Azərbaycan milli mədəniyyətinin inkişafı dövlət mədəniyyət siyasətinin əsasında dayanan prioritet məsələlərdəndir. Mədəniyyət və incəsənətin inkişafını stimullaşdırmaq dövlət siyasətində xüsusi əhəmiyyət kəsb edir. Ulu Öndər Heydər Əliyev ənənələrini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə sənət məbədləri təmir və bərpa etdirilib, onların dünya səhnəsinə uyğun olaraq fəaliyyət göstərmələrinə hər cür şərait yaradılıb. Eyni zamanda, cəmiyyətin məlumatlandırılmasına yönəldilən və bununla da onun demokratikləşməsinə, dünya birliyinə inteqrasiya edilməsinə rəvac verən mədəniyyət ocaqları köklü şəkildə modernləşdirilib və yenidən qurulub.
Dövlət başçısının məlum sərəncamları ilə teatr və konsert müəssisələrində çalışan sənətkarların sosial müdafiəsinin gücləndirilməsinə ayrılan diqqət onların maddi rifahının yüksəlməsinə səbəb olub. Təbii ki, bu yaradıcı şəxslərin fəaliyyətinin üzə çıxarılması üçün yaradılan şəritlə sıx bağlıdır. Yaradıcı simalar, mədəniyyət və incəsənimizin görkəmli nümayəndələrinə fəxri ad və mükafatlar verilib, mənzillərlə təmin olunublar və bu davamlı xarakter alıb.
Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Rəfiqə Hacı qızı Axundova "Şöhrət" ordeni ilə təltif edilib. Zəngin yaradıcılıq yoluna malik olan Rəfiqə Axundovanın keçdiyi yola nəzər salarkən görürük ki, o, 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Böyük Teatrda təkmilləşmə kursu keçib və Azərbaycan Opera və Balet Teatrının solisti olub. 1971-ci ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeysteridir. Həyat yoldaşı Maqsud Məmmədovla birlikdə Azərbaycan Opera və Balet Teatrında "Xəzər balladası", "Qobustan kölgələri", "Yallı" və "Azərbaycan süitası", "İldırımlı yollarla" və "Yeddi gözəl", "Babək", "Şelkunçik", habelə Novosibirsk Opera və Balet Teatrında "İldırımlı yollarla" baletlərinin quruluşunu vermişdir. Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləmişdir. Əlcəzairdə "Üç inqilab" (1973, R.Hacıyev; M.Məmmədovla birgə) ilk milli baletini, Malmödə "Muğam" (1975, N.Əliverdibəyov) musiqili xoreoqrafiya lövhəsini, Qahirədə "Yeddi gözəl" (1979), Antverpendə "Kaleydoskop (1980, F.Qarayev) baletlərini (hər ikisi M.Məmmədovla birgə) tamaşaya qoymuşdur. "Xəzər balladası", "Qobustan kölgələri" və "Azərbaycan süitası" 1969-cu ildə Parisdə keçirilən 7-ci beynəlxalq rəqs festivalında nümayiş etdirilmiş və Paris Rəqs Akademiyasının diplomuna layiq görülmüşdür. 1994-cü ildə "Yeddi gözəl" baletini Ankarada tamaşaya qoymuşdur.
Onun quruluş verdiyi baletlər sırasında "Xəzər balladası", "Qobustan kölgələri", "Yallı", "Ləzgihəngi", "Azərbaycan süitası" və s. mühüm yer tutur. Rəfiqə Axundovanın yaradıcılığı dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. Belə ki, o, 1959-cu ildə Azərbaycanın əməkdar artisti, 1970-ci ildə Azərbaycan SSR xalq artisti fəxri adlarına layiq görülüb. Bütün bunlarla yanaşı, "Şərəf Nişanı" ordeni ilə təltif olunub. Bu günlərdə isə ömrünün 90-cı ilində Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Şöhrət" ordeni ilə təltif olunması onun yaradıcılıq dünyasına verilən böyük bir qiymətdir.
Bütün bunlar göstərir ki, milli mədəniyyətimizin inkişafına töhfə vermiş böyük sənətkarların yaradıcılığı daim diqqətdə saxlanılır.
Zümrüd BAYRAMOVA