PDF Oxu

Mədəniyyət

  • 7 670

“Uğur üstünə uğur gəldi”

image

Bu il 2023-cü ilin iyun ayının 25-də Mingəçevir Dövlət Dram Teatrı öz pərdələrini doğma tamaşaçılarının üzünə yeni müəllifin yeni tamaşası ilə açdı. Bu möhtəşəm bir premyera idi. “Yaddaş, təqvim və kukla” tamaşa belə adlanırdı. Mən niyə yeni müəllif yazdım. Ona görə ki bu pyes müəllifin səhnədə ilk işidir. Müəllif hələ çox gəncdir, geniş oxucu kütləsi tərəfindən hələ tanınmır. Ara-sıra dövrü mətbuatda bir neçə hekayəsi və şeirləri çap olunub. İstərdim ki, bu gənc yazarı istəkli oxucularımızla qiyabi tanış edib. Həm də onun yazdığı ilk pyeslə sizləri yaxından pyeslə tanış edim. Elçin Musaməddin oğlu Məhərrəmli 1996-cı il noyabrın 22-də Mingəçevir şəhərində doğulub. Mingəçevir Dövlət Universitetini bitirib.

“Yaddaş, təqvim və kukla” tamaşası çox maraqla qarşılandı. Müəllif bu pyesdə mücərrəd bir cəmiyyət haqda yazmışdı. Əslində bu cəmiyyət bizlərə tanış bir cəmiyyətdir. Nəinki bizlərə, dünyəvi bir cəmiyyətdir. Atılmışlar, səfillər, təhqirolunmuşlar, məcburən ruhi xəstəliyə tutulmuşlar və sairə. Pyesdə kütləvi səhnələrdən əlavə əsas aparıcı yeddi-səkkiz personaj var ki, bu obrazların adları da çox maraq doğurur. Bu adlar musiqi terminlərindən götürülüb. Dünyəvi xarakter daşıyır. Müəllifin tədbircə bu cəmiyyətin milliyyətini məlum etmirik. Pyes harada oxunsa və yaxud tamaşaya qoyulsa, personajlar başa düşülsün. Müəllifin fikri maraqlıdır. Deyilmi...? Birmənalı desək, fikir dünyəvidir. Əsərin qəhrəmanı cənab “E”-dir. “E” kifayət qədər oxumuş, savadlı, ancaq çox əclaf, alçaq bir adamdır. Böyük bir bankın müdiri olub. Cənab “E” bu vəzifəyə də riakarlıqla gəlib çıxıb. Öz yoldaşına xəyanət edib. Onun üzünə durub onu şərləyib, tutdurub. Sonra da onun yerinə keçib. Hansı ki həmin dost Adagio (Hüseyn Mustafa) həmişə ona hörmət edib, dost qayğısı göstərib. Adagio şərlənmişlər, əzilmişlər sırasındadır. Biz tamaşa boyu əzilmiş, alçalmışları, dəlixana və səfillərin yaşadığı zibilxana səhnəsində görəcəyik. Cənab “E” (Afiq Yusifov) yaddaşını itirib, onun gördüyü bütün bəd əməllər yadından çıxıb. Əbəs yerə deyil ki, rejissor tamaşanı yuxu ilə başlayıb. “E” etdiyi bütün alçaqlıqları yuxuda görüb və əksər hallarda durub tez qeyd edib. Çiynində gəzdirdiyi qutuya öz qeyd vərəqələrini qoyur. O yuxudan ayılanda incitdikləri adamlardan kimsə onun əməllərini yada salanda ani olaraq yadına düşür. Sanki o an vicdanı da qismən də olsa, oyanır. Öz qızına da təcavüz edib sonra da öldürüb. Amma ona elə gəlir ki, qızı itkin düşüb. Hər gün qızını axtarır.

Çiynində gəzdirdiyi qutuda qızının ünvanı və kuklası da var. Qutu simvolikdir. Yaddaşın və vicdanın qutusudur. Cənab “E”-nin tutduğu əməllər hansı ildə, hansı ayda, hətta hansı saatda olubsa, onu da qeyd edib qutuya atır. Ona görə bunları qeyd edib ki, bu yaddaşsızlığın bəlasıdır. Bir də ki, onun bəd əməlləri saysız-hesabsızdır. Bu simvolik qutu bir növ tamaşaçıya təyyarələrdəki qara qutunu da xatırladır. Təyyarədə də hər nə baş verirsə, o qara qutuda qeyd olunur. Mən deyərdim ki, cənab “E”-nin çiynindəki qutu yaxşı bir tapıntıdır. Qutudakı kuklanın yanında bir kəndir də vardır. Kukla öldürdüyü qızının kuklasıdır. Bəs kəndir nədir? O, kəndiri kuklanın yanına özü qoyub. Kuklaya baxanda həmişə qızını xatırlayır. Ani olaraq yaddaşı gəlir. Bu vicdanı qarşısında əzab çəkir. Elə tamaşanın sonunda da özünü kuklanın yanındakı kəndirlə asır. Məncə, bu fikir də mücərrəddir. Bəlkə də kəndiri qızı özü qoyub. Qoy bu da qızının intiqamı olsun! İstər-istəməz tamaşaçı belə də fikirləşə bilər. Cənab “E” alçatdığı adamlardan ilk dəfə səhnədə Adagio (Hüseyn Mustafa) ilə rastlaşır. Bu, səfillərin yaşadığı zibillikdir. Yeri gəlmişkən, bu səhnə də rejissor tərəfindən çox gözəl qurulub. Adagio burada çəkmə təmizləməklə məşğuldur. Əvvəlcədən qeyd etdiyim kimi bunlar əvvəllər bir yerdə bankda işləyirdilər. Sonralar ”E” Adagionu işdən iyrənc yollarla kənarlaşdırıb.

Ümumiyyətlə, kapitalizm cəmiyyətinin bir iyrənc xüsusiyyəti var. Sağlam rəqabəti bacarmayanda çirkin yollara əl atırlar. Pulun qüdrətindən istifadə olunur və yaramaz adamlar iş başında otururlar. Elə bilirəm ki, bu tək kapitalizm cəmiyyətində yox, bütün cəmiyyətlərdə təəssüf ki, ola bilir. Bu neqativ hallar tamaşada da öz əksini tapmışdır. Adagio “E”-nin çəkməsini təmizləyəndə onu tanıyır. Və özünə qarşı elədiyi nankorluğu “E”-nin üzünə deyir. “E”-nin yaddaşı ani olaraq gəlir, öz səhvini etiraf edir. Deyir ki, mən Şeksprin Yaqosu kimi oynayırdım. Sən də matt qalmışdın. Adagio onu döyür. Səfillərin hamısı Adagioya kömək edirlər.

Bu döyülmə səhnəsi də çox yaxşı işlənib. Mən səhv etmirəmsə, əvvəllər də hansısa bir yazımda yazmışdım ki, rejissor Vüsal Mehrəliyev çevik, mahir hərəkətlərin çox mahir bilicisidir. Bu qarmaqarışıq döyülmə səhnəsini elə qurub ki, tamaşaçı heyranlıqla baxa bilir. Aktyorlar da konkret rejissor tapşırığını ustalıqla yerinə yetirə bilirlər. Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru Vüsal Mehrəliyevdir. Onunla tamaşa haqqında söhbət edəndə ilk sualım belə oldu ki, Vüsal müəllim, tanınmamış bir müəllifin pyesinə necə risk edib quruluş verdiniz? Heç çox da fikirləşmədən cavab verdi ki, mən pyesi oxudum. Müəlliflə birgə bəzi düzəlişlər və əlavələr etdik. Oxuyub gördüm ki, bu pyesdə bu gün üçün deyiləcək sözlər çoxdur. Müəllifin təsvir etdiyi cəmiyyətin bizim yaşadığımız cəmiyyətə də oxşarlığı var. Və çox əfsus ki, cənab “E” kimi adamlar bizim aramızda var. Özü də lap çox! Atılmışlar, əzilmişlər, haqqı tapdalanmışlar da var. Nahaq yerdən şərlənənlər də var. Nəyisə də sübut edib haqqı, ədaləti bərpa etmək də çətin olur. Olursa da bu proses çox uzun çəkir. Axı, ömür də qısadır...

Bir sözlə, mən həmişə elə pyeslərə yaxınlaşmaq istəyirəm ki, orada – cəmiyyətdə deyiləcək sözlər olsun. Aktual bir məsələ qaldıra bilək. Haqq - ədalət topaldır. Ancaq gec də olsa, mənzil başına çatır. Tamaşanın quruluşçu rəssamı Pakizə Adilbəylidir. Pakizə xanım çox yüngül dekorasiya ilə maraqlı keçidlər edə bilib. Tamaşada əsasən üç məkan vardır. Atılmışların yaşadıqları zibillik küçə, ruhi xəstəxana və restoran səhnəsi. bu məkanlara keçidləri rejissor, Pakizə Adilbəyli ilə çox mükəmməl həll edə bilib. Küçə səhnəsindən birbaşa dəlixana səhnəsinə keçirik. Bu səhnə də çox möhtəşəmdir. Xəstələr oxuyurlar:

Demə imtahan cənnət, cəhənnəm,
Ürək boş arzu ilə yaman tez dolar.
Tanrı da göylərdən ensə yerlərə,
Bir günün sonunda şizofren olar.

Xəstələr bu beyti sinxrom şəkildə oxuyurlar. Rep, meyxana və muğam janrlarında Afropos (Afət Əliyeva) o həmdə Tanrı ilahəsidir. Afət xanım bu beytdə muğam janrından çox yaxşı istifadə edib, tamaşaçı alqışı qazanır. Ruhi xəstəxanadakı kütləvi səhnə də maraq doğurur. Burada hər bir aktyora konkret oyun tapşırılıb. Hər bir aktyor bir-birindən fərqli oyun tərzləri ilə yadda qalırlar. Vüsal Mehrəliyev maraqlı bir fikir söylədi:
-“Kütləvi səhnələr mənim hazırladığım bütün tamaşalarda al-əlvan, rəngarəngdirlər. Onlar həmişə tamaşanın yaxşı alınmasına əlavə rənglər, çalarlar qatırlar”.
-Bəli, bu çox gözəl fikirdir. Biz tamaşa boyu bu rəngarəngliyi müşahidə edə bilirik. Xəstəxanadakı tibb bacısı (Nargilə Abdullayeva) da demək olar ki, xəstədir. Ancaq bütün xəstələri ram edib sakitləşdirə bilir. O da cənab “E”-ni tanıyır. Axı cənab “E” özü bir vaxtlar burada xəstə olub. Tibb bacısı onu da müalicə edib. Onun alçaq bir adam olduğunu bilir. Cənab “E”-nin üzü həmişə sarıqda olur. Bir vaxtlar bu dəlixana xəstələr tərəfindən yandırılmışdır. “E” də üz xəsarətini orada almışdı. Cənab “E”-nin atası Vivaçel (Aydın Quliyev) də buradadır. Bir zamanlar “E” onun bütün varidatını əlindən alıb, atasını alçaldıb və bura atıb. “E” xəstəxanada atası ilə görüşür, ata əlil arabasındadır. “E”-yə deyir:

-“Sən həmişə şeytan olmusan və indi də şeytansan”. Bu səhnədə Aydın Quliyevin ifası da çox drammatik alınıb. Tamaşada dəlixanadan, küçə səhnəsindən fərqli olaraq, səliqəli, zövq oxşayan restoran səhnəsi də var. “E” bu restorana gəlir, ofissiant (Ceyhun Əhmədov) onu bu libasla restorana buraxmır. “E” burada da pulun qüdrətindən istifadə edir, ofissianta pul verir, içəri daxil olur. Hər şey də bundan sonra başlayır. Restoranda musiqi səslənir. Andante (Vüsalə Quliyeva) canlı oxuyub qurtardıqdan sonra “E”-nin oturduğu masaya yaxınlaşır. Onlar birlikdə rəqs edirlər. “E” Andanteyə deyəndə ki, “qadınlar əcəlin dəryazları”dır. Qız onu tanıyır. O bir zamanlar bu sözü Andanteyə də demişdi. O vaxtı ilə Andanteni də alçaltmışdır. Qız mətbəxdən götürdüyü bıçaqla onun üzündəki sarığını açır və üzünə şram çəkir. Bunu “E”-nin bütün iş dünyasının maskasının cırılması kimi də başa düşmək olar. Tamaşada mükəmməl orijinal musiqilərdən istifadə edilib. Bu musiqilər də tamaşaçıya xüsusi zövq verir.

Tamaşaçını yorulmağa qoymur. Bu da tamaşanın musiqi tərtibatçıları Elnur Rəsulov və Gülcahan Yusifovanın peşəkarlığından irəli gəlir. Bir sözlə desək, “Yaddaş, təqvim və kukla” tamaşası teatrımızın 55-ci mövsümündə uğurumuzun üstünə yeni uğur gətirdi. Bütün kollektivimizə və Azərbaycan teatrlarının hamısına uğurlar diləyirik. Və istəyərik ki, hər bir teatrda belə maraqlı və peşəkar tamaşalar hazırlansın.

Qabil İBRAHİMLİ,
aktyor-publisist

Digər xəbərlər