Qeorqi Tovstonoqov rejissorla bağlı bu sözləri deyib: “Başqasının əsərinə heç kimi təkralamadan öz doğma əsərin kimi, orijinal həyat vermək və onu tamaşaçılara sevdirmək rejissordan böyük savad, peşəkarlıq, cavabdehlik tələb edir. Ona görə də rejissor teatrda əsas fiqur, şəxsiyyət sayılır”.

Teatrın yüksək peşəkarlıqla fəaliyyət göstərməsində isə üç komponent əsasdır. Dramaturgiya, teatr və tamaşaçı. Bəs bu gün bizdə dramaturgiya nə vəziyyətdədir? Bu səhədə problemlərimiz əlbəttə ki, çoxdur. İlk öncə onu deyim ki, dramaturq- yaşadığı dövrün, zamanın nəbzini dəqiq tutmaqla, problemlərini aydın görməklə, dövrünün mayakı olmaqla, insanları düşdüyü problemlərdən çıxartmaq üçün yol göstərməyi bacaran, Ulu Tanrının yerdə elçisi olan müqəddəs varlıqdır. O, ədəbiyyat elminin bütün incəliklərini bilməklə, psixologiyanı, məntiq elmini, tibbin, incəsənətin bütün növlərini, siyasəti, dövlətçilik qanunlarını, təbiət elmlərini, tarixi, biologiyanı, rejissor və aktyor sənətlərini, səhnə qanunlarını da çox mükəmməl bilməlidir. Ən əsası isə dramaturq fitri istedadlı olmalı və anadan dramaturq doğulmalıdır. Bax, dramaturqların çoxu yuxarıda yazdıqlarımı yaxşı bilmədiklərindən bu gün maraqlı, zamanın tələbinə cavab verən, səhnə üçün yararlı pyeslər azdır.
Biz, ədəbiyyat tarixindən bilirik ki, dramaturgiya əsasən bu mövzular üzərində qurulur.

Müharibələr və onların gətirdiyi bəlalar.
Hakimiyyət uğurda vuruşlar və onun törətdiyi fəsadlar.
Qısqanclıq və onun fəsadları.
Nakam məhəbbət və onun faciələri.
Xəyanət və ondan törənən fəsadlar, qəddarlıq.

Xəsislik, hərislik və bu yolda qurulan kəskin, maraqlı, gözlənilməz, komik konfliktli oyunlar, dramatik vəziyyətli səhnələr və sairə.

Şikəst adamlar, şikəst beyinlər, şikəst düşüncələr və onların qurduğu məkirli hadisələr, hiylələr.

İnsanın yaşaması, həyatla mübarizə aparması üçün onun sərt təbiətlə, törədilən fəsadlarla vuruşları, qələbə çalmaqçün ağlı, düşünəsilə qurduğu maraqlı, kəskin oyunlar, gözlənilməz hadisələr.

Valideynlər, övladlar, onların arasındakı anlaşılmamazlıqlar və ailə-məişət zəminində törədilən cinayətlər, dramatik, komik vəziyyətlər.

Uca Tanrı və onun tərəfindən məhkum olunmuş, talesiz insanlar və onların başına gələn, gətirilən gözlənilməz müsibətlər.
Nağıllar, dastanlar, əsatirlər, mifologiyalar, dini əsatirlər əsasında və bu mövzulardan götürülən dramatik, komik süjetlər və sairə.

Beləliklə, dramaturgiya təxminən iyirmi beş-otuz əsas mövzu üzərində, daha doğrusu, bu mövzulardan biri əsas götürməklə, kəskin konfliktli süjet xətti ilə qurulur. Və o peys maraqlı olur ki, dramaturq gözlənilməz vəziyyətlər, kəskin konfliklər qurmaqla, hər bir rolu başqasına oxşamamaqla obraz səviyyəsinə qaldıra bilir. Həm də pyesin gedişini rəngarəng, baxımlı etmək üçün yeri gələndə yumordan, satiradan, tamaşaçını düşündürən fikirlərdən, onu həyacanlandıran, sevindirən, gözlənilməz məqamlardan ustalıqla istifadə etməyi bacarmalıdır. Bax, bütün bu cəhətlər dramaturq tərəfindən lazım olan peşəkar səviyyədə, az söz deyib, çoxlu fikir, dərin mənalar, fəlsəfi yozumlar tapmaqla qurulsa, rollar bir-birinə oxşamamaqla, obraz səviyyəsinə yüksələ bilsə, onda həmin pyes rejissoru daha tez cəlb edər və onun tərəfindən də pyesə düzgün açar tapılar. Pyes isə rejissor tərəfindən düzgün açar tapılmaqla, peşəkar qurulsa, mizanlar səhnədə baxımlı olsa, mizanlar səhnədə danışa bilsə, obrazların özəyi düzgün tapılsa, aktyorlarla lazım olan səviyyədə işlənilsə, hər bir sözün, cümlənin sətiraltı mənası dəqiq tapılsa, onda həmin tamaşa çox baxımlı olar. Tamaşaçılar tərəfindən sevilər.

Dava, müharibə vaxtı ordunun taleyi generalın əlində olduğu kimi, tamaşa hazırlanan vaxt da pyesin və yaradıcı kollektivin, hətta teatrın taleyi də rejissorun əlində olur. Deməli, rejissor da tamaşanın, teatrın generalı deməkdir. Bax, bunu baş rejissor və direktor hökmən başa düşməli, əllərindən gələn bütün köməkliyi tamaşanı hazırlayan quruluşçu rejissora həvalə etməlidirlər. Onların kiçik biganəliyi, etinasızlıqları, inamsızlıqları, nəyə isə mane olmaları quruluşçu rejissora təsir edə bilər. Onun yaradıcı təxəyyülünə mane ola bilər. Məşhur rejissor, teatr islahatçısı, Moskva Bədaye Teatrının yradıcılarından biri Vladimir İvanoviç Nemiroviç-Dançenkonun təbirincə desək: “rejissor yaradıcı heyyətin ideya, ilham vericisi, rejissor güzgü və rejissor tamaşanın ən böyük təşkilatçısı deməkdir”. O rejissorların qurduğu tamaşa, çəkdiyi kinofilm tarixdə yaşayır ki, onlar dövrün, zamanın nəbzini dəqiq tuta bilir və bütövlükdə yaradıcı heyyəti də özünün ardınca, onlarla yaxşı yaradıcılıq əməkdaşlığı qurmaqla, özünün ali məqsədinə doğru apara bilir. Rejissor quruluş verdiyi tamaşada və kinofilmdə yaxşı aktyor ansamblı seçməklə, hamının yaxşı oynamasına nail ola bilir.

Daha doğrusu, bu, onun əsas vəzifəsi olmalıdır. Rejissor ilk növbədə ona çalışmalıdır ki, quruluş verdiyi səhnə əsərində və kinoda aktyorlar müəllifin yazdığı sözləri elə-belə deklamasiya etməsin, hər sözün, fikirin sözaltı mənasını tapıb, onları özününkü etməklə, həmin sözləri düşünərək, fikirləşərək deməyi bacarsınlar. Rejissor ilk öncə pyesi çox dəqiq təhlil etmək bacarığına, savada malik olmalıdır. Ona görə də yaxşı, savadlı, istedadlı rejissorlar haqqında mən hələ iyirmi beş il bundan qabaq belə bir fikir yazmışdım: “Rejissor sənəti özlüyündə böyük bir institut, universitetdir. Bu institutda, iniversitetdə bütün fənlərin həm professoru, həm də dərs deyən müəllimi yalnız rejissordur. O, dərs dediyi və rəhbərlik etdiyi bu təhsil ocağında ilk öncə zamanın nəbzini dəqiq tutmağı bacarmalı, insanların problemlərini dəqiq bilməli və bu problemləri quruluş verdiyi tamaşada qabartmalıdır. Onun quruluş verdiyi tamaşadan isə hər bir tamaşaçı özünə lazım olanı götürməlidir. Mənə elə gəlir ki, rejissor, həm də ilan oynadan sehirkar ovsunçu kimi olmalıdır. Çünki o, tamaşaya, kinoya quruluş verəndə, bütün yaradıcı heyəti elə ovsunlayıb öz ali məqsədi, ideyası ətrafında birləşdirməlidir ki, onlar bütövlükdə ovsunlanaraq, hamısı eyni məqsədə, yəni rejissorun ali məqsədinə cani-dillə xidmət etməlidirlər. Əgər belə olsa onda tamaşada, kinoda maraqlı bir ansambl yaranar və əsl sənət əsəri meydana çıxar”.

Çox əfsus ki, bu gün rejissorların çoxu qurpuluş verdiyi pyesin dəqiq təhlilini də apara bilmirlər. Rejissor pyesə quruluş verməmişdən əvvəl onu ilk dəfə oxuyanda, aşağadakı yeddi suala həmin pyesdə dəqiq cavab tapmalıdır. Yəni həmin pyesi bu suallarla dəqiq təhlil eləməlidir ki, həmin pyesi tamaşaya hazırlamaqla o, nə qazana bilər.

1. Pyesin qısa məzmunu. Yəni süjet xətti ilə təhlili.
2. Pyesdə baş verən hadisələr silsiləsi.
3. Pyesin ali məqsədi və ideyası.
4. Rejissor pyesə quruluş verəndə özünün əsas ali məqsədi və ideyası nə olmalıdır.
5. Pyesin janrının rejissor tərəfindən dəqiq tapılması.
6. Obrazların özəklərinin rejissor tərəfindən dəqiq müəyyənləşdirilməsi.
7. Pyesin rejissor tərəfindən ümumi kompozisiyası və struktur forması.

Rejissor bu suallara dəqiq cavab tapandan sonra, artıq müəyyənləşdirməlidir ki, o, bu peyeslə yeni söz deyə bilər ya yox. Bu pyesə quruluş verməklə, tamaşaçılarda hansı maraqları yarada bilər. Tamaşaçının hansı probleminin həll olunmasında ona köməkçi olub, ideya verici ola bilər. Zamanın hansı problemlərinin həll olunmasına, insanların maariflənməsinə, tərbiyəsinə, əxlaqının formalaşmasına, onlara qarşı aparılan haqsızlıqları kəskin tənqid etməklə, onlara yardımçı olmaqla onun quruluş verdiyi tamaşa nə köməklik eləyə bilər. Məhz buna görə də rejissor zamanın güzgüsü və ideya vericisi, universiteti olmalıdır. Əgər aktyor sənətində Allah vergisi, fitri isdedad və zəhmət nə qədər çox tələb olunursa, rejissor sənətində savad, dərin düşüncə tərzi, həyatı çox incəliyi ilə bilmək, hər şeyə həyatda yaradıcı münasibət bildirmək, fitri zəka, təxəyyül, məntiq və fəlsəfi düşüncə, zəhmətkeşlik, ən əsası isə mütaliə çox yüksək olmalıdır. Rejissor, dramaturq kimi və hətta ondan da çox ədəbiyyatı, tarixi, psixologiyanı, incəsənətin bütün növlərini, təbabəti, həkimlik, mühəndislik, memarlıq sənətlərini və ən əsası isə siyasəti çox dərindən bilməlidir. Axı o, ordu generalıdır. Rejissorun ən böyük uğurlarından biri də aşağıda yazdığım bu vacib şeyləri özündə möhkəm tərbiyə etməyidir. İlk öncə səbr, insanları çox dəqiqliklə dinləmək bacarığı, daxili təmizlik, yüksək tərbiyə, paxıllıqdan, kin-küdurətdən, hikkədən, mənəm-mənəmlikdən uzaq olmaq, lazımsız söz-söhbət yaymamaq, konfliktlərə qoşulmamaq və insanları da bu yoldan çəkindirmək. O, işlədiyi teatrda heç bir aktyor və teatr işçisi arasında fərq qoymamalıdır. Hamıya eyni məhəbbət və diqqətlə yanaşmalıdır. Rejissor hər gün mütaliə etməli, gördüyü hadisələri özü üçün təhlil etməli və onların düzgün nəticələrini çıxarmağı bacarmalıdır. O, hər gün gördüyü hadisələri, maraqlı insanları, tipləri özünün gündəliyinə yazmalı və onlardan quruluş verdiyi tamaşada, kinoda istifadə etməlidir. Bax, ona görə də aktyorluq əsasən fitri istedaddırsa, rejissorluq sənətidir. Həkimlik, müəllimlik, mühəndislik, memarlıq və başqa sənətləri oxuyub təhsil alan kimi, rejissorluq sənətinin də dərsini mükəmməl oxumaq, öyrənmək lazımdır. Yəni bu sahədə hökmən təhsil almaq lazımdır. Bir daha deyirəm. Bu sənəti elə-belə yox, tam, kamil öyrənmək vacibdir. Hər yaxşı futbolçu, hər yaxşı idmançı, yaxşı məşqçi olmadığın kimi, hər yaxşı aktyor da yaxşı rejissor ola bilmir. Çünki bunlar ayrı-ayrı sənətlərdir. Ola bilər ki, hansısa fitri istedadlı aktyor bir-iki maraqlı tamaşa hazırlasın. Amma onun quruluş verdiyi bütün tamaşalar heç də yüksək səviyyədə peşəkar ola bilməz, əgər o, rejissorluq sənətini yaxşı öyrənməsə, onun dərsini tam keçməsə. Çünki mən əlli il peşəkar teatrda işlədiyim və əlli ildən çox ədəbiyyatla məşğul olduğum bu zaman çərçivəsində çoxlu istedalı aktyorlar görmüşəm ki, rejissor sənətinə, teatr təşkilatçılığı sənətinə meyl ediblər. Amma bu sahələrdə uğurlar qazana bilməyiblər.

Nəticədə aktyor sənətindən uzaqlaşdıqlarına görə, oynaya biləcəyi çoxlu maraqlı rollar da onların daxilində ölüb. Çünki onlar başa düşməyiblər ki, rejissura özünün daxilində siyasət, aktyorluq, ədəbiyyat, tarix, psixologiya, fəlsəfə, tibb, incəsənətin bütün növlərini, memarlıq və başqa çoxlu sənəti birləşdirən bir universitetdir. O universitet ki, tamaşaçılara həyatın bütün dərinliklərindən, çətinliklərindən çıxmaq bacarığını və ən əsası isə daxilində paklıq, təmizlik kimi ən ülvi hissləri öyrədir. İnsana həyatda yaşamaq və həyatın bütün sirrlərini öyrənməkdə köməklik edir. Əgər teatr məbəddirsə, rejissor həmin məbədin aparıcı şeyxi, zahidi, üləması, rahibi, krişnasıdır. Məhz buna görə də qədim, antik teatrda rejissorluq edən insanları, hökmdarlarla eyni səviyyədə qiymətləndirir və onlara eyni səviyyədə hörmət edirdilər. Deməli, rejissor həqiqətən canlı orqanizm olan teatrın ürək-qan damar sistemidir. Onu yaşadan əsas üzvdür. Bu ürək-qan damar sistemi də ilk öncə aktyorları, yəni qanyaradıcı orqanları, sümük iliyini hərəkətə gətirir.


Aktyor sənəti Allah vergisi olsa da, ona Ulu Tanrı tərəfindən verilən bu vergini cilalamaq üçün hər gün idmançı kimi öz üzərində işləməli, özünə aludəçilikdən, özünə vurğunluqdan uzaq olmalıdır. Aktyorda çox böyük yaradıcı, müşahidə qabiliyyəti olmalıdı. O, özü üçün gündəlik yazmalı və hər gün gördüyünü həmin gündəliyə qeyd etməlidi. O, daim mütaliə etməli, insan psixologiyasının ən kiçik detallarına qədər öyrənməlidir. Öz diksiyasını, səs tembrini, nəfəs üzvlərini və bütövlükdə danışıq aparatını dəqiq qurmağı bacarmalıdır. Hər gün də bunlarla və onun səhnə aləti olan bədəni ilə mütəmadi məşq etdirməlidir. Yaxşı idmançı kimi həmişə özünün peşəkarlığını qoruyub saxlamalıdır. Yaxşı aktyor, pyesi təhlil etməyi bacarmalıdır və öz rolunun rejissoru olmalıdır. Heç təsadüfi deyil ki, Antik teatr dövründə Yunanstanda və Romada çox vaxt aktyorları başqa ölkələrə diplomat göndərirdilər. Yəni indiki Fövqəladə və Səlahiyyətli səfir. Deməli, aktyor sənəti çox böyük sənətdir. Axı başqa bir insanın cilidinə girmək, başqa bir insanın obrazını yaratmaq yalnız ilahi qüvvəsi olan insanlara məxsus olur. Doğrudur, həyatda hər bir insanda aktyorluq qabiliyyəti var. Çünki insanlar həyatda düşdükləri situasiyalarda, vəziyyətlərdə rol oynayır, valideynlə, müəllimlə, hakimlə, rəhbərlə, sevdiyi adamla, uşaqla və sairə insanlarla ayrı-ayrı formalarda, ayrı-ayrı biçimdə danışır, fikir mübadiləsi aparır, mübahisələr edir, öz fikirlərini, məntiqlərini yürütməyə çalışırlar. Hətta çox vaxt müəllimləri də aktyorlara bənzədirlər. Amma səhnədə, kinoda rol yaratmaq isə bu istedadın daha pik nöqtəsi olduğuna görə, çox vaxt yenə də Antik teatr dövründə aktyorları yerdə Ulu Tanrının elçiləri, onun arzularının, istəklərinin daşıyıcıları hesab ediblər. Deməli, bu gün aktyor olan şəxs bunu başa düşməli və bu məqəddəsliyi qorumalıdır. Onlar da bu müqəddəs məbədin, rejissor tərəfindən verdiyi ideyanın əsas ötürücüləridirlər. Bu ötürücülük nə qədər inandırıcı, nə qədər ustalıqla, peşəkarlıqla olsa o qədər də maraqlı olur. Ona görə də hər bir aktyordan ilk öncə böyük cavabdehlik, öz sənətinə məhəbbət, bu sənətə dərvişlər kimi müqəddəs varlıq kimi baxmaq, sidq ürəklə sənətinə xidmət etmək və sadiq olmaq tələb olunur.

Yuxarıda yazdığım kimi bədii şura teatrda ən böyük cavabdehli funksiyalardan, işlərdən birinin aparıcısıdır. Və mən onu insan orqanizmindəki qara ciyərə bənzətmişdim. Necə ki, qara ciyər orqanizmə düşən bütün fəsadların qarşısını almağa çalışır və orqanizmdə qoruyucu rolunu oynayırsa, bədii şura da teatrın yaradıcılıq cəhətindən inkişaf etməsinə, hazırlanan tamaşaların daha professional, peşəkar olmasına, aktyorların ustalığının artırılmasına və teatrın repertuar planının tutulmasına özlərinin ağıllı məsləhətləri və təklifləri ilə köməklik edirlər. Çox vaxt teatr rəhbərləri özlərinə yaxın, onların sözlərini deyən, özünün şəxsi düşüncəsi zəif olan, savadları kasad adamları bədii şuraya daxil edirlər. Əslində isə çox savadlı, özlərinin sərbəst düşüncə tərzi olan, ədəbiyyatı, dramaturgiyanı, teatr sənətini, insan psixologiyasını, siyasəti, dövlət qanunlarını çox mükəmməl bilən insanları bədii şuraya qəbul etmək lazımdır. Bu heç də o demək deyil ki, həmin adamlar hökmən teatrda işləməlidir. Xeyr. Belə insanlar yaxşı olar ki, ayrı-ayrı sənət sahibləri olsun, başqa-başqa yerlərdə işləsinlər, amma teatr sənətini yaxşı təhlil eləsinlər və cəmiyyətdə sayılıb-seçilən insanlar olsunlar. Bədii şura teatrın mayakı, yolgöstərəni olmalıdır. Bunu teatrın rəhbərləri də belə başa düşməlidirlər.

Teatrda baş rejissor, direktor, quruluşçu rejissor, quruluşçu rəssam və aktyor ən aparıcı qüvvələrdir. Bunların arasındakı yaradıcılıq dostluğu, yaradıcılıq mühiti, hamısının bir-birini başa düşməsi, bir ali məqsədə xidmət etməsinin də başında yenə də baş rejissor və direktor durur. Ona görə də hikkəli, təşkilatçılığı zəif olan, kollektiv arasında ayrı-seçkilik yaradan adamdan, yalnız öz “mən”in zorla hamının beyninə yetirtmək istəyəndən, eqoist, şər-şəbədə adamdan heç vaxt baş rejissor və direktor olmaz. Onların rəhbərlik etdiyi, kapitan olduğu teatr gec-tez məhvə məhkumdur. Ola bilər ki, baş rejissor işləyən həmin adam maraqlı rejissordur. Belə ki, rejissor sənətdirsə, baş rejissor isə daha böyük fitri istedad və vəzifədır. Baş rejissor insandan böyük təşkilatçılıq, geniş ürək, böyük filosofluq, heç kim arasında ayrı-seçkilik qoymamaq, ögey-doğmalıq yaratmamaq, hegemonluq etməmək, yüksək siyasət, dərin psixoloji bilik, hər bir insanın xasiyyətini, nəbzini dəqiq tutmaq, diplomatiya bacarığı tələb edir. Belə baş rejissorlar əsl generallardır. Bu isə hər rejissora nəsib olmur. Ona görə də hər rejissor baş rejissor ola bilmir. Yuxarıda sadaladığım müsbət cəhətləri olmayan baş rejissorlar isə uzun müddət bu vəzifəyə rəhbərlik edə bilmirlər…
Məni teatrlarımızın sabahı isə hər şeydən daha çox düşündürür. Bu gün Azərbaycan teatrlarını durğunluq içində saxlayan, onları tamaşaçılardan uzaq salan ən əsas məsələlər yuxarıda yazdıqlarım olmaqla, həm də reklamın zəif olmasıdır. Nə qədər ki, məmləkətimizdə teatrların reklamı yüksək dövlət səviyyəsində təşkil olunmayacaq, televiziyalar bu işdə teatrlara kömək etməyəcəklər, o vaxta qədər də teatrlara tamaşaçılar az gələcəklər.

Yadımızı salaq Antik teatr dövrünü. Periklın hakimiyyəti dövründə Antik mədəniyyət, ədəbiyyat və incəsənət özünün qızıl dövrünü yaşayaraq dünya tarixinə çoxlu dahi bəxş etdi. Çünki həmin dövrdə bu sahədə çalışanlara hər cürə şərait yaradılmışdı. Amma bu gün məmləkətimizdə teatrların ən böyük problemlərindən biri də, onlara dövlət səviyyəsində qayğının az olması, quruluş xərclərinin verilməməsi və teatrların kommunal xərclərdən azad olmamasıdır. Tamaşaların yüksək peşəkar səviyyədə və baxımlı hazırlanması üçün səhnə tərtibatı, səhnə geyimi, musiqi, obrazların paltarları çox böyük rol oynayır. Belə ki, bunlar tamaşanın peşəkar, baxımlı alınmasında əsas atributlardan sayılır. Bütün bunlar da böyük maliyyə xərcləri tələb edir. Teatr bu gün bizim məmləkətdə bilet satmaqla nə səhnə tərtibatını yüksək formada həll eləyə bilər, nə də teatrın işıq, kommunal xərclərini verə bilər. Çünki insanların güzəranı hələ də ağır olduğuna görə, hər tamaşaya zalın heç əlli faizi həcmində tamaşaçı gəlmirsə, reklam yoxdursa və biletlərin də qiyməti simvolikdirsə, yuxarıda dediyim problemləri teatr, dövlətin qayğısı olmasa heç cürə həll eləyə bilməz. Ona görə də teatrda hazırlanan bütün tamaşalara hökmən dövlət səviyyəsində quruluş xərcləri ayrılmalıdır. Bu pullar teatrların öz büdcələrinə keçirilməlidir. Bu pulları hansı tamaşaya nə qədər xərcləməyi də onun özünə imkan vermək lazımdır. Teatrın ən böyük problemlərindən biri də əmək haqqıdır. Bu gün teatr işçilərinə verilən əmək haqqı heç onların on beş günlük yemək xərclərini ödəmirsə, onda onlardan yüksək, peşəkar səviyyəli tamaşalar hazırlamağı tələb etmək absurddur. Teatr işçisi yüksək məvacib almalıdır. Onlar yaxşı yaşamalıdırlar ki, yaxşı tamaşalar da hazırlayıb, oynaya bilsinlər. Məmləkətimizdə böyük problemlər içərisində yaşayan teatrlardan və onun işçilərindən dünya teatrları səviyyəsinə çıxa bilən yüksək səviyyəli tamaşalar gözləmək absurddur.

Bütün bu problemlər təkcə mədəniyyətdə, teatrda, kinoda yox, həm də səhiyyədə, təhsildə, elmdə də var. Bunlar da millətin dünyada tanınması və onun mənəvi qidası üçün ən vacib işlərdən, sahələrindən sayılır. Bütün bu sahələrə də dövlət səviyyəsində çox ciddi baxılmalı və onların bütün problemləri tezliklə həll olunmalıdır. Yoxsa sabah gec ola bilər. Tarixlər boyu cəmiyyətdə orta təbəqə ziyalı olub. Amma bu gün bizim məmləkətdə ziyalı ən kasıb təbəqə sayılır. Belə olduqda heç kim təhsilin inkişafına fikir verməyəcək. Ona görə də savadsızlıq baş alıb gedəcək. Necə ki, baş alıb gedir…

İnanıram ki, bütün bu problemlər həll olunandan sonra Nazirlik və teatrlar arasında münasibət dəyişəcək və işlər yaxşı gedəcək. Ən əsası isə canlı orqanizm və həyatın kiçildilmiş modeli olan teatrlarda da baş rejissorlar, direktorlar bundan sonra kollektiv arasında ayrı-seçkilik, ögey-doğmalıq toxumu səpməzlər, özləri üçün bu insanlardan düşmən obrazı yaratmazlar və hamıya eyni gözlə baxıb, məbəd olan teatra müqəddəs fikirlərlə, müqəddəs əməllərlə xidmət edərlər. Çünki teatrda çalışan insanların taleyi onların əlindədir. Ən kiçik səhv, ən kiçik düzgün atılmamış addım, böyük fəsadlar verə bilər. İtirən isə kollektiv yox, onlar özləri ola bilər. Çünki tarixlər boyu teatrlarda mütəmadi dəyişən rəhbərlər olur, kollektiv yox. Kollektiv həmişə yerində qalır. Kollektiv orkestrdır. Onu layiqincə səsləndirmək isə fitri isdedadlı baş rejissordan və direkordan asılıdır. Yaxşı drijor olmaq isə hər adama müyəssər olmur. Eləcə də yaxşı baş rejissor və direktor olmaq da hər insana nəsib olmur.

Bu fikir təkrar olsa da burada yenidən yazmaq istəyirəm. Çünki yüksək rütbəli məmurlarçün teatr işçilərini qiymətləndirməyə və onların rifah halının yaxşılaşdırılmasına kömək etməyə bu fikir tutarlı bir fakt olar.

Cami altı ay teatra rəhbərlik etmiş böyük fransız filosofu, yazıçısı, tənqidçisi, “Qeyri qanuni oğlu”, “Ailənin atası” kimi maraqlı pyeslərin və məşhur “Rahibə” povestinin müəllifi Deni Didronun teatr rəhbəri olmaq istəyən adamlar haqqında söylədiyi bu maraqlı fikirləri ilə bu yazımı tamamlamaq istəyirəm. O, belə deyib:

“Müharibədə zəfər qazanmaq olar. Buna görə orduda rəhbərliyi, təşkilatçılığı gücləndirmək və əsgərləri, zabitləri döyüşə səfərbər etmək, onlarda cəsurluğu, qorxmazlığı artırmaq, özlərinə inam yaratmaq kifayətdir. Dərin zəka, böyük fəlsəfi fikirlə, yüksək təşkilatçılıqla, səbrlə, insanlarda inam yaratmaqla xalqı öz ardınca da aparmaq, onların inandıqları, sevdikləri hökmdar da olmaq olar. Amma kiçik bir teatra yaxşı rəhbərlik etmək çox çətindir. Hətta desəm ki, dəhşətdir, cəhənnəm əzabıdr, bu, daha doğru olar. Çünki teatra rəhbərlik etməkçün yuxarıda qeyd olunan böyük işlərdən başqa, anadangəlmə fitri istedad və Allah vergisi də olmalıdır. Bu da həyatda hər adama verilmir”. Bax, bu sözləri Azərbaycan teatrlarına rəhbərlik edən baş rejissorlar və direktorlar yazıb, öz masalarının üstünə qoymalı və bu sözlərin mənasını dərindən dərk etməlidirlər. Yoxsa başqa cürə teatra rəhbərlik eləmək və həmin teatrı dünya teatrları səviyyəsinə yüksəltmək, dünyada öz dəsti-xətti olan teatr kimi tanıtmaq mümkün deyil.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

Moskva, Ağdam, Sumqayıt
1984-1990-cı illər.
Bəzi əlavələr 2015- 2023-cü illərdə olub

Digər xəbərlər