Azərbaycandan qüvvət alan şair
21 Oktyabr şairin doğum günüdür
Azərbaycanda haqq səsi, harayı, sərt baxışları, fikirləri ilə tanınan və sevilən, böyük bir məhəbbətin əhatəsində yaşanan xalq şairi Xəlil Rza Ulutürkün oktyabr ayının 21-də 80 yaşı tamam olur. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan şairi Xəlil Rza Ulutürkün 80 illik yubileyinin respublika səviyyəsində təntənəli şəkildə keçirilməsi haqqında Sərəncam imzalayıb. Bu, dövlət başçısının Azərbaycanın maarifpərvər ziyalılarına, mübariz ruhlu qələm sahiblərinə olan diqqətinin bir nümunəsidir.
Xatırladaq ki, 1932-ci ildə Azərbaycanın Salyan rayonunun Pirəbbə kəndində dünyaya göz açan sənətkar doğulduğu rayonda - 2 saylı Salyan şəhər orta məktəbində təhsil alıb. Orta məktəbdə öz çalışqanlığı, fərasəti və davranışı ilə müəllimlərin rəğbətini qazanmış, 1939-1949-cu illərin məktəb həyatı Xəlilin bədii ədəbiyyat aləminə, necə deyərlər, poeziyanın əzablı, romantik yaradıcılıq meydanına çıxması üçün hazırlıq dövrü olub. Onun şifahi xalq ədəbiyyatını, klassik və müasir yazıçıların əsərlərini mütaliə etməsi, istər-istəməz onda yazıb-yaratmağa güclü həvəs oyatmışdı. Xəlil onu həyəcanlandıran, düşündürən hadisələri bəzən poetik dillə ifadə etməyə çalışırdı. Onun ilk mətbu şeri "Kitab" 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində dərc olunub.
1949-cu ildə Xəlilin Azərbaycan Dövlət Uiversitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olması, Bakı ədəbi mühiti onun yaradıcılıq imkanlarına geniş yol açdı: universitetdə ədəbiyyatşünas-alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, istərsə də, Azərbaycan Yazıçılar Birliyində xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən "Gənclər günü" məşğələlərində fəal iştirak etməsi Xəlil Rzanın şair kimi püxtələşməsinə ciddi təsir göstərib. Onun tərcümeyi-halında qeyd olunur ki, 1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə "Azərbaycan qadını" jurnalı redaksiyasında başlayıb. O, burada ədəbi işçi vəzifəsində çalışdığı iki ildə dövri mətbuatda çap etdirdiyi məqalə və şeirlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdi. 1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar İttifaqının üzvü seçilir. Onun ilk şeirlər toplusu - "Bahar gəlir" kitabı nəşr olunur. 1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kurslarına göndərməsi də gənc şairin gələcəyinə inamla bağlı olub. Xəlil Rza institutda rus ədəbiyyatının görkəmli sənətkarı Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalqlarının mədəni irsi ilə yaxından tanış olmuşdu. Moskvada təhsil illərində görkəmli rus şairi Samuil Marşakın evində və Yasnaya Polyanada dahi Lev Tolstoyun xatirə muzeyində olması, Leninqrada Ermitaj xəzinəsinə kollektiv səfəri, Nazim Hikmət və Mixail Şoloxovla görüşləri gənc şairin xatirəsində dərin izlər buraxıb.
1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdi. O,1963-cü ildə "Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-1950)" mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə etmiş, filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdü. Onu institutda müəllim kimi saxlamışlar. Tələbə auditoriyasına müəllim kimi daxil olduğu gündən Xəlil Rza dərs proqramı çərçivəsi ilə məhdudlaşmamış, vətənpərvərlik ruhlu mühazirələrində qədim milli bəşəri dəyərlərimizdən və doğma dilimizdən ürək yanğısı ilə söhbət açmışdır.
Xəlil Rza Azərbaycan dilinin saflığı, əcnəbi dilin təsirinə məruz qalmaması üçün özünəməxsus mübarizə yolu da seçmişdi.O, müasirlərinin diqqətini ana dilinin saflığını qorumağa cəlb etməyə, digər tərəfdən ruslaşdırma siyasətinə qarşı mübarizə aparmağa çalışmışdı. Əlbəttə, bütün bunlar dövlətin hakim dairələrinin nəzər-diqqətindən yayınmır, çox çəkmir ki, onun ictimai-pedaqoji fəaliyyəti məhdudlaşdırılır.
1984-cü ildə şairin "Ömürdən uzun gecələr" adlı kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət "Qardaşlıq çələngi" toplusu ictimaiyyət tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdim olunsa da, hakim dairələrin etinasızlığı ilə qarşılandı. Bu soyuq münasibət onu sarsıtmadı. Şairin ən böyük vəzifəsini yazıb yaratmaqda görən Xəlil Rza yorulmadan var qüvvəsi ilə çalışır, yeni şeriləri, elmi araşdırmaları ilə təsəlli tapır. 1985-ci ildə "Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan-özbək ədəbi əlaqələrinin aktual problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. 1986-cı ildə Azərbaycan ədəbiyyatnın inkişafındakı xidmətlərinə görə ona əməkdar incəsənət xadimi fəxri adı verilir.
Vətəni varlığı qədər sevən şairin Azərbaycanın hər çayında, çeşməsində səsi,nəfəsi var. Onun hər daşını lələ,mərcana bənzədən şair varlığı kimi sevdiyi vətən uğrunda daim mübarizələrdə çarpışıb.
Ötən əsrin 80-ci illərinin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın bütün regionlarında eşidilirdi. O, bütün varlığı ilə xalq hərəkatına qoşulmuşdu, hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edirdi.
Biz Türküstan elləriyik,
Qeyrət, qüdrət selləriyik.
Daşnakları qovan bizik,
Dar gözləri ovan bizik.
Yetər meydan suladılar,
Yurdumuzu taladılar.
80-ci illərdə Azərbaycanda milli-demokratik hərəkatın başlanması, milli dövlətçiliyin bərpasından sonra türkçülük məfkurəsi ideoloji-mədəni önəm kəsb etmiş və bu, Xəlil Rza Ulutürk yaradıcılığında daha poetik qüvvətlə səslənmişdir.
"Qalx ayağa, Azərbaycan", "Yaz pasportunda", "Boz qurda öygü", "Mən günəş ürəkli Xəlil Rzayam" və başqa şeirlərində türkçülük məfkurəsi özünün büruzə verir. Xəlil Rzanın yaradıcılığında ana xətt olaraq türkçülük təbliğ olunur. O, türk dünyasını birliyə səsləyir.
Son günlərini yaşayan sovet imperiyası ömrünü uzatmaq üçün 1990-cı ilin yanvarında Azərbaycanın paytaxtı Bakıda dinc əhaliyə vəhşicəsinə divan tutdu. Bu qətliam, soyqırımı siyasəti Qorbaçovun və onun əlaltılarının iradəsi ilə icra edilirdi. Bütün dünyanın açıq fikirli adamları bu aksiyanı, bəşər tarixində misli görünməmiş qətliamı lənətlə qarşıladılar. Sovet ordusu tərkibində zirehli tanklarla, hərbi gəmilər və müasir silah növləri ilə yaraqlanıb xüsusi tapşırıqla Bakını gülləbaran edənlərin törətdiyi cinayətlər Xəlil Rzanı sarsıtmışdı. O, bütün qüvvəsi ilə gecə-gündüz dinclik bilmədən, ürəyini məşələ çevirib xalqı düşmənlərə qarşı mübarizəyə səsləyirdi: xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrdə 20 Yanvar hadisələrini, Qorbaçovun və onun əlaltılarının qanlı əməllərini dünya ictimaiyyətinə çatdırmağa çalışırdı.
1990-cı il yanvarın 26-da Xəlil Rza SSRİ Dövlət Təhlükəsizliyi əməkdaşları tərəfindən həbs edilib Moskvaya "Lefortovo" həbsxanasına göndərilir. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da mübarizəsini davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair odlu-alovlu qəlbinin işığında "Lefortovo" gündəliyini, 200-dən çox, şeir, poema və məktubunu qələmə alır. Bu əsərlər mübariz şairin ictimai-siyasi dünyagörüşünü əks etdirməklə yanaşı, öz siqləti, bədii dəyəri, məzmunu cəhətdən milli-poetik fikri zənginləşdirən misilsiz abidədir. "Lefortovo" gündəliyi" şairin qəbul etdiyi Ulutürk təxəllüsünün vəsiqəsidir.
"Mən yenə dönəcəm Azərbaycana" şeirində şair belə yazır:
Burda havam çatmır...hava istərəm,
Xəzər dənizinin özü boydaca.
Burda səmasızam,səma istərəm -
Günəşin aləmə sözü boydaca,
Xəzər dənizinin özü boydaca.
Qırın zəncirləri biləklərimdən,
Açın qıfılları diləklərimdən,
Endirin zindanı kürəklərimdən.
Gecələr bürünüb soyuq yorğana,
Yatmıram,dalıram Azərbaycana!
Nəfəsim kəsilsə... sürtüb üzümü,
Dağından-daşından qüvvət alacam.
Üzülsə qollarım, dişimlə tutub
Uğrunda bir daha qılınc çalacam,
Dağından - daşından qüvvət alacam.
Xəlil Rza 1990-cı il yanvarın 29-dək - 40 illik ədəbi-bədii yaradıcılığı dövründə öz əsərlərini "Xəlil Xəlilov", "Xəlil Xəlilbəyli", "Xəlil Odsevər", "Xəlil Rza" təxəllüsləri ilə çap etdirmişdi. "Xəlil Rza Ulutürk" təxəllüsü isə şairin keçdiyi mübarizə yolunun, ədəbi-mənəvi axtarışlarının məntiqi nəticəsi idi. Şair ömrünün son illərində, dörd il beş ay, 22 gün - 1994-cü il iyun ayının iyirmi ikisinədək, dünyasını dəyişən günədək yazdığı şeirlərdə və nəşr etdirdiyi kitablarda Xəlil Rza Ulutürk imzasını qoymuşdur. Şairin vəfatından sonra, onun ömür-gün yoldaşı, Firəngiz xanım XX əsrin axırlarından bu günədək Xəlil Rzanın şeirlərini, gündəliklərini və tərcümələrini sahmana salıb sanballı kitab halında Xəlil Rza Ulutürk imzası ilə nəşr etdirməkdədir.
Zaman keçsə də, Xəlil Rza Ulutürk yaddaşlardan heç vaxt silinməyəcək. Poeziya pərəstişkarları onun təzə-tər gül-çiçəyə qərq olmuş möhtəşəm "canlı" heykəlini həmişə ziyarət edəcək, xatirəsini əziz tutacaqlar. Bu poeziya Azərbaycana bağlı olan nümunədir. Azərbaycan hər qarışı Xəlil Rza yaradıcılığında ehtiva olunur. Bu şairin vətən boyda ali bir sevgisindən irəli gəlir. Vətəni sevən odlu-alovlu şair onun üçün təhlükə törədəcək yerlərdə belə haqq səsini boğa bilmədi. Buna daxilindən gələn hissləri, mənliyi, müdrikliyi imkan vermədi. Ən çətin anlarda belə vətən sevgisi yüksəkdə dayandı. Odur ki, bu günümüzdə, gələcəyimizdə imzasını əbədiləşdirdi, məzmunlu və alov püskürən şeirlərini, Azərbaycandan qaynaqlanan poeziyasının klassiklərin əsərləri sırasına daxil etdi.
ZÜMRÜD