"1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.Onun sözlərinə görə, müstəqil, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı: "Onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.Təəssüf ki, 1920-ci illərdə Rusiyanın işğalı müstəqilliyimizə son qoydu. Nəhayət, 20-ci əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətinin qurulması üçün qətiyyətli tədbirlər gördü. Ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: "Biz ilk demokratik cəmiyyətin yaranması gününü əziz tutaraq onu Azərbaycan dövlətçiliyinin Müstəqillik Günü, Respublika Günü kimi elan etdik və bu, bizim milli bayramımızdır".Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci ildə ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyəti ili elan olundu. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Xalqımız Cümhuriyyətin yaratdığı 28 May Respublika Gününü bu il də milli bayram kimi qeyd edir".
Müəllif: Söylü Ağazadə