Yeni söz, yeni fikir, yeni ahəng uğrunda mübarizədə öndə olan Azərbaycan xalq şairi Fikrət Qoca novator sənətkar kimi poeziya aləmində yer tutub. Fikrət Qoca poeziyası intellektual poeziya kimi qiymətləndirilir. Onun şeirləri ritorikadan, şüarçılıqdan, qoşmaçılıqdan uzaq, sözün, fikrin, hadisənin, təsvirin mahiyyətinə varan poeziyadır. Şairin ən uğurlu şeirləri, əslində, keçdiyimiz yollar, dünənimiz, bugünümüz haqqında sənətkar təhkiyəsi, poetik nağıllardır.
Onların sevinc doğuranları da var, kədərləndirən, düşündürüb-daşındıran, həyəcanlandıran nağıllar isə daha da çoxdur. Bu, onun çox iti, dəqiq müşahidə qabiliyyəti ilə əlaqədardır.
Onun sənət yolu klassik ənənəyə söykənərək inkişaf yolu keçmişdir. Bu sənət yolu yarıməsrlik tarixi ötsə də, ustad sənətkarların təbliğ etdiyi yolu daim yaradıcılığı üçün ana xətt olaraq davam etdirmişdir. Bu gün də ənənəsinə sadiqdir.
Qeyd edim ki, 25 avqust 1935-ci ildə Ağdaş rayonunda dünyaya gələn Fikrət Qoca 1956-cı ildən mətbuatda çap olunur. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yİ-də beynəlxalq əlaqələr üzrə məsul katib olmuşdur. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən Azərbaycan YB-nin katibidir. Yaradıcılıq yolu çalışdığı sahələrdə daha parlaq bir şəkildə özünü büruzə verib. "Qağayı", "Hamıya borcluyam", "Dənizdə ay çiməndə", "Yatmadığım gecələrdə" və s. şeir və poema toplularında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələr əksini tapmışdır.
Fikrət Qocanın şeirləri lap ilk şeirlərindən tutmuş indiyə qədər sadəlikdən, zəngin bədii təsvir elementlərindən və müdriklikdən yoğrulmuşdur. Çağdaş Azərbaycan şeirinin istedadlı nümayəndələrindən biri olan Fikrət Qocanın poeziyasında da məhz onun şəxsiyyəti ifadə edilib. Fikrət Qoca öz şəxsi nümunəsilə özündən sonra gələn ədəbi nəsillərə şeir yazmaqdan əlavə səmimi, sədaqətli, diqqətli, səxavətli, bütöv olmağı, sözü üzə deməyi, kiminsə dalınca danışmamağı, yaxşı dostluğu, yoldaşlığı, bir sözlə, insanlığı öyrədib.
Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr etmiş, o cümlədən, Kubanın azadlıq mübarizi Ernesto (Çe) Gevara, Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi A.Kabral, Filippinin milli qəhrəmanı X.Risal, vyetnamlı gənc və başqaları haqqında poemalar yazmışdır. 1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur.
M.Lermontov, T.Şevçenko, E.Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və başqa şairlərin yaradıcılığından tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.