İqtisadiyyat

  • 3 463

Kənddən gəldik şəhərə: bəs sonra?

image

Urbanizasiya dünyanın bir çox yerində sürətlə artan prosesdir. İnsanlar könüllü ya könülsüz, özündən asılı olan və ya olmayan səbəblərdən kənd yerlərini tərk edərək şəhərlərdə məskunlaşırlar. Şəhərlərə bu sürətli köçün ən əsas və təməl səbəblərindən işsizlikdir. Rayon və kəndlərdə artan işsizlik nisbəti paralel olaraq şəhərlərdəki yüklənməni də artırır. Beləcə, kəndlərin boşalması fonunda gedən sürətli urbanizasiya zamanla şəhərlərin dolub-daşması, nəqliyyatın çoxalması, istixana qazı emissiyalarının artması deməkdir. Sürətli urbanizasiyanın əsas problemlərindən biri şəhər yerlərində ətraf mühitin keyfiyyətinin getdikcə aşağı düşməsidir.

Şəhərlərdə avtomobillərin sayı artdıqca istixana qazı emissiyaları ətraf mühitin keyfiyyətinə mənfi təsir göstərir. Urbanizasiya və nəqliyyat faktorlarının ekoloji problemə təsirlərinin azaldılması istiqamətində konkret nəticə əldə etmək olmur. Çünki əhali ilə bərabər nəqliyyat da durmadan artır. Kəndlərdə maddi sıxıntı, dolanışıq problemləri yaşayanlar çıxış yolunu şəhərə köç etməkdə görür. Problemin həlli üçün rayonlara ciddi kapital qoyulmalı, fabrik-zavod inşa edilməli, iş imkanları yaradılmaldır.

Əhalinin artması və sənayeləşmə nəticəsində yaranan urbanizasiya stress, səs-küy və kirayə qiymətlərinin artması kimi sosial-iqtisadi təsirlərə səbəb olur. Durmadan böyüyən şəhərlərdə ətraf mühitin, hava və suyun çirklənməsi ekoloji problemlərin böyüməsinə gətirib çıxarır. Plansız və qeyri-müntəzəm urbanizasiyanın təbiətə mənfi təsirləri havanın çirklənməsi, suyun zəhərlənməsi və torpağın məhv edilməsidir. Torpağın məhv edilməsi isə həyatın bütünlüklə məhvi deməkdir. Necə ki, biz bunu yaşıllıqların getdikcə azalması ilə müşahidə edirik.

Şəhərlərdə kifayət qədər mənzil və iş imkanları olmadığı təqdirdə kənd yerlərindən şəhərlərə miqrasiya şəhərlərə mənfi təsir göstərir. Şəhərlərdə intensiv miqrasiya, plansız urbanizasiya, artan əhali və bunun fonunda cinayət nisbətləri, infrastruktur, nəqliyyat problemləri və işsizlik kimi çox sayda problemlərə səbəb olur. Urbanizasiya ilə cəmiyyətdə sosial və iqtisadi müstəvilərdə dəyişikliklər baş verir. Bu vəziyyəti hətta inkişaf etmiş dövlətlərin yüksək urbanizasiya sürətində və sosial inkişaf səviyyəsində görmək mümkündür. Urbanizasiya prosesi nəzarət altında, planlı şəkildə həyata keçirilərsə yaxşı nəticə əldə etmək olar. Şəhərin planının doğru hazırlanmaması, prospekt və küçələrin planlı salınması, planlaşdırılmamış bina tikintisi, yanlış infrastruktur və ya infrastrukturun ümumiyyətlə olmaması, nəqliyyatdakı problemlər də urbanizasiya problemlərindəndir.

Yaşıl şəhərlərin planlaşdırılması və tikintisində beynəlxalq meyarlar və onlara nəzarət edən sistemlər müasir şəhərlərdə mövcud olan problemləri aradan qaldırmaq üçün hazırlanır. Nəqliyyat müasir şəhərlərin ən mühüm problemləri arasında həmişə birinci yerdədir. Bu gün Bakıda nəqliyyat probleminin ciddi planlaşdırma problemi olduğu da gün kimi aydındır. Xüsusilə makro miqyaslı şəhərsalmada, yeni şəhər ərazilərinin ictimai nəqliyyata yaxınlığı, bina istifadəçilərinin maşın sürməyə ehtiyac olmadan bir çox sosial obyektlərə piyada gedə bilməsi, yaxınlıqda məktəb, xəstəxana, bağça mağaza kimi vacib obyektlərin olması şərtdir.

Şəhərləşmə nəticəsində artan binalar və onlarla əlaqəli infrastrukturlar yaxşı planlaşdırılmadıqda betonlaşmanın miqyası artır və yaşıllıq sahələri azalır. Belə olan halda insan həyatında mühüm yeri olan təbiətlə təmas getdikcə azalır, bitki və heyvan növləri azaldıqca biomüxtəliflik itirilir. Həmçinin yağış sularının udulması, həddindən artıq istiləşmənin qarşısının alınması istiqamətində yaşıllığın əhəmiyyəti böyükdür. Xüsusilə yaşıllıqların azalması, tikintinin çoxalması şəhər yerlərində güclü yağış, daşqınlara səbəb olur, can və mal itkiləri baş verir.

Bu gün şirin su ehtiyatlarının tədricən azalması onu göstərir ki, əhalinin artması ilə gələcəkdə suya çıxışın əhəmiyyəti də tədricən artacaq. Azərbaycan su ehtiyatlarına görə yoxsul ölkələr sırasındadır, ölkəmizin su ehtiyatlarının 2050-ci ilə kimi 15-20 faiz azalacağı gözlənilir. Araşdırmalara görə, bizim yerüstü su ehtiyatımız orta illik 32,3 mlrd. kubmetrdir. Quraqlıq illərdə isə bu göstərici 23 mlrd.kubmetrə qədər azalır. Ölkədə adambaşına orta illik 3800 kubmetr su düşür. Deməli, şəhərlərdə artan əhali bu resurslardan səmərəli istifadə etməlidir. Yeni dünya standartlarına uyğun tikilmiş yaşıl binalar səmərəli su qurğuları ilə təmin edilir, yağış suyu kimi alternativ su mənbələrinin təkrar emalı həyata keçirilir, bu yolla suyun daha səmərəli istifadəsini təmin edir. Beləliklə, standart binalarla müqayisədə 10% -dən 45% -ə qədər su səmərəliliyi əldə edilir.

Enerji təhlükəsizliyi və yüksək enerji xərcləri də müasir şəhər həyatında həm iqtisadi, həm də ekoloji baxımdan bir çox problem yaradır. Yaşıl binalarda enerji səmərəliliyi ilə bağlı bir çox məsələlər araşdırılır. Bu kontekstdə səmərəli bina kondisioner sistemləri, işıqlandırma sistemləri, istilik izolyasiyası və enerjinin avtomatlaşdırılması kimi məsələlər ön plana çıxır. Həmçinin bərpa olunan enerji mənbələrini təşviq etməklə zərərli emissiyaların qarşısının alınması planlaşdırılır. Bu, enerji xərclərini iqtisadi cəhətdən azaldır, eyni zamanda havanın çirklənməsinin və qlobal istiləşmənin azaldılması istiqamətində mühüm addımdır. Enerji səmərəliliyi könüllülük əsasında yalnız özəl sektorun ixtiyarına buraxılmayacaq qədər vacib bir məsələdir, bu həm dövlət, həm də ictimaiyyət tərəfindən tənzimlənməli və müntəzəm olaraq nəzarət edilməlidir.

Bu gün şəhərlərdə yaşayan insanların həyatının orta hesabla təxminən 90%-i binalarda keçir. Binaların və şəhərlərin dizaynında insan sağlamlığı və rahatlığı ilə bağlı bir çox məsələlər standartdır. Normal standartlarda tikilən binalarda yaşayan və işləyən insanların daha çox gün işığından faydalanması, daha çox təmiz hava alması, zərərli kimyəvi maddələrə daha az məruz qalması, daha işıqlı və daha az səs-küylü şəraitin yaradılması kimi standartlara əməl edilir. Lakin rabitəsiz, plansız tikilən bir çox binalarda bu standartlar nəzərə alınmır, günəş görməyən, işıq düşməyən, izolyasiyası olmayan binalar tikilib istifadəyə verilir.

Yeni tikililərin struktur təkmilləşdirilməsi ilə yanaşı, həmin regionun ekoloji inkişafı üçün ərazidə yaşayan, imkanlarından istifadə edənlərin sağlamlığı və rahatlığı, habelə sosial obyektlər, dövlət qurumları və təhsil müəssisələri ilə rahat təmas şərtdir. Binalar tikilərkən bu xırdalıqlara əhəmiyyət verilməli, sağlam, stressiz mühit təmin olunmalıdır.

Lalə Mehralı

Digər xəbərlər