PDF Oxu

Mədəniyyət

  • 5 076

Zümrüd quşutək ürəkləri isindirən şeirlər

image

“Cənub mirvarisi” Lənkəranda yaşayır və yaradır bizim şair Sərraf Talıb. Ta əzəldən taleyini bu şəhərə bağlayıb, öz mehrini bu bölgəyə o salıb. Üz tutmadı nə Bakıya, nə Qazaxa, nə Şəkiyə. Üz tutmadı nə Hadruta, nə Gəncəyə, nə Ləkiyə. Elə burda – Lənkəranda o sarıldı qələmə. Qucaq açdı gah sevincə, gah da qəmə. Bayılmadı nə sevincdən, karıxmadı nə qəmdən. Ayrılmadı bircə yol da qələmdən. Yazdı – yaratdı. Çoxəsrlik şerimizin səsinə öz səsini o qatdı. Şeirləri “Sənət”, “Ədalət”, “Lənkəran”, “Proloq”, “Bakı”, “Ulduz”... mətbu orqanlarda işıq üzü də gördü. Ədəbi cameənin poeziya sərrafları, söz biliciləri (Lənkəran Dövlət Universitetinin dosenti, filologiya elmləri namizədi Əlirza Əliyev, yazıçı və şairlərdən Ağamir Cavad, Hafiz Mirzə, yazıçı – tərcüməçi Nəriman Əbdülrəhmanlı...) bəyəndilər, təqdir etdilər Sərraf Talıbın qəlb çırpıntılarını, könül incilərini. Bu xoş sözlərdən həvəsləndi Sərraf Talıb. Yazdı daha inamla. Yazdı hər gün durmadan. Yazdıqları ilə sözə biganələrə, şöhrətə divanələrə, istedadını gövdəli kişilərə əridənlərə, saman altından su yeridənlərə, orden – medallara, fəxri adlara, cürbəcür mükafatlara hərislərə qəbir qazdı. Lakin “qovluğunu qoltuğuna vurub jurnal – qəzet redaksiyalarının ağzında dayanıb, səlahiyyət sahiblərinə “yol tapmağa” can atmadı, kitabını nəşriyyatların planına saldırmaq üçün cürbəcür üsullardan istifadə etmədi”. (Nəriman Əbdülrəhmanlı). Yazdı iddiasız. Yazdı təmənnasız. Yazdı sözün qüdrətinə inananlar üçün. Yazdı sözün odunda yananlar üçün. Yazdı şeri – şeiriyyəti qananlar üçün. Yazdı vətən sevdalıları, vətən aşiqləri üçün. Yazdı vətən cəfakeşləri, vətən sadiqləri üçün. Yazdı və yazdıqlarının bir qismini “BU YERİN ÜSTÜ DƏ MƏNİ TANIMIR” (“Bakı mətbəəsi” ASC, Bakı 2022) poetik toplusunda oxucularla görüşə göndərdi.

Sərraf Talıb bu gün də yazır. Və yazdıqca nə çəkir, onu yazanlar bilər. Əzablıdır – dəhşətlidir yaradıcılıq. Dözümdür, səbiretmədir yaradıcılıq. Hisslər – düşüncələr axarında itib- batmaqdır yaradıcılıq. Bir gərəkli söz uğrunda gecəni – gündüzə qatmaqdır yaradıcılıq. Rahatlığın – dincliyin əldən gedir axtardığını tapmayınca. O sözləri, o kəlmələri bir nizam, bir ahəng doğmalığında yapmayınca. O ilahi, o qutsal aləmdə sanki özünü könüllü olaraq çarmıxa çəkirsən, özünü dar ağacından asırsan. Elə ki, axtardığını əldə edirsən, rahatlanır ürək də, dil də, ruh da, ovqat da. Göylərdən asta-asta yerə enir xəyal da, xəyalat da. Sərraf Talıb yaradıcılıq prosesinin bu ağrı-acılarını özünəxas biçimdə, görün, necə də tərənnümə çəkir:
... Başımı verdim yarmağa,
Əlimi verdim durmağa.
Gecə çəkildim çarmıxa
Dilimdə söz gülənəcən. (səh.34)

...Dedim gizlərəm bu sirri,
Ürəyimin içi dərin.
Novruzgülü şeirlərim
Kürəyimi dəlib çıxdı. (səh.179)

Bəşəriyyət həmişə işıq axtarıb, işığa can atıb. Prometey də, Antey də, Zərdüşt də. Nəsimi işıq yolunda diri-diri soyulub. Babək işığa, aydınlığa qurban gedib. Bizim şəhidlərimiz də, milli qəhrəmanlarımız da, qazi və veteranlarımız da işıq sevgisiylə sarılıblar silaha. Sarılıblar ki, son qoysunlar fəğana – aha. İşıq qaranlığın (əsarətin) qənimidir, qaranlığın (işğalın) əhədini kəsəndir. İşıq nurlandırır qaranlıq ürəkləri. İşıq bahara qovuşdurur illərlə könüllərdə qara geyinmiş arzu –istəkləri. İşıq Sərraf Talıba görə, azadlıqdır, abadlıqdır, quruculuqdur, “soyuqqanlı zülmət”in bağrını yarandır, dustaq ürəklərdən hisi-pası-paxırı, köləliyi ̶ mütiliyi süpürüb atandır. Harda azadlıq – işıq varsa, orda canlı-cansız vəcdə gəlir, orda gülüşlər, təbəssümlər çağlayır və sair Sərraf Talıb həm oxucularına, həm də bəşəriyyətə işıq-azadlıq arzulayır və hər kəsə tövsiyə edir ki, payınıza- qismətinizə düşən işığın – azadlığın qədrini bilin:
...Hər gün mənim otağıma
Gülüş kimi axar işıq.
Yağış kimi yağar işıq.
Bu şən işıq, oynaq işıq
Ömrümə pay düşən işıq. (səh.37)

Vaxtilə böyük ustad Səməd Vurğun yazırdı: “Yollara işıq sal, işıqdır şeir// İşıqdır zülməti əridən qüdrət”. Bu kəlamın, bu aforizmin layiqli daşıyıcılarıdır Sərraf Talıbın şeirləri ─ ağlibaslıdır, ağgeyimlidir. Əridir zülmətləri, kor qoyur qaranlıqları, tapdayır keçir nadanlıqları. Sərraf Talıb şeirləri oxuculara ümiddir, inamdır, təmənnasız salamdır. Tapşırıqla çağlamayan ilhamdır. Üzlərdə təbəssümdür, gülüşdür. Körpə yanağından, yar dodağından nuş edilən öpüşdür. Fərəhdir. Şadlıqdır. Abadlıqdır. Yumruqlasan əllərdə korşalmayan yar-yaraqdır. Qaranlıq gecələrdə yolçulara məşəl-çıraqdır.

Bəşər oğlu yarandığı gündən Azadlıq yolçusu, Azadlıq soraqlıdır. Və Tanrının bu böyük mənəvi nemətinə qovuşmaq üçün bəşər dünənlər olduğu kimi, bu günlərdə də əli yaraqlıdır – ya əldə olunmuş Azadlığın keşiyini çəkir, ya da əsarətdə boğulan Azadlığın xülasına çalışır. Çünki bəşər tarixi artıq çoxdan təsdiqləyib ki, azadlıqdır dünyanın ən ilkin əlifbası, azadlıqsız bir Vətən – dünyanın xarabası. Dünya xaraba olmasın, dünya əsarətdə boğulmasın deyə millətlər, xalqlar azadlıq naminə şəhidlər veriblər el –el, oba-oba, ölkə-ölkə. Veriblər ki, xalqlar, millətlər azad, bəxtiyar yaşasınlar və biri digərinə olmasın müstəmləkə, yaxın – uzaq ölkələri izləməsin nə səksəkə, nə təhlükə. Şair Sərraf Talıb “Azadlıq” şerində lakonikcəsinə tərənnümə çəkir bəşəriyyətin zaman – zaman azadlığa can atdığını, azadlıq duyğusu ilə yaşadığını, Adəm – Həvva cütlüyünün əsarət – qadağa zəncirlərini əllərindən həlqə-həlqə qoparıb açdığını, Azadlığın həyatverici nəfəsini Yer üzünə saçdığını:
Bir Azadlıq duyğusu var içimizdə
Bəşər yaranan gündən.
Yəni bu hiss milyon il əvvəl də olub,
İndi də var.
Bir Adəm qadağası da olub,
Bir Həvva Azadlığı da!
Səni görən gündən başa düşdüm
İnsanların niyə bu qədər
Sənə can atdıqlarını
Və gözəlçə anladım
İnsanların bu hissdən
Niyə bu qədər qorxduqlarını!
Və anladım Adəmin qadağasını da,
Həvvanın Azadlığını da.
Və onu da anladım ki,
Bəşəriyyətin sonundan keçir
Azadlığın tam Azad olmağı da. (səh -110)

Azadlıq eşqi alt-üst edir qorxu xofunu. Qəhrəmanlığa kökləyir insan ruhunu. Həyatından keçməyə səfərbər edir hər bir insan oğlunu. Yalnız insanlarımı, yalnız ayrı-ayrı şəxslərimi azadlıq ruhu qəhrəmanlıq zirvəsinə qaldırır, ucalıq taxtında əyləşdirir?! Yox! Bu eşq, bu atəşin məhəbbət hətta bütün kəndləri, qəsəbələri, şəhərləri belə Azadlıq uğrunda başdankeçərliyə çağırır, Azadlıq yolunda fədakarlığa haraylayır. Bu eşq yolunda yanıb kül olmadılarmı Salasplis, Xirosima, Xatın, elə bizim Ağdamımız, Laçınımız, Xocalımız...?! Kənd və qəsəbələrimiz diri-diri dara çəkildi. Yurd yerlərimizdə soğan əkildi. Ev-eşiklər beşiksiz, təknələr çörəksiz qaldı. Müqəddəs ziyarətgahlarımız fahişəxanalara, silah anbarlarına, donuz fermalarına çevrildilər. Qız – gəlinlərimiz, körpə balalarımız kəfənlənmədən torpağa gömüldülər. Bütün dəhşətləri yaşadıq, bütün bu faciələrə dözdük. Dözdük ki, Vətən sağ olsun, Vətən öz əzmini – vüqarını itirməsin. Səbrli – dözümlü Vətən, nəhayət, 2020-nin şanlı noyabrında döndü dəmir yumruğa, qalxdı ayağa. Vurdu, elə vurdu yumruğunu, lap kökündən qopartdı erməninin quyruğunu.

Sərraf Talıbın Vətən azadlığını mədh edən “Başını dik saxla, qardaş!” və “Xocalı” şeirləri ağı-mərsiyə xarakterlidir. Birinci şeir ünvanı, adı –soyadı bəlli bir şəhid balamıza ağıdırsa, ikinci şeir şəhid şəhərimiz Xocalıya mərsiyədir. “Başını dik tut, qardaş!” şeri janrına görə gəraylıdır, bütün şəhid valideynlərinə təsəlli- ümiddir, ürək-dirəkdir, hər bir şəhidin müqəddəs ruhuna ucaldılan bir poetik heykəl – başdaşıdır. Qranit abidə - heykəllər vəlvələdən – zəlzələdən çökə bilər, bu tipli poetik abidələr isə zamanların dizlərini qatlayar, nəsillərdən – nəsillərə adlayar və vətən şəhidlərinin ölməz xatirəsini, solmaz-saralmaz qəhrəmanlıqlarını bir əbədi yaşar estafet kimi gələcək quruculara inamla – inadla ötürərlər. Axıcıdır, rəvandır gəraylının hər misrası, hər beyti, hər bəndi. Buradakı sözlərin ahəngi, düzülüşü, harmoniyası o qədər şirin, o qədər ruhoxşayandır ki, şirinlikdən salır şəkəri-qəndi. Sözlər bir-birinə elə qaynaq edilib, elə geydirilib ki, bir sözü belə yerindən dəbərtmək və ya başqa bir sözlə əvəzləmək mümkünsüzdür. Bu gəraylını oxucuya doğmalaşdıran, oxucuya sevdirən həm gəraylının leksik tərkibidir, yəni sözlərin çoxunun milliliyi-xəlqiliyidir, həm də şerin nikbin notlar üstündə köklənməsidir:
Başını dik saxla, qardaş,
Yoldaşlıq et haqla, qardaş.
Qəlbin dolu, ağla, qardaş,
Ölüm –itim dünyasıdır.

...Vətən deyib, güldü bir gün,
Oğlun əsgər oldu bir gün.
El yolunda öldü bir gün,
O, mərd igid öləsiydi. (səh. 25,26)

Yuxarıdakı bəndlərdə sözlərin çoxu diridir, canlıdır, nəfəs verir, nəfəs alır. Burada nə bir yatmış söz var, nə də bir ölü söz. Və buradakı əksər sözlərin damarlarında milli qan, milli ruh axır. Oxucu sanki buradakı sözlərin ürək döyüntülərini hiss edir, pıçıldaşdıqlarını qulaqları ilə eşidir.

Sərraf Talıbın “Xocalı” şeri ağrıdır – göynədir oxucunun içini. Ağrıdır yerdən göyədək qarış-qarış, çərək-çərək. Ağrıdır Xocalının itkin düşmüş, yandırılmış, qətlə yetirilmişlərin həsrəti. Ağrıdır oxucunu yağıların Xocalının başına gətirdikləri min-min məşəqqəti. Göynədir oxucunu Xocalının körpə mışıltısına tamarzı beşikləri, odu-ocağı söndürülmüş ev-eşikləri:

Vətəndə yurdu hanı?
Min-min övladı hanı?
Hanı xanı, xatını?
Beşiyi boş Xocalı. (səh.27)

Dağ çəkir ürəklərə Xocalının tüstüsüz bacaları, sorğusuz-sualsız dara çəkilən insanları. Göynədir bizləri Xocalının yollara-rizlərə, baxışlara tökülən al qanları, Xocalının aramsız-aramsız axan göz yaşları. Sızladır bizləri Xocalıda cavan və yeniyetmələrin, ahıl və qocaların kəsilən başları.

Sözü çəkilib dara,
Bacalar baxır qara.
Yolu kəsilib yara,
Axan qan yaş Xocalı (səh.27)

“Xocalı” şerinin son bəndində Sərraf Talıb etirazlanır dünyanın Xocalı faciəsinə susqunluğuna, əsarət və işğalın sülh və əmin-amanlığı üstələnməsinə, bu böyük və dəhşətli faciəyə Allahın belə göz yumduğuna:
Dünya deyilmi agah?
Göyləri yandırır ah.
Harda qaldı haqq, Allah?
Hər gün savaş, Xocalı! (səh.27)

Azərbaycan xalqı üçün (habelə dünyanın bir sıra xalqları üçün də) rəng təkcə naxış, bəzək, dekorasiya, maddi hadisə deyil, həm də müxtəlif mənəvi – psixoloji halətləri ifadə edən assosiativ vasitədir, milli-mənəvi həyatımızda anlayış və təsəvvürlər toplusudur, xalqın istellektual – mədəni inkişafının müəyyən mərhələsidir (filosof Rahid Ulusel Xəlilov). Azərbaycan ədəbiyyatında rəngləri ən çox poetikləşdirən, ən çox metaforikləşdirən böyük ustad Rəsul Rzadır. Ustadın “Rənglər” silsilə şeirləri nəinki keçmiş SSRİ məkanında, hətta dünya ədəbiyyatında məşhur idi və XX əsrin böyük şairləri: Nazim Hikmət, İrji Tayfer, İlya Selvinski, Edurd Mejelaytis və başqaları “Rənglər”i çox yüksək qiymətləndirmişlər.

Rəsul Rza “Rənglər”inin təsiri altında sonralar tanınmış şair İltifat Saleh özünün “Rənglərin səsi” şeirlər silsiləsini qələmə aldı və silsiləni ustadı Rəsul Rza həsr etdi.

Sərraf Talıbın da “Ağ rəng” adlı şeri diqqətçəkəndir. Şeirdə maddi aləmlə (xəstəxana) mənəvi aləm (ruh) arasında yaradılan assosiasiyalar təxəyyül zənginliyindən doğur, oxucunun (oxucuların) ağ rəngdə görmədiklərini – duymadıqlarını, oxucunun (oxucuların) qavramadıqlarını şair bəsirət (daxili) gözlərilə görür və gördüklərini metaforalaşdırır, rəmzləşdirir, ağ rəngin məna çalarlarını misralara yükləyir:,, ... dörd tərəfdən ağ rəng məngənə kimi sıxar məni”, “ağ kölgələr ağ div kimi yuxuda izlər məni”, “ağ rəng - əfi ilan ayaqlarıma dolanar”, “əllərimə sarılar”, “ağ rəng – mənə rəqib, ağ rəng – mənə düşmən”, “ağ rəng – ağ kəfən”, “diri gözlü boynuma düşər ağ rəng”, “ağ rəng – ölüm rəngi”, “ağ rəng – təslim rəngi”. (səh.18,19) Ağ rəngin bütün bu neqativ məna çalarlarına baxmayaraq, şəfaxanada müalicə alan xəstə (lirik qəhrəman) ruhdan düşmür, ölümlə çarpışır və çarpışmadan qalib çıxacağına əmin-yəmindir:
Ağ rəng,
bütün fəndlərinə
qəhqəhə çəkib güləcəyəm.
Sənə təslim olmayıb,
Səni qızıl rəngə boyayıb,
qıpqırmızı köynəkdə öləcəyəm.(səh.19)

Bütün sevgilərdən ucadan da ucadır yurd məhəbbəti, Vətən sevgisi. Canımızda – qanımızda yaşadırıq biz bu müqəddəs hissi. Qərib-qürbət ölkələrə hərdən düşür yolumuz. Oralarda yad kəsləri qucur qolumuz. “Doğmalarla” çevrələnir sağımız və solumuz. Min hörmət, min ehtiram görürük oralarda. Amma yenə könül quşu qanadlanır doğma yurda. Axı qürbət guşələrdə bülbüllər də oxuyur yad dilində. Torağaylar da qəribdir yad elində. Qürbətlərdə yarpaqlar da ayrı cür pıçıldayır. Ayrı dildə danışır oralarda çöl, çəmən, bayır. Oralarda yox doğmalıq, yox munislik, yox bir canıyanmışlıq. Qürbətlərdə dəbdəbəli saraylar da, uca –uca binalar da gözlərinə görünür yastı – yapalaq dam – daş, ya cəngəllik və yaxud da qamışlıq.

Vətən sevgisinin, yurd doğmalığının tərənnümünə köklənib Sərraf Talıbın “Ana kəndim”, “Nələr çəkdiyini kim bilir ki”, “Hamı gəzməyə gedir”, “Mən Hirkanda bir dəmirağac”, “Bu dünyaya gedən yol”, “Lənkəranda”... Sərraf Talıbın bu tipli şeirlərində Vətən tam, bütöv görünür bütün parametrləriylə. Görünür durnagözlü bulaqlarıyla, göyləri çiyinlərində saxlayan sıram-sıram dağlarıyla. Görünür “salxım-salxım soyüdləriylə, söyüdlüklərdə itib-batmış hörük-hörük yollarıyla” (səh. 122). Görünür “beşgünlük dünyanın dadını çıxarsınlar deyə qürbətlərə üz tutan və oralarda qətlə yetirilən və soydaşların çiyinlərində Vətən torpağında basdırılan nakam cavanlarıyla” (səh.101). Görünür “Bəlkə, sənə daha çox qan lazımdır, qan, “Vətən?!! Darıxma, balan hələ ölməyib ki! Sən yaşayasan deyə, son nəfəsim də olsa belə canına verərəm can, Vətən!” - deyib hayqıran Beyrəksifət mərd – mübariz ərdəmləriylə” (səh.151). Görünür “Hirkan parkında yüz min budaqlı, yüz bir min bir köklü əzəmətli dəmirağacıyla” (səh.163) Görünür 44 günlük bir müqəddəs savaşda işğala və əsarətə “Yox!” deyib silaha sarılan və Vətən bütövlüyü uğrunda əbədiyyətə qovuşan saysız-hesabsız şəhidləriylə və bu şəhidlərin qəhrəmanlıq və zəfərini alqışlayan neçə-neçə yurdcanlı şahidləriylə. Və bu şeirlərdə görünür Vətən həm də özünün səriştəsiz və qəzalı məmurlarıyla, Vətənin iliyini gecə-gündüz sümürən sümürücüləriylə və bu sümürücülərə “gözün üstdə qaşın var” deməyən susqun cavabdehləriylə:

Bu gün kimlərsə
ömür sürür gur-gur,
kimlərsə iliyini sümürür.
Sənsə susursan, saralırsan,
bəlkə, sənə daha çox lazımdı qan, Vətən?!(səh.151)

Sərraf Talıbın “Bu dünyaya gedən yol” poeması Vətənin – doğma Azərbaycanın kamil tərənnümü, yaddaşlardan silinməyən poetik təqdimatıdır. 25 bəndlik, 125 misralıq bu poema lirik – emosional ovqatlı bir bayatıdır və bu poemanın lirik qəhrəmanı (lirik MƏNi) şairin doğma Şağlaser kəndinin eli-elatıdır. Bu kənddən poetik dünyaya yol aldı Sərraf. Şeir dolu könlünü bu kəndin havasına köklədi və elinin-obasının şəninə çaldı, nə çaldı Sərraf. Və çaldıqca Azərbaycana (habelə dünyaya) “cığır açdı, doğma Azərbaycandan (Şağlaserdən) Sərraf - o ilhamı qanadlı, O talantı – istedadı büllur kimi saf.

Dünya demə kürə imiş, şar imiş,
Baş – ayağı soyuq imiş, qar imiş.
Nə yaxşı ki bu dünyada var imiş
Lənkərandan bu dünyaya gedən yol. (səh. 219)

Sərraf Talıbın “Bu dünyaya gedən yol” poeması ustad Şəhriyarın “Heydərbabaya salam” poemasıyla dil-üslub, ahəng-harmoniya baxımından sanki bir-birindən uzaq düşmüş ekiz qardaşlardır – biri dünyaya gəlib Heydərbaba qucağında, o biri boya-başa çatıb Şağlaser ocağında. Şəhriyarın ruhuna min-min rəhmət, təşəkkürlər, Sərraf Talıb kişiyə də cansağlığı, uzun – uzun ömürlər!

Dünyada elə bir şair yoxdur ki, o, məhəbbətdən aşıb – daşmasın, eşq oduna-atəşinə tutaşmasın. Heyranı olduğunun yolunu saatlarla həyəcanla gözləməsin, nəinki surətini, hətta kölgəsini belə əzizləməsin. Sərraf Talıbın lirik qəhrəmanı da sevir. Və sevib – sevilmək bu qəhrəman üçün mənəvi ehtiyac, ruhi tələbatdır. Sevməyən ürəklər bayquşlar ulayan xarabatdır. Bu xarabatı yalnız eşq-məhəbbət döndərir gülüstana, necə ki yağış qupquru torpağı dirildir, göyərdir, çiçəkləndirir, əyninə təzə libas geydirir:
Göy ağladı, yer ağladı,
Sapsarıca qəhərmiş yer.
Baxdım, baxdım heyran qaldım
Başdan–başa göyərmiş yer. (səh. 197)

Kinli-küdurətlidir, hisli-paslıdır, matəmli- yaslıdır məhəbbətsiz ürəklər. İçlərində dördnala çapır dəli-dolu hərcayi küləklər. Bir qram belə yoxdur o ürəklərdə paklıq – büllurluq, saflıq – aydınlıq. Hakimdir o ürəklərdə yalan- böhtan, qəzəb – nifrət, zülmət və qaranlıq. Kol-kosdur, çopur – çopur qara daşdır o ürəklər:
... Hönkür-hönkür ağlayım deyə,
Qara gözlərimi sıxdım, ha sıxdım.
Gördüm ki,
Gördüm ki, bir qara daşdı ürəyim. (səh.196)

Məhəbbət axıdır ürəklərə heyranlıq və vurğunluq. Ruhu kökləyir munislik və doğmalığa. Məhəbbət sərinlədir atəş ürəkləri yamyaşıl meşələrtək. Məhəbbət hiss ̶ duyğuları zərifləşdirir abırlı ̶ həyalı bənövşələrtək:
Nə sən Əsli, nə mən Kərəm.
Gülüm, etsən mənə kərəm
Bənövşətək göyərərəm,
Qoy desinlər yaz gətirib.(səh.200)

Bədxahlar həmişə daş atıblar yaxşılara – el – obaya naxışlara. Kəsiblər başlarını doğruların. Gül səpiblər yollarına oğruların. Məsləkinə sadiqlərin odlayıblar kürəyini. Haqq bağıran aşiqlərin susdurublar ürəyini. Belələri dünən vardı, bu gün də var, heç sübhəsiz, sabahlar da olacaqlar. Sərraf Talıb atəş açır, güllə atır aydınlara qəbir qazan belə alçaq cənablara - diliəyri, əliəyri insan donlu qəssablara. Şair “Mənə daş atanlar” şerində oxucularını əmin-yəmin edir ki, bədxahlar (daşatanlar) hər nə qədər dəridən – qabıqdan çıxsalar da, boğa bilməzlər haqqı, əyə bilməzlər xalqı, təslim edə bilməz ağı qaraya:

... Mənə daş atanlar,
Məni fitə basanlar,
Haqqı nahaqqa satıb
Ağa qara deyənlər
Batacaq yerə. (səh. 73)

Səngimir mübarizələr Bədxahlarla Xeyirxahlar (Qaranlıqla Aydınlıq) arasında. Bu mübarizələrdə Allah həmişə Xeyirxahların yardımçısı – dəstəkçisidir, keşikçisi – köməkçisidir. Allah fürsətçilərin (bədxahların) heç zaman olmayıbdı arxa- dayağı. Xeyirxahların başı üstdə dalğalanıb haqqın bayrağı. Çünki xeyirxahlar (aydınlar) haqq yoldadır, gücləri min-min əldə, milyon-milyon qoldadır:
...Alnımdan tökülən,
üzümdən axan,
torpağa düşən qan
toy atar,
minlərlə, milyonlarla
safqəlbli uşaq olar.
Bürüyər dünyanı uşaq nəfəsi.
Bürüyər dünyanı uşaq gülüşü. (səh.73)

Sərraf Talıbın şeirlərində elə bədii-üslubi yeniliklər, elə orijinal poetik ifadələr, frazeoloji birləşmələr var ki, onlara heç bir şairin yaradıcılığında rast gəlinmir. Həmin ifadələr bədii kəşf, bədii tapıntı olaraq yalnız Sərraf Talıba məxsusdur və onların müəllifi – yaradıcısı elə şair Sərraf Talıbdır. “Qocalmamış ölən çiçəklər” (səh. 29), “Üzlər görmüş çirkli manatlar” (səh. 42). “Səbrinə alov çəkmək”. (səh. 58).”Qız yanağıtək qızaran dəmirağacı” (səh.96). “Bakirə yarpaqların hamiləliyi” (səh.108). “Novruzgülü şeirlərim kürəyimi dəlib çıxdı” (səh.113). “Hörük-hörük yollar” (səh.112). “Həsrətin boğaza doladığı hörük”. (səh.112). “O dərin qırışlar səngərmi üzdə?” (səh.117). “Yorulmuş küçələrin göz qapaqları” (səh.146)...

Bu yeni, orijinal poetik nümunələr onu göstərir ki, Sərraf Talıb sözə məsuliyyətlə yanaşır, poeziyaya xalq başının tacı kimi baxır, yaradıcılıq gəlişmələrinin dəhşətli ağrılarına fədakarcasına dözür, öz şair vicdanına və istedadına həmişə ayıq-sayıq keşikçidir. Şair Sərraf Talıb bunu da anlayır ki, yazdığı şeirlər milli sərvətdir, xalqına, el-obasına əmanətdir və poeziyaya barmaqarası baxmaq xəyanətdir.

Vaxtilə böyük Xalq şairi Səməd Vurğun yazırdı: “Lirika öz nəğməsini oxuduqdan sonra o saat uçub-gedən gəldi-gedər quşlara bənzəməməlidir. Lirika ... insanın qəlbini dilə gətirməli, onun qəlbində yuva salmalı və zümrüd quşu kimi onu isindirməli, ... kədərli-nəşəli dəqiqələrdə insana yol yoldaşı olmalı, ... onu daha güclü, daha ağıllı və mənəvi cəhətdən daha zəngin eləməlidir”. Sərraf Talıbın şeirləri elə böyük ustadın nişan verdiyi şeirlərlə üst-üstə düşür, yəni Sərrafın da şeirləri oxucunu özünün bədii əsarətinə salır, uzun zaman oxucunun üç dünyasını rahat buraxmır, oxucu həmin şeirləri hiss və duyğularının ifadəçisi kimi qəbul edir, bu lirik parçaların müəllifinə daha uğurlu yaradıcılıq, səmimiyyət və təbiilik, axıcılıq və yüksək bədiilik arzusuyla sair Sərraf Talıba xitabən – xəyalən öz ürək sözlərini belə pıçıldayır: Şair! Bir müqəddəs savaşdasan - poeziya savaşında! Qoy bu savaş meydanında yorulmasın sənin ilham atların, sənin söz Qıratların. Vəsf elə, çək təsvirə - tərənnümə baharları – qışları. Qoy yoluna tökülsün ağ-bəyaz çiçəklərtək oxucu alqışları!

Musa XANBABAZADƏ,
filoloq-ədəbiyyatşünas

P.S. S.Talıbın poetik addımları yalnız doğma Şağlaser kəndiylə, ağsaç Azərbaycanla hüdudlanmır. Bu addımlar M.Soloxova, N.Dumbadzeyə, Ç.Aytmatova, Q.Markesə... uzanır, bu ünlü sənətkarların nəsr incilərini tərcüməyə tələsir. Və çox sevindiricidir ki, S.Talıb tərcüməçilikdə də səmimi və tələbkardır.


Digər xəbərlər