Azərbaycan qəhrəmanlıq tarixinin yeni səhifəsini yazan və müasir həyatımızın Koroğlusuna, Babəkinə çevrilən milli qəhrəman Mübariz İbrahimovun qısa bir ömür tarixində şücaəti, mərdliyi, torpağa olan bağlılığı, ən əsası isə yaşadığı məmləkətə məhəbbəti onu bütövlükdə xalqına tanıtdı.
Məhəbbəti və şöhrəti şəhidlik zirvəsinə yüksəlməsi ilə qazandı. Atası Ağakərimin, anası Şamama xanımın ocağında aldığı tərbiyə, vətənpərvərlik duyğuları Mübarizin qəlbində elə bir hiss oyatmışdı ki, bunun qarşısını heç vəchlə almaq mümkün olmazdı. Silaha sarılıb hayqıraraq düşmən üzərinə hücum çəkib hədəfə aldığı erməniləri məhv etməklə həyatda özünü təsdiq edib varlığının nəyə xidmət etdiyini göstərməsi Mübarizin kimliyinin təsdiqi idi. Bu adın qarşısında müasir həyatımızda hər bir şəxs baş əyir və şəhidliyin zirvəsində olan Mübarizi böyük məhəbbətlə xatırlayırlar. Prezident İlham Əliyevin Sərəncamı ilə ona verilən fəxri ad, yaşadığı ərazidə küçəyə və məktəbə onun adının verilməsi, Türkiyədə iş adamı - "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Məsimovun "Mübariz" neft tankerinə qəhrəmanın adını verməsi Mübariz İbrahimov şəxsiyyətinə olan ehtiramdır. Sözsüz ki, bu qəhrəmanlıq Azərbaycan ədəbiyyatı və poeziyasında söz sahiblərinin qələmləri vasitəsilə ülviləşdirilərək obrazlaşdırılıb neçə-neçə nəsillərin ixtiyarına verilib. Həmin əsərlər sırasında şair, tərcüməçi, publisist, əməkdar jurnalist Valeh Məhərrəmlinin "Hünər" lirik poeması və Teyfur Çələbinin "Qardaş, sənə güllə dəyməyəydi kaş" şeirlər toplumu və "Maraqlı adam" məqaləsi də maraq doğurur. Qeyd edim ki, Valeh Məhərrəmli Raymond Moudinin "Ölümdən sonrakı həyat", Mişel Nostradamusun "Peyğəmbərlik", Allan Kardekin "Ruhlar kitabı", "Ölülərin Tibet kitabı", Emanuel Svendenborqun "Cənnət, cəhənnəm və ruhlar aləmi", yəhudilərin mistik "Kaballa" kitabını, Betti Şaynın "Mənim medium həyatım", Pupyusun "Ağ və qara magiya", Orlovun "İnsanın ruhunu şeytana satması haqqında rəvayətlər" əsərlərini, eləcə də, "uçan boşqablar", meditasiya və mistikaya aid çoxsaylı kitabları, rus dilində çıxan qəzet və jurnal materiallarını tərcümə edib. Onun "Hünər" lirik poeması Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova ithaf olunub. Müəllif təxəyyülünün məhsulu olan bu poema bütövlükdə Mübarizin qəhrəmanlıq yolunu və həyatdakı məqsəd və amalını əks etdirən nümunədir.
Atəşkəsin bir gecədə pozulması, od-alovun düşmən üzərinə ələnməsi, ermənilərin naəlac qalıb susması Mübarizin qəti addımının nəticəsindir. Müəllif düşməni tülkü, Mübarizi isə şir libasında verərək Azərbaycan xalqına məxsus olan dəyərləri sevərək yaratdığı qəhrəmanın timsalında əks etdirib. Xalqının əziyyət çəkdiyini, arzularının boğulduğunu görərək yaşayan Mübariz günahsız şəhid olmuş oğulların intiqamını almaq və bu borcu bir oğul tək ödəmək üçün özünə qəhrəman libası biçib. Müəllif göstərir ki, o gecə Tərtər sükuta dalmışdı. Çaylı kəndi zülmətdən gözə görünmürdü. Neytral zonanı keçən qəhrəman intiqam hissi ilə min metr minayla dolu ərazini qət edərək qətiyyətlə arzusuna doğru irəliləyirdi. Amansız atəşlə düşməni biçən, igid dostlarından öyüd alan Mübariz Valeh Məhərrəmli poeziyasında məxsusi bir şəkildə təqdim olunur. Düşməni lərzəyə gətirən cəsarəti ilə erməni siahlılarına vahimələr yaşadan qəhrəman oğul döyüşə getməzdən öncə Biləsuvara vida məktubu göndərir:
Mən ölüm qoy vətən yaşasın, nə qəm,
Ölən yox, öldürən etdim adımı.
Gənclər ibrət alsın bu əməlimdən,
Atıram mən adi qisas addımı.
Müəllif Mübariz qətiyyətini, məğrurluğunu, aliliyini bu misralarda bir daha oxucunun diqqətinə çatdırır. Qəhrəmanlıq qanadlarında "9 milyon qəlbdə Mübariz adı" yazan qəhrəmanın ruhunun vətənin səmalarında olduğunu nəzmə çəkir. Mübariz ölümü ilə bir örnək oldu. Vətən naminə şəhidliyə yüksəldi. "Qəsbkar düşmənə gözdağı" oldu. "Nərəni andıran bu şaqraq səsi, işğalçı eşidcək qorxuya düşdü" deməklə onun təkbaşına hücumunun bütün Yerevanı səsləməsini vətənpərvərlik heysiyyəti ilə qələmə alır. Erməninin həmin anda aldığı görkəmi, miskinliyi Mübariz qəhrəmanlığını daha da yüksəkliyə qaldırır. Mübariz məkanının bir qeyrət yeri, ziyarət məkanı olduğunu göstərərək bu gün Əliabadın ziyarət yerinə çevrildiyini poetik bir dillə ifadə edir. Düşmənlə üz-üzə gələrək qələbə çalmasını, bu qəhrəmanlığın qiymətləndirilməsini, Ali Baş Komandanın onunla şərik olmasını Valeh Məhərrəmli bədii ifadə vasitələrinin köməyi ilə nəzmə çəkir. Bu rəzil erməni xalqının məhşər ayağında olmasını da diqqətə çəkir.
Kitabda yer almış Teyfur Çələbinin "Qardaş, sənə güllə dəyməyəydi kaş" və yaxud "Maraqlı adam" şeirlər toplusu və məqaləsi milli qəhrəmanımıza həsr olunmuşdur. Burada da Mübariz qəhrəmanlığını əks etdirən, onun Koroğlu tək məğrur və inadkarlığı nəticəsində düşmənə güc gəlməsi müəyyən ştrixlərlə qələmə alınır.
Qeyd edim ki, Valeh Məhərrəmlinin "Hünər" poeması "Kaspi" qəzeti tərəfindən Mübariz İbrahimova həsr olunan müsabiqədə mükafata layiq üçüncü yer tutmuşdur.