1960 cı ildə Xəzərin sahilində-30-40 metr aralıda keçmişdə Kasparın gəmi vağzalı olan ərazidə Məhəmməd Füzuli adına mədəniyyət evi bərpa olunanda Port-İliç (indiki Liman şəhəri) sakinlərinin həyatında bu hadisə bir yenilik oldu. Bu klubda, eyni zamanda hər gün bir neçə seans kinofilm nümayiş etdirilirdi. Bakıdan gələn sənət adamlarının gəlişi isə sakinlər üçün ikiqat bayram olardı. Uşaqlıqda, gənclik dövrlərimdə yaddaşıma hopan xatirələrim indi kino lenti kimi gözlərim önündən keçir. Mədəniyyət evində müxtəlif illərdə sənət adamları: məşhur müğənnilər, aktyorlar tamaşaçıların qonağı olardılar. Müğənnilərdən Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Gülağa Məmmədov, İslam Rzayev, Mirzə Babayev, Məmmədbağır Bağırzadə, Süleyman Abdullayev, Nisə Qasımova və onlarla başqaları, o cümlədən də, aktyorlardan Səyavuş Aslan, Yaşar Nuri, Hacıbaba Bağırov və Lütfəli Abdullayev öz rəngarəng proqramları ilə limanlıları sevindirmişlər. “Lalə qızlar ansamblı” Port-İliç Mədəniyyət evində iki dəfə konsert vermişdir.
1977-1988-ci illərdə Mədəniyyət evində qarmon çalan Mirzağa Əbdüləhəd oğlu Seyfullayev bədii rəhbər vəzifəsində çalışırdı və burada eyni zamanda, qarmon üzrə dərnəyə də rəhbərlik edirdi. Dərnək üzvləri Mirzağadan qarmon çalmağın sirrlərini öyrənir, populyar olmağa çalışırdılar. Mirzağa ümumrayon tədbirlərində fəallıq göstərir, eyni zamanda da rəhbərlik etdiyi “Xəzər” instrumental ansamblının müşaiyyəti ilə müxtəlif hərbi hissələrdə əsgər və zabitlər qarşısında bayram konsertlərində öz məharətini göstərirdi. O vaxtlar mən də bu görüşlərə yazıçı-publisist kimi qatılar, əsgərlərə öz kitablarımdan hədiyyələr verərdim.
Mirzağa Seyfullayev Liman şəhər Mədəniyyət klubuna rəhbərlik etdiyi illərdə rayon miqyasında keçirilən mədəni-kütləvi tədbirlərdə mədəniyyəti layiqincə təmsil edən fədailərdən biri olmuşdur. O, eyni zamanda, “Xəzər” instrumental ansamblı ilə el şənliklərində də iştitak edərdi. Muğam və rəqsləri, ən populyar musiqi nömrələrini Mirzağa Seyfullayev kimi qarmonda ifa edən az tapılardı. Sakinlər bu gün də onun toylarda, el şənliklərində çaldığı “Azərbaycan təranələri”ndən danışırlar. El şənlikləri bu gün Mirzağasız keçir. Çünki o, artıq yaşa dolmuş, müdrikləşmişdir. Boş vaxtlarını dostları ilə çayxanaalarda keçirir, elə burada da sənət dostlarına məsləhətlər verir, tövsiyyələrini edir.
“Xəzər” instrumental ansamblının əsası mədəniyyət işçisi Mirzağa Seyfullayev tərəfindən qoyulmuşdur. Bu ansamblın tərkibində çoxlu sənətkarlar Mirzağa məktəbində fəaliyyət göstərmişlər. Klarnetçi Ərsalam Qasımov, qoşa nağaraçı Nizami Əkbərov, nağaraçı Rasim Həsənov, operator Teymur Həsənov, müğənni Çingiz Cəbiyev, müğənni Elnur Ağayev, müğənni Qalib Hüseynov, müğənni Laçın Zeynalov, müğənni Nəsir (Asəf Zeynallı adına musiqi məktəbini bitirib) və başqaları Mirzağanın rəhbərlik etdiyi ansamblından pöhrələnmiş və tanınmışlar. Klarnetçi Ərsalam Qasımovun ifasında “Bayatı Kürd” muğamını kim unudub?
Liman şəhərində müxtəlif musiqi alətlərində çalan sənətkarlar çox olub. Onların adlarını çəkmək yerinə düşərdi. Əli Məlikov (klarnet), Ərsalam Qasımov (dəfçi) (klarnet), Mirzğa Seyfullayev (qarmon), Nizami Əhmədov (tar, qarmon, balalayka), Mirşöyüb Dadaşov (qarmon), Xeyrulla Məmmədov (nağara), Alim Məmmədov (nağara), Fəxrəddin Məmmədov (gitara), Rəşid Əsədov (nağara), Elman Alışov (nağara), Nizami Əkbərov (qoşa nağara), Nurəddin Məmmədov (qoşa nağara), Şahin Əhmədov (ionika), Cabir Qasımov (qarmon).
Müxtəlif illər ərzində toylarda aşağıdakı müğənnilər öz ifaları ilə könülləri oxşamışlar: Çingiz Cəbiyev, Elnur Ağayev, Qalib Hüseynov, Ruslan Səmədov, Laçın Zeynalov, Nəsir İskəndərov, Şahin.Əhmədov və başqaları. Allah dünyalarını dəyişən sənətkarları rəhmət eləsin, qalanlarına da can sağlığı arzulayırıq.
Mirzağa Seyfullayevin əməyi həmişə qiymətləndirilib. İşlədiyi illərdə təşkilatlar tərəfindən fəxri fərmanlar, diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılıb. O, Əmək veteranıdır. Lakin dəfələrlə Azərbaycan Mədəniyyət Nazirliyinə müraciət etsə də, bu günədək o, öz həqiqi qiymətini ala bilməyib. Ona Əməkdar mədəniyyət işçisi fəxri adı verilməyib. Yəqin ki, Lənkəran rayon rəhbərliyi də 70 yaşı ərəfəsində ona fəxri ad verilməsi üçün Mədəniyyət Nazirliyinə müraciət edəcək. İnanırıq ki, onun bu istəyi, arzusu tezliklə reallaşacaq. Arzu edirik ki, gözəl qarmon çalan Mirzağa Seyfullayev 70 yaşında da əvvəlki enerji ilə “Azərbaycan təranələri”ni ifa etsin və gənc nəslə də öz sənətinin sirrlərini öyrətsin.
Səyavuş SÜLEYMANLI
Yazıçı-publisist, Prezident mükafatçısı