Məlum olduğu kimi, sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirildi.
Müşavirədə ölkə rəhbəri Avropa qitəsində ən perspektivli yataqlardan biri sayılan Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağı haqqında xüsusi danışdı. O bildirdi ki, artıq bir neçə ildir ki, “AzerGold” şirkəti bu yatağın istismara hazırlanması ilə bağlı işlər görür. Prezident Filizçayı Avropa qitəsində ən perspektivli yataqlardan biri kimi xarakterizə edib və “AzerGold”un bir neçə ildir yatağın istismara hazırlanması üzərində işlədiyini diqqətə çatdırıb.
Prezident bildirib ki, texniki-iqtisadi əsaslandırma tezliklə hazır olmalı, bundan sonra yekun investisiya qərarı qəbul edilməlidir. O, “AzerGold”un Filizçayın 100 faiz səhmdarı olmasını məqsədəuyğun hesab etdiyini deyib. Sonrakı mərhələdə yatağın dəyəri artdıqca, maraq yaranarsa, xarici investorların müəyyən payla cəlb edilə biləcəyini bildirib. Prezident həmçinin Filizçayın mis, sink və qurğuşun ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsinin növbəti mərhələdə qiymətləndiriləcəyini söyləyib.
Qeyd edək ki, Filizçay yatağı Azərbaycanın ən böyük və strateji əhəmiyyətli polimetal layihələrindən biridir. Balakən rayonu, Böyük Qafqazın cənub yamaclarında, Balakənçayın hövzəsində yerləşən bu yataq 1959-cu ildə aşkar edilib. Beynəlxalq JORC standartlarına uyğun hesablamaya əsasən filiz resursu 112,71 milyon tondur. Yataqda əsasən sink, qurğuşun, mis, gümüş və qızıl var.
“AzerGold”un rəhbərliyinin 2026-cı ilin iyulunda verdiyi məlumata görə, hazırkı resurs qiymətləndirməsinə əsasən yataqda təxminən sink 2,4 milyon ton, qurğuşun 787 min ton, mis 311 min ton, qızıl 688 min unsiya, gümüş 91 milyon unsiya olaraq təxmin edilir. Bundan əlavə, yataq üzrə 4 milyon qızıl-ekvivalenti unsiya resurs müəyyən edildiyi açıqlanıb. Şirkət Filizçayı Avropanın ən iri polimetal yataqlarından biri və dünya üzrə ilk onluqda olan yataqlardan biri kimi qiymətləndirir.
Filizçay sadəcə qızıl yatağı deyil, onun əsas iqtisadi üstünlüyü bir filiz kütləsindən eyni vaxtda bir neçə metalın alınmasının mümkün olmasıdır. Təqdim edilən Dövlət Proqramında layihənin tam gücə 2031-ci ilin sonunda çatması, təxminən 34 il istismar müddəti, 363 min ton mis, 2,7 milyon ton sink, 1 milyon ton qurğuşun resursunun hasilata cəlb edilməsi, təxminən 1 milyard manat investisiya tələb etməsi, iqtisadi dəyərinin isə 29,7 milyard manat qiymətləndirilməsi göstərilib.
Bu rəqəmlər Filizçayı Azərbaycan üçün mis–sink–qurğuşun–qızıl–gümüş kompleksi kimi daha əhəmiyyətli edir. Filizçayın əsas xüsusiyyətlərindən biri onun geoloji və mineralogiya baxımından mürəkkəb polimetal yataq olmasıdır. Bu baxımdan əsas məsələ filizin çıxarılması ilə yanaşı, onun tərkibindəki müxtəlif metalların səmərəli şəkildə ayrılması və emalıdır. “AzerGold” bildirir ki, filizin mineralogiyası və sərt süxur quruluşu səbəbindən iqtisadi cəhətdən səmərəli istehsal üçün xüsusi emal texnologiyası lazımdır. Aparılan tədqiqatlar nəticəsində ultra-incə üyütmə metodu ilə satıla bilən mis və sink konsentratlarının əldə edilməsi uyğun texnoloji həll kimi müəyyənləşdirilib.
Məlumat üçün bildirək ki, 2027-ci ilin əvvəlində Balakəndə emal və tədqiqat mərkəzinin yaradılması planlaşdırılır. Burada mis, sink və qurğuşunun filizdən daha səmərəli alınması üzrə texnologiyalar sınaqdan keçiriləcək. Layihə planlaşdırıldığı kimi həyata keçirilərsə, Filizçay yatağının filizinin zənginləşdirilməsi və metal konsentratlarının əldə edilməsi hesabına daha yüksək əlavə dəyər yaradan məhsulların istehsalı üçün potensialı var.
Lalə Mehralı
Ölkə səkkiz ayda 1000 tondan çox qızıl idxal edib...
Kiyev və Budapeşt Karpat Səkkizliyi sammiti çərçivəsində müqavilə imzaladılar...
Anbarlara PUA-ların hücumundan sonra məhkəmə iddiaları “töküldü”...
Kreml artan yükün öhdəsindən gələ bilmir...
Səudiyyə Ərəbistanı neft qiymətlərini dəyişdirdi. Brent markalı xam neftin fyuçersləri ardıcıl üçüncü gündür ki, ucuzlaşıb...