PDF Oxu

İqtisadiyyat

  • 6 530

Xankəndinin Azərbaycan iqtisadiyyatında rolu – VII YAZI

image

Xankəndi digər Azərbaycan şəhərlərinin əksəriyyətindən nisbətən cavan olması ilə fərqlənir. Arxiv sənədlərinə görə, şəhər XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığı başçılarının — xanların istirahəti üçün yaşayış məskəni kimi salınır.

Xanın kəndi 27 məhəlləli nəhəng şəhər olub

Xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün məskən, xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində salınır. Bu zaman onun xanlığın digər vacib şəhər və kəndlərinə, Ağdama, Xocalıya, Malıbəyliyə, Kərkicahana və digərlərinə yaxın olması da əsas götürülür. Belə ki, yeni yaşayış məntəqəsi kimi digər yaşayış məntəqələrində də ancaq yerli əhali, azərbaycanlılar yaşayırdı. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından, el arasında “Xanın kəndi” kimi tanınır. Qısa bir müddətdən sonra qəsəbə Xankəndi adını alır.

Qarabağ xanlığı Rusiyaya birləşdirildikdə Xankəndi axırıncı Qarabağ xanı Mehdiqulu xanın arvadı Pəricahan bəyimə bağışlanmışdı. Xankəndidə ümumilikdə 34 məhəllə var idi. Bu da onu göstərir ki, Xankəndi böyük əraziyə malikdir. Bu məhəllələrin bir çoxu qədim Azərbaycan məhəllələri idi. Adətən, hər məhəllədə bir və ya bir neçə məscid və hamam olardı. Məhəllələr iki yerə bölünürdü: əsas məhəllələr (şəhər mərkəzində yerləşən ən iri məhəllələr) və yan (qonşu) məhəllələr. 15 əsas məhəllədə 642 ev, 22 ziyarətgah-məscid vardı. 22 yan məhəllədə ümumilikdə 763 ev, 18 məscid-ziyarətgah olub. Bu tarixi məhəllələrin bir çoxu və ziyarətgahlar işğal zamanı məhv edildi.

Yersiz gəldi, yerlilər qaçqın oldu

Tarixi Azərbaycan torpağı olan Xankəndi şəhərinə bir çox illərdə ermənilər köç ediblər. İlk köç 1800-cü ildə, İbrahimxəlil xan Cavanşirin dönəminə təsadüf edir. Daha sonralar 1804, 1850, 1890, 1915, 1937 və 1951-ci ildə minlərlə erməni buraya köçüb. Ən son köç isə 1988-ci ildə Sumqayıt ermənilərinin köçü olub. Onlar əsasən Xankəndi, Kərkicahan, Kosalar, Bəhlulun, Cəmilli ərazilərində məskunlaşmışdılar.

1920-ci illərin əvvəllərində Xankəndi kəndini erməni əhalisi ilə fəal məskunlaşdırmağa başladılar. Bu, böyüməkdə olan şəhərin əhali artımında da özünü bariz göstərməyə başlayır. 1939-cu ildə şəhərdə 10 min, 1959-cu ildə 20 min, 1970-ci ildə 30 min, 1988-ci ildə 60 min əhali yaşamağa başlayır.

Bu gün Xankəndinin azərbaycanlı əhalisinin çox hissəsi Bakı, Abşeron, Pirşağı, Mərdəkan, Zuğulba, Gəncə, Sumqayıt, Nəsimi rayonu, Ağcabədi, Naftalan və Ağcakənd ərazilərində məskunlaşıblar. Qarabağ müharibəsinin ilk məcburi köçkünləri olmuş Xankəndi camaatı Gəncənin “Üzümçülük sovxozu” deyilən ərazidə yaşayıblar.

Yeni sənaye mərkəzi

Xankəndi Qarabağ xanlarının istirahət mərkəzi kimi salınsa da, XX əsrdə o, Azərbaycanın yeni sənaye və mədəniyyət mərkəzi kimi inkişaf etməyə başlayır. Bu zaman bu işə daima Azərbaycanın ümumi respublika resurslarından böyük dəstək verilir. Bu səbəbdən də onun bütün sahələr üzrə inkişafı digər Azərbaycan şəhərlərindən daha sürətlə getməyə başlayır.

Qeyd etdiyimiz rəqəmlər Dağlıq Qarabağ regionunun sosial inkişafdan geri qalması barədə erməni millətçilərin 1988-ci ildə ortaya atdıqları iddianı tamamilə rədd edir. Çünki hər 20 ilə əhalisinin sayının iki dəfə artması istənilən əyalət şəhəri üçün böyük inkişaf göstəricisi idi. Artan əhali üçün nəinki mənzillər tikilir və müvafiq sosial və kommunal infrastruktur yaradılırdı, eyni zamanda, onlar üçün iş yerləri olacaq müasir müəssisələr tikilirdi. Eyni zamanda, bu, təkcə Xankəndi üçün deyil, bütün Dağlıq Qarabağ üçün xarakterik idi.

Zavodlar, kombinatlar, fabriklər – tam bir istehsalat şəhəri

Tikilən evlər, qurulan müəssisələr Dağlıq Qarabağ Muxtar Vilayətinin deyil, Azərbaycanın maliyyə-texniki resursları və iradəsi hesabına yaradılırdı. Xankəndində tikilmiş müəssisələr keçmiş muxtar vilayətin sənaye məhsulunun yarısından çoxunu buraxırdı. Sovet dövrünün axırına Xankəndində bütün Cənubi Qafqazda tanınan ipək kombinatı, ayaqqabı, xalça, tikiş fabrikləri, süd kombinatı və şərab zavodu fəaliyyət göstərirdi. Elektrotexniki zavodun, mebel fabrikinin, tikinti materialları kombinatının, asfalt-beton zavodunun məhsulları Azərbaycanın daxili bazarında ən təlabatlı məhsullar idi.

İşğalından öncə Xankəndi Azərbaycanın inkişaf etmiş sənaye mərkəzlərindən biri olub. Yüngül və yeyinti sənayesi inkişaf edib, şəhərdə elektrotexnika, avtomobil təmiri və asfalt-beton zavodları, mebel fabriki, tikinti materialları, sənaye, istehsalat və tədris istehsalat kombinatları vardı. Şəhərdə 3 sovxoz və 1 kolxoz fəaliyyət göstərirdi. Bu sovxozlarda insanlar taxıl, buğda, arpa, pambıq, kök, kələm, xiyar, qarpız və digər bitkiləri əkirdilər. Şəhərdəki yeganə kolxozda isə əsasən atçılığa və maldarlığa çox üstünlük verirdilər. Burada dünyada ad çıxarmış, gözəlliyi dillərə dastan cins Qarabağ atları yetişdirilirdi.

Xankəndinin qiymətli florası var

Xankəndi və onun ətrafında bir çox qiymətli bitki növləri yetişir. Bu bitkilər hər zaman dünya təbiblərinin diqqətini çəkib, onlardan qiymətli dərmanlar hazırlanıb. Yalnız rütubətli qonur — gillicəli torpaqlarda bitən şabalıd növü, nəsli kəsilmək təhlükəsi altında olan relikt növ əncir, vələs və qarışıq meşələrdə rastlanan Hirkan şümşəsi, çox nadir növ olub quru, çınqıllı, gilli, qumlu yamaclar, az münbit torpaqlarda bitən təkdənli buğda, arealı kiçilməkdə olan az rast gələn növ olub aşağı və orta dağlıq qurşaqlarının meşə və kol pöhrəliklərində yayılan uzunyarpaq tozbaş səhləb, Qafqazın və İranın nadir relikt növü olan vələsyarpaq azat da məhz Xankəndi və ətrafında yayılmışdı. Bu qiymətli dərman bitkiləri təbii təbabətdə istifadə edilirdi.

Mədəni həyat qaynar idi

Xankəndi həm də qəzetçilik, nəşriyyat sahəsində inkişaf etmişdi. SSRİ dönəmində şəhərdə üç qəzet dərc olunurdu, bunlar “Qarabağ”, “Xankəndi” və “Komsomolçu gənclər” qəzetləri idi. 1978-ci ildə Xankəndində “Gənc Jurnalistləri Evi” də açılmışdı. Ümumiyyətlə, Xankəndi şəhərində mədəniyyət obyektləri çox idi, şəhərdə 2 mədəniyyət evi, 2 musiqi məktəbi, 1 rəqs məktəbi, 1 rəsm məktəbi fəaliyyət göstərirdi. SSRİ dönəmində şəhərin mədəniyyət evi V.İ.Leninin adını daşıyırdı. Qarabağda ilk rəqs məktəbi Xankəndi şəhərində 1972-ci ildə istifadəyə verilmişdi.

Xankəndi Azərbaycan xalqına bir çox görkəmli şəxsiyyətlər də bəxş edib. Qarabağ xanı Pənahəli xanın oğlu İbrahimxəlil xan Cavanşir, şairə, Qarabağ xanı İbrahim xanın qızı, Fətəli şah Qacarın xanımı Ağabəyim ağa, Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Manafov, Qara və əlvan metallurgiya sahəsində alim Şahmar Xudiyev, Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Qarabağ müharibəsi şəhidi Şirin Mirzəyev kimi tanınmış şəxsiyyətlər yetişdirən Xankəndi Azərbaycan mədəni-ictimai həyatına böyük töhfələr verib.

Hazırda Xankəndidən köç edən ermənilər bir şeyin fərqindədirlər – gec-tez yurdun əsl sahibləri geri qayıdır. Öz evindən ayaqyalın, başıaçıq çıxmağa məcbur olan azərbaycanlılar tezlikdə Xankəndidə öz ocaqlarının istisinə isinəcəklər.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” ” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər