09-10 may 2025-ci il tarixlərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş YAP Xızı rayon təşkilatı və Xızı rayon UGİŞM-nin birgə təşkilatçılığı ilə cüdo üzrə yeniyetmələr arasında Xızı rayon açıq birinciliyi keçirilmişdir.
Tədbirdən əvvəl iştirakçılar və qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri qoymuşlar. Ardınca tədbir Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Açılış mərasimində Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının sədri Ayaz Quliyev, Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Abdulla Hüseynov, Xızı Rayon UGİŞM-nin direktoru Esmira Kərimova, Xızı şəhər tam orta məktəbinin direktoru Zaur Zeynallı və Xızı Statistika idarəsinin rəisi Rövşən Quliyev çıxış edərək yarışın əhəmiyyətindən bəhs etmiş, Ümummilli Lider Heydər Əliyevin idmanın inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan söz açmışlar. Qeyd olunmuşdur ki, bu cür tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və sağlam həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
Yarışlar müxtəlif çəki dərəcələri üzrə təşkil olunmuş, respublikanın müxtəlif bölgələrindən qatılan yeniyetmə cüdoçular arasında gərgin və maraqlı mübarizə şəraitində keçmişdir. Sonda fərqlənən idmançılar medal, diplom və kuboklarla təltif olunmuşdur.