Dövlət sahibkarlığın inkişafı üçün mühüm addımlar atır
Ölkəmizdə həyata keçirilən səmərəli iqtisadi islahatlar kursu bütün sahələrdə davamlı inkişafı təmin etmiş, iqtisadiyyatımızın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirmişdir.
Müasir dövrün tələblərinə uyğun həyata keçirilən sosial-iqtisadi siyasət Azərbaycanı bölgənin lider dövlətinə çevirmiş, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu gücləndirmişdir. Ötən beş ildə Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" və "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında" fərmanları mühüm əhəmiyyətli sənədlər olmaqla yeni bir inkişaf mərhələsinin əsasını qoymuşdur.
Dövlət Proqramında ölkənin iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olan bölgələrin tarazlı inkişafı, kənd əhalisinin sosial həyat səviyyəsinin yüksəldilməsi, xüsusilə, insanların yerlərdə məşğulluğunun təmin edilməsi, sahibkarlıq mühitinin genişləndirilməsi, yeni infrastrukturların yaradılması prioritet istiqamətlər kimi müəyyənləşdirilmiş və həyata keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının vaxtından əvvəl və uğurla başa çatdırılması nəticəsində bölgələrdə əhalinin maddi-rifah halı, sosial-məişət şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, işləməyən müəssisələrin fəaliyyəti bərpa edilmiş və yeni iş yerləri açılmışdır. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı qeyri-neft sektorunun möhkəmlənməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini təmin edən kompleks sənəd olmaqla, bölgələrdə özəl sektorun və sahibkarlığın inkişafına müsbət təsir göstərmişdir. Proqram çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlər ölkənin hərtərəfli inkişafını təmin etməklə böyük perspektivlərə yol açmışdır. Ölkə başçısı iqtisadi rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə olaraq 17 sərəncam da imzalamışdır. Regionların inkişafı proqramı ilə yanaşı, Bakı şəhərinin ətraf qəsəbələrinin abadlaşdırılması, onların resurslarından səmərəli istifadə edilməsi məqsədilə, "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı" çərçivəsində kompleks işlər həyata keçirilmişdir.
Sahibkarlığın inkişafına dövlət dəstəyi ötən beş ildə daha da artırılmışdır. Sahibkarlığın hüquqi bazasının sistem halına gətirilməsini təmin edən qanunlar və bir sıra digər mühüm normativ sənədlər qəbul edilmişdir. Sahibkarların vergi yükü azaldılmış, bu sistem xeyli sadələşdirilmişdir. Eyni zamanda, mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsi, respublikanın müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının qurulması, əyalətlərin "mavi yanacaq"la təchizatı dövlətin özəl sektora dəstəyinin real təzahürüdür. İqtisadi yüksəlişin keyfiyyətcə yeni mərhələsində özəl sektor sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirilmiş, güclü sahibkarlar təbəqəsinin formalaşması, onların cəmiyyətdəki mövqelərinin güclənməsi istiqamətində mühüm addımlar atılmışdır. Respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanılmışdır. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə, maddiləşən isgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir.
İqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində ölkədə qeyri-neft sektorunun daha da yüksək səviyyəyə qaldırılması, sahibkarlıq mühitinin genişləndirilməsi, yoxsulluğun həddinin aşağı salınması və əhalinin rifah halının yaxşılaşdırılması, bütövlükdə isə, davamlı sosial-iqtisadi inkişafa nail olmaq üçün yeni bir proqramın qəbul edilməsinə ehtiyac yaranmışdı. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" mühüm əhəmiyyətli sənəd olmaqla növbəti illərdə əhalinin həyat səviyəsinin daha da yaxşılaşdırılmasına hesablanıb.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın prioritet istiqamətləri ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafı, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsinə, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasına, əhaliyə göstərilən kommunal xidmətlərin daha da yaxşılaşdırılmasına və məşğulluq səviyyəsinin artırılmasına nail olmaqdır. Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün ölkədə əlverişli makroiqtisadi mühit vardır. Yeni sosial-iqtisadi inkişaf proqramında hər bir iqtisadi rayon üzrə görüləcək işlər barədə məsələlər öz əksini tapıb. Dövlət Proqramının icraçıları müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarıdır. Regionların sosial-iqtisadi inkişaf proqramının icrasının əlaqələndirilməsi İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçiriləcəkdir.
Dövlət Proqramında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Tədbirlər planında kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, kiçik, orta və iri müəssisələr arasında qarşılıqlı səmərəli əməkdaşlığın genişləndirilməsi, ticarət yarmarkalarının yaradılması, sahibkarlıq fəaliyyətinə müdaxilələrin qarşısının alınması kimi məsələlər öz əksini tapıb. Proqramda, həmçinin, sahibkarlığın dəstəklənməsinin müasir təşkilati modellərinin, o cümlədən, sahibkarlar üçün məsləhət xidməti, informasiya təminatı, marketinq xidməti strukturlarının yaradılmasının davam etdirilməsi qarşıya vəzifə kimi qoyulub. Ölkənin ixrac potensialının səmərəli reallaşması, daxili bazarda sağlam rəqabət mühitinin formalaşdırılması, istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsi, standartlaşma və metrologiya sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə də geniş tədbirlər nəzərdə tutulub. Milli istehsalçıların xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi, ticarət, məişət sahələrində xidmət səviyyəsinin daha da yüksəldilməsi, Ümumdünya Ticarət Təşkilatı prinsipləri çərçivəsində daxili bazarın qorunması tədbirlərinin həyata keçirilməsi, haqsız rəqabət hallarına qarşı mübarizənin gücləndirilməsi və rəqabətin inkişafı ilə bağlı tədbirlərin görülməsi qarşıya məqsəd kimi qoyulub.
Dövlət Proqramında bütün bölgələr əhatə olunmaqla nəzərdə tutulan kompleks tədbirlər ölkəmizin davamlı inkişafına gətirib çıxaracaqdır. Ölkənin mövcud iqtisadi resurslarından səmərəli istifadə olunması Azərbaycanın hərtərəfli inkişafına yönəlməklə əhalinin daha da yaxşı yaşamasını təmin edəcəkdir.