PDF Oxu

Siyasət

  • 746

İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı - Şuşa şəhəri

image

Sərkərdəlik məharəti, siyasi iradə, iqtisadi güc, beynəlxalq aləmdə yüksək imic, xalq-iqtidar birliyi kimi amillər bizi 30 ilə yaxın müddətdə işğalda qalmış torpaqlarımıza qaytardı. Hər ötən gün həsrətlə gözlədiyimiz əzəli torpaqlarımıza, dədə-baba yurdumuza qayıtmaq ümidinin tezliklə reallığa çevriləcəyinə əminliyimizi daha da artırırdı. Qazandığımız nailiyyətlərin müəllifi olan Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi, diplomatik uğurları idi insanlarda bu əminliyi yaradan. Dövlət başçısının ölkəmizin, eləcə də dünyanın ən yüksək kürsülərindən Azərbaycanın haqlı mövqeyini ifadə edən çıxışları, ölkəmizlə bağlı olan həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, eləcə də dünyanın nüfuzlu KİV-lərinə Cənab Prezidentin verdiyi müsahibələri erməninin xislətini, mənfur siyasətini, işğalçılıq siyasətini bir daha ortaya qoymuş olurdu. 44 gün ərzində işğal altında olan torpaqları azad etmək, erməni mifini darmadağın etmək güclü Azərbaycan haqqında təsvvürləri daha da genişləndirdi. Bu uğurların qazanılmasında gücü Liderin və Onun yaratdığı güclü ordu məfhumunun da olması xüsusi qeyd olunmalıdır. Müasir silahlarla təchiz olunmuş, yüksək döyüş ruhlu əsgər və zabitlərimizin vətənpərəvərlik hissləri qələbəmizi şərtləndirən amillər sırasındadır. Əlbəttə ki, məqsədə doğru inamlı addımlar Azərbaycanın tarixinə Qalib ölkə adını həkk etdi - 44 günlük Vətən müharibəsində Zəfər çalmış Azərbaycan xalqı. Tarixdə görünməyən bir qələbə idi.

Arxada qoyduğumuz hər ildə vətən sevgisi cücərmişdi qəlblərdə və o torpaqları görməyən, amma hər gün torpaqlarımız işğal altındadır, ifadəsini eşidən gənclərimiz milli ruhda böyüyürdülər. İntiqam almaq hissi ilə. Qisas qiyamətə qalmadı. Ali Baş Komandanın əmrini hamı səbirsizliklə gözləyirdi. Tarixən alınmaz qala kimi vüqarını saxlamış Şuşamızı, eləcə də digər topaqlarımızı 44 günlük müharibədə torpağa tökülən vətən oğullarının qanı aldıq. "Dəmir yumruq" əməliyyatı XXI əsrin müharibəsi olaraq dünya tarixində yer aldı. Müzəffər Ali Baş Komandan çıxışlarının birində vurğuladığı kimi, "Biz yeni reallıq yaratmışıq. Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır. Bəli, başqa yolları, çarələri yoxdur. Əks təqdirdə, "dəmir yumruq" yenə qılınc kimi başlarının üzərindədir və hər an yenidən işə düşə, sarsıdıcı zərbəsini endirə bilər".

TARİXİ ŞUŞA ŞƏHƏRİ

Bu gün işğaldan azad olunan torpaqlarımızda böyük abadlıq-quruculuq işlərinə başlanılıb. Müharibədə hünər qazanan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə abadlıq-quruculuq işlərdə də öz gücünü ortaya qoyur. Azərbaycanın hər qarışı bizim üçün əziz və doğmadır. Bu torpaqda əcdadlarının ruhu yaşayır. Hər məkan abad və gözəl olmalıdır. Dövlət başçısı çıxışlarının birində "İşğal dövründə həmin ərazilərdə bütün şəhər və kəndlər, o cümlədən mədəni və dini irs abidələri Ermənistan tərəfindən yerlə-yeksan edilib", - deyərək, diqqətə çatdırıb ki, bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində Ermənistan bizim məscidləri dağıtmış və təhqir etmiş, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə etmişdir: "İşğal dövründə həmin ərazilərdə 67 məsciddən 65-i tamamilə dağıdılmış, digər iki məscidə isə ciddi zərər dəymişdir. Qəbiristanlıqlar da vandalizmə məruz qalmışdır".

Qarabağın tacı, xalqımız üçün müqəddəs və əziz məkan olan olan Şuşa da neçə illik həsrətdən sonra azad olundu. Şuşamızı düşməndən geri aldıq, qan tökə-tökə, sevgi ilə – vətən sevgisi ilə qazandıq bu qələbəmizi. 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu. Zəngin tarixi keçmişi olan Şuşaya yeni həyat bəxş olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında"Sərəncam imzalayıb. 2023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilmişdir. Bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşaya xüsusi ehtiramın ifadəsidir və üzv dövlətlər arasında turizm sahəsində əməkdaşlığın daha da genişlənməsində özünəməxsus rol oynayacaqdır.
Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan Şuşa yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir tariximizdə rol oyamışdır. Şərqi Konservatoriyası adını almış Şuşa böyük mütəfəkkirlərin oylağı kimi də şöhrət tapmışdır. Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmış Şuşanın işğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılsa da bu gün yenidənqurma, bərpa işlərinə başlanılmışdır. Bu o deməkdir ki, Azərbaycan xalqı öz keçmişinə, tarixinə, mədəniyyətinə hər zaman sadiqdir. Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılması fikirlərimizi əsaslandırır. Cənab Prezidentin vurğuladığı kimi "Bizim əsas vəzifəmiz keçmiş köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaqdır və biz buna nail olacağıq".

AZƏRBAYCANIN MƏDƏNİYYƏT PAYTAXTI DÜNYANIN MƏDƏNİYYƏT MƏRKƏZLƏRİNDƏN BİRİNƏ ÇEVRİLƏCƏK

Quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirildi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradıldı. Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan edildi. Prezident İlham Əliyevin Şuşanı rəsmən Azərbaycanın Mədəniyyət Paytaxtı elan etməsi bu qədim şəhərin özəlliklərindən qaynaqlanır. Şuşa azadlığının ilk dövrünə Mədəniyyət paytaxtı kimi qədəm qoydu. Azərbaycanın Mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, Azərbaycan şairi Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Şübhə yoxdur ki, Şuşa çox yaxın illərdə nəinki Azərbaycanın, dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcəkdir.

Qısa bir zamanda Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ermənilər tərəfindən güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyuldu. Eyni zamanda dövlət başçısının göstərişi ilə Şuşada vaxtilə keçirilən "Xarıbülbül" festivalı bərpa olundu. Bu festival şəhidlərimizin əziz xatirəsinə həsr olundu. Ötən əsrin 80-ci illərinin sonundan keçirilməyə başlanan beynəlxalq musiqi festivalı məhz Xarıbülbülün adı ilə ifadə olunub və məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Dövlət başçısının bildirdiyi kimi, "Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra "Xarıbülbül" festivalı Şuşada hər il keçiriləcək".
2022-ci il Azərbaycan Respublikasında "Şuşa İli" elan edilməsi qədim şəhərin Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni- mənəvi dəyərini nəzərə çapdırmış oldu.
Yola saldığımız ötən ildə Şuşada böyük quruculuq işlərinə start verildi və genişmiqyaslı bərpa işlərinə başlanıldı. Şuşa yeni bir qaynar dövrünü yaşayır. Azərbaycan Prezidenti İlham Əliyevin "Şuşa şəhərində istilik təchizatı sisteminin layihələndirilməsi, tikintisi və quraşdırılması ilə bağlı tədbirlər haqqında", "Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında", "Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında" sərəncamları artıq Şuşada yeni bir həyatın başlanmasının diqqətə çatdırmış olur.ldu. Dövlət başçısının imzladığı "Şuşa Radio-Televiziya Yayım Stansiyasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncamına əsasən, 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ilkin olaraq 200,0 (iki yüz) min manat ayrıldı. Bu artıq o deməkdir ki, Şuşa yenidən qurulur və dirçəlir.

BÜTÜN AZƏRBAYCANLILAR ÜÇÜN ƏZİZ ŞƏHƏR

Ulu Öndər Heydər Əliyev Qarabağın tacı olan Şuşa şəhərinin hər bir azərbaycanlı üçün böyük dəyərini belə ifadə etmişdir: "Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur". 28 illik həsrətdən sonra Şuşa azad olunanda "Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir", - deyə Cənab Prezident bildirib.
Təkcə hərbi-siyasi deyil, eləcə də mədəniyyət diplomatiyası ilə Şuşanın tarixən Azərbaycanın ayrılmaz parçası olduğunu hər kəs görür.
Həyata keçirilən genişmiqyaslı layihələr deməyə əsas verir ki, işğaldan azad olunan bütün ərazilərimiz müasir tələblər çərçivəsində yenidən qurulur. Bu gün artıq ərazilərimizdə intensiv şəkildə bərpa və yenidənqurma işləri ardıcıl olaraq həyata keçirilir. "Dünya müharibələrinin tarixində müharibələrdən sonra bu sürətlə heç bir yerdə quruculuq-bərpa işləri aparılmayıb", - deyə Cənab Prezident bildirib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər