Mədəniyyət

  • 4 554

Qarabağın inciləri: Şuşanın “dürrü yekta”sı – I YAZI

image

Qarabağın suyunu içənin mütləq bir istedadı var – yazan, yaradan, bəstələyən, oxuyan, ixtira edən...

Azərbaycanın incisi, 30 il əlçatmaz, ünyetməz qalan, təpədə göz, gözdə bəbək Qarabağa deyilən oxşamalar, oxunan bənzətmələr, həsr edilən şeirlər, mahnılar hüsnünü vəsf etməyə yetməyib. Qarabağ həm təbiəti, həm maddi, həm mənəvi sərvəti ilə hər zaman ora səyahət edənlərin marağını cəlb edib. Qarabağın suyundan içib, çörəyindən yeyən əksər sakininin mütləq seçilən, bəyənilən bir bacarığı olub. Səsi ilə insanları heyrətləndirən, qəzəlləri ilə ağladan, yaradıcılığı ilə milli ədəbiyyata misilsiz töhfələr verən bir çox məşhur insan bu torpaqlarda doğulublar. Silsilə yazılarımızda Qarabağın misilsiz insanlarından, ədəbiyyata, incəsənətə, elmə bəxş etdiyi tanınmış simalarından danışacağıq.

İlk yazımızın mövzusu Qarabağın incisi Şuşanın havasını udan, suyunu içən, elə Şuşaya göstərdiyi xidmətlər arasında su töhfələri olan Mehdiqulu xan qızı Xurşidbanu Natəvandır. O, 6 avqust 1832-ci ildə Şuşada anadan оlub. Xan ona öz anasının adını verir, yeganə qızını həm də “dürrü yekta”, yəni "tək “inci" deyə çağırır. El arasında çox sevilən Xurşidbanuya əhali “Xan Qızı” deyə müraciət edirmiş. Xurşidbanu bütün Şuşanın qızı kimi sevilir, dəyər görür.

Xan qızı ilk evliliyini Vоrоntsоvun şəxsi yavəri Xasay bəy Umsiyevlə edib. Lakin Xasay bəyin daimi Dağıstanda yaşamaq istəyi onların ailəsinin sonu olub, Xan qızı iki övladı ilə Qarabağda qalmağı seçib və onlar ayrılıblar. Banu bundan sonra sadə bir şuşalı papaq sənətkarı ilə ailə qurur, daha 3 övladı olur. Ömrünü Şuşanın abadlığına, əhalinin rifahına həsr edən Xurşidbanu xüsusilə Şuşadan yeddi kilometr aralı olan Sarı Baba təpəsindəki su mənbəyindən şəhərə su kəməri çəkdirdiyi üçün yerli əhalinin təqdirini qazanır. O, sonra böyük su anbarı tikdirir, hovuz, hamam və buzxana inşa etdirir.

Banunun oğlu Mehdiqulu xana qırx gün qırx gecə toy çaldırması tarixi qaynaqlarda qeyd edilib. Bu toyda XIX əsrin məşhur xanəndələri, aşıqları iştirak ediblər. Toy üç hissədən ibarət olub. Birinci məclisə əsilzadələr, ikinci məclisə sənətkarlar, üçüncü məclisə isə yoxsullar dəvət olunub. Adətə görə qadınlar gündüz, kişilər axşam toya gələrdilər. Bu toyun ən yaddaqalan məqamlarından biri də budur ki, Xan qızı qırx gün qırx gecə Qarabağın bütün kasıb kəndlilərinə yemək paylayıb, hər dəvət etdiyi adama bəxşiş bağışlayıb. Dövrün toylarının əksinə olaraq bu toyda xələt, nəmər yığılmamış, əksinə, Xurşidbanu özü qonaqlara hədiyyələr paylayırmış.

Xurşidbanu Natəvanın həyatındakı maraqlı faktlardan biri də onun 1858-ci ildə onun Bakıda məşhur fransız yazıçısı Aleksand Düma ilə görüşməsi olub. A. Dümanın "Qafqaza səyahət" kitabında bu görüş haqqında məlumat öz əksini tapıb. Aleksandr Düma 1858-1859-cü illərdə Qafqaza səfəri zamanı Azərbaycan ərazisində də olub, Bakı məhəllələrinin birinin polis rəisi Piquliyevskinin evində qonaq olarkən Xurşidbanu və onun ilk həyat yoldaşı knyaz Xasay Usmiyevlə tanış olur. Düma Natəvanla şahmat oynayır və Natəvan Dümanı mat edir. Həmin vaxt Natəvanın 26, Dümanın isə 56 yaşı vardı.

Bu qələbə Dümanı çox heyrətləndirir. Gənc bir qadının, üstəlik həmin dövrün şərtləri ilə yaşayan bir qafqazlı xanımın bu cür ağıl və məntiq oyununda ona qələbə çalması böyük yazıçıda heyranlıq doğurur. Düma bu münasibətlə Parisdən gətirdiyi Napoleonun büstünü və fil sümüyündən düzəldilmiş zərif şahmat fiqurunu ona hədiyyə edib. Xasay xan Usmiyev isə Dümaya, Natəvanın öz əlləri ilə toxuduğu bir pul kisəsi və iki arxalıq bağışlayır. Onların bu görüşünü rəssam Çingiz Mehbalıyev “Xurşidbanu Natəvan və Aleksandr Dümanın şahmat oyunu” adlı rəsm əsərində məharətlə kətana köçürüb.

Xurşidbanu yaradıcılığa XIX əsrin 50-ci illərindən başlayıb. Onu kədərli qəzəllər, şeirlər yazmağa dərd vadar edir. Oğlu Mir Abbasın 17 yaşında vəfatı Xan qızına ağır təsir edir, bir müddət özünə gələ bilmir. Oğlunun ölümündən sonra kədərli şeirlər yazmağa başlayır və özünə sonralar Natəvan təxəllüsünü götürür. Natəvan sözünün mənası tabdan, taqətdən düşmüş, zəif, gücsüz deməkdir. Bu təxəllüs onun ana qəlbini, ruhunu tam ifadə edirdi. Oğlunun vəfatından sonra bir daha əvvəlki şuxluğu geri qayıtmır.

Natəvanın yaradıcılığa başladığı ilk vaxtlar “Xurşid” imzası ilə yazdığı şeirlərin əksəriyyəti itib-batıb, çox az hissəsi günümüzə gəlib çatıb. Natəvan təxəllüsü ilə 1870-ci ildən etibarən yazıb. O, eyni zamanda rəssamlıqla da məşğul olub, həmçinin gözəl əl işləri, müxtəlif janrda tikmələri olub. Onun çəkdiyi şəkillərin toplandığı “Gül dəftəri” Əlyazmalar İnstitutunun arxivində saxlanılır. Bu görüş haqqında Aleksandr Düma “Qafqaz səfəri” əsərində yazır. 68 fəsildən ibarət səyahətnamənin yarıdan çoxu Azərbaycana həsr olunub, yerli əhalinin qonaqpərvərliyindən, mehribanlığından bəhs olunur.

Natəvanın övlad dərdi onu yatağa salır, iztirabları getdikcə şiddətlənir və o, 1897-ci il oktyabr ayının 1-də Şuşada, 65 yaşında ikən vəfat edir. Dəfn mərasimində iştirak edən yerli camaat onlara həmişə qayğı göstərmiş, xalqın problemini özününkü bilən, onların hər çətinliyinə kömək göstərən Xan qızına hörmət əlaməti olaraq, şairənin cənazəsini Şuşadan Ağdama qədər piyada, çiyinlərində aparıb. Xan qızı Ağdamda “İmarət” deyilən ailə qəbiristanlığında dəfn olunub. Onun haqqında Məmməd Rahim "Natəvan" poemasını, İlyas Əfəndiyev "Xurşidbanu Natəvan" pyesini, Vasif Adıgözəlov — "Natəvan" operasını, Rauf Adıgözəlov — "Qərənfil" romansını yazıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərində Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın abidəsi qoyulub. Xurşidbanu Natəvana daha bir abidə Fransanın Evian-le-Bən şəhərində Leman gölü sahilindəki “Azərbaycan parkı”nda ucaldılıb. Xurşidbanu Natəvanın Şuşadakı qəbirüstü abidəsi ermənilər tərəfindən gülləylə deşik-deşik edilib, dəmir tullantısı kimi Gürcüstana satılmışdı. Azərbaycan dövləti abidəni Gürcüstandan bir neçə il bundan əvvəl alaraq Bakıya gətirdi. Hazırda Ramiz Mustafayev adına İncəsənət Muzeyinin həyətində saxlanılan heykəlin müəllifi Namiq Dadaşovdur. Heykəltaraş Ömər Eldarovun hazırladığı heykəl də Bakıda ucalır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “azərbaycançılıq ideyasının təbliği” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər