44 günlük Vətən müharibəsinin nəticəsi olaraq imzalanmış 10 noyabr Bəyanatına uyğun olaraq, dekabrın 1-də Laçın rayonu erməni işğalından azad edilib. 2020-ci ildə Şuşa şəhərinin azad edilməsinin ardınca noyabrın 9-da Azərbaycan Ordusu Laçının Güləbird, Səfiyan, Türklər kəndlərini də işğalçılardan təmizləmişdi. Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atdı. Beləliklə, noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları Birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Ağdam və Kəlbəcər rayonları kimi, Laçını da Azərbaycana təhvil verməli oldu. Beləliklə, Laçının azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesi başa çatdı.
Laçın şəhəri “ağıllı idarəetmə”, müasir qabaqcıl təhsil və inklüziv mobillik həlləri ilə seçilən davamlı və innovativ mərkəzə çevriləcək. Sənəddə təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib.
Şəhərdə İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq.
Regional dövlətlərarası təşkilat olan Müstəqil Dövlətlər Birliyi (MDB) ilə Azərbaycan qarşılıqlı bərabərhüquqlu və faydalı əməkdaşlığa xüsusi diqqət ayıraraq, millətlərarası həmrəyliyə, etimada, mövcud münasibətlərin inkişafına və gücləndirilməsinə diqqət yetirir. Artıq özünü müstəqil dövlətlərin səmərəli əməkdaşlıq platforması kimi təsdiqləyən MDB-yə daxil olan dövlətlər regional təhlükəsizliyin təmin olunmasına və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın dərinləşməsinə töhfə veriblər. Azərbaycan MDB daxilində aparılan əməkdaşlıq çərçivəsində milli maraqlarını əsas tutaraq bu prinsip əsasında münasibətlərinin təməlini daha da möhkəmləndirir ki, bu da gələcək inkişaf üçün mühüm perspektivlər vəd edir.
"Bu gün Laçın artıq bərpa olunub"
Azərbaycan Respublikası hər il keçirilən MDB Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, İqtisadi Şura, Xarici İşlər Nazirləri Şurası və üzv olduğu digər orqanların iclaslarında fəal şəkildə iştirak edir. Ötən il Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı da münasibətlərin davamlığının təzahürüdür. Azərbaycanın işğaldan azad olunan dilbər guşələrindən olan Şərqi Zəngəzur rayonunun Laçın şəhərinin MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi əlbəttə ki, ölkəmizə olan münasibətin göstəricilərindəndir. Bu, hər bir azərbaycanlıda məmnunluq və fəxarət hissi oyatmış oldu. "Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb", - deyən Azərbaycan Prezidenti bildirib ki, Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb: "Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar".
İqtisadi güc və dinamik inkişaf
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində keçmiş məcburi köçkünlər 30 ildən sonra könüllü olaraq təhlükəsiz və yaşayış üçün yararlı olan doğma yurdlarına qayıdırlar. Ağalı və Talış kəndindən sonra əzəli torpaqlarımızın sahibləri olan laçınlıların da bir qismi öz yurdlarına qayıtdılar. Bu, əlbəttə ki, Azərbaycanın iqtisadi gücünün, dinamik inkişafının göstəriciləri sırasındadır.
Məlumdur ki, dekabrın 1-i 2020-ci il tarixində Laçın rayonu Azərbaycan Respublikasına qaytarıldı. Bu, Azərbaycan Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatında öz əksini tapmış oldu. İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir. Laçının işğalı zamanı bu məkanda 50 mindən artıq əhali yaşayırdı. Laçın rayonunda 1992-1993-cü tədris ilində - işğal olunana qədər 106 məktəb fəaliyyət göstərib. Məktəblərdə təhsil alan şagirdlərin sayı 8 min 877, müəllimlərin sayı isə 1390 nəfər olub. Təbii ki, işğaldan azad olunan ərazilərimiz kimi Laçın da tamamilə dağıdılıb.
44 günlük Vətən müharibəsi Zəfərlə başa çatdıqdan dərhal sonra Azərbaycan dövləti tərəfindən erməni qəsbkarlarının vəhşicəsinə dağıtdıqları bölgələrimiz sürətlə dirçəldilir.
Laçında ilkin olaraq 700 bina inşa edilməsi Azərbaycan iqtisadi gücü nəticəsində ərsəyə gəldi. Laçın qısa bir zamanda şəhərin Baş planına əsasən, "ağıllı idarəetmə", müasir qabaqcıl təhsil və inklüziv mobillik həlləri ilə seçilən davamlı və innovativ mərkəzə çevriləcək.
İşğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Laçın rayonunda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Yeni yollar salınır, infrastruktur qurulur, kəndlər, qəsəbələr bərpa edilir. Planlı və sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətimizin başçısı İlham Əliyevin nəzarəti altındadır. Laçının Baş Planına əsasən, 20 il ərzində şəhər ərazisinin genişlənərək 713 hektara, əhali sayının isə 18 min nəfərə çatacağı proqnozlaşdırılıb.
Şəhər ərazisində 7 park
İşğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Laçın rayonunda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Yeni yollar salınır, infrastruktur qurulur, kəndlər, qəsəbələr bərpa edilir. Planlı və sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətimizin başçısı İlham Əliyevin nəzarəti altındadır. Azad Laçına Azərbaycan Prezidentinin səfərləri zamanı dövlət başçısı təməlqoyma və açılış mərasimlərində iştirak edir, aparılan işlərlə yerindəcə tanış olur, tapşırıq və tövsiyələrini verir.
Bu gün Laçınımız abadlıq-quruculuq meydanına çevrilib. Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli sakinlərin bu torpaqda rahat, firavan yaşamasına istiqamətlənib.
Artıq işğaldan sonra digər ərazilərimiz kimi, Laçın da böyük quruculuq meydanına çevrilib. Başqa bölgələrimizlə yanaşı, Laçında da sürətli tikinti-quruculuq işləri aparılır. Şərqi Zəngəzur iqtisadi bölgəsində yerləşən Laçına həyat yenidən qayıdır. Laçın istiqamətində dövlət sərhədləri möhkəmləndirilir və rayon ərazisində fərqli təyinatlı infrastruktur layihələri uğurla həyata keçirilir. Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su-Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Bununla yanaşı, rayonun yol-nəqliyyat infrastrukturu yenidən və ən müasir standartlar üzrə qurulur. Laçında indiyədək bir sıra infrastruktur layihələri icra edilib. Şəhər ərazisində 7 park salınır ki, onların da artıq ikisində işlər tamamlanıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun gücü sayəsində azadlığına qovuşan Laçın yeni bir dövrünə – quruculuq və inkişaf dövrünə qədəm qoyub.
Zümrüd BAYRAMOVA