Əziz oxucular!
Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı, publisist, jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu dünya dahilərinin, səmavi insanların və Azərbaycan mütəfəkkirlərinin altı mindən çox kəlamlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və “Sözdən yaranan incilər” adlı kitab kimi çapa hazırlayırlar. 6 oktyabr 2022-ci il tarixdəki sayımızdan başlayaraq həmin kəlamları, aforizmləri qəzetimizin səhifələrində çap edirik. İnanırıq ki, bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazıb, yeri gələndə onlardan lazım olan kimi istifadə edəcəksiniz.
Belə qərara gəldik ki, hər bir insanı özünə tanıtmaq, hər bir insanın öz xarakterini mükəmməl bilməsi, özünü tanıması üçün kitabı elə bu bölümdən başlayaq. Çünki bunları bilən hər bir insan kəlamları və aforizmləri daha yaxşı yadda saxlaya bilər.
İnsanın özünü dərk etməsi böyük elmdir
(Özünü və həyatı dərk etmək istəyən insanlar üçün məsləhətlər toplusu)
Əgər istəyirsiz ki, həyatda işləriniz yaxşı getsin, onda ilk öncə özünüzü, öz xasiyyətinizi öyrənməyə çalışın. Adamların çoxu heç ömürlərinin sonuna qədər öz xasiyyətlərini, xarakterlərini öyrənə bilmirlər. Ona görə də tez-tez bəxtlərindən, onları əhatə edən adamlardan, pis zəmanədən şikayət eləyirlər. Bax bu, bəzi insanlar üçün faciədi ki, öz xarakterlərini bilmir və onların əhatəsində nələr baş verdiyini dərk eləyə bilmirlər. Ona görə də belə qərara gəldik ki, insanlar ilk öncə öz xarakterlərilə bağlı burada yazılanlarla ətraflı tanış olub, özlərinin xasiyyətini daha doğrusu özlərini tapa bilsinlər. Öz xasiyyətini mükəmməl biləndən sonra həyatda insanlarla və özləri ilə necə rəftar eləməyi, necə təmas qurmağı da o biri fəsillərdən öyrənəcəklər. Bütün bunları mükəmməl biləndən sonra biz inanırıq ki, onlar hər şeyə və ətrafında olan insanlara ayıq gözlə, saf düşüncə tərzi ilə baxacaqlar. Axı dahilər boş yerə deməyiblər ki, “insanın özünü və ətrafındakıları dərk eləməsi, başa düşməsi böyük bir elmdi”. Bu elmi isə yaşından asılı olmayaraq həyatda yaşayan hər bir insan, mükəmməl öyrənməlidi.
I Fəsil
İlk öncə özünüzü tapın və xarakterinizi dəqiq öyrənməyə çalışın.
Görün xarakteriniz bu tiplərin hansına məxsusdur.
I. Xolerik (tündməcaz adam) - Fəaldır. Yaradıcı və təşəbbüskar işçidi. İşdə irəli çəkilməyə layiqdi, amma onu ya maddi ya da mənəvi cəhətdən maraqlandırmaq lazımdı. Xoleriklər münaqişəni sevirlər. Rəhbər işdə işləməyə meylidirlər. Küsəyəndilər, lakin kin saxlamırlar.
II. Sanqvinik (diribaş adam) – Çevikdi. Maddi və ya mənəvi cəhətdən təmin olunduğu vaxt təşəbbüskar olur. Təmkinlidi. Yaxşı rəhbərdi. Xolerikə (tündməcaza) nisbətən öz hərəkətlərində, əməllərində mərhəmət göstərməkdə soyuqqanlıdı və həm də hiyləgərdi.
III. Fleqmatik (soyuqqanlı, laqeyd adam) – Yaxşı işçidi. Həm də vəzinli, namuslu, məsuliyyətli işçidi, lakin paxıldı. Tez inciyəndi. Kinlidi. Söz gəzdirməyi, xəbərçiliyi sevir.
IV. Melanxolik (qarasevdalı adam) - Belə adamlar, o biri xarakterin asılı tipinə məxsusdurlar. Onlarla əlaqə yaratmaq çətindi. Dostluqda, ailədə baş verən narazıçılıqlardan əziyyət çəkirlər. Qarasevdalı adamı acıqlandırmaq, qamçılamaq lazımdır ki, tələskənlik və ya işdən qovulmaq hissi daxilində daim onu təqib eləsin və gördüyü işə həmişə can yandırsın.
İndi isə daha geniş açıqlamamızda, dərindən, diqqətlə düşünün və dəqiq müəyyənləşdirin ki, xarakteriniz bu tiplərin, xarakterlərin hansına daha çox aiddir.
I. Xoleriklər (tündməcaz adamlar) – güclü, daim hərəkətdə olan proseslərə yiyələnirlər. Lakin ehtirasın tormozlanması, səbrin cilovlanması mümkün olmadığına görə onlar, özündən tez çıxan əsəb proseslərinə malik olurlar. Onlar bir iş sahəsindən və bir işdən asanlıqla başqasına keçə bilərlər. Özlərindən tez çıxsalar da, bəzən, yeri gələndə, yəni lazım olan məqamda möhkəm əsəb sisteminə malik olduqlarını göstərməklə və hətta nümayiş etdirməklə asanlıqla lider ola bilirlər. Lakin bu tip adamlarla işləmək və dostluq eləmək asan deyil.
II. Sanqviniklər (diribaş adamlar) – güclü, tarazlaşmış, hərəkətdə olan, məntiqə söykənən əsəb proseslərilə xarakterizə olunurlar. Onlar fəal və yaradıcılıqla işləməyə qadirdirlər. Çox asanlıqla bir emosional vəziyyətdən digərinə keçə bilirlər. Onlar əgər istəsələr, qarşılarına həlli çətin məsələlər qoyub, onları məntiqlə, asanlıqla həll eləyə bilərlər.
III. Fleqmatiklər (soyuqqanlı, laqeyd adamlar) – güclü və səbrin üstünlük təşkil elədiyi əsəb proseslərilə xarakterizə olunurlar. Onlar yeni iş prosesinə, yeni iş yerinə çox gec öyrəşirlər. Lakin həmin işi vicdanla sona çatdırırlar. Fleqmatiklər rəhbər işçi olanda, özlərini sakitcə, planlı iş görən kimi aparmağı bacarırlar. Onlar çox vaxt planlarının dəyişməsinə, təcili qərarların qəbul olmasına dözmürlər. Səbrsizlik göstərirlər. Bəzən düşdükləri şəraitin tələb etdiyi templər, sürətlər də onlar üçün gücyetməz, ağır ola bilər.
IV. Melanxoliklər ( qarasevdalı adamlar) – ehtirasın tormozlanmış zəif prosesinə malikdirlər. Çətin vəziyyətdə özlərini tez itirir və çıxış yolu tapmaqda çətinlik çəkirlər. Könülsüz olaraq, qərar qəbul edirlər. Əqli və fiziki gərginlikdən tez yorulurlar. Xəstəliyi, xoşagəlməz xəbəri tez qəbul edirlər və ürəklərinə salırlar. Həm də düşdükləri şəraitə çətinliklə alışırlar və uyğunlaşırlar. Belə adamlar stress və depressiyaya daha tez düşürlər. Və onları stressdən, depressiyadan çıxartmaqçün xoleriklərin və sanqviniklərin köməyinə böyük ehtiyacları olur.
Bütün yuxarıda dediklərimiz tiplərin içərisində elə insanlar da olur ki, düşdükləri ağır şəraitdən, xaosdan, gərginlikdən, məşəqqətli həyatdan, müharibənin gətirdiyi böyük faciələrdən asılı olaraq, bir xasiyyətdən başqa xasiyyətə də keçə bilirlər. Çünki insanın daxili, beyni o qədər zəngindir ki, həyat yaranandan psixoloqlar, filosoflar heç bir adamın daxilini dəqiq öyrənə bilməyiblər. Ona görə də insana düşdüyü vəziyyətlə əlaqədar çox şeyi həyat özü diktə edir. Bu fikirlər isə Eksezdensialist fəlsəfəsində özünün dəqiq məntiqi ilə əksini və izahını tapıb.
Həyatınızın daha şən, mənalı və maraqlı keçməsi üçün aşağıda yazılanları bilməyiniz çoz vacibdir.
II Fəsil
Əgər istəyirsiz ki, hər yerdə arzu olunan şəxs olasız, sizi sevsinlər və hörmət eləsinlər, onda məşhur psixoloq, filosof, iş adamı Deyl Korneqinin bu qaydalarına əməl edin.
İnsanları özünə cəlb eləməyin on iki qaydası.
I. Qarşınızdakı müsahibinizlə aranızdakı mübahisədə qalib gəlməyin əsas şərti mübahisədən qaçmaqdır.
II. Müsahibinizin fikirlərinə diqqət yetirin və hörmət əlaməti olaraq, ona diqqətlə qulaq asın. Sizinlə söhbət edənə, təmasda olana onun düz demədiyini heç vaxt sübut eləməyə çalışmayın.
III. Əgər düzgün olmadığınızı, düz demədiyinizi başa düşürsüzsə, bunu müsahibinizə tez və qətiyyətlə etiraf eləyin.
IV. Həmişə söhbətinizin əvvəlində, hər bir müsahibinizlə dostluq notlarını qoruyub saxlamağa çalışın.
V. Söhbətinizi elə qurun ki, müsahibinizi ani bir vaxtda «hə» deməyə məcbur eləyin. Əgər onu «hə» deməyə məcbur eləyə bilsəniz, asanlıqla ram edəcəksiz.
VI. Söhbət əsnasında, müsahibinizə diqqətlə qulaq asın və ona danışmağa daha çox imkan yaradın ki, qoy ürəyini boşaltsın. Həm də elə fikirləşsin ki, əsl onu başa düşən adamla rastlaşıb. Bu söhbət əsnasında çalışın ki, onun gözlərinə baxasız.
VII. Söhbət elədiyiniz vaxt elə bir şərait yaradın və açıq-açığına bildirin ki, müsahibiniz deyilən fikrin yalnız ona məxsus olduğuna inansın. Yəni onun dediyi fikirləri guya siz heç vaxt eşitməyibsiz. Bu fikirlərin ideya müəllifi məhz odur.
VIII. İnsanlara, əşyalara müsahibinizin verdiyi qiyməti çox dəyərləndirin və hər şeyə onun gözü ilə baxmağa çalışın. Daha doğrusu söhbət əsnasında onu inandırın ki, verdiyi qiymət düzgündür. Elə belə də olmalıdır.
IX. Başqalarının arzu və düşüncələrinə şərik olun. Əgər həmin adam sizdən vəzifəcə və yaşca böyükdürsə, heç vaxt onun üzünə düz demədiyini sərt formada deməyin. Fikrinizi dolayı yollarla isbat eləməyə çalışın. Və yaxud da susun. Belə yerdə atalar deyib ki, «danışmaq gümüşdürsə, susmaq qızıldır».
X. Söhbət əsnasında danışığınızla, məntiqi fikirlərinizlə, sifətinizdəki mülayimliklə, yüngülvari gülüşlə, xoş simanızla həmsöhbətinizi sizin haqqınızda yüksək fikir söyləməyə cəlb eləyin. Belə olarsa onun daxilində sizə qarşı olan mənfi enerjini yox edəcəksiz.
XI. Artıq bundan sonra ideyalarınızı dramatikləşdirməyə çalışa bilərsiz və həmin ideyaları müsahibinizə effektlə çatdırmağa çalışın. Belə məqamda obrazlı fikirlərdən, cümlələrdən istifadə etməyiniz, sizə diqqəti daha çox artırar.
XII. Söhbətinizin sonunda isə müsahibinizin yaralı yerinə toxunaraq, ona meydan oxuyun. Yəni öyrənməyə çalışın ki, müsahibiniz nədən narazıdırsa və nələr ona pis təsir edirsə, siz də həmin şeylərlə narazı olduğunuzu deyin. Onunla tam həmrəy olduğunuzu açıq-açığına bildirin.
Bunlara əməl eləsəniz, insanları asanlıqla özünüzə cəlb etməklə, onları ram eləyə bilərsiz.
İnsanları təhqir eləmədən onlara təsir eləməyin doqquz qaydası.
I. Müsahibinizin ləyaqətini, hərəkətlərini, gördüyü işləri ürəkdən bəyəndiyinizi onu tərifləməkdən başlayın.
II. Onun səhvlərini birbaşa yox, dolayı yollarla üstüörtülü şəkildə başa salmağa çalışın.
III. İkinci qaydanı eləmək üçün, ilk öncə öz səhvlərinizi deyin və sonra müsahibinizin səhvləri haqqında ustalıqla, sadə formada söhbət açın. Bu haqda bizim çox yaxşı atalar məsəlimiz var: «Qızım, sənə deyirəm, gəlinim, sən eşit».
IV. Müsahibinizə əmr eləməkdənsə, yaxşı olar ki, ona suallar verəsiz. Çünki suallara cavab vermək, beyini aktivləşdirir və fikiri konkret bir məcraya yönəldir. Belə olanda müsahibiniz sizinlə söhbət eləməkdə maraqlı olacaq.
V. İnsanlara öz nüfüzlarını qorumağa və özlərinə inanmağa imkan verin. O vaxt sizə yaxşı münasibət göstərərlər.
VI. Ətrafınızda olan insanların cüzi qələbəsini bəyənin və onların ən kiçik müvəffəqiyyətini səmimi qeyd eləyin. Belə ki, həmin müvəffəqiyyətə səmimiyyətlə qiymət verin və həmin müvəffəqiyyəti tərif eləməkdə simiclik eləməyin. Çünki tərifi yalnız ölülər sevmir.
VII. İnsanlara etibar qazanmaqda köməklik eləyin. Əgər belə eləsəniz, onlara olan etibarı və inamı qorumağa çalışacaqlar.
VIII. Müsahibinizi şirnikdirməklə, həvəsləndirməyə çalışın. Elə təəssürat yaradın ki, sizin düzələsi vacib saydığınız səhvin asanca düzələn iş olduğu güman edilsin. Elə eləyin ki, adamları düzələsi çətin olan işə yönəltdiyiniz, qarşılarına qoyduğu arzu və məqsəd onlara çox asan görünsün.
IX. Çalışın ki, təklif elədiyiniz məsələləri və işləri həddindən artıq dramatikləşdirməyin. Onları elə asan formada təklif eləyin ki, insanlar həmin məsələləri, işləri yerinə yetirməyə şad olsunlar. Bu haqda atalarımız bizimçün gözəl bir məsəl qoyub gediblər: «Ho-ho var dağa qaldırar, ho-ho var dağdan endirər».
Bu yeddi qaydaya əməl eləsəniz, həmişə mehribanlığı qoruyub, ailənizi daha xoşbəxt eləyə bilərsiz.
I. Çalışın ki, həyat yoldaşınıza irad tutmayasız. Əsasən də başqa adamların yanında. Çünki hər bir insanın daxilində özünə alüdəçilik və özünü sevmək var.
II. Həyat yoldaşınızın xasiyyətini özünüzün sərt hərəkətlərinizlə, onu təhqir eləməklə dəyişməyə çalışmayın. Bilin ki, insanların xasiyyəti ana bətnindən başlayaraq, uşaq yaşlarında artıq formalaşır. Hətta insanların çoxu, yetkin yaşlarında özləri də ciddi cəhdlə çalışsalar da, xasiyyətlərini demək olar ki, dəyişməyə müvəffəq ola bilmirlər.
III. Həyat yoldaşınızı heç vaxt başqasının yanında təhqir eləməyin. Bilin ki, “ağacın iki başı var”. Gec-tez ağacın o biri başı sizə də dəyə bilər. Yənin onun tərəfindən siz də təhqir oluna bilərsiz. Belə olanda bu sizdə böyük şok və əsəb gərginliyi yarada bilər.
IV. Müştərək görülən işlərdə, həyat yoldaşınızla bir-birinizə çox açıq şəkildə səmimi razılığınızı bildirin.
V. Nə qədər əsəb gərginliyi keçirsəniz də, çalışın ki, həmişə bir-birinizə hörmət əlamətləri göstərin. Bilin ki, sizin bu hərəkətiniz övladlarınızın tərbiyəsində böyük rol oynaya bilər. Onlar da valideyin olanda özlərini belə aparacaqlar. Axı övladların əsas tərbiyəsi ailədən, ailə tərbiyəsindən başlayır.
VI. İşdəki, küçədəki və ya başqa yerlərdəki qanqaraçılığı, əsəb gərginliyini heç vaxt evə gətirməyin. Sizinlə bayırda nə baş verisə - versin, evə gələndə həmişə xoşrəftar olun. Çünki sizin əsəbi gərginliyiniz ailədə daha da gərginlik yarada bilər. Bilin ki, əsəbi başda ağıl olmaz və əsəbiləşən adam tez qocalar.
VII. Ailə həyatınızın daha da mehribanlığı, xoşbəxtliyi üçün intim yönümdə kitablar oxuyun və həkim məsləhətlərinə qulaq asın.
Onu da bilin ki, ən güclü, özünə çox güvənən qadının da kişi məhəbbətinə, kişi diqqətinə, kişi nəvazişinə, kişinin ona arxa-dayaq olmasına böyük ehtiyacı var. Bu sözləri kişilər haqqında da demək olar. Yəni onların da qadın diqqətinə, nəvazişinə, xoş sözlərinə ehtiyacı var. Bunu bəzi kişilər və qadınlar dildə demək, etiraf eləmək istəməsələr də bu, danılmaz və əsrlərlə sübut olunmuş məntiqli həqiqətdi.
III Fəsil
Dianetika- insanın özünüdərk fəlsəfəsi.
(Bunları bilməyiniz, yadda saxlamağınız və hər an əməl etməyiniz sizə həyatda çox böyük köməkliklər edər)
-İnsanlar hamısı həyatda itirdikləri şeylərə, əşyalara, var-dövlətə görə çox heyfslənirlər. Amma itirdikləri vaxta görə heyfslənənlər az olur. Belə bir atalar sözü var: “İtirilən var-dövləti yenidən qazanmaq, geri qaytarmaq olar. Amma itirilən vaxtı nə qaytarmaq, nə də tampaq olmaz”. İnsana ömür yalnız bir dəfə verilir. Ona görə də çalışın ki, vaxtınız boş yerə keçməsin.
-Böyümək şərt deyil, şəxsiyyət kimi formalaşmaq şərtdir.
-Bir böyük işi başlamazdan əvvəl öz fikirlərinizi götür-qoy etməlisiniz ki, ona başlayanda, qəflətilik, gözlənilməzlik özünü göstərsin. Bu həmin işin uğuru üçün amildir.
-Kobudluq hər şeyə, hətta ədalətli və ağıllı insana da zərər vurur. Nəvazişkarlıq isə hər şeyi gözəlləşdirir, ülviləşdirir.
-Özünə ağıllı köməkçilər seçmək və yeri gələndə onlarla məsləhətləşmək yalnız müdrik adamlara məxsusdur.
-Ağılı məqsədyönlü işlətmək böyük uğurların zəmanətidi.
-Yeri gələndə iş üsullarınızı, siyasətinizi dəyişmək, başqalarının diqqətini yayındırmaq (xüsusilə düşmən münasibətdə olanların) çox vacibdir. Onda öz ali məqsədinizə daha tez çata bilərsiz.
-Çox da böyük ümidlərlə, arzularla işə başlamayın ki, işiniz alınmayanda heyfslənməyəsiz.
-Ən kiçik nöqsanlarınıza da dözülməz olun. Çalışın ki, bir dəfə elədiyiniz nöqsanı bir də təzələməyəsiz.
-Öz mülahizələrini və fikirlərini məntiqlə söyləməyi bacarmaq, ən çətin məqamlarda da əsəblərini çilovlamaq yalnız müdrik insanlara məxsusdur.
-Başqalarına təsir eləməyi bacarmayan adamı ağıllı və müdrik hesab eləmək olmaz.
-Hər bir adama təsir eləmək üçün ilk öncə onun açarını tapmaq lazımdır. Onu da bilin ki, hər adamın öz açarı olur. Buna görə də “Xarakterlər və tiplər” bölümünü və böyük psixoloq, filosof Deyl Karneginin yazdığı, təklif etdiyi qaydaları dəqiq, mükəmməl bilməlisiz.
-Çox şeyin ardınca qaçmayın, yoxsa hər şeydən məhrum olarsız. Ona görə də əvvəlcədən hər şeyi ölçüb-biçin. Və bir işi tamamlamamış, başqa işə keçməyin. -----Yoxsa hər işiniz yarımçıq qalar. Bir daha deyirəm. Yadınızda saxlayın ki, ömür insana yalnız bir dəfə verilir. Ondan səmərəli istifadə eləmək də yalnız insanın öz əlindədi.
-Hamıya məlum olana alüdə olmayın.
-Yeri gələndə düşmənlərinizin və sizi təqib eləyənlərin gözündən yayınmağı bacarın.
-Özünüzün ən böyük üstün cəhətlərinizi nümayiş etdirəndə, başqa zəif tərəflərinizi, cəhətlərinizi də yaddan çıxartmayın. Bilin ki, xasiyyətinizdəki zəif cəhətlər vasitəsi ilə sizi asanlıqla ləkələyə, gözdən sala bilərlər.
-Öz mühakimələrinizi- vacib məsələlər ətrafında cəmləşdirməyi bacarın.
-Özünüzdən bədgüman olub deməyin ki, qaraçuxam yatıb. Bəxtim gətirmir. Həmişə çalışın ki, bəxtinizi sınamaq, arzularınıza çatmaqçün ciddi-cəhdlə hərəkət eləyin.
-İşləriniz alınmırsa və hansı işdə məğlub olursunuzsa diqqətlə həmin işi bir də götür-qoy, təhlil eləyin. Öz səhvlərinizi araşdırın və yenidən həmin işləri həyata keçirməyə çalışın. Onu da bilin ki, həyatda bəxti gətirməyən insan yoxdur. Sadəcə mübariz olmayan insan var. Həyatda bacarmıram sözü yoxdur, istəmirəm sözü var. Bilin ki, heyvanların içərisində ən yırtıcı olanlardan biri canavardır. Canavara yemək tapmaqda, onu əldə eləməkdə ayaqları və məqsədinə doğru getməkdə inadkar olmağı köməklik eləyir.
-Yeri gələndə hücum eləmək və düşmən hücumlarından qorunmaq, ən yüksək bacarıqdır.
-Uğurlu bir oyunu vaxtında dayandırmaq və mərdanə geri çəkilməyi bacarmaq hər adamın işi deyil. Bu yalnız müdriklərin və səbrli olanların işidir. Çalışın elələrindən olun.
-Hər şeyin çiçəkli dövrünü tapmaq və qiymətləndirməyi bacarmaq lazımdır.
-Ümumxalq məhəbbəti qazanmaq asan deyil. Çox zaman bu taledən və ciddi cəhddən asılı olur. Birinci əsasını qoyur, ikinci isə bu uğuru davam etdirir. Amma qazandığınız hər bir uğurçün həddindən-ziyadə sevinməyin. Həmin sevincin ölçüsünü bilin.
-Hər şeyin ən yaxşısını seçməyi bacarmaq və onu qiymətləndirmək yalnız müdriklərə məxsusdur.
-Heç vaxt qıcıqlanmayın və özünüzdən çıxmayın. Özünüzü ələ almaqda böyük səbr, böyük bacarıq və böyük ürək sahibi olun. Onu bilin ki, özünə və hərəkətlərinə hakim olan şəxsiyyət, başqalarına da asanlıqla hakim olur.
-Qətiyyətli və mühakiməli olmaq, müdriklik əlamətidi. Mühakiməsiz qətiyyət tələskənlikdir ki, bu da ağılsızlara məxsusdur. Mühakiməli tələskənlik isə uğurun əsası olmaqla, ağıllı insanlara məxsusdur.
-Ağıllı igidlik göstərin. Onu bilin ki, ölü şiri dovşanlar da şallaqlayar.
-Səbr eləməyi bacaran, heç vaxt tələsikliyə imkan verməz. Onu da bilin ki, səbr ağacı bütün ağaclardan uca və möhtəşəm olduğuna görə, hər bağda göyərməz. Lakin bir işi dəqiq və məntiqli ölçüb-biçəndən sonra qərar qəbul eləməkdə tələsmək lazımdır.
-Dərindən ölçüb-biçmək və həmin işi tez həyata keçirmək yaxşıdır.
-Gördüyünüz yaxşı işi gözə soxmayın. Yoxsa sabah heç kimi təəccübləndirə bilməzsiz. Ona göərə də təmkinli olun. Hər bir fikrinizi baha qiymətə satmağa çalışın.
-Özünüzü ləkələnməkdən qoruyun. Xoşagəlməz işləri hər yerdə elan etməkdən və deməkdən də özünüzü saxlayın. Hər fikrinizi əvvəlcədən ölçüb-biçib sonra danışın ki, bu sizə başağırısı gətirməsin.
-Uğurlu nəticə barədə düşünün. Qalib gələnlərçün özünü doğrultmağa ehtiyac yoxdur. Çünki qaliblər heç vaxt qınaq nöqtəsi olmur. Əgər səhv də eləsələr onlar haqlı olurlar.
-Hər deyilən sözə tez inanmayın. Qarşı tərəfin dediyi həmin sözə, fikirə görə, dəqiq məqsədini bilməyə çalışın və götür-qoy edin. Əgər belə etsəniz, bu, sizi axmaqlıqdan, düşəcəyiniz çətin vəziyyətdən və alçaqlıqdan qoruyar.
-Düşməndən də öyrənməyə cəhd eləyin. Bilin ki, çoxlarına özləri də bilmədən həyatda düşmənləri böyük şöhrət gətirib. Onları məşhurlaşdırıb.
-Özünüzü dərk eləyin. Öz hüququnuzu, ağlınızı, mühakimələrinizi, duyğularınızı ölçüb-biçin. Bilin ki, özünüzə bələd olmadan, özünüz haqqında hökm vermək mümkün deyil.
-Çox yaşamağın gözəlliyi ləyaqətlə yaşamaqdır. Bilin ki, dörd şey adamın axırına çıxır və onu hörmətdən salır. Nadanlıq, əyyaşlıq, pozğunluq və spirtli içkiyə alüdəçilik. Çalışın bunlardan uzaq olun.
-Adamların bir qismi digər qisminə gülür. Deməli, adamların hamısı bir-birinə gülürsə axmaqdırlar. Çünki birinə yaxşı görünən, digərinə pis görünür və ya əksinə.
-Ağıllı, xeyir gətirəcək mübahisə yaxşı işdir. Bilin ki, mübahisəsiz gün dərin yuxu kimidir. Amma hər boş şeyə görə, mübahisə eləmək axmaqlıqdır.
-Başqalarını, onların çəkdiyi zəhməti, əziyyəti, gördüyü xeyirxah işləri qiymətləndirməyi bacarın. Belə olduqda həmin insanların sizə hörməti, məhəbbəti artar.
-Nadanlarla ünsiyyətdən uzaq olun. O kəsləri inandırın ki, nadanları tanımır. Həm də daha çox o kəs nadandır ki, nadanları tanıdığı halda onlardan uzaqlaşmır.
-Ana Vətən həm də analıqçün Vətəndir. Hətta dahilərçün də.
-Özünüzə ağılla yol açın, əclaflıqla yox. Bilin ki, pis əməllərlə qazandığınız uğur heç vaxt əbədi olmaz. Belə uğur sizi gec-tez uçuruma salar.
-Bir işə başlayanda onu görülmüş hesab eləyin. Böyük işə başladınızmı çox götür-qoy eləməyin və ürəklə bu işə başlayın. Qarşıdakı çətinliklərdən qorxsanız, geri çəkilə bilərsiniz.
-Hər şeydə qara ləkə axtarmayın. Bilin ki, onun olmadığı yer yoxdur. Unutmayın ki, Kəbədəki müqəddəs daşda da qara rəng var.
-Bunları müqəddəs kitablarda da yazıblar. Bizim dünyamızda isə bunların hər ikisi var. Biz də bütün bunları buradakı həyatda keçməklə özümüzü haqq dünyamıza hazırlamalıyıq.
-İstedadınızın, bacarığınızın ən yüksək sirrlərini qoruyub saxlayın. Onları heç kimə satmayın. Bu, zirvədə qalmağın ən düzgün yoludur.
-Bir axmaqlığı iki dəfə etməyin. Çünki axmaq baş bəlalı olur. Və axmaq başın bəlasını ayaqlar çəkir. Atalar da deyib ki, “əgər axmaq özünə düşməndirsə, özgəyə necə dost ola bilər?”
-Nə dostluqda, nə də düşmənçilikdə daimilik yoxdur. Bugünki dostlarınıza sabahkı düşmənləriniz kimi baxın və heç kimə sirr verməyin. Sonra bəlasını çəkə bilərsiz.
-Heç kimə biclik göstərməyin və kələk gəlmyin. Hərçənd ki, indiki zamanda onsuz keçinmək çətindir. Yaxşısı budur ki, insanlara ehtiyatla, hörmətlə yanaşın, nəinki bicliklə, kələklə.
-Düşdüyünüz ağır vəziyyətdən salamat çıxmaqçün aslan dərisinə girə bilməsəniz, tülkü dərisinə girin. Və bunu özünüzə təhqir, alçaq əməl kimi qəbul eləməyin. Bu, sizin sabahkı qələbənizin başlanğıcı ola bilər.
-Kiminləsə vuruşda, böyük mübahisələrdə, mübarizələrdə uduzmağınızı hiss eləsəniz vaxtında geri çəkilin. Çünki vaxtında geri çəkilmək qələbəyə bərabərdi. Əgər görsəniz ki, gücünüz çatmırsa ağlınızı işə salın.
-Dediyiniz hər bir sözə fikir verin. Çünki söz vəhşi heyvan kimidi. Həmin sözlər axmaqları sizə qarşı qaldıran ən böyük silah ola bilər. Söz ağızdan azadlığa çıxandan sonra onu zəncirləmək çox çətindir. Ona görə də hər bir sözü ağzınızda yoğurub, bişirib sonra deyin. Atalar da deyir ki, “söz quşdur, buraxsan uçar gedər”.
-Özünüzün ağıllı olduğunuzu hər yerdə biruzə verməyin. Yoxsa axmaqları üstünüzə qaldıra bilərsiniz. Çünki ağıllı adamları nə məmurlar, nə də rəhbərlər sevmir.
-Öz həyatınızı ağılla bölüşdürün. Hər təsadüfün ardınca getməyin. Elə eləyin ki, gördüyünüz işdə həm mənfəət olsun, həm də zövq alasız.
-Heç vaxt gördüyüz işi yarımçıq göstərməyin. Qoy bitmiş halda görsünlər. Çünki yarımçıq işi hər kəs öz fantaziyasında, təxəyyülündə, özünün başa düşdüyü kimi tamamlamaq istəyir, məhz ona görə də böyük mübahisələr yaranır.
-Vaxtınızı təkcə düşünmək, təxəyyülünüzdə fantaziyalar yaratmaqla keçirməyin, həm də hərəkət eləyin. Hərəkətdə olan insan çox şeyə çata bilər. Bizim millətin bu haqda çox gözəl atalar sözü var: «Səndən hərəkət, məndən bərəkət».
-Özünüzdən yuxarıdakılarla gizli əlaqəyə girməyin. Bilin ki, bu maska tez yırtıla bilər.
-Öz sirrinizi başqasına açsanız, həmin adamın qulu olacaqsız. Bu haqda isə bizim çox qiymətli atalar sözümüz var: “Sirr vermə dostuna, o da deyər dostuna”. Onu bilin ki, sirr saxlamaq ən böyük mərdlik, mərdanəlikdir.
-Məqsədinizə nail olmağa cəhd göstərin. Bəzən qüvvənin çoxu işin başlanmasına sərf olunur və axıra çatdırmağa güc qalmır. Ona görə də gücünüzü bərabər bölün.
Təkcə paklıqla, təmizliklə keçinmək olmaz. Aldatmayan hamıya aldanır. Kim ki, yalan danışmır, başqalarına tez inanır. Ona görə aldanır ki, sadəlövdur, vicdanlıdır, təmizdir. Həyatda elmli olmaqla birlikdə, həm də helmli olmaq lazımdır ki, hər deyilən şeyə inanmayasız.
-Dediyiniz hər bir fikri konkret, aydın deməyə çalışın. Çünki konkretlik ürəkçün də, iş üçün də xeyirlidir.
-Özünüzü tərifləməkdən qorunun. Bu xəstəliyə aludə olmayın. Çünki siz özünüzü tərifləsəniz, bu hərəkətiniz sizinlə təmasda olan insanları qıcıqlandırar və ləyaqətinizi alçaldar. Bilin ki, özündən razılıq, ürəyin, beyinin kasıblığıdır.
- fenomeninə yüksəlməyin ən qısa yolu, dost seçməyi bacarmaqdır. Çünki dostluq düzlükdədir.
-Rəqabətlə çox da əlləşməyin. Bilin ki, həyatda tarixlər boyu çox az adam təmiz mübarizə aparır. Həm də çoxları ləyaqətini o vaxta qədər qoruya bilir ki, rəqibləri meydana çıxmayıb.
-Çalışın ki, həyatda ləyaqətli adamlarla daha çox ünsiyyətdə olasınız. Onlarla mübarizə aparmaq da yaxşıdır. Nəinki alçaq, nakəs adamlarla. Çünki nakəslər, əbləhlər bu gün öz işləri xatirinə sizə təslim olsalar da bilin ki, sabah hökmən sizə bir pislik eləməkçün məqam axtaracaqlar. Belə adamları heç vaxt yaxınınıza buraxmayın. Onlara heç vaxt sirr verməyin.
-Heç vaxt özünüz haqqında danışmayın. Belə olanda ya özünüzü tərifləyəcəksiniz, bu adamı şöhrətpərəsliyə, lovğalığa aparır. Ya da özünüzü pisləyəcəksiniz. Bu da adamı dayaz ürəkli, miskin edir.
-Heç vaxt şikayətlənməyin. Yadınızda saxlayın ki, şikayətlənmək acizlik və həmişə insana ziyan gətirən, onu bədbinləşdirən, əlini hər işdən soyudan işdi.
-Özünüzün xəstə, zəif yerlərinizi bilin və onlardan qorunun. Əgər qorunmasanız sizi həmin yerlərdən vuracaqlar.
-Əlçatmaz və özündən razı olmayın. Elə bir adam yoxdur ki, onun məsləhətə ehtiyacı olmasın. Atalarımız isə bu haqda çox maraqlı məsələlər deyiblər. Onlardan biri belədir: “Məsləhətlə atılan daş uzaq gedər, amma məsləhətsiz görülən işdən xeyir gəlməz”.
-Müsahibə və mübahisə aparmaq mədəniyyətinə yiyələnin. Bilin ki, şəxsiyyətin keyfiyyəti və ucalığı o zaman daha tez aşkara çıxır.
-Uduzacağınız, ideyalarınızı, arzularınızı, ali məqsədlərinizi həyata keçirə bilməyəcəyiniz cəmiyyətdən, məmləkətdən qaçmaq lazımdır.
-İnanmağa və sevinməyə tələsməyin. Özünüzün tez sevindiyinizi heç kimin yanında büruzə verməyin. Yaddan çıxartmayın ki, təkcə sözlə yox, həm də əməllə sizi aldada bilərlər ki, bu daha təhlükəlidi.
-Qəzəblənəndə ehtiyatlı olun. Lazım gələndə, yəni vaxtında səbrinizlə qəzəbinizi boğmağa çalışın. Imam Əli deyib ki, “əsəbiliyin başlanğıcı dəlilik, sonu peşmançılıqdır”. Onu da bilin ki, həddindən artıq qəzəb, insanı doğru yoldan yayındırar və stresslər yaradar. Stresslər isə insan orqanizminə fəlakətlər, fəsadlar gətirən ən böyük xəstəlikdir. Atalarımız qəzəblə bağlı çoxlu qiymətli fikirləri bizimçün yadigar qoyub gediblər. Onlardan biri belədir: “Cavanlıqdan qocalığa güc saxla. Varlılıqdan pulsuzluğa pul saxla. Qəzəblənib dalaşanda, barışmağa söz saxla”.
-Bacarıqlı dostlardan istifadə eləməyə çalışın. Bunun da öz incəliyi var. Bəzi dostlar uzaqdan, bəziləri isə yaxından yaxşı görünür. Dostluqdan təkcə zövq almaq yox, həm də faydalanmağa çalışın. Dostluğu üç keyfiyyət birləşdirir- birlik, mehribançılıq və sədaqət.
-Müsahibinizlə ehtiyatlı olun. Bilin ki, sözü ağızdan çıxartmaq asandır, nəinki tutub saxlamaq. Kim ki, müsahibə zamanı asanlıqla açılışırsa və hər şeyi deyirsə, həmin insana qalib gəlmək asandır.
-Xahiş edəndə ehtiyatlı olun. Bilin ki, kimə və nə üçün xahiş edirsiz. Ola bilər ki, çox inandığınız bir adama və ya dostunuza elə bir xahiş edərsiz ki, onu yerinə yetirə bilməz. Və sonra həmin adama və ya dostunuza inamınız itər. Çünki yaxın bildiyiniz adama inamın itməsi çox pis şeydi.
-Özünüz-özünüzə köməkçi olun. Bilin ki, çətin anda insana ən yaxın yoldaş öz ürəyidir. Əgər ürəyiniz zəifdirsə, onda başınız, ağlınız ona köməklik etməlidi.
Mərdanəliyinizlə taleyin zərbələrinə dözüb, ağlınızla qələbə çala bilərsiniz. Atalar isə bu haqda belə deyib : “Ağıl olan yerdə gücə heç bir hacət yoxdur”.
-Seçmə dostlarınızı seçmə işlərə saxlayın. Xırda işlərə çox vaxt sərf eləsəniz, böyük işlərə nə qalar? Bilin ki, yaxşı dostların olması, pulun olmasından çox vacibdir.
-İtiriləsi bir şeyi olmayanla əlaqəyə girməyin. Yoxsa illərlə qazandığınız hörməti və var- dövləti bir göz qırpımında itirə bilərsiz.
-Çox sadəlövh olmayın. Yoxsa sizdən hər kəs öz məqsədi üçün istifadə edər. Onda hörmət qazanmaqdansa, başqaları tərəfindən nifrət qazanarsız.
-Edəcəyiniz iş bərəsində əvvəlcədən danışmayın. Nəyi danışırsınızsa onu eləməyin.
-Yalan danışmayın və bütün həqiqətləri də açıb tökməyin.
-Aldanırsınızsa sizi sadəlövhf hesab edəcəklər. Aldadanı isə əclaf sayacaqlar. Bu daha pisdir. Ona görə də çalışın ki, heç kimi aldatmayasız.
-Tərslik eləməyin. Bilin ki, bütün axmaqlar tərs olurlar, bütün tərslər isə axmaq.
-İki dəfə qələbə çalmağa adət eləməyin. Yəni bir dəfə mübahisədə və bir dəfə də işdə.
-Özünüzü göstərməyə çalışmayın. Bilin ki, özündən müştəbeh olmayanlara hamı xeyirxah adam deyir: “ Bar gətirən ağac həmişə başını aşağı dikir, bar gətirməyən isə…”.
-Başladığınız işə bir dəfə cəhd göstərməklə kifayətlənməyin. Çünki birinci dəfədə səhv buraxmaq asandır. Sonra isə adam səhv etməməyə çalışır.
-Vicdanlı adamın gözləri hər şeyi deyir. Ona görə də adamlarla söhbət edən zaman və onlara qulaq asanda gözlərinə baxın.
-Siyasət oyununa girməyin. Onu da bilin ki, siyasət, bir palçıq gölüdür. Çamurluqdur. Həvəslənib asanlıqla şöhrət qazanmaq, gündəmdə qalmaq istəyən çoxları ora girirlər, amma əksəriyyəti də orada batırlar. Çünki siyasət, bicliklə giclik arasında çox maraqlı, peşəkar ustalıq tələb eləyən bir oyundur. Bu oyunu da hər adam bacarmaz.
-Əgər başqalarına liderlik eləmək istəyirsinizsə və adamları öz ardınızca aparmaq istəyiniz varsa, onda hökmən özünüzdə bu keyfiyyətləri təlqin etməlisiniz. İlk öncə yüksək erudisiyaya malik olmalısız. İkincisi, insan psixologiyasını və hər insanın dəqiq xarakterini mükəmməl öyərənməlisiz. Üçüncüsü, yüksək mədəniyyətə malik olmalısız. Dördüncüsü, yüksək fəlsəfi dəyərləriniz olmalıdır. Beşincisi, yüksək nitq qabiliyyətiniz olmalıdır. Bütün bunların önündə isə sözünüzlə əməliniz bir-birini tamamlamalıdır.
-İnsanlar hər şeydən şikayət etməyi xoşlayırlar. Vaxtın azlığından, gün-güzarandan, pis yaşayışdan, etibarsızlıqdan və sairə. Amma heç kim öz ağlından şikayət etmir. Bax həyatda ən böyük faciə budur.
İnsanın özünü tanıması və dərk etməsi çox böyük elmdir. Bu elmi isə insan gərək yaranışından qocalığına qədər öyrənsin. Ulularımız insanla bağlı çoxlu atalar sözləri fikirləşiblər: “İnsan məxluqatın əşrəfidir. İnsan daşdan bərk, güldən zərifdir. İnsan olmayan insan qədrini bilməz. İnsan dostunu, düşmənini tanımalıdır. -İnsanın dəlisi daşa güc eylər, heyvanın dəlisi başa. İnsanın dili sandıq, dodaqları qıfıl olmalıdır. İnsanın gözünü bir ovuc torpaq doldurur”.
-İnsan gərək insana gərək olsun,
İnsan gərək hər an gərək olsun.