PDF Oxu

Mədəniyyət

  • 7 123

İbrahim Yusifoğlu: həyata yalnız poetik baxışla…

image

Deyirlər, şair olmaq asan deyil. Gərək həyatı duya biləsən. Gərək həyata başqalarından fərqli baxa biləsən. Baxmaq kifayət deyil, gərək həyatı görə biləsən. O şeyləri görə biləsən ki, onları misralara sıralaya, qafiyələrə ala biləsən. Həm şeir yaza, həm yazdıqlarınla duyğulu anlar yarada, həm də oxucunu poetik dünyaya qonaq edə biləsən. Oxunduqca ruha qanad verə, oxunduqca su kimi axa düşüncələrə şeirin. Bax, bu zaman şair ola bilirsən…

70 yaşının 55-ini həyata yalnız poetik baxışla baxan, gördüklərini söz və qələmin öhdəsinə verərək duyğulu şeirləri onlardan təhvil alan, oxunaqlı yaradıcılığı ilə böyük oxucu kütləsi qazanan İbrahim Yusifoğlundan söhbət açmaq istəyirəm. Və elə söhbətin başlanğıcında İbrahim müəllim haqqında akademik İsa Həbibbəylinin bir neçə cümləlik dəyərli fikirlərini xatırlamaq yetər ki, oxucu kimdən söhbət getdiyini bəri başdan anlasın: İbrahim Yusifoğlu milli şeirimizin istedadlı və daim axtarışlarda olan nümayəndələrindən biridir. O, şeiri vərdiş, yaxud mütaliədən çox istedadla təbii ilhamın axarında yazan şairlərdəndir. İstedad İbrahim Yusifoğluna həyatı və insanları şairanə şəkildə, poetik görkəmdə duymaqda və görməkdə bələdçilik edir. İbrahim Yusifoğlunda zəhmət faktoru istedad amili ilə vəhdətdədir. Uzaq dağ kəndində, təmiz və səfalı, çiçəkli, bulaqlı təbiətin qoynunda böyüyüb boya-başa çatan, bütün kənd uşaqları kimi mənsub olduğu ailənin təsərrüfat həyatında mükəmməl zəhmət dərsləri keçmiş İbrahim Yusifoğlunun yaradıcılığında istedad şeirin ruhu və qanadı, zəhmət isə mahiyyəti və bəzəyidir. Sözlərdən, fikirlərdən, orijinal bədii təsvir və ifadə vasitələrindən şeirin “inşaat materialları” kimi özünəməxsus şəkildə, yaradıcılıqla faydalanmağı bacaran İbrahim Yusifoğlu sanki ilhamlı şeirlərinin istedadlı və zəhmətkeş bənnasıdır. Onun qələmindən çıxmış ən yaxşı şeirlər yaratdığı poeziya sarayının kərpicləri kimi uzunömürlüdür. “Ruhuma bircə bu yağış doğmadı” şeirində etiraf etdiyi kimi:

Mənim şeirlərim könül varımdı,

Onlarda həm sevinc, kədər varımdı.

Qəlblərə ələnən yağışlarımdı,

Ruhuma bircə bu yağış doğmadı.

İbrahim Yusifoğlunun qəlblərə yağış kimi ələnən yaradıcılığında diqqəti çəkən ən maraqlı məqamlardan biri onun Vətən mövzusu və vətənpərvərlik ruhunda yazdığı şeirləridir. Vətən, onun hər bir yurdu üçün ürək çırpıntılarını dinləmək olur bu misralarda. Xüsusilə də anası Azərbaycandan bir qərinə aralı düşən yurd yerlərimizdən bəhs olunan şeirlərdə. Uzun illərin ayrılığı köksünü yandıran şair 2016-cı ildə “Mənim dərdim dərdləşməli dərd deyil”, -deyirdi:

Bu yerlərə ermənilər gələli,

Parçalandı torpaqların zər-ləli.

İrəvanlı, zəngəzurlu, göyçəli-

Neçə elim əldən getdi, bəs deyil?

Mənim dərdim dərdləşməli dərd deyil.

Gücü yoxdur, arxasına güvənir,

Sözü yoxdur, darğasına güvənir,

ATƏT adlı “qarğasına” güvənir,

BMT-nin qərarları şərt deyil,

Mənim dərdim dərdləşməli dərd deyil.

Şairin yaradıcılığında düşmən tərəfindən vaxtilə işğal edilmiş ərazilərimizlə bağlı onlarla tarixi hadisəni, xalqın nisgil və kədərini, erməni acgözlüyünü ifadə edən anları ürək yanğısı ilə oxuyuruq. Və oxuduqca da qürur duyuruq ki, nə yaxşı, bu hadisələr, bu anlar misralanıb. Axı onların hər biri gələcək nəsil üçün bir xatırlatma olacaq.

Torpaqlarımızın azad olunmasına bir vətəndaş qayəsi ilə yanaşan, bunu hər kəs kimi ürəkdən arzu edən şairi 2020-ci ildə ayrı bir əhval-ruhiyyədə görürük. O, arzusuna çatmışdır. İllərlə şeirləri ilə dərdləşdiyi, oxucuları ilə bölüşdüyü ələm-kədəri artıq geridə qalmışdır. Odur ki, 2020-ci ildə Qarabağda əldə etdiyimiz tarixi Zəfəri İbrahim müəllimin əsrarəngiz misralarında oxuyuruq:

Nəğmələrin müqəddəsi, ulusu,

Meyvələrin ən şirini, sulusu,

Bulaqların ayna kimi durusu.

Zəfər nəğməsi.

Döyüşlərdə dönər dəmir yumruğa,

Haya yetən xilaskar quş Simruğa,

Səslənəndə el qarışar xoş çağa,

Zəfər nəğməsi.

Qarabağın tacı Şuşanın işğaldan azad olunduğu gün isə şairi bir başqa sevincli görürük. O, əlinə qələm alıb duyğularını dilə gətirir:

Dünyanın müqəddəs günüdür bu gün,

Xoş müjdə qəlbləri gətirir cuşa.

Gözlər bulaq kimi coşub-çağlayır,

Bu gün anasına qovuşur Şuşa.

Və yaxud:

Nə qədər qəlbləri sevgisi sarmış,

Ali Baş Komandan bəxtini yazmış,

Bütöv Azərbaycan Şuşaya yarmış,

Hamısı bir olub qalxdı ayağa,

Vəhşi caynağından qurtardı Şuşa.

Böyük Zəfərdən iki il əvvəl-2018-ci ildə isə Günnüt əməliyyatından sonra Günütün azad olunması şairin duyğularını dilə gətirmişdi. Bütün bunları oxuduqca İbrahim müəllimin həm də bir tarixçi kimi hadisələri izləməsini, hadisələrin poetik xronologiyasını yaratdığının şahidi olursan:

Salam Oğuz eli-Vətən torpağı,

Salam, Dədə Qorqud gəzən Günnütüm,

Düşmən caynağında qalan çağları,

Halı qəlbimizi üzən Günnütüm.

…Salam, Naxçıvanın əzəl torpağı,

Salam, Xan çinarın solmaz yarpağı,

Ən uca zirvədə Vətən bayrağı,

Düşməni köksündə əzən Günnütüm,

Qeyrəti dillərdə gəzən Günnütüm.

Azərbaycan xalqının mənəvi xilaskarı, xalqın əmin-amanlığı uğrunda ömrünü şam kimi əridən Ulu Öndər Heydər Əliyevin Azərbaycanı müstəqil, bütöv, xalqı xoşbəxt görmək arzusunu şairin yaradıcılığı boyu izləmək mümkündür. Odur ki, şair bu qənaətə gəlir:

Bir insan ömründən söz açıram mən,

O, Günəş ömrüdü, sönməyəcəkdir.

Səadət verdiyi milyonlar qəlbən,

Onun haqq yolundan dönməyəcəkdir.

İbrahim Yusifoğlunun adı çəkiləndə adamın gözləri önündə şeir bəndləri, misraları canlanır, qulaqlarında şeir səslənir. Bayaqdan bəri İbrahim müəllimin bir qəzet yazısına sığmayacaq ziyalılığı, alimliyi, insanpərvərliyi, səmimiliyi, dostcanlı olması barədə də danışmaq istəyirəm, lakin şeiriyyət dünyası buna imkan vermir. “Axı ondan yazmadım, axı o qaldı” kimi fikirlərlə bir də baxıb görürəm ki, şairin bu kimi dəyərli keyfiyyətlərindən heç söhbət açmamışam ki, mən. Və buna əslində narahat da olmuram. Ona görə ki, elə bayaqdan bəri danışdıqlarımın hər biri İbrahim müəllimin özüdür də. Onun şeirləri onun ruhu, insanpərvərliyi, səmimiyyəti, ziyalılığı, Vətənə, torpağa bağlılığı, vətənpərvərliyidir. Bütün bunlar ümumilikdə onun xarakterini formalaşdırmırmı?..

Şeirləri onun həyat hadisələrinə baxışıdır. Bu baxışda bir alim gözü, tarixçi nəzəri, coğrafiyaçı fikri var ki, belə cilalanıb misralarda…

Onun şeirləri təbiətə-dağa-daşa, qayaya, çəmənə, gül-çiçəyə sevgisidir. Dağın qüruru, qayanın ucalığı, çəmənin sevdası, gül-çiçəyin gözəlliyidir. Bütün bunları duyaraq misralara süzmək şairin bütün insanlara, dost-tanışa, yaxın-uzaq qohumlara səmimiyyəti, nəvazişidir.

Onun şeirləri uşaqlara sevgi ilə doludur. Azərbaycanda çağdaş dövrdə uşaq ədəbiyyatı, uşaq şeirləri çox az yazılan vaxtda İbrahim müəllim uşaqlara poetik duyğularını hədiyyə edən azsaylı şairlərdəndir. “Futbolçu, topçu, göpçu”, “Arpaçayın uşaqları”, “Azərbaycan Vətənimdir”, “Vətən nəğməsi”, “”Göy yerə zəng eyləyir”, “Qıymayın uşaqlara”, “Seçilmiş əsərləri-2” adlı kitabları balaca oxuculara bir baba hədiyyəsidir.

Söhbətin bu yerində Muxtar Kazımoğlunun İbrahim müəllim haqqında söylədiyi fikirləri xatırlamaq da dediklərimizi təsdiqləyir: üzərində addımladığı torpağı, çəməni, çölü, dağı, dərəni ürəkdən sevmək və onlarda poeziya axtarmaq duyğusu İbrahim Yusifoğlunun bir çox şeirləri üçün səciyyəvidir. O da səciyyəvidir ki, təbiətin hər hansı bir “məhəlli” guşəsinə müraciət edən müəllif həmin guşəni bu və ya digər yolla ümumiləşdirib Vətən timsalında, Vətənin bir parçası şəklində təqdim edir. Təkcə Vətən mövzusu yox, digər mövzuların da bədii həlli İbrahim Yusifoğlu şeirində məhz ümumsosiala doğru istiqamətləndirmə vasitəsilə ortaya çıxır.

Bir sözlə, hər kəs sənəti, peşəsi, gördüyü işlə tanındığı kimi, İbrahim müəllimin də yaradıcılığı onun tanıtmaq üçün özü danışır. Odur ki, bayaqdan bəri danışdıqlarımız İbrahim müəllimi tanımaq, ona qiymət vermək üçün yetərlidir.

Qarşıdan isə şairin 70 illik yubileyi gəlir. Ömrün bu uca zirvəsində ona can sağlığı, yaradıcılıq uğurları arzulayırıq. Qoy bu zirvədən şeir dünyasına baxan şairin daha gözəl şeirlərini oxuyaq.

Mətanət Məmmədova

Digər xəbərlər