Səyavuş SÜLEYMANLI
Mərhum müəllim dostum Əlihəsən Cavadzadəyə ithaf edirəm.
İttifaq dövrünün söhbətidir. Həmkarlar təşkilatının sədri mənə zəng edib məktəbə çağıranda artıq iş vaxtının qurtarmasına az qalırdı.
- Hənifə müəllim, mənə görə nə tapşırığınız var?
- Sən Allah, ay Qərib müəllim, bağışla, narahat etdim səni. Məsələ belədir ki, işdən sonra bir ittifaq üzvünün ərizəsi ilə əlaqədar evinə getməliyik. Sən olacaqsan, mən olacağam, bir də bizim ağsaqqal Zaman müəllim.
- Nə olar ki, gedərik. Evləri dəniz kənarındadır. Bir qədər də havamızı dəyişərik. Ümumi işimizdir də...
- Əlbəttə, elədir. Qoy zəng çalınsın, Zaman müəllim də dərsdən çıxsın, bir yerdə gedərik. Sən də zəhmət olmazsa, məktəbə gəl.
- Baş üstə, Hənifə müəllim, gəlirəm.
Mən məktəbin həyətinə çatanda zəng də çalındı. Zaman müəllim köhnə, dəbdən düşmüş portfelini də götürüb Hənifə müəllimlə birlikdə yola düşdük. Gəlib çatdıq Fəti müəllimin kirayə qaldığı “evin” darvazasına. Həyətə girməyimizlə bir balaca itin üstümüzə atılması bir oldu. İt bizə toxunmasa da, elə heyvərə-heyvərə hürürdü ki, lap zəhləmizi tökürdü. Gah uzaqlaşır, gah da təzədən bizə tərəf hücum edirdi, bir növ bizə meydan oxuyurdu-xox gəlirdi.
Bir azdan daxmaya oxşar evdən Fəti müəllim alt köynəkdə çıxıb iti qovdu.
-İtil burdan, çər dəymiş! A kişilər, qorxmayın. Elə boş-boşuna veyil-veyil hürməyi var, qapmağa qeyrəti çatmır. Gəlin içəri, xoş gəlmişsiniz!
Biz Fəti müəllimlə görüşüb “qapı”dan içəri zorla keçdik. Hənifə müəllim həddindən artıq kök olduğundan qapıdan bir təhər keçsə də, şalvarının ətəyi qapının mismarına ilişib bir balaca cırıldı. Kişinin axırıncı şalvarı idi. Fəti müəllim bərk tutuldu. Hənifə müəllimin narazılığını üzündən oxuya bildi. Yəni: “Bu zəhrimar mismarı çəkiclə vurub əyməyə nə vardı ki...”
Fəti müəllimin arvadı Kubra kişisinə him-cim etdi, yəni, demək istədi:”Hə, ay kişi, müəllimləri gətirmisən evə, yaxşı, bəs nəyin üstündə oturdacaqsan onları?”.
Doğrudan da, bir otaqlı “mənzil”də bircə kətil də yox idi ki, çəkib oturasan üstündə. Axırda məcbur olub ağsaqqalımız Zaman müəllim bir “pəncərə”nin, Hənifə müəllim də digər “pəncərə”nin ağzında oturdular, mən də yer tapa bilməyib elə heykəl kimi ortalıqda ayaq üstə durmalı oldum.
Bir az ordan-burdan söhbət edib axırda gəlib çıxdıq mətləb üstünə. Məlum oldu ki, Fəti müəllim həmkarlar təşkilatına ərizə ilə müraciət edib ki, məktəbin günbatan tərəfindəki istifadəsiz qalmış iki otağın müvəqqəti olaraq ona verilməsini və bununla da ailəsini düşdüyü bu sıxıntıdan qurtulmasını istəyir.
Bir şeyi də sizə izah edim ki, Fəti müəllim kasıb dolansa da, övladdan bol idi, maşallah, nə az-nə cox səkkiz övladı vardı. Arvadı Kubra kasıb olduğundan gəncliyində onunla qaçdığından cer-cehizi də yox idi. Hələ bu harasıdır ki, evdə heç çarpayı da yox idi.
Hənifə müəllim gördüklərini bir-bir dəftərçəsinə qeyd edirdi.
Zaman müəllim də əlini atıb cibindəki dəftərçəni çıxartmaq istəyirdi ki, necə oldusa, kürəyini “pəncərə”yə tərəf söykəyəndə, onda gördük ki, kişi arxası üstə düşdü yerə. Yaxşı ki, “pəncərə” ilə torpaq arasında cəmi
bir metr məsafə var idi. Fəti müəllim tez çıxdı bayıra, sonra Fətinin uşaqları çıxdı və daha sonra Fətinin arvadı çıxdı. Kişini başladılar yerdən qaldırmağa; mən də yerindən qopmuş açıq “pəncərə”dən əlimi uzatdım Zaman müəllimə, nəhayət, kişini qaldırdıq ayaq üstə.
Nə isə, uşaqlar Zaman müəllimin qoluna girib bir azdan gətirdilər evə. Sən demə, otağın pəncərəsi yoxmuş, elə salafan örtük çəkilmişmiş ki, qurd-quş otağa girməsin. Bir az da bayaqkı vəziyyəti yada salıb gülüşdük. Ancaq gülmək yox, ağlamaq lazımdı bu güzərana...Və sonra Zaman müəllim Fəti müəllimin qulağına nə isə pıçıldadı. O da açıq pəncərədən görünən ayaqyolunu ona göstərdi. Qoca kişidir də...Bir də ki, bunda nə var ki, təbii şeydir.
Zaman müəllim də ağır-ağır getdi o tərəfə. Elə təzəcə ayaqyoluna girmişdi ki, tez özünü atdı bayıra. Elə özünü bayıra atmağıyla ayaqyolunun yuxarı qalxıb getməyi bir odu. Bu, bir möcüzə idi! Gördük ki, bir yekə inək salafan örtükdən olan ayaqyolunu buynuzuna götürüb aparır.
Fəti müəllim “hoy...hoy...hoy...!” edib , aşağı düşüb inəyin ardınca qaçdı, daha sonra Vəlisi, sonra Vəlişi, sonra Asifi, daha sonra Vasifi qaçdı. Qızlar köməyə getməyə çəkindilər. Arvadı Kubra da ”Fəti huy!” deyib onların ardınca götürüldü.
Biz fikirləşdik ki, nə qədər salamatlıqdır, çıxaq burdan gedək. Belə də etdik. Məsələ də elə belə açıq qaldı.
***
Heç soruşmursunuz ki, Fəti müəllim kimdir? Əsl adı Fətulladır.
Uşaqlar ona elə Fəti müəllim deyiblər, elə belə də qalıb. Çox mülayim adamdır. Öz zəhməti ilə dolanan adamdır. Neynəsin ki, kasıbdır: səkkiz uşağı var; Allahın verdiyidir də, kimisinə pul, mal-dövlət verir, kmisinə də çoxlu uşaq. İnşaallah, onları dünyaya gətirən də çörəyini yetirər. Vaxt olar onların hamısı çörəyə çatar, qazancları çox olar, evləri-eşikləri olar, ata-analarına da yarıyarlar.
Fəti müəllim çox istedadlı müəllim idi. Nə qədər riyaziyyatçı alimlər yetişdirmişdi. Amma onun qəribəlikləri də vardı. Bəzən onun gözəl riyaziyyatçılığı ilə qəribəlikləri arasında bir ziddiyyət görünürdü. Çox zaman bu qəribəliklər özü onu tapırdı.
Fəti müəllim dəniz kənarında yaşayırdı. Hər səhər dənizin sahilində gəzməyi, pənbə günəşi qarşılamağı çox sevərdi. Bir dəfə yenə də günəş üfüqdən boylanmamış səhər tezdən dəniz kənarında gəzişir, arabir idman hərəkətləri edirmiş; əlini gah yuxarı, gah da aşağı endirir, bu işindən zövq alırdı.Sən demə, həmin gün səhər tezdən milis əməkdaşları “ablava”daymışlar. Onlar Fəti müəllimin qəribə idman hərəkətlərini görüb onu dərhal yaxalayırlar. Sözləri də bu olur k, guya o, balıq tutan brakonyerlərə işarə edir ki, ehtiyatlı olsunlar, sahildə milis əməkdaşları pusquda durublar. Yazıq Fəti müəllim sübut edənə qədər vurub başını da yarırlar.
Ertəsi gün Fəti müəllim başı sarıqlı halda məktəbə gəlir, daha iki gün də başında sarğı qalır. Dördüncü gün necə odusa, onun bu vəziyyəti diqqətimi çəkdi. Soruşdum:
- Fəti müəllim, bu başına nə olub belə?
Onda gördüm ki, Fəti müəllim məni qucaqladı, o üzümdən, bu üzümdən öpüb dedi:
- Ay səni var olasan, Qərib müəllim, ürəyim partladı ki... Ay bala, belə də laqeyd kollektiv olar? Düz üç-dörd gündür ki, başımı yarıblar. Bu kollektivdən bir nəfər soruşmur ki, ay filan-filan şüdə, sənin başındakı
bu qanlı sarğı nədir belə? Vallah, səndən başqa heç kim soruşmadı. Sağ ol, var ol, bala! Maşallah, diqqətli və dəyərli oğlansan!
***
Bir dəfə də belə bir əhvalat olmuşdu: avqust ayının axırıncı günü idi. Təsərrüfat müdiri olmadığı üçün direktor Fəti müəllimə pul verib tapşırır ki, gedib bir su maşını tapsın; su çənini doldurmaq lazımdır. (Həmin günlər quyu quraqlıqdan qurumuşmuş).
Fəti müəllim çıxır qəsəbəyə. Göz gəzdirir ora-bura. Xəbər göndərir su daşıyan Barata. İri su maşınını saldırır məktəbin həyətinə və maşını sürdürür düz quyunun ağzına. Direktora da demədən sürücüyə rezin su borusunu quyuya sallamağı tapşırır. Bir maşın dolusu su quyuya tökülür, maşın həyətdən çıxır. Fəti müəllim də özündən razı halda tez gəlir direktorun yanına.
-Aqil müəllim, tapşırığınızı yerinə yetirdim. Quyu ağzına kimi su ilə doludur.
Direktor bir qədər təəccüblə Fəti müəllimi süzdükdən sonra otaqdan çıxıb həyətə düşür. Quyuya yaxınlaşıb əyilib baxır, görür ki, quyuda su nə gəzir. Bayaq ha, süzülüb torpağa. Gülə-gülə Fəti müəllimə deyir:
-Ay Fəti müəllim, eşitməmisən ki, atalar deyiblər: “Quyuya su tökməklə quyu dolmaz.” Ay pir olmuş, o qədər suyu zay elədin. Mənə desəydin, yolunu sənə başa salardım.
Fəti müəllim o qədər sadə adam idi ki, hamı onu sevirdi. Həmişə də onu uşaqların arasında görərdin. Sinifdə bəzən uşaq olmayanda da tək-tənha sinif otağında qırx beş dəqiqə oturardı. Lövhəni misallarla doldurardı. Yeməyini də bankada gətirərdi. Texniki işçilərin otağında oturub bəzən soyuq, bəzən də istiyə qoyub bir təhər naharını edərdi. Bu məktəbdə Fəti müəllimin bütün ömrü belə keçmişdi. Həmişə də borcun içində olardı.
***
Ömür-gün keçirdi. Fəti müəllim də qocalırdı; ağırlaşırdı. Sol əlini heç tərpədə bilmirdi. Deyirdi ki, qolunda duz var. Sol əlinin tir-tir əsməsini gizlətsə də, bunu hamı görür və hiss edirdi. Amma Fəti müəllim düz demirdi. Dərdini gizlədirdi. Gözlərimiz qabağında Fəti müəllim gündən- günə əriyirdi... Həkimlər deyirdi ki, Fəti müəllim özünə fikir vermir, müalicəsini etmir. Həyatı boyu bir dəfə də olsun istirahətə getməyən Fəti müəllim kurortun nə olduğunu heç bilmirdi. Getməyə məgər imkanı vardı? Kurorta hansı pulla gedəydi ki?..
İllər bir-birini əvəz etdi. İnsanların düşüncələri dəyişdi. Fikirlər haçalandı. Mövqelərdə təzadlar yarandı. Sonra hər şey təzələndi, dəyişdi. Ancaq Fəti müəllimin həyatında heç nə dəyişmədi. Nə məişəti dəyişildi, nə güzəranı, nə də xarakterindəki qəribəliklər... Yaxşı günlərin sorağında ola-ola bir gün gəldi ki, bu vəfasız dünyaya vida etdi Fəti müəllim...
Qırxını da, ilini də verdilər. Sonra hər şey unuduldu. Uşaqları da atasız böyüdülər. Çoxları deyirdi ki, Fəti müəllimdən sonra bu tifillər görəsən nə edəcəklər? Amma Allah-taala onların başı üzərində imiş. Böyüdülər, amma Fəti müəllim bu dünyada yox idi. Ərşə çəkilmişdi elə bil...
Lənkəran, Liman
28.04. 2005-ci il