İqtisadiyyat

  • 2 260

Qarabağ möcüzəsi: dağlarında nə sərvətlər yatır? -ARAŞDIRMA

image

Qarabağ bölgəsi yeraltı sərvətləri ilə yanaşı yerüstü təbii sərvətlərlə də zəngindir. Regionda bitən 460-dan artıq yabanı və kol bitkilərinin 70-i endemikdir, yəni, dünyanın başqa heç bir yerində təbii mühitdə bitmir. Bu məqaləmizdə Qarabağın təbiət sərvətlərindən danışacağıq.

Bildiyimiz kimi, Qarabağ özünün təbiəti, landşaft örtüyü, iqlimi, flora və faunası, mədəni bitkilərin zənginliyi ilə həmişə məşhur olub. Erməni vandalizminə məruz qalmadan öncə burada çoxsaylı nadir, o cümlədən “Azərbaycanın Qırmızı kitabı” na daxil edilmiş bitki və heyvan növləri, qoruq və yasaqlıqlar mövcud olub. Buna misal olaraq, Zəngilan rayonu ərazisində, Bəsitçayın dərəsində yerləşən və Avropada yeganə təbii çinar meşəsini, Laçın rayonunun yüksək dağlıq ərazilərində 100-dən artıq bitki növünün qorunduğu Qaragöl Dövlət Təbiət Qoruğunu, qırmızı (qızılı) palıdın mühafizə olunduğu Laçının Hacışamlı meşəsini, Qubadlı və Laçın ərazisində qırmızı palıdın, qoz ağaclarının, vələs, ağcaqayın, yemişan, ardıc və s. bitdiyi Qubadlı Dövlət Təbiət Yasaqlığını və digər əraziləri göstərmək olar.

Qarabağda 110 fəsiləyə və 397 cinsə aid 606 növ dərman bitkisi (onlardan 4 fəsilə, 10 cinsə aid 11 növ şibyələrdir) yayılıb ki, bu bitkilərin 66 növü ofisinal təbabətdə dərman vasitəsi kimi istifadə olunur. Dərman bitkilərinin 19 fəsilə və 28 cinsdən ibarət 35 növü Qafqaz endemi, 32 növü nadir və itmə təhlükəsində olan, “Azərbaycanın Qırmızı kitabı”na salınmış bitkilərdir.

Öz tarixi boyunca Dağlıq Qarabağda toplanan dərman bitkiləri bir çox ölkələrə ixrac olunurdu. Qarabağın səfalı dağlarından toplanmış çiçək və otlara qədim Babilistan, Roma, Yunanıstan və hətta Misir əczaxanalarında rast gəlmək olurdu. Onların arasında dazı, andız, çobanyastığı otları və məşhur xarı bülbül çiçəyi vardı. Misir xəstəxanalarının birində çalışan qədim yunan alimi Erazistrat (e.ə. IV əsr) qədim Azərbaycan tibbinin irsini öyrənmək üçün Midiyanın paytaxtı Haqmadan (müasir Həmədən) şəhərinə gəlib və burada Qarabağdan gətirilmiş dərman bitkilərinin nümunələrini əldə edib Misirə aparıb.

E.ə. I əsrdə Romanın Qafqaz Albaniyası ilə müharibəyə girməsi də məhz Qarabağın zəngin təbii sərvətlərinə yiyələnmək məqsədini güdürdü. Lakin romalılar Alban dövləti üzərində qələbə çala bilmədiklərinə görə onunla sülh müqaviləsi imzalamağa üstünlük verdi. Bu sülh müqaviləsində dərman bitkilərinin alış-verişi haqqında da bənd olub. Məşhur tarixçi Strabona görə Roma imperiyası ilə Albaniya arasında bağlanan müqavilədə Albaniya ölkəsindən yığılan bitkilərdən dərmanlar hazırlanmalı və kiçik şüşə qablara doldurularaq Romaya verilməsi barədə öhdəliklər olub. Beləliklə, hələ yeni eranın əvvəlində həmvətənlərimiz Qarabağda yetişən dərman bitkilərini tibbi məqsədlərlə istifadə edirdilər.

Birinci əsrdə yaşamış məşhur Roma alimi Qalen Qafqaz Albaniyasınıdan gətirilmiş otlardan müxtəlif məcunlar, həblər və başqa müalicə vasitələri hazırlayırdı. Beləliklə, Qarabağın tibbi irsi Romada tibb və əczaçılıq elmlərinin inkişafına təsir göstərirdi. VII əsr Alban tarixçisi Musa Qağankatlı özünün “Alban tarixi” kitabında yazır ki, tibb elmində kamilliyə çatan insanlar bu ölkədə xüsusi hörmət sahibləri olmuşdular. O zaman Qarabağda xüsusi əczaxanalar vardı. Orada həm yerli dərman bitkiləri, həm də dünyanın müxtəlif ölkələrindən gətirilmiş dərman bitkiləri satılardı. Peşəkar həkimlər “türkəçarə” adı ilə şöhrət tapmış türk xalq təbabətindən də bəhrələnirdilər.

Türkəçarə müalicəsinin təsvirinə erkən orta əsrlər zamanı Azərbaycanda, əsasən, Aran Qarabağ torpağında formalaşmış “Kitabi-Dədə Qorqud” dastanında da rast gəlmək olar. Bu əsərdə dağ çiçəyindən məlhəm hazırlanması və onunla igidin yarasının müalicə olunması səhnəsi var. Dastana əsasən, Turalın yaralarını sağaltmaq üçün anası Burla Xatunla qırx incəbelli qız dağlara qalxıb şəfalı çiçəklər toplayır, o çiçəkləri ana südü ilə qarışdırıb məlhəm düzəldirlər və Turalın yaralarını sağaldırlar.

Qarabağda yayılmış dərman bitkilərinin bioloji aktivlik və müalicəvi xüsusiyyətlərinin də kifayət qədər genişdir, bu bitkilərin 163 növünün diuretik, 157-nin antibakterial, 138-nin yarasağaldıcı, 81-nin büzüşdürücü, 19-nun antivirus xüsusiyyətlərə malikdir. Bu dərman bitkilərinin daha çox növü ürək-damar (81 növ), mədə-bağırsaq (155 növ), böyrək (55 növ), qaraciyər (80 növ), dəri (149 növ), diabet (35 növ) və bir çox digər xəstəliklərin müalicəsində tətbiq edilir.

İşğaldan əvvəl aparılmış tədqiqatlara əsaslanaraq, Qarabağda 2500-ə qədər ali bitki növünün bitdiyini demək olar. Azərbaycan Respublikasının “Qırmızı kitab”ının I nəşrinə daxil edilmiş nadir və nəsli kəsilmək təhlükəsində olan bitkilərin bir çoxu Qarabağdan təsvir edilib. “Qırmızı kitab”ın II nəsrində 8 Qarabağ endemi haqqında məlumat verilib.

“Qırmızı kitab”a daxil edilmiş 11 növ ağac bitkisinə Qarabağın dendroflorasında rast gəlinir ki, bu da ölkə üzrə bütün nadir və nəsli kəsilməkdə olan dendrofloranın 21%-ni, Kiçik Qafqaz üzrə 50%-ni təşkil edir. İşğaldan əvvəl Qarabağda 228794 hektarı meşə ilə örtülü olan 260311 hektar meşə fondu olub və bunun 54328 hektarı ermənilər tərəfindən məhv edilib ki, bu da regionda mövcud olmuş meşə ehtiyatının 24%-dir.

İşğal dövründə böyük bir xarabalığa çevrilən Qarabağın həm təbii sərvətləri məhv edilib, həm də bərpası mümkünsüz olan misilsiz nümunələri talan edilib. Bu nümunələrdən biri də Zəngilanın dünyaca məşhur qırmızı çinar meşəliyi idi.

Məşhur Çinar Meşəsi də təbii olaraq bütün dünyada marağa səbəb olurdu. Bu çinar meşəsi təkcə Azərbaycanın deyil, bütün Qafqazın flora-faunasının zənginliyində özünəməxsus yer tuturdu. Bəsitçay hövzəsində yerləşən təbii çinar meşəsi sahəsinə, ağacların fiziki sağlamlığına, görünüşünə görə dünyada marağa səbəb olub. Zəngilan nadir bioekoloji əlamətinə görə bənzərsizdir, bu səbəbdən onu “Şərq florasının mirvarisi”, möhtəşəm gövdəsi və füsunkarlığına görə isə “Cənubun nəhəng ağacı” adlandırırdılar. Bu meşədə yaşı 1500-ə, hündürlüyü 50 metrə, gövdə diametri 4 metrə çatan ağaclar var idi.

Çinar meşəsi çox nadir və füsunkar yaşıllıq mənbəyidir və ölkəmizin əvəzolunmaz sərvəti hesab edilirdi. Zəngilan çinarları dünyada bitən 8 çinar növündən biri idi. XX əsrin əvvəllərində sahəsi 120 hektara yaxın olan bu Çinar meşəsi bütünlüklə Azərbaycana məxsus idi. Lakin 20-ci illərdə Zəngəzur torpaqlarının yarısının Ermənistana verilməsi ilə Bəsitçay vadisindəki çinar meşəsinin bir hissəsi– Xaçın çay və Şixavuz çay vadiləri boyunca yayılan ağacları indiki Ermənistanın Qafan rayonunun Nerkin-Hand, Sav və Şixavuz kəndləri ərazisində qalıb. Beləliklə, ermənilər bu çinar meşəsinin də bir hissəsini öz ərazilərinə qatıblar.

Sonralar akademik Həsən Əliyevin təşəbbüsü ilə nadir təbiət abidəsi olan çinar meşəsini qorumaq məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 1974-cü il 4 iyul tarixli qərarına əsasən Zəngilan rayonunun ərazisində 117 hektar sahəni əhatə edən Bəsitçay Dövlət Təbiət Qoruğu yaradıldı.

Zəngilanın çinar meşəsi Avropada ən böyük, dünyada isə Kanadadan sonra 2-ci yeri tutur. Hazırda Kanada dövlətinin bayrağının üzərindəki Şərq çinarı yarpağının təsviri uzun müddətdir ki, bu dövlətin rəmzinə çevrilib. Bununla yanaşı, bir çox müəlliflər öz tədqiqatlarında hətta belə qənaətə gəlirlər ki, Zəngilanın çinar meşəsi– Şərq çinarı meşəsi dünyanın ən böyük çinar meşəliyi olub.

Tədqiqatçı, coğrafiyaşünas Oktay Ələkbərov da öz araşdırmalarında qeyd edir ki, Zəngilanın çinar meşəsi Yer kürəsinin ən böyük çinar meşəsidir və bu meşə massivi sahəsinin böyüklüyünə görə dünyada birincidir. Zəngilanın çinar meşəsi təkcə yerli mütəxəssislərin, coğrafiyaşünas alimlərin deyil, həm də dünya elminin görkəmli tədqiqatçılarının diqqətini cəlb edirdi. Zaman-zaman xarici alimlərin Zəngilan çinarları ilə yerində tanış olmaq üçün meşəyə gəldikləri də məlumdur. Ekspedisiya nümayəndələri Zəngilan çinarları ilə yerində tanış olaraq, onların hündürlüyü, diametri, xüsusiyyətləri, görkəmi haqqında ətraflı məlumat toplayıb və öz yazılarında bunlardan bəhs ediblər.

Qarabağın faunası da çox zəngin olub. Burada yaşayan və nəsli kəsilməkdə olan çoxsaylı növlər Azərbaycan Respublikasının “Qırmızı kitab”ının II nəşrinə daxil edilib. İşğal olunmuş ərazilərdə həşəratlar faunasının 56 növü nadir, endemik və nəsli kəsilmək təhlükəsindədir. Qarabağın daxili su hövzələrində 12 növ balıq yayılıb, onlardan 7-si Beynəlxalq Təbiəti Mühafizə Təşkilatının qırmızı siyahısına da daxil edilib. 1993-cü ilə qədər Qarabağ ərazisində 16 dəstəyə, 57 fəsiləyə daxil olan 288 növ quş qeydə alınıb. Bunlardan 50 növ “Qırmızı kitab”ın II nəşrinə daxil edilib. Qarabağ ərazisində işğala qədər 6 dəstəyə mənsub 64 məməli növü (bəzi müəlliflərə görə 70, digərlərinə görə 61 növ; bunların da 24 növü Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilib) qeydə alınmışdı.

Çox təəssüf ki, Ermənistan işğalı dövründə Qarabağın flora və faunası, məşhur təbiət abidələri də böyük ölçüdə məhv edilib. Məlum olduğu kimi, təbiət qoruqlarının qorunması YUNESKO tərəfindən həyata keçirilir. 1972-ci ildə bu haqda 164 ölkənin dəstəyilə Paris Konvensiyası qəbul edilib. Lakin Ermənistanın təcavüzü nəticəsində digər tarixi və mədəni abidələrimiz təbiət abidələrimiz də düşmən tərəfindən vəhşicəsinə talan edilib. Buna baxmayaraq, beynəlxalq təşkilatlar bu vandalizm və vəhşilik qarşısında susmağa üstünlük verir.

Lalə Mehralı

Digər xəbərlər