Mədəniyyət

  • 1 804

Əhsən zirvəsi

image

Bir əsrin zirvəsində dayanan, lakin bu zirvəyə doğru yolun düz yarısında həyatla bağları qopan Azərbaycanın böyük novator tarzəni, Azərbaycan SSR əməkdar artisti Əhsən Dadaşovun qısa ömrünün mənası ondadır ki, o, yaşadığı ömürdən sonrakı ömrünə də pay verib onu da yaşada, həm də ölümsüzləşdirə bilib. Bu, heç də hər kəsə nəsib olmayan səadətdir. Hələ neçə-neçə yüzilliklər ötəcək, bu yüzilliklərlə Əhsən Dadaşov şəxsiyyəti və sənətkarlığı ötən nəsillərə nümunə ola-ola daha yüksək zirvələrə qalxacaq. Çünki o, sağlığında ölümsüzlük zirvəsini fəth edib və adını oraya qızıl hərflərlə yazıb: Əhsən zirvəsi.

Əhsən Dadaşovun bu qədər istedadlı, qeyri-adi tarzən olması əslində heç də təsadüfi deyil. “Ot kökü üstündə bitər”,- deyib müdriklərimiz. Bu kəlam tək bir nəslin deyil, bir xalqın da zaman-zaman kökü üstündə var olmasını özündə ehtiva edir. İnsan övladı öz ata-baba kökü üzərində təşəkkül tapdığı kimi, belə sənətkarlar da özlərindən əvvəlki illərdə, əsrlərdə yaşayan böyük sənətkarların kökü üzərində rişə tapır. Axı bu xalqın Mirzə Sadıq (Sadıqcan), Mirzə Mansur Mansurov, Məşədi Zeynal Haqverdiyev, Məşədi Cəmil Əmirov, Məmmədxan Bakıxanov və digər mahir tarzənləri olub. Əhsən Dadaşov kimi də davamçıları olacaqdı. O Əhsən Dadaşov ki, dövrünün tamamilə fərqli xarakterdə olan şəxsiyyəti idi: əsl insan, əsl sənətkar. Onu başqalarından fərqləndirən də elə bu cəhətlər idi. Bir də alın yazısı fərqli idi. Bu alın yazısında repressiya qurbanı ata vardı, xərçəng qurbanı övlad vardı. Hələ xərçəngin yarımçıq qoyacağı daha bir dəyərli ömür də vardı. Bəlkə elə bunlara görə idi ki, onun barmaqları tarın simləri üzərində gəzərkən sanki bu alın yazısının acı duyğularına təmas edir və hər dəfə sarı simə asanlıqla toxunmaqla minlərlə tamaşaçı ürəyinə yol tapa bilirdi...

Sarı simdən söz düşmüşkən...

Sarı sim... O, ürəkdən ürəyə yoldur. Bu sim sənətkarın öz ürəyindən dinləyici ürəyinə saldığı duyğu yoludur. Onlarla tar ifaçısı keçib Azərbaycan musiqisindən. Onlar arasında sadəcə ifaçı olaraq qalanlar da olub, tarzən adını alanlar da. Lakin tarzən olmaq da sarı simə toxunmaq demək deyil ki... Kim sarı simə toxuna bilir? İfasında birinci öz ürəyinə toxunan sənətkar. Öz ürəyinə toxunmadan bu duyğu yolunu çəkə bilməzsən. Odur ki, çox sənətkar tarı ürəyi üstünə sıxıb, lakin əlindəki mizrab sadəcə simlərə toxunub, sarı simi tapa bilməyib. Onu tapmaq ürəyin işidir, onu görmək üçün gərək ürəyinin gözü olsun: görsün, sarı simə vursun, duyğu yaratsın ki, duyğu yolu da çəkilə bilsin...

Kim deyər, tək bircə kimsə ki, Əhsən Dadaşovun “Şur”u onun könlünü sızlatmayıb, ürəyindən su içib gözündən axan damla-damla yaşa çevrilməyib? Onun barmaqları bu təsniflə sarı simə toxunanda ürəklər riqqətə gəlib ötən xatirələri bir kino lenti kimi gözlər önündə canlandırmayıb? Kiminin nakam taleyini, kiminin unudulmayan sevgisini, kiminin ayrılıq acısını, kiminin erkən ata-ana, bala itkisini... Bax, “Şur” mahir tarzənin ifasında ürəklərə toxuna bilməsi ilə Əhsənin “Şur”una çevrilib. Çünki mizrab sarı simi axtarmadan tapıb.

Mahir sənətkarın lentə yazdırdığı və bu gün Azərbaycan radio verilişləri şirkətinin qızıl fondunu təşkil edən “Rast”, “Orta Mahur”, “Zabul-Segah”, “Hümayun”, “Vilayəti-Dilkeş”, “Çahargah”, “Bayatı-Şiraz” və sair muğamların hər biri sarı simsiz ifa olunmayıb. Onların mizrabı dünən necə idisə, bu gün də, sabah da Əhsən Dadaşovun ürəyindən dinləyici ürəyinə gedən yolun bələdçisi olaraq qalacaq.

Söhbətin bu yerində belə bir qənaət yaranır: əslində tar dilsiz, ağızsız bir musiqi alətidir. Hara qoyulsa, orada illərlə lal-dinməz dayanar. Xalqın milli dəyəri olaraq əvvəllər evlərdə divara vurulan xalçanın üzərindən asılan, əl dəyməsə, illərlə oradaca dayandığı kimi... Əhsən Dadaşovun uşaqkən ağac altından tapıb evə apardığı susqun tar kimi... Deməli, toxunmalısan ki, o, dillənsin. Dilləndirdi Əhsən müəllim tarı. Baxmayaraq ki, ata-anası onu həkim görmək istəyirdi, lakin tapıb ömrünə yoldaş etdiyi tarı elə dilləndirdi ki, hamı kimi, valideynləri də susdu, sadəcə dinlədi. Və bu ifada övladlarının məhz musiqinin həkimi olacağını görə bildilər. Bu hələ qarşıda öz təsdiqini tapacaqdı.

Əhsən Dadaşov tarı dilləndirməklə kifayətlənmədi, bu sahə üzrə təhsil aldı. Necə ki, tarını bir təsadüf nəticəsində tapmışdı, Azərbaycan Dövlət musiqi texnikumuna (indiki Bakı Musiqi Kolleci) qəbul elanı da qarşısına təsadüfən çıxdı və onu yeni bir yolun yolçusu etdi. Tələbə oldu və görkəmli musiqiçilər Səid Rüstəmov, Mənsur Mənsurov və Ənvər Mənsurovdan dərs aldı. Yaşı az olduğu üçün “Əhsən hələ vətəndaşlıq pasportu almayıb, amma çalmaq pasportunu çoxdan alıb…” deyən Səid Rüstəmov bir qədər sonra onu rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə qəbul etdi. Və bir gün Əhsən Dadaşov tarı nə dilləndirdi, nə də ifa etdi, artıq oxutdu. Onun tarı sanki dil açıq müşayiət etdiyi onlarla xanəndə, müğənni ilə birlikdə oxudu: bənd-bənd, nəqərat-nəqərat... Bax, bu bacarıq, bu istedad böyük bəstəkar Üzeyir Hacıbəyovun mahir tarzənə verdiyi “Əhsən sənə, Əhsən” qiymətini ömrünün sonunadək aktual saxladı.

Həyatın üç Ənvər töhfəsi

Bir ömürdə üç eyni adın olması sədaqətin, sadiqliyin, sevginin, dəyərin, bir də kədərin, nisgilin təzahürü olardı, deyilmi? Əhsən Dadaşovun 52 illik ömrünün Ənvərlərinin hər üçü bu ifadələrin inikası idi. Birinci Ənvər sevimli müəllimi idi. Görünür, mahir sənətkar müəllimindən gördüyü insanlığı, qayğıkeşliyi onun adını övladına verməklə öz daxili dünyasında mükafatlandırıb. Müəlliminin adını daha tez-tez çağırmağa ehtiyac duyub ki, o adı övladına verib. Beləliklə, İkinci Ənvər Əhsən Dadaşovun övladı olub.

Lakin həyat bizimlə razılaşmadan bəzən arzuolunmaz qonaqları evimizə dəvət edir və istəyimizin əksinə olaraq onları yuxarı başa keçirir. Ənvər müəllimin övladı, hələ qoxusuna doymadığı Ənvərini də onun əlindən alan xərçəng belə çağırılmamış, arzuedilməyən qonaq idi. Və bir gün bu xoşbəxt ailənin səadətini oğurlamaq üçün onların evinə göndərilmişdi.

Bir ata-ana üçün övlad itkisinin nə olduğunu təsəvvür etmək o qədər çətindir ki, buna sözün gücü çatmaz. Onu yaşamaq isə dəhşətdir. Elə buna görə də kiçik Ənvərin ölümündən sonra Əhsən müəllim ta əvvəlki Əhsən olmadı: bu itki onun ürəyinə zərbələr endirdi, gözlərindən axan yaş, burnundan çəkilməyən bala ətri oldu. Bir də övladının itkisi Əhsən Dadaşovun tarının bütün simlərini qoparıb darmadağın etdi. Qalan tək bir sim-sarı sim oldu. O, Ənvərin ölümündən sonra muğam, təsnif, xalq və bəstəkar mahnılarının hər birini yalnız sarı simlə ifa etdi: dinləyici ürəyini göynədə-göynədə, öz ürəyini isə tar-mar edə-edə...

Üçüncü Ənvər isə Əhsən müəllimin nakam övladının adını daşıyan növbəti övladı oldu. Bu, Əhsən Dadaşovun sevimli, dəyər verdiyi müəlliminin adını hökmən ailəsində yaşatmaq istəyi və yaxud körpəsinin qoxusunu üçüncü Ənvərdən almaq duyğusu idi, bilmirəm, lakin onun ailəsində yeni bir Ənvər doğulmuşdu.

Lakin artıq Əhsən Dadaşova olan olmuşdu. Körpəsinin bədəninə sarmaşan xərçəng cənnət qapısından içəri keçə bilməmiş, balaca Ənvəri orada tərk edib Əhsən müəllimin daxilinə sarılmışdı. Və ondan xəbərsizcə içində kök salır, sıradan çıxardığı orqanların yerində hökmranlığı öz əlinə alırdı.

Əhsən müəllim isə gündən-günə gücünün zəiflədiyini, tarı belə sinəsi üzərinə qaldırmaqda çətinlik çəkdiyini hiss edirdi. Qarşıda yenə də çağırılmamış bir qonağı olacaqdı. Bu qonaq ömrünün hələ cəmi 52-ci anını yaşayan sevimli sənətkarın qapısını taybatay açıb içəriyə keçəcək, çıxanda özü ilə onu da aparacaqdı...

Bir ömürlük “Xatirə”

1976-cı ilin gözəl bir yaz günü təəssüf ki, Əhsən Dadaşovun ömrünə vaxtsız gələn payız oldu. Bu payız onun bahar ömründən 52-ci yarpağı qoparıb xəzələ çevirdi və qarşısına alıb küləklərə təslim etdi. Cəmi 40 ildə solist, müşayiətçi, orkestr ifaçısı, ansambl rəhbəri, bəstəkar, pedaqoq-müəllim mərhələlərini layiqincə keçib ustad ifaçı adını alan, ifası ilk mizrabdan tanınan, nəinki özündən əvvəlki ifaçıları, öz ifasını belə əsla təkrar etməyən, tükənmək bilməyən fantaziyaya, orientasiyaya malik yenilikçi, minlərlə dinləyici qəlbini fəth edən və hələ sağlığında Əhsən zirvəsinə ucalan mahir sənətkarı itirdik. Bu itki ürəklərə onun öz mizrabı ilə xəncər zərbəsi endirdi. Ölümündən sonra isə hər dəfə ifası səslənəndə o mizrab artıq iki dəfə sarı simə toxunur: adət etdiyimiz həmişəki sarı simə və onun nakam ömrünün sarı siminə...

Əhsənsevərlərin tək təsəllisi isə mahir ifaçıdan qalan bir ömürlük xatirədir... Bu xatirələr toplusunda onun insani dəyərləri, Azərbaycan musiqi mədəniyyəti tarixinə verdiyi töhfələr, bu töhfələri bir şərqşünas kimi həm də şərq ölkələrində tərənnüm etməsi, muğam, təsnif və bəstəkar mahnılarını bənzərsiz ifası, bəstələdiyi 30-a yaxın melodiya və mahnı, muğama həsr etdiyi 20-yə yaxın rəng yer alır. İfa etdiyi zaman özündən xəbərsiz lentə yazılmış və sanki həyatı ilə eyni akkordları vuran “Kədərli günlərimdə” adlı türk mahnısı isə bu xatirələrin qəlb göynədən bir səhifəsidir.

Ondan bizə qalan bir ömürlük xatirəsində ən yaddaqalan an Əhsən Dadaşovun böyük vətənpərvərlik və cəsurluqla sovet imperiyasının ən qatı dövründə-1960-cı ildə Azərbaycanın qədim çalğı aləti olan uda yeni həyat verməsidir. Hansı ki, sovet quruluşu xalqın bir çox bayram, mərasimlərinin qeyd olunması kimi, udun da ifasını yasaq etmişdi. Böyük tarzənin bu cəsarətli addımı, gözəl ud ifaçılığı, hələ üstəlik 9 il sonra “Dəli Kür” filmində udla ürəklərə sirayət edən musiqini ifa etməsi dövrün məziyyətləri fonunda əsl qələbə və Azərbaycan musiqi tarixinə böyük töhfə idi.

Bir ömürlük xatirədə böyük sənətkarın Bakı televiziya studiyasının nəzdində 1960-cı ildə yaratdığı və ömrünün sonuna kimi bədii rəhbəri olduğu xalq çalğı alətləri ansamblının onlarla xanəndə, müğənni yetişdirməsi, Azərbaycan musiqisinin qızıl fondunu zənginləşdirməsi, ansamblın “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Görüş”, “Ögey ana”, “Möcüzələr adası”, “Yenilməz batalyon”, “Bizim Cəbiş müəllim”, “Dəli Kür”, “Ulduzlar sönmür” və “Qatır Məmməd” kimi filmlərə musiqi həyatı verməsi də var.

Musiqinin nə dili, nə sərhədi var. Əhsən Dadaşovun muğam və xalq mahnı ifaçılığı neçə-neçə sərhədlər aşıb, Azərbaycan dilində bir kəlmə anlamayan minlərlə insanın da ürəyinə toxuna bilib. Və ürəklərdə bir ömürlük xatirəyə çevrilib.

Əhsən Dadaşovun bir çox tarzənlərin sənət müəllimi olması və onların hər birinin əbədiyaşar ustadı əsl insan, səmimi, qayğıkeş müəllim, sənət fədaisi kimi xatırlaması da ondan bizə qalan bir ömürlük xatirədir.

Bir ömürlük xatirə həm də hazırda Əhsən Dadaşovun adını daşıyan “Xatirə” xalq çalğı alətləri ansamblıdır. O ansambl ki, hər ritmi, hər akkordu, hər mizrabı Əhsən zirvəsində əks-səda verir: onu dünəndən bu günə, bu gündən sabahlara aparır.

Mətanət Məmmədova

Qeyd: Azərbaycan Mətbuat Şurasının, “ƏHSƏN” Yaradıcılıq Təşəbbüsləri Mərkəzinin və Xəzər Media Mərkəzinin Əməkdar artist Əhsən Dadaşovun yaradıcılığı ilə bağlı birgə yazı müsabiqəsinə təqdim olunur.

Digər xəbərlər