Dünya Bankı Azərbaycana 29,5 milyon dollar kredit ayırıb
Dünya Bankı Azərbaycanla əməkdaşlıq çərçivəsində yeni layihələrin maliyyələşdirilməsini davam etdirmək niyyətindədir. Dünən bu strategiyanın tərkib hissəsi kimi İqtisadi İnkişaf Nazirliyində Azərbaycan hökuməti və DB arasında müvafiq kredit sazişi imzalanıb. Sənədi Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və DB-nin Azərbaycan üzrə ölkə meneceri Qreqori Yedjeyçak imzalayıblar. "Abşeronun Ekoloji Bərpası Proqramı" çərçivəsində reallaşdırılması nəzərdə tutulan "Bərk məişət tullantılarının kompleks idarəçiliyi" layihəsi üzrə imzalanan kredit sazişinin məbləği 41,5 mln dollar təşkil edir ki, bunun da 29,5 mln dollarını DB, qalan hissəsini isə Azərbaycan hökuməti ayıracaq.
İqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib ki, layihədə nəzərdə tutulmuş tədbirlər 5 komponent üzrə həyata keçiriləcək. Belə ki, layihənin institusional islahat, potensialın artırılması və layihənin idarə olunması komponentinə əsasən, strateji planlaşdırmanın tamamlanmasına və "Təmiz Şəhər" ASC-nin qurulmasına, fəaliyyətinə və inkişafına dəstək veriləcək. Bu sahədə beynəlxalq təcrübəyə malik olan ən azı bir xarici mütəxəssis daimi olaraq "Təmiz Şəhər" ASC-də çalışacaq. Bundan başqa, müxtəlif spesifik məsələlər üzrə mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulur.
Şahin Mustafayev qeyd edib ki, layihənin Balaxanı poliqonunun təkmilləşdirilməsi və idarə edilməsi komponenti çərçivəsində bərk məişət tullantılarının idarə edilməsi üzrə ətraf mühitə göstərilən təsirə nəzarət edilməsi, mövcud poliqonun səmərəliliyinin artırılması və müasir standartlara uyğun avadanlıq və texnikanın alınması (körpü tərəziləri, buldozerlər və s.), tikinti işləri (hasarlama, tullantıların basdırılması, daxili yolların çəkilməsi və s.) maliyyələşdiriləcək. Balaxanı poliqonunun fəaliyyətinin təkmilləşdirilməsi ilə yanaşı, onun gələcəkdə bağlanmasına hazırlıq işləri də görüləcək. Bununla bərabər, yeni müasir poliqonların tikintisi üçün hazırlıq işləri həyata keçiriləcək. Layihənin digər poliqonların bağlanması və idarə edilməsi komponenti üzrə Bakı şəhəri ərazisindəki qeyri-rəsmi zibilliklərin bağlanması və təmizlənməsi, digər poliqonların idarə edilməsinin təkmilləşdirilməsi (və ya bağlanması) maliyyələşdiriləcək. Tullantıların toplanması üçün avadanlıq komponenti çərçivəsində Bakı şəhərinin rayonlarında, o cümlədən, hazırda tullantıların effektiv şəkildə toplanmadığı ərazilərdə xidmətin keyfiyyətinin yüksəldilməsi tədbirləri həyata keçiriləcək, ən çox tələb olunan yerlərdə bərk məişət tullantılarının toplanmasının miqyasını və xidmətin səmərəliliyini artırmaq üçün yük maşınlarının və zibil qablarının alınması maliyyələşdiriləcək.
İqtisadi inkişaf naziri onu da bildirib ki, layihənin reallaşması məqsədilə ötən ilin dekabrında İqtisadi İnkişaf Nazirliyi və Fransanın "CNİM S.A." şirkəti arasında Bakı şəhərində bərk məişət tullantılarının yandırılması zavodunun layihələşdirilməsi, inşası və istismarı üzrə müqavilə də imzalanıb. "Təmiz Şəhər" ASC zibilyandırma zavodunun tikilməsi ilə yanaşı, məişət tullantılarının yerləşdirilməsi, zərərsizləşdirilməsi və utilizə olunması ilə bağlı bir sıra tədbirləri də yerinə yetirəcək.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Qreqori Yedjeyçak isə ölkəmizlə DB arasında sıx əməkdaşlığın davam etdiriləcəyini bəyan edib. Q. Yedjeyçak qeyd edib ki, Dünya Bankı 2009-cu ildə Azərbaycanın infrastruktur və maliyyə-bank sektorunda bir sıra layihələrin maliyyələşdirilməsini davam etdirəcək. Bu maliyyə institutu ötən illərdə həyata keçirilən layihələrdə iştirak etməklə yanaşı, yeni layihələrə kredit ayrılmasında təmsil olunmaq niyyətindədir. Dünya Bankı bu il yol şəbəkəsinin modernləşdirilməsinə və infrastrukturun yenidən qurulmasına da dəstək verəcək. Ölkəmizdə ipoteka kreditlərinin verilməsində, Azərbaycanın ipoteka bazarının inkişafı layihəsinin maliyyələşdirilməsində və kommersiya banklarına ipoteka proqramlarını həyata keçirməkdə köməklik göstərmək niyyətindədir.