PDF Oxu

Siyasət

  • 851

Azərbaycan - Suriya münasibətlərində yeni perspektivlər - ŞƏRH

image

Məlum olduğu kimi, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Bakıya səfəri Azərbaycanın xarici siyasətində Avropanın, Mərkəzi Asiyanın olduğu kimi, Yaxın Şərq regionunun da xüsusi aktuallıq kəsb etdiyini bir daha ortaya qoydu.

Qeyd edək ki, Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət və məharətli diplomatiya sayəsində bu gün dünyanın çox ölkəsinin hərtərəfli əlaqələr qurmaqda maraqlı olduğu azsaylı ölkələrdən biri də Azərbaycandır. Etibarlı, güvənilən tərəfdaş kimi tanınan ölkəmizə beynəlxalq aləmdə bu cür etimad göstərilməsi heç şübhəsiz sözü imzası qədər keçərli olan Prezident İlham Əliyevin şəxsi nüfuzundan irəli gəlir. Suriyanın timsalında da görürük ki, Prezident İlham Əliyev şəxsiyyətinə olan tam güvən Azərbaycana yeni tərəfdaşlar qazandırır.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, ərazi bütövlüyünü və suverenliyini tam təmin edərək bölgədə sülhə və əməkdaşlığa geniş imkanlar açan Azərbaycan xarici siyasət kursunda da uğurlu irəliləyişlərə imza atır. Aktiv xarici siyasət yürüdən rəsmi Bakı dünyada gərginlik yaşayan ölkələr arasında barışdırıcı rol oynaması ilə də diqqət çəkir. Ölkəmiz Suriya ilə İsrail arasında gərginliyin aradan qaldırılması üçün məsələlərin dialoq vasitəsilə çözümünə tərəfdar çıxıb və görüşlərin təşkil olunmasına mühüm töhfə verib. Həmçinin Türkiyə ilə İsrail arasında və Suriya mövzusunda gərginliyin aradan qaldırılmasında qaynar xətt mexanizmi yaradılmasında Azərbaycanın əhəmiyyətli rolu olub. Suriya ilə tarixi əlaqələrə malik olan Azərbaycan sözügedən ölkə ilə dövlətlərarası münasibətlərin yaxşılaşmasına çalışıb. Lakin təəssüf ki, Suriyadakı əvvəlki hökumətin vaxtında Azərbaycana münasibətdə qeyri-dost siyasəti həyata keçirilib. Buna görə də iki ölkə arasındakı münasibətlər soyuq olub. Ermənipərəst mövqedən çıxış edən Bəşər Əsəd rejimi Suriya İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın maraqlarına qarşı çıxış edib, Ermənistanla bağlı qətnamələri əngəlləməyə çalışıb, qəbul olunan sənədlərə qoşulmayıb. Bədnam rejimin çöküşündən sonra isə Suriya ilə Azərbaycan arasında tarixən var olan əlaqələr yenidən bərpa olunub və müsbət məcrada inkişaf etməyə başlayıb. İyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə geniş tərkibdə görüşü zamanı Prezident İlham Əliyev də vurğuladı ki, Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb. Xatırladaq ki, ötən ilin dekabrında Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdə olub. Səfər çərçivəsində 29 dekabr tarixində nazir müavini ilə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani arasında görüş keçirilib. Tərəflər Azərbaycan və Suriya arasında uzun müddətdir mövcud olmayan münasibətlərdə əməkdaşlıq və dostluğun hədəfləndiyi yeni səhifənin açılmasında həmfikir olduqlarını qeyd ediblər. Onu da bildirək ki, uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyi də artıq fəaliyyətini bərpa edib. İki ölkə arasında münasibətlərin irəlilədilməsində Prezident İlham Əliyevin bu il aprelin 11-də Antalyada Suriya Prezidenti Əhməd Əl Şaraa ilə görüşü də mühüm əhəmiyyət daşıyıb. Görüş zamanı ölkəmizin rəhbəri Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu vurğulayıb. Azərbaycan tərəfinin dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Əhməd Əl Şaraa gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmini bildirib.

Bakıda Prezident İlham Əliyevlə görüşü zamanı Suriya keçid dövrü Prezidenti ölkəsinin Azərbaycanla siyasi, iqtisadi-ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Sözügedən görüşdə ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edilib, Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi bildirilib. Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracının həyata keçiriləcəyi vurğulanıb və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olunub. Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu da diqqətə çatdırılıb. Hazırda dünyada gedən geosiyasi proseslər Azərbaycan qazına tələbatı artırmaqla mavi yanacağımızın daha geniş coğrafiyaya yayılmasına imkan yaradıb. Qlobal enerji təhlükəsizliyinə mühüm töhfəsini verən Azərbaycan təkcə Avropa bazarına deyil, Yaxın Şərq ölkələrinə də öz qazını ixrac etməyə başlayıb. Hazırda Azərbaycan 12 ölkəyə qaz satır: Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya. Tezliklə bu siyahıya Suriya da daxil olacaq və beləliklə, Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayı 13-ə çatacaq. Bütün bunlar göstərir ki, Azərbaycan qazının ixracı üçün Yaxın Şərq kimi yeni coğrafiya formalaşır. Türkiyə üzərindən 1 milyard kubmetr qazın Suriyaya ixracı məsələsi Suriya rəhbərinin Bakıya səfəri çərçivəsində müzakirə olunub. Eyni zamanda Suriya həm özü Azərbaycan qazını idxal edə, həm də tranzit ölkə rolunu oynaya bilər. Türkiyə ilə Suriyanı birləşdirən qaz kəməri artıq bərpa edilib. Suriyanı İordaniya ilə birləşdirən qaz kəməri dağıdılsa da, onun bərpası mümkündür. Bu da Azərbaycan qazının Suriyadan keçməklə Misirə qədər çatdırılması üçün mühüm zəmin yaradır.

Onu da qeyd edək ki, Azərbaycan ilə Suriya arasında təkcə enerji sektorunda deyil, digər sahələrdə də qarşılıqlı əlaqələr qurulması gündəmdədir. Suriya Prezidenti Əhməd Əl Şaraa ilə Prezident İlham Əliyevin görüşü zamanı bu məqam vurğulanıb. Belə ki, iki ölkə arasında humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa toxunulub, o cümlədən suriyalı tələbələrə Azərbaycanda təqaüdlərin verilməsi və mədəni abidələrin bərpası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Suriya ilə Azərbaycan liderlərinin Bakı görüşü zamanı ölkəmizin işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işlərində təcrübəsinin olduğu nəzərə alınaraq vurğulanıb ki, bu xüsusda Azərbaycan Suriyanın postmünaqişə dövründə bərpa və quruculuq prosesinə öz töhfəsini verə bilər.

Ən əsası, hazırda Suriya ilə Azərbaycan arasında əlaqələr yeni və perspektiv vəd edən mərhələyə qədəm qoyub. Bu, rəsmi Bakının həyata keçirdiyi Yaxın Şərq siyasətinin uğurla irəlilədiyini göstərən növbəti nümunədir.

Nizami Çıraqov,

YAP Göygöl rayon təşkilatı üzrə 2 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC ərazi partiya təşkilatının sədri

Digər xəbərlər