Mədəniyyət

  • 8 865

Muğamın caz musiqisinin əzəmətli sənətkarı - TƏHLİL

image

Azərbaycan musiqi sənətində caz musiqisinin banisi kimi tanınan Vaqif Mustafazadəni yaradıcılıq uğurları hər zaman izlənildiyindən, o, milli sənət nümunəsini, eləcə də, istedada malik ifaçılığını göstərə bilmişdir. Yaradıcılıq yolu qısa, tələm-tələsik olsa da, bu məsafədə sənətkarın müdrik addımları ona əsrlər qədər bir ömür verdi. Zamanının saatı ömür yolunda dayansa da, səslənən musiqisi hələ də onun həyat yolunun ritminin ahəngində vurur. Hər notunda canlı varlıq tək görünür, hiss edilir. Vaqif dünyası böyük və əzəmətli bir aləmdir. Bu aləmin açarı onun yaradıcılıq yolunun girdabına daxil olarkən, daha aydın və bənzərsiz olur. Caz-muğam üslubunun banilərindən biri olan Vaqif Mustafazadə zaman anlayışına sığışmayan bir insan ömrü yaşadı. O, gözəl pianoçu olmaqla yanaşı, həm də çoxsaylı caz əsərləri yaratmış istedadlı bəstəkar kimi yaddaşlarda qaldı.

Martın 16-sı Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaratmış dünyaşöhrətli cazmen Vaqif Mustafazadənin doğum günüdür. İfası, novatorçuluğu ilə Azərbaycan caz musiqisinə yeni, orijinal üslub bəxş edən sənətkar yaşadığı qısa bir zaman məsafəsində dünyanı musiqisi ilə heyrətləndirə bildi. Yaradıcılığa kiçik yaşlarından başlayan Vaqif Mustafazadənin sənət uğurları məhz onun sənət səhifələrini bəzədi. Belə ki, sənətkar musiqisi ilə dünyaya səs saldı. Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin yaradıcısıdır. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaratmışdır. Onun yeni devizi caz-muğam adlanır. Sənətkarı Azərbaycan muğam caz hərəkatının memarı da adlandırırlar. Vaqif Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinə daxil olduqdan bir il sonra 1958-ci ildə Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində solist kimi əmək fəaliyyətinə başlayır. 1964-cü ildə o, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur və 1965-ci ildə Tbilisiyə köçür. Onu "Orera" ansamblına musiqi rəhbəri vəzifəsinə dəvət edirlər. Burada caz festivallarında və konsertlərdə müvəffəqiyyətlə çıxış edir. Tallində keçirilən Ümümdünya Caz Musiqisi Festivalında o, bir neçə kompozisiyanı ifa edir və maraqla qarşılanır.

Tərcümeyi-halında qeyd olunduğu kimi, 1968-ci ildə Azərbaycanın musiqi aləmində yüksək nüfuza malik olan məşhur bəstəkar, Azərbaycanın mədəniyyət naziri Rauf Hacıyevin təkidi ilə Vaqif Mustafazadə Tbilisidən Bakıya qayıdır. Doğma Bakı, İçərişəhərin dar küçələri, burada keçirdiyi uşaqlıq illərinin unudulmaz xatirələri, tanış insanların mehriban çöhrələri Vaqif üçün sanki yeni ilham mənbəyinə çevrildi və o, yaradıcı fəaliyyətinin yeni mərhələsinə qədəm qoydu. Beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olur.

Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının, bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. 1970-ci ildə "Leyli" vokal kvartetini yaradır. Qısa müddətdə bu qrup bakılı musiqisevərlərin böyük rəğbətini qazanır. Bir il sonra 1971-ci ildə bəzi səbəblərə görə "Leyli" vokal qrupunun tərkibi və adı dəyişir. Bu dəfə "Sevil" adlanan qrup tamaşaçılara daha doğma, daha yaxın olur. Bu dövrdə müxtəlif mahnı və melodiyaların caz üslubunda yazılışları və videokliplərin təşkili işləri üzərində işləyən Vaqif Mustafazadə özünün həm də bacarıqlı, öz işini gözəl bilən və düzgün yol göstərən musiqi rəhbəri olmasını sübut etdi. O öz kompozisiyalarında tez-tez dünya və Azərbaycan klassiklərinin yaradıcılığına müraciət edir və onlardan bəhrələnirdi. Azərbaycan bəstəkarlarının əsərlərinə hədsiz rəğbət bəsləyən Vaqif Mustafazadə dahi Üzeyir Hacıbəylinin sənətkarlığı qarşısında baş əyir, Qara Qarayev, Fikrət Əmirov, Niyazi kimi peşəkar bəstəkarların yaradıcılığına böyük hörmətlə yanaşırdı.

1971-ci ildən 1977-ci ilə kimi "Sevil" vokal-instrumental qrupuna, 1977-ci ildən 1979-cu ilə kimi "Muğam" instrumental qrupuna başçılıq edir. Ansamblın belə adlanması heç də təsadüfi deyildi. Vaqif caz və muğamın incə sintezini ilk baxışda bir-birinə tam əks olan Şərq və Qərb aləmlərini birləşdirən musiqini çoxsaylı sənətsevərlərin yaddaşında əbədi həkk etdi. Kollektivdə işləyən peşəkar musiqiçilər ondan çox şey öyrənmişdilər. Bu, sözün həqiqi mənasında, yüksək musiqi məktəbi və öz üzərində daimi iş illərinin idi.
1978-ci ildə Monakoda keçirilən 8-ci Beynəlxalq Caz Festivalında "Əzizəni gözləyirəm" musiqisinə görə birinci mükafatı almışdı. 1979-cu ildə Azərbaycanın əməkdar incəsənət xadimi adına, 1982-ci ildə isə ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür. O, fortepiano konsertlərinin, "Muğam" simfoniyası və başqa fortepiano şedevrlərinin müəllifidir. Lakin bütün bunlar Vaqifin öz övladlarından - iki qızından ötrü həqiqi sənət adamının nümunəsi və etalonu olmasına, onlara gözəl tərbiyə və əla musiqi savadı verməsinə mane olmadı. Gürcüstanda keçirilən "Tbilisi 78" Ümumittifaq Festivalında Vaqif kiçik qızı Əzizə ilə birlikdə çıxış edirdi. Bu festivalda Vaqifin laureat adına layiq görülməsi, səkkiz yaşlı Əzizəyə isə festivalın xüsusi mükafatının verilməsi hər ikisinin qəlbində hədsiz qürur və sevinc hissləri oyatdı. O vaxt Vaqif bəlkə də heç təsəvvür edə bilməzdi ki, gənc Əzizə onun arzularını həyata keçirəcək, dünya şöhrətli musiqiçi olacaq.

Təəssüf ki, Vaqif dünya caz səhnəsində çıxış edib öz məharətini göstərə bilmədi. Dövrün sərt qanunları çoxlu maneçilik və çətinliklər törədirdi. Yalnız bir dəfə, 1979-cu ildə Vaqifin Monakoda keçirilən Ümumdünya Caz Musiqi Müsabiqəsinə göndərdiyi "Əzizəni gözləyərkən" adlı kompozisiya, müəllifinin bütün dünya musiqiçiləri ilə rəqabət apara biləcəyini sübut etdi. Vaqif kompozisiyasının müsabiqədə birinci yer tutması, özünün isə dünya miqyaslı musiqiçilər arasında ən yaxşı ifaçı adına layiq görülməsi xəbərini alanda, bəlkə də ömrünün ən həyəcanlı və xoşbəxt anlarını yaşadı. Müsabiqədə qalib gəldiyinə görə ona hədiyyə kimi, sülh və həyat eşqinin rəmzi, sırf musiqi rəmzi olan "Ağ royal" verilmişdi. Vaqif Mustafazadənin musiqisi, bax, belə musiqi idi.

Azərbaycanda sosializm siyasətinin və sərt qaydaların hökm sürdüyü, heç də asan olmayan o illərə bu günümüzün prizmasından baxanda başa düşürük ki, Vaqif Mustafazadə kimi qeyri-adi, heç kəsə bənzəməyən pianoçu və bəstəkar üçün o dövrdə yaşamaq və işləmək heç də asan deyilmiş. Vaqif şəxsiyyətinin ətrafında həmişə çoxlu mübahisə və polemikalar olub, onun sağlığında da, ölümündən sonra da. O, cəmiyyətin yaratdığı stereotiplərə tabe olmurdu. Onun əsər və improvizasiyaları bu gün həm peşəkar caz musiqiçiləri, həm də onun işini davam etdirməyə cəhd göstərən gənclər tərəfindən diqqətlə təhlil və müzakirə edilir. Vaqif Mustafazadə öz zəmanəsinin inqilabçısı və görkəmli şəxsiyyət idi. Gerçəkliyi qəbul etmək istəməyənlər daha canfəşanlıqla onun əleyhinə təbliğat aparsalar da, o, sənətdə bir etalon oldu. Vaqifin yaradıcılığını milli musiqimizə, muğama xəyanət kimi qiymətləndirənlər bununla da kifayətlənmirlər. Vaqifin televiziyada solo-konsert vermək cəhdi dəfələrlə boşa çıxır. Vaqif bu ədalətsizliyin, haqsızlığın fövqündə dayansa da, gündən-günə gərilən əsəblər özünü büruzə verir.

1979-cu il dekabrın 15-də Vaqif "Muğam" qrupu ilə birlikdə Daşkənd şəhərində növbəti qastrollarda idi. Konsertin birinci hissəsi zamanı hiss etdi ki, barmaqları sözünə baxmır, nəfəsi təngiyir. Həkimlər konsertin davam etdirilməsini məsləhət görmədilər, lakin Vaqif öz fikrindən dönmədi və ikinci hissədə çox gözəl ifa edib, çıxışını sona çatdırdı. Bu, Vaqif Mustafazadənin həyat eşqi və enerjisi ilə dolu insanın, Azərbaycan caz musiqisinin əfsanəsinin son konserti oldu.

Vaqif Mustafazadə yaratdığı əsərləri ilə Azərbaycan musiqi irsinə böyük töhfələr vermiş və bu gün onun əsərləri sənəti qiymətləndirən və musiqi zövqü olan insanlar tərəfindən böyük məhəbbətlə dinlənilir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər