Milan Lazovic: Paşinyan Ermənistanda keçiriləcək seçkilərdə qələbəsini təmin etmək üçün Brüssel və Parisə səfər edib
Rusiya Beynəlxalq Əlaqələr Şurasının proqram meneceri Milan Lazoviç “Moskva-Baku” portalına müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyanın Brüssel və Paris danışıqlarının nəticələrini və onların respublikada qarşıdan gələn parlament seçkiləri ilə əlaqəsini şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Milan Svetislavoviç, sizcə, Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsselə səfəri və bu çərçivədə Avropa Komissiyasının rəhbəri fon der Leyen və Avropa Şurasının rəhbəri Kosta ilə görüşü ilə gələn il Ermənistanda keçiriləcək seçkilər arasında birbaşa əlaqə varmı?
- Hesab edirəm ki, İrəvanın maraqları baxımından bu səfər vaxtındadır. Ermənistanın baş naziri Nikol Paşinyan– Avropa Komissiyasının sədri Ursula fon der Leyen– Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta formatında Brüsseldə danışıqlar gələn il ölkədə keçiriləcək və Nikol Paşinyanın gələcəyini müəyyən edəcək parlament seçkiləri ərəfəsində İrəvan üçün çox mühüm və əlamətdardır. Aydındır ki, bağlı qapılar arxasında keçirilən görüşdə Aİ funksionerləri qarşıdan gələn seçkilərdə Nikol Paşinyana nəinki siyasi dəstəyini, hətta digər səviyyələrdə də dəstəyini təsdiqləyiblər. Yəni, Paşinyanın Brüssel səfərini onun üçün taleyüklü adlandırmaq olar. Aİ hər şeyi edəcək, öz resurslarından istifadə edəcək ki, Ermənistanın indiki baş naziri bütün əvvəlki illərdə olduğu kimi yenidən dövlətə başçılıq etsin.
Bu görüş daha təbiidir, Ermənistanla Avropa İttifaqı arasında münasibətlərin inkişaf səviyyəsini nəzərə alsaq, bu, Ermənistan hakimiyyətinin Avropaya inteqrasiya vektorunun məntiqi davamıdır.
Həm İrəvan, həm də Brüssel bir-birinə doğru irəliləməkdə maraqlıdırlar. Ermənistan parlamenti bir müddət əvvəl ölkənin Avropa İttifaqına daxil olması prosesinin başlanması ilə bağlı qanun layihəsini qəbul edib.
Brüssel danışıqlarında əsas razılaşma Aİ-nin Ermənistana müxtəlif sahələrdə maliyyə ayırmasının davam etdirilməsi və həcminin artırılmasına dair razılaşma olub.
Gördüyümüz kimi, Avropa İttifaqı Ermənistanda “müstəqil” adlanan medianı dəstəkləmək üçün maliyyə vəsaiti yönəldəcək. Əslində bu, parlament seçkiləri öncəsi Paşinyan və Aİ üçün əlverişli informasiya mənzərəsinin yaradılması demək olacaq. Bundan əlavə, siyasi texnologiya sxemlərinin bir hissəsi olaraq Aİ tərəfindən maliyyələşdirilən QHT-lər Paşinyana nəinki müqavimət göstərməyəcək, hətta növbəti seçkilərdə qalib gəlməyə kömək edəcək.
Brüsseldə Aİ rəsmiləri ilə görüşdən sonra Nikol Paşinyan Parisə gedib və orada Fransa prezidenti Emmanuel Makronla görüşüb. Paşinyan fransalı həmkarına Brüsseldəki müzakirələrin təfərrüatları barədə məlumat verib və onu Bastiliyanın alınması günü münasibətilə təbrik edib. Yelisey sarayında Ermənistan və Fransa liderlərinin söhbətində regional əhəmiyyətli məsələlər: İrəvanla Bakı arasında sülh prosesinin gedişi, nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesi müzakirə olunub. Paşinyanın seçicilərinə, Ermənistan əhalisinə müxtəlif sahələrdə, o cümlədən Azərbaycanla münasibətlərin tezliklə normallaşdırılması məsələsində Aİ və Fransanın dəstəyini təmin etdiyini nümayiş etdirməsi vacibdir. Bu yanaşma həm də onun ölkədə siyasi mövqelərini gücləndirmək məqsədi daşıyır, xüsusən də seçkilər öncəsi müxalif qüvvələrlə inkişaf edən mübarizə fonunda.
Həmçinin seçkilərdən əvvəl Fransanın Ermənistana dəstəyini Paşinyana nümayiş etdirmək lazımdır. Bununla belə, məncə, Parisin bu gün İrəvana dəstək verməsi praktiki deyil, daha çox deklarativ xarakter daşıyır. Fransanın indi Ermənistandan başqa bir çox narahatçılığı var.
Ermənistanda həbs edilən rusiyalı biznesmen Samvel Karapetyanın Nikol Paşinyanla mübarizə aparmaq üçün yeni siyasi qüvvə yaratdığını necə elan etdiyini görürük. İndiki hakimiyyətə müqavimət göstərmək cəhdlərinin nə dərəcədə uğurlu olacağını hələlik söyləmək çətindir. İnanıram ki, bu alternativ qüvvə Ermənistan cəmiyyətində hələ ki, ciddi reaksiya tapmayacaq. Biz görürük ki, Ermənistan hakimiyyəti müxalifətlə, kilsə ilə qarşıdurma şəraitində özünü necə kifayət qədər arxayın hiss edir. Ermənistanın hazırkı hökuməti vəziyyətə nəzarət edir. Güclər balansının birdən-birə dəyişməsi mümkün deyil.
- İlin əvvəlində biz sizinlə müzakirə etdik ki, Donald Trampın rəhbərliyi altında ABŞ Bayden dövründəkindən daha az Ermənistanla maraqlanır, hətta Vaşinqton sözün əsl mənasında Ermənistan-Azərbaycan danışıqlarını öz nəzarəti altına almağa cəhd edəndə belə. İndi vəziyyət fərqlidir, lakin son günlər ABŞ Bakı ilə İrəvan arasında münasibətlərin tezliklə normallaşacağına dair bəzi eyhamlar səsləndirir. Donald Tramp bunu bir neçə gün əvvəl dedi... Bəs son hadisələrlə bağlı demək olarmı ki, ilk növbədə, Avropa İttifaqı Ermənistanı tərk etməyib və ona nəzarət etməkdə davam edir?
- Trampın rəhbərliyi altında ABŞ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında maraqlıdır. Bu, həqiqətən də belədir. Amma eyni zamanda, onlar son vaxtlar nə Ermənistana, nə də digər regional oyunçulara dəstək üçün çox da sərmayə qoymağa hazır deyillər. Aİ isə bu fonda Ermənistanı fəal şəkildə dəstəkləməkdə davam edir. Avropa Birliyinin məqsədi Ermənistandan istifadə edərək Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq, onun regionda maraqlarını irəli sürmək və Ermənistanın Rusiya Federasiyasından uzaqlaşaraq geosiyasi dönüşünü həyata keçirməkdir.
Eyni zamanda qeyd etmək lazımdır ki, son günlər ABŞ-ın regiona, xüsusən də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına diqqətinin müəyyən dərəcədə intensivləşməsi müşahidə olunur. Bu, digər şeylərlə yanaşı, Donald Tramp administrasiyasının praqmatizminin təzahürlərindən biridir. ABŞ-ın Türkiyədəki səfiri Tom Barak bu günlərdə demişdi ki, əgər bu, tərəflər arasında bu məsələ ilə bağlı dalana dirənmiş danışıqların irəliləməsinə kömək edərsə, ABŞ Ermənistan və Azərbaycan arasında Zəngəzur dəhlizinin idarəçiliyini öz üzərinə götürməyə hazırdır. Diplomatın sözlərinə görə, Vaşinqton Zəngəzur dəhlizini 100 il müddətinə icarəyə götürməyə hazırdır. Ancaq hələlik bu fikirlər olduqca şübhəli görünür. Azərbaycanın Zəngəzur dəhlizinə xaricdən, xüsusən də ABŞ-dan nəzarət edilməsində maraqlı olması mümkün deyil.
- Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə Ermənistan-Azərbaycan nizamlanması üzrə 5 saatlıq birbaşa danışıqların aparılması faktını necə qiymətləndirirsiniz?
- Bu cür danışıqlar, əlbəttə ki, hər iki tərəfin bütün nizamlanma məsələlərini ikitərəfli əsasda həll etməyi həqiqətən səmərəli hesab etdiyinə, həmçinin qarşılıqlı sülh istəyinin sübutu oldu. Görüş bu istəyin bariz göstəricisi oldu. Danışıqlar zamanı, görünür, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı vəziyyətə “təftiş” aparılıb, görünür, gələcək fəaliyyət istiqamətləri, tərəflərin izləyə biləcəyi sxemlər müzakirə olunub. Şübhəsiz ki, yaxın gələcəkdə sərhədlərin delimitasiyasının yeni praktik mərhələsini gözləmək olar. Həmçinin medianın bəyanatlarına əsaslanaraq tərəflər Zəngəzur dəhlizinin açılması yollarını müzakirə ediblər.
Paşinyan bu yaxınlarda Türkiyəyə getdi, Ərdoğanla görüşdü, buna əsaslanaraq, Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinə yenidən baxa biləcəyini ehtimal etmək olar. Bu dəhlizin açılması Azərbaycan, Ermənistan və Türkiyə üçün faydalı olardı.
O da göz qabağındadır ki, Ermənistan Konstitusiyası dəyişdirilmədən Bakı sülh müqaviləsi imzalamayacaq. Bu, Azərbaycanın tamamilə aydın, şəffaf mövqeyidir. İrəvan Konstitusiyanı təcili dəyişdirməyə hazır deyil, lakin Ermənistan rəsmilərinin bəyanatlarına əsasən, bu istiqamətdə iş gedir. Və görünür, İrəvan qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar Azərbaycana qarşı ərazi iddialarını ölkənin əsas qanunundan çıxaracaq.
Tərcümə - Elçin Bayramlı